Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir - Əliağa Vahidin qəzəlləri

Okt 1, 2026 - 19:44
 0  6
Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir - Əliağa Vahidin qəzəlləri

Bu gün görkəmli qəzəlxan şair Əliağa Vahidin anım günüdür.

Yazici.az ədəbiyyat portalı Əliağa Vahidin seçmə qəzəllərini təqdim edir.

* * *
Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir
Eşq olan yerdə bütün aqilü dana dəlidir.

Saldı Yusif kimi öz sevgilisin zəncirə
Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir.

Eşq zincirinin iftadəsi bir mən degiləm
Həvəs-i silsileyi eşq ilə dünya dəlidir.

Sarılır çiğninə gah qoynuna, gah qamətinə
Əjdəhalər kimi ol zülfi çəlipa dəlidir.

Bir vəfasız gül üçün naləsi dünyanı tutur
Aşiqin qəlbi kimi, bülbülü şeyda dəlidir.

Bircə Şirin ilə Fərhada məzəmmət yoxdur
Vadiyi eşqdə Varmiq dəli, Əzra dəlidir

Əl götürməz bu qara gözlülərin zülfündən
Hər yetən zənn eləyir Vahidi guya dəlidir.

* * *
Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,
Eşqdən məhrum olan insanlığa biganədir.

Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri,
Bir könül ki, eşq zövqün duymasa, qəmxanədir.

Mən əsiri-eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.

Qoy Vətən daim işıqlansın gözəl bir şəmtək,
Könlüm ol şəmin ziyasın seyr edən pərvanədir.

Nazənin, rəna gözəllərdir – baxırsan hər yana,
Bəs bu torpaq indi bir cənnət deyil, ayə, nədir?

Ölkəmizdə gör nələr var, başqa bir aləmdəyik,
Hər çiçək bir nazənin, hər qönçə bir cananədir.

Vahidəm mən, sevgilim, məndən xəyanət görmə sən,
Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir.


* * *
Gözəllər içrə sən, ey mahiparə birdənəsən.
Gözəllərin gözüsən, zülfüqarə birdənəsən.

Gülüzlü nazlı sənəmlər düşər qədəmlərinə,
Bu çeşmi – məst ilə qılan işarə bir dənəsən.

Sən olmasan məni hicran dəmi həlak eylər,
Şikəstə könlümə aləmdə çarə bir dənəsən.

Zəmanə əhlinə məşhursan gözəllikdə,
Bu sirr gizli deyil, aşikarə bir dənəsən.

Rəqibi qoyma yaxın vəsminə, xəyanət edər
Ki, qorxuram səni çəksin kənarə birdənəsən.

O zövqü dövləti-dünyaya vermərəm hərdən
Məni fəqirə də qılsan nəzirə bir dənəsən.

Gözəl həyatını Vahid fənaya sərf etmə,
Səni zəmanə yetirməz dübarə birdənəsən.

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru