SƏS - Əsəd Cahangirin essesi

İyl 7, 2026 - 22:27
 0  14
SƏS - Əsəd Cahangirin essesi

Yazıçı Ədəbiyyat Portalı tanınmış tənqidçi Əsəd Cahangirin 60 illik yubileyi münasibətilə "SƏS" essesini təqdim edir.

Qarabağ haqqında esse.

Şəhidlərimizin ruhuna ithaf edirəm.

1. "Bayat atiğ birle sözüğ başladım..." (Yusif Balasaqunlu). Söz, səs, rəng... Söz göydən düşür, səslənir və rənglənir. Onun başlıca işi yerlə göyü birləşdirmək, birlik yaratmaqdır. Təbiətə məxsus ikilik - işıq və qaranlıq, isti və soyuq, xeyir və şər sözlük deyil. Sözün son məqsədi xeyrin əbədi hökm sürdüyü nizama qayıtmaqdır.

2. Allah kimi şair də sözlə işləyir. Amma Allah dünyanın materialını da özü yaradır, şair isə hazır materialı (dil) işlədir. Odur ki, "yaradıcılıq" sözünü insana şamil etmək düz deyil. Doğrudur, dil "yaradan" şairlər var, məsələn, İsa Muğanna və ya Vaqif Bayatlı Odər. Amma onlar dili yoxdan var eləmir: Muğanna məlum dili artıq rənglərdən təmizləyir; Vaqif Bayatlı isə dilin rənginə rəng qatır. Muğanna Nizaminin "İqbalnamə"sindəki Çin nəqqaşı, Vaqif Bayatlı isə Rum rəssamına bənzəyir. Muğanna dil "yaradıcılığı"nda intuitiv, Vaqif Bayatlı isə məntiqi-rasional metoddan istifadə edir. Muğanna mükaşəfə, Vaqif Bayatlı isə istidlal yoluyla gedir.

3. "İlkin forma"ya (Ərəstu) qayıtmaq üçün maddi dünyanın iki başlıca şərti - zaman və məkan yox olmalıdır. Görəsən, "yox olmaq" ifadəsindən də ziddiyyətli bir şey varmı? Əsl oksimorondur! Axı, "yox" necə "ola" bilər? Bu ifadədə hansı ontoloji sirr gizlənir? O sirr ki, "yox" özü də "var" və odur ki, varlığın özülü yoxluqdur. Qutsal polyarlıq qanununa görə, dil burda düşüncənin elə bir qatındadır ki, orda nə "var" var, nə də "yox" yoxdur. İki əks qütb burda bir nöqtədə birləşir və birləşən andaca özlərini itirib, eyni bir şeyə çevrilirlər. "Yoxluq və nizamsızlıq insan ağlına məxsus iki illüziyadır" (Anri Berqson, "Yaradıcılıq təkamülü").

4. Postmodernistlər fikri ağac obrazıyla açıqlamağı köhnə metafora sayırlar. Çünki ağacda yetkin düzən var, postmodernizm isə xaosu sevir. Nəsə mürəkkəb bir fikrin sadə izahında ağacdan daha üstün metafora yoxdur. Varlıq və yoxluq konusu da bu yöndən istisna deyil. Çünki ağac polyarlıq qanununun canlı təcəssümüdür: yarısı "var" - yerin üstündədir, yarısı "yox" - yerin altındadır; yarı diri, yarı ölüdür; yarı işıq, yarı zülmətdir. Bu polyarlıqla ağac dünya və axirətdəki hər şeyi özündə birləşdirir. Dünya ağacı haqda mif, olsun ki, burdan yaranıb və əslində, o, həqiqətdir. Ağacın toxumunda onun kökü, gövdəsi, budağı, çiçəyi və meyvəsinə aid ilkin şərtlər var. Onlar kökə qayıdan kimi özəl biçimlərini itirib, hamısı üçün ümumi olan ilkin formaya - toxuma çevrilir. Orda hər şey bir şey - toxumdur. Sözün ali görəvi insanı hər şeyin bir şey olduğu toxuma qaytarmaqdır.

5. Şair də, peyğəmbər də zaman və məkan buxovlarından azad olduqca Allaha üz tuturlar. Amma bəlli bir fərqlə: şair Allaha doğru enir; peyğəmbər isə yüksəlir. Şair daha çox keçmişə, peyğəmbər gələcəyə baxır. Allah eyni vaxtda hər yerdədir. O hər yeri özündə birləşdirən bir yerdir. Peyğəmbər, - "Sən hardasan, İlahi?" (Həzrət İsa) deyə oranı axtarır, şair isə oranı "Sənsən hər yer, İlahi" (Qulu Ağsəs) deyə tap(m)ır.

6. Şair insanın min illərdir keçib gəldiyi yolla geri dönür. O yol qaranlıqdır, orda düşüncənin işığı sönüb. Keçmiş atılmış məkan, xaraba ev, "Mədain xərabələri"dir (Əfzələddin Xaqani). Keçmişin fəna rüzgarlarından titrəyən şamını şairlər və tarixçilərdən başqa yandıran yoxdur. Şairlər də tarixçidir, amma arxeoloji qazıntını öz könlündə aparan tarixçi:

İbrətlə bax, ey könlüm, bu aləmə, gəl bir an,

Eyvani-Mədaini ayineyi-ibrət san!

Şair daim keçmişdə - insanlığın uşaqlıq dönəmində yaşayır. Onun uşaqlar kimi "ağılsız" olması, görünür, bununla bağlıdır. Baxın, ağacdakı quş saatı bildiyi halda şair bilmir: "Qumru, saat neçədir, sən qonduğun budaqda?" (Vaqif Səmədoğlu).

7. Peyğəmbər insanlığın keçib gedəcəyi yolla irəliləyir və Allahın nuru onun bələdçisi olur. Düzdür, son Peyğəmbər ilk peyğəmbər Adəmdən ta özünəqədərki tarixə nəzər salır. Çünki Həzrət Məhəmməd peyğəmbərlərin, "Quran" qutsal kitabların sonuncusudur - təhvil-təslim işi aparılır. Tarix Peyğəmbərə indi və gələcək üçün, şairə isə öz-özlüyündə lazımdır. Peyğəmbər futuroloji, şair tarixi varlıqdır. Buna görə şair zamandan və zəmanə adamlarından həmişə narazıdır. İstənilən şairin "zəmanədən şikayət"i var: "Zəmanə saldı əcəb möhnətü məlalə məni" (Natəvan). Şair zamanın gedişini dayandırmaq istəyir: "Saxlayın Yer kürəsini, düşmək istəyirəm" (Vaqif Səmədoğlu). Amma onun bu çabası yel dəyirmanlarıyla döyüşən Don Kixotu yada salır. Ağlını itirmiş qoca idalqo kimi şair də zamanın pərlərinə ilişir. Don Kixot öz Rosinantının, şair isə alov qanadlı Peqasın belində zamana qarşıdır. Don Kixot da, şair də istəyir ki, adları əbədi qalsın. Amma bu fani dünyada əbədiyyət mümkünsüzdür. Buna görə Don Kixot bütün zamanların ən böyük şairi, şair isə öz zamanının ən böyük Don Kixotudur.

8. Şairlə şüuraltının dağıdıcı, peyğəmbərlə şüurüstünün yaradıcı gücü işləyir. Şüuraltı şeytanın, şüurüstü Allahın əlindədir. İnsan nə şüuraltı, nə də şüurüstü yox, şüurla yaşayır. O, şeytanla Allah, şairlə peyğəmbər arasında durur. Nə şair, nə də peyğəmbər insan deyil, nəsə ayrı bir məxluqdur. Çünki insanı insan edən şüurdur. Şair şüuraltına, peyğəmbər şüurüstünə söykənməklə insan olmaqdan çıxırlar. İnsanlıq aşağıyla yuxarı arasında orta pillədir. Arada durmaqla insanın seçmək imkanı yaranır. Daşlar, ağaclar, quşlar bu seçimə hələ çatmayıb, mələklər bu seçimi əzəldən keçib. Lakin sonuc birdir - hər iki halda seçim şansı yoxdur. İnsanın insanlığı onun seçim azadlığındadır (Dostoyevski). İnsanı bu haqdan məhrum eləmək onu daş, ağac, quş yerinə qoymaqdır. Çağdaş dünyadakı seçkilər insanı nağıllarda olduğu kimi ya daş, ya quş eləməyin ən "demokratik" üsuludur. Çağdaş demokratiya bir nağıldır.

9. Şeytan insanın irəli getməsini istəmir, çünki bunu Allah istəyir, şeytan isə hər işdə ona qarşıdır. İrəli gediş dünyanın sonu və şeytanın taxtının devrilməsi deməkdir. Şeytan Allahdan üz döndərəcəyi halda Həzrət İsaya dünyanın şahlığını vəd etmiş, lakin bu təklif rədd olunmuşdu ("İncil", Luka, 4:5-8). Çünki Allahdan üz çevirmək gələcəyi itirməkdir. İsa isə yalnız indiki yox, həm də gələcək zamanındır və dünyaya bir də gələcək. O, dünya yox, səma səltənətinin şahıdır. Onun taxtı göylərin Günəş qatındadır.

10. Şeytan hər kəsi öz yanına çəkməkdə başarılıdır, çünki keçilmiş yolun nişanları hər kəsin şüuraltında var. Hətta Həzrət Məhəmmədin özü də qəlbində şeytan olduğunu, amma onun əl-qoluna zəncir vurduğunu etiraf edirdi. Çünki bütün olağanüstü ruhi özəllikləriylə yanaşı, cismən o da hamı kimi insan idi.

11. Şüuraltı kodların açılması yetər ki, insan öz içindəki qaranlığa düşsün və yolundan azsın - keçmişə üz tutsun. İsgəndərin dirilik suyu dalınca üz tutduğu qaranlıq dünya şüuraltının oyanmasıyla öz içində açılan zülmət idi. Amma keçmişə dönüşlə ölməzliyə çatmaq olmur və İsgəndərin dirilik suyu axtarışları heç bir sonuca varmır. Geriyə yol yoxdur! Yol ancaq və ancaq irəliyədir.

12. Ax, bu acgöz insan! Onu ilahi vəhy hesabına verilən hazır bilgi doyurmur. O bu bilgini öz daxili gücüylə yenidən qazanmaq istəyir. Buna görə Cırtdan ithürən əvəzinə işıqgələnə enir, Məlikməmməd ağ yox, qara qoçun belinə minir. Bu, hər iki halda gələcəyi qoyub, keçmişə dönməkdir. O keçmişdə Cırtdanı div, Məlikməmmədi əjdaha gözləyir. Hər iki halda problem qnoseoloji, idraki xarakter daşıyır, yəni şüurla bağlıdır. Hər iki qəhrəman yuxuya getmək, yəni şüurunu itirmək qorxusuyla üz-üzə qalır. Cırtdan div yuxusuna iradi qüvvə hesabına qalib gəlir - hamı yatsa da, o yatmır. Məlikməmməd buna fiziki ağrı hesabına nail olur - barmağını kəsib yarasına duz basır. Hər iki halda problem insanın dilemma (işıqgələn - ithürən, ağ qoç - qara qoç) qarşısında qalmasından başlayır, onun seçimi (işıqgələn, qara qoç) ilə davam edir və ağlı, iradəsi, hünəri hesabına çözülür. Hər iki halda insanın irəliyə gedişinə əngəl olan şər qüvvənin (div, əjdaha) kökü kəsilir.

13. İstər şüuraltından, istərsə də şüurüstündən keçən yol Allaha gedir. Hər şeyin əvvəli və sonu Odur. Örkən nə qədər uzun olsa da, hərlənib-fırlanıb, axırı doğanaqdan keçir. Amma hər şair nəfsin tələlərindən keçib Allaha - metafizik, ilahi aləmə vara bilmir.

14. Metafizik aləmlə maddi dünyanın bağlanma nöqtəsi olur. Bu nöqtə şairin qəlbidir. Hər şair kimi, hər qövmün, hər xalqın da öz qəlbi var. Və bu qəlb o qövmü, o xalqı metafizik, ilahi aləmə bağlayır. İllah da ki, xalq şair xalq ola! İlahidən verilən söz də, səs də, rəng də həmin ümummilli qəlbin burulğanlarından keçərək dünyaya gəlir. O burulğan həblül-mətin - Allahın kəndiridir ("Quran", "Ali-İmran", 103).

15. Antik yunanlar üçün göyü yerə bağlayan kəndir Olimp dağı, əski türklər üçün isə Ötükən ormanı idi. Homer öz dastanlarında Tanrılar məskəni Olimpin dik, uca zirvəsini coşqun ilhamla tərənnüm edirdi. Orxon-Yenisey daş bitiklərinin müəllifi Yolluq Tigin isə yazırdı: "Türk kağan Ötükən yış olursar, ilte bung yok" - "Türk xaqanı Ötükən ormanında olarsa, elin sıxıntısı olmaz".

16. Tanrı öz xalqıyla bu qutsal yer vasitəsilə bağlanırdı. Ona görə,

Adımı soruşsan, bil, Rövşən olu,

Atadan-babadan cinsim Koroğlu.

Mənəm bu yerlərdə bir dəli-dolu,

Gündoğandan ta günbatan mənimdir!

- deyə ("Koroğlu") dünyanın dörd bir yanına qoşun çəkən türklərin qəlbində ədəbi və əbədi bir Ötükən həsrəti var.

17. Yalnız ağacın deyil, dilin də "toxumu" var və o toxuma doğru getdikcə hər şey birləşir. Bütün dünya dillərinin toxumu olan siryani dili özünü qədim sanskrit mətnlərində daha yaxşı saxlayıb. Hindistan insanlığın toxumu olan ölkədir. Təsadüfi deyil ki, hübuti-adəm Hindistanda baş tutub, yəni ilk insan və ilk peyğəmbər (Adəm) yer üzünə orda enib. Görünür, Hindistanın bilgələr ölkəsi və qutsal biliklərin beşiyi olması bu üzdəndir. Hindistanın son dönəmlərdə yaranan militarist meyilləri, özəlliklə də Qarabağ məsələsində təcavüzkar ermənilərə dəstək verməsi onun mentalitetində gedən travestiyadan (əksinə çevrilmədən) xəbər verir. Bu o deməkdir ki, müharibə tanrısı Skanda müdriklik tanrısı Qaneşanı qorumaq əvəzinə özü onun yerinə keçir, brahmanizm (qələm) öz yerini kşatriyaya (qılınca) verir, ölkənin neçə minillik kasta quruluşu dağılır. Hindistanı Hindistan edən isə bu quruluşdur.

18. Əslində, deqradasiya eramızdan yeddi yüzil öncə - Çində Konfutsidən, Hindistanda Buddadan başlamışdı (Rene Genon, "Mənəvi nüfuz və dünyəvi hakimiyyət"). Bu təlimlərin hər ikisində ilahilik insaniliyə qədər tənəzzül edirdi. Buddizmə görə, əgər insan cəhd etsə, peyğəmbər ola bilər və onun iradəsi ilahi, metafizik qata nüfuz etmək gücündədir, yəni peyğəmbərliyi insan özü seçir.

19. İslam Ərəbistanla bağlıdır və Allahın verdiyidir. İslama görə, "seçilən bəndədir, seçən Allahdır" (Məmməd İsmayıl). Peyğəmbərlik seçimi insan iradəsi və istəyi dışındadır. Buna görə, Həzrət Məhəmməd peyğəmbərliyə ilahi dəvətdən sonra da özünün seçilmiş olduğuna uzun müddət inanmamış, şübhə və tərəddüdlər içində qalıb əzab çəkmişdi.

20. Buddizmin torpağın simvolu olan qonur, islamın isə əbədi həyatın rəmzi olan yaşıl rənglə işarələnməsi də təsadüfi deyil. Buddizm yer və insan, islam göy və Allahla bağlıdır. "Quran"da adıkeçən iyirmi səkkiz peyğəmbər arasında Budda yoxdur. Çünki Budda özü-özünü seçmişdi, Allah isə yalnız özünün seçdiklərini kitablardan ("Tövrat", "Zəbur", "İncil") kitaba ("Quran") salırdı.

21. Buddizm qadın inancıdır - bir yarpağa da toxunma, şərə dirəniş göstərmə... Buddizmi dahiyanəliklə açmaq şərəfinin məhz qadına (Yelena Blavatskaya, "Faş olunmuş İzida") məxsusluğu da, görünür, təsadüfi deyil. Zülmə və zalıma qarşı cihada çağıran islam isə kişi dinidir: "Ey iman gətirənlər! Yaxınlığınızdakı kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə birlikdədir" ("Quran", "Tövbə", 123). Buddizmdəki "ifrat mərhəmət" türklərin döyüş ruhuyla düz gəlmədiyindən bu inanc onlar arasında geniş yayılmamışdı. İslamın türklər arasında sürətlə və əksərən könüllü qəbulu da eyni məntiqlə bağlıdır. Bu din türklərin döyüş ruhu və türk "Törə"sindəki ədalət anlayışına tən gəlirdi. Biz 30 ilə yaxın buddistlik eləyib, "yaxınlığımızdakı kafirlərlə" vuruşmadıq, nəticəsi göz qabağındaydı. Otuz il sonra axır ki, qutsal kitabın "vuruşun" hökmünə əməl etdik və bunun da sonucu göz önündədir.

22. Buddizmdə insan Allahın dililə danışır, islamda isə Allah insanın. Ona görə bütün tərki-dünyalığına baxmayaraq, buddizm insani, bütün dünyəviliyinə baxmayaraq, islam ilahidir. Buddizmin çağdaş batıda dəbdə olması da, yəqin ki, bununla bağlıdır. Praqmatik batı ilahilikdənsə insaniliyə üstünlük verir.

23. Delfa adasındakı Apollon məbədinin qapısı üstündə "Özünü dərk et!" yazılmışdı. Nədən ki, Allaha yol insandan keçir. İnsan özünü anlayaraq Allahı dərk edir. "Quran"ın "xatırlama" poetikası da (Əflatun) yəqin ki, bununla bağlıdır. İnsan özünü xatırlaya-xatırlaya dərk edir.

24. Məkkənin Allaha bağlanmaq üçün özəl vasitəyə (dağa) ehtiyacı yoxdur. Allah istəsə, öz bəndələriylə səhrada da danışa bilər. "Həqiqətən də, Allah hər şeyə qadirdir" ("Quran", "Nur", 45). Amma Allah insana ağıl, bununla da seçim haqqı və fəaliyyət muxtariyyəti verib. Çünki Allah diktator deyil və dünyanı insanla birlikdə fırladır, özü yuxarıdan, insan isə aşağıdan. Bu paradiqma təkcə yeri deyil, göyün özünü də formalaşdırır. Göy və yerin təsiri birtərəfli yox, qarşılıqlıdır. Göy yerə təsir etdiyi kimi, insan da öz əməlləriylə səma səltənəti yaradır və onun səciyyəsini müəyyən edir. Məsələn, Leonardo da Vinçinin "Mona Liza"sının Səma Liza versiyası da var (Daniil Andreyev, "Roza mira"). Gecələr Bakının işıqlarına baxın və əmin olun ki, gördüyünüz bu çıraqbanın göylərdə möhtəşəm əksi var. Çünki yerin göyə, göyün yerə əksi düşür və "yuxarıda necədirsə, aşağıda da elədir" (Hermes Trismegist). Qutsal analogiya qanununa görə, bunların biri olmasa, o biri də olmaz.

25. Yer və göyün qarşılıqlı təsiri yalnız məkana deyil, zamana da aiddir. Tarix, ateistlərin dediyindən fərqli olaraq, allahsız dünyadakı siniflər qarşıdurması deyil. Amma o, dindarların dediyi kimi, səma diktatorunun qamçısıyla da idarə olunmur. Tarix Allah və insanın əbədi dialoqudur. Allah mesaj göndərir, insan ona cavab verir və bu, dialoqdan tarix yaranır (Arnold Toynbi, "Tarixin dərki"). Baş verən olaylarda Allahın rolunun dərki tarixi metatarixə çevirir. Mən bu yazıda tarixi hadisələrə, özəlliklə də, Qarabağ olaylarına metatarixi rakursdan baxmağa çalışacam.

26. Allahın hər xalqa mesaj göndərdiyi vaxtlar olur. Bu vaxt o xalq mənəvi oyanış keçirir və "passionarlıq" (Lev Qumilyov) dönəminə girir. Yəhudilərlə Allah İsanın mövluduna qədər, yunanlarla İsgəndərin zamanında danışırdı. Belə mesajlar monqollara Çingizin, özbəklərə Teymurun, fransızlara Napoleonun vaxtında gəlmişdi. Bütün qəsbkarlığına baxmayaraq, Napoleonun qəribə bir ədalət duyğusu vardı. Həzrət Məhəmmədə təhqiramiz münasibətinə görə onun Volteri necə tənqid etməsi yadınızdadırmı? Napoleon ilahi iradəylə zühur etmişdi və onun diliylə Allahın özü danışırdı. Çingiz də, Teymur da, Napoleon da Allahın Qəhhar (qəhr edən, cəza verən) üzünün təcəllası idi. Onların zühuruyla ilahi ədalət tərəzisi tarazlaşır, haqq-nahaq öz yerini alırdı. Napoleon əsrinin yazıçıları - Stendal, Hüqo, Balzak, Dostoyevski, Zolya, Tolstoy bu həqiqəti fərqli dərəcələrdə başa düşmüşdülər. Onların yaradıcılığının əsasında ya napoleonizmin təqdiri, ya da tənqidi dururdu (Georgi Steyner, "Tolstoy, yoxsa Dostoyevski"). Jülyen Sorel, Rastinyak, özəlliklə də, Raskolnikov özlərini Napoleona bənzətmək istəyir, amma finalda öz cılız varlıqlarıyla üz-üzə qalırdılar. Bu iddiaların milli bədii fikrimizdəki təmsilçisi yüz il fərqlə Cabbarlının Aydını idi. Batılı-doğulu bu aydınlara Allah tərəfindən mesaj gəlməmişdi. Onlardakı böyüklük iddiası başına buyruqluq idi. Məhz buna görə janrından asılı olmayaraq, onlar hamısı faciə qəhrəmanları idi. Bu, aydınlığın faciəsi idi.

27. Bizə səmavi mesaj bir xalq olaraq səfəvilər dönəmində gəldi. Qızılbaşlar şahı İsmayıl bir vaxtlar Musa İbrahim, Mənsur Həllaca gələn ilahi mesajı aldığını böyük vəcdlə bəyan edir, özünü yalnız dünyəvi deyil, həm də səmavi səltənətin şahı sayırdı:

Musa ilə Turda idim,

Xəlil ilə narda idim,

Mənsur ilə darda idim,

Qazilər deyin, şah mənəm!

28. Millət kimi formalaşma öncəsi biz Qarabağı seçdik və Allah bu seçimə səs verdi. Qarabağdan çıxan onlarca böyük səs incəsənəti nümayəndəsi yuxarının bu seçimə "hə" deməsini göstərirdi. Qarabağ Azərbaysan türklərini göyə bağlayan bir bağdır. Onun neçə yüzildən bəri Azərbaycan mədəniyyətinin Ötükəni olması bununla bağlıdır.

29. Yox, biz bu sözlərlə o dövrdə digər bölgələrdən çıxan istedadları danmırıq. Əsla! Nəinki Azərbaysanın bu və ya digər bölgəsi, hətta onun hüdudları dışında da (məsələn, Gürsüstan) milli mədəniyyətimizin təmsilçiləri (məsələn, Molla Vəli Vidadi) yaşayırdı. Amma bizi istənilən yox, prioritet istiqaməti bəlirləyən faktlar maraqlandırır. Bu yöndən yanaşanda gələsək Azərbaycan ədəbiyyatının inkişaf istiqamətini Gürsüstanda yaşayan Vidadi yox, Qarabağ xanının vəziri Molla Pənah Vaqif müəyyən edirdi. Molla Pənahı Vaqif edən, onun poeziyasını istiqamətverici amilə çevirən doğulub böyüdüyü Qazax deyil, vəzirlik elədiyi Qarabağ olmuşdu. O, inəkləri süd versin deyə, kənd qadınlarına dua yazan baməzə "molla"dan söz dünyasının vaqifliyinə Şuşada çatmışdı. Vidadinin fəaliyyəti isə anaxronizm - "işdən-güdən bekar olub ağlamaq" (Vaqif) idi. Halbuki, o öz poetik istedadının güsünə görə həmyerlisindən nəinki geri qalmır, əksinə, öndə gedirdi. Bunu onların "Ağlarsan" rədifi üstündə düzülüb qoşulan deyişməsindən də görmək olur:

Küllü Qarabağın abi-həyatı

Nərmü-nazik bayatıdır, bayatı.

Oxunur məclisdə xoş kəlimatı,

Ox kimi bağrını dələr, ağlarsan!

Ünlü deyişmədə Vaqifin heç bir cavabı öz poetik gözəlliyi baxımından Vidadinin bu misralarıyla tutuşdurula bilməz. Bəs, onda Vidadi-Vaqif məsələsindəki paradoks hardan doğur? Niyə Vaqif tarixən də, bu gün də daha populyardır? Onların hər ikisi qazaxlı deyildimi? Səməd Vurğun niyə özünə Vidadi yox, Vaqifi ustad sayır, oğluna Vidadi yox, Vaqif adı verir, Vidadiyə yox, Vaqifə pyes yazırdı? Bəlkə, Vaqifin nikbinliyi "sovet şairi"nin kommunist optimizmiylə üst-üstə düşürdü? Bu da vardı, amma daha ciddi səbəb antisovet xarakter daşıyırdı. Millətin gələsək taleyinin özülü Gürsüstan yox, Qarabağda qoyulurdu. Vidadinin "durnaları" keçmişə, Vaqifinkilər gələsəyə uçurdu. Vidadi üçün sadəcə Gürcüstan yox, bütün dünya bir qürbətiydi. Vaqif isə dünyanın sirrinə vaqifiydi. O, Vidadidən daha müdrikiydi. Onun nikbinliyi dünya kədərini aldatmaq üçün taxdığı maska idi. Bu maskanın altında kədər yatırdı. Vidadinin dünya kədəri Vaqifdə olsa da, Vaqifin həyat nəşəsi Vidadidə yoxuydu. Vaqifin idrakında kədər sevincin tərs, sevinc kədərin avand üzüydü. Onlar bir-birinə qovuşmuş, əksliklərin vəhdəti baş vermişdi. Vaqifin sözü insan ruhunun can atdığı vəhdətə daha yaxınıydı:

Toy-bayramdır bu dünyanın əzabı,

Əqli olan ona gətirər tabı.

Sənintək oğlana deyil hesabı,

İşdən-gücdən olub bekar, ağlarsan.

30. Millətin varlığının son hədəfi mənəvi-estetik duyğuları gəlişdirməkdir. Nədən ki o özünü mədəniyyətində təsbit edir (Nizami Cəfərov, "Füzulidən Vaqifə qədər"). Yerdə qalan digər sahələr mədəni gəlişmə üçün ilkin şərtləri hazırlayır.

31. Mədəniyyət beşiyi olan Qarabağı itirmək öz varlığını itirməkdir, çünki bu zaman yeri göyə bağlayan dayaq nöqtəsi itirilir. Yüzillər boyu göylə ilişgilərini qura bilməyib, düzü-dünyanı dolaşan ermənilərn Qarabağ uğrunda mübarizədə başlıca hədəfləri budur - göyə körpü salmaq, bir millət kimi öz varlıqlarını təsdiq etmək. Bu qarşıdurmada ortaq məxrəcə gəlmək mümkünsüzdür və bu barışmazlıq xalqımızın bədii yaddaşında öz izini qoyub ("Əsli və Kərəm"). Əgər kimsə erməni sorununun nə vaxtsa çözüləcəyi xəyalındadırsa, yanılır. Bu düymə açılmaz, bu düyün çözülməzdir və xalq bu ideyanı neçə yüzildir ki, qoruyub saxlayır. Ona görə "qoruyub saxlamaqdan" danışırıq ki, folkloru xalq yaratmır, xalq onu yaşadır. Çünki folklor yer kökənli deyil, kosmik-metafizik mənşəlidir. Xalis sözün bütün formaları kimi o da insana yuxarıdan ötürülür. Kosmik bilgi yadda qalsın deyə, özəl formalara salınır (süjet, obraz, vəzn, bənd, misra, qafiyə və s.) faş olmasın deyə, rəmzi işarələr altında gizlədilir (Rene Genon. "Müqəddəs elmlərin rəmzləri"). Odur ki, "Əsli və Kərəm" sadəcə aşıqların təbinin məhsulu deyil. Bütün folklor örnəkləri kimi, onun da əsl müəllifi bəlli deyil və bunun özü də dastanın kosmik-metafizik kökünə işarədir. Analoji olaraq erməni-müsəlman sindromunun da metatarixi mənbəyi var və iki qoçun başının bir qazanda qaynamasına sadəcə yer yox, göy də qol qoymur. Dastanda buna işarələr var:

Aman fələk (!) dad eylərəm əlindən,

Açılsın Əslidən düymə, mən öldüm!

Əsli xan ağlayar, Kərəm alışar,

Açılsın Əslidən düymə, mən öldüm!

Bir düymə (bağ) iki xalqın ola bilməz! Əgər elədirsə, onlardan biri mədəni deformasiyaya uğrayıb, digərinə tabe olmalı, ya da daha bir bağ yaranmalıdır.

32. Ermənilər iyirminci yüzilə qədər bu dünyada özlərinə nəinki bağ, hətta ayaq basmağa bir parça torpaq tapa bilməyən iki xalqdan (digəri qaraçılardır) biridir. Qaraçılar da, ermənilər də dünyaya Hindistandan - "qaralar ölkəsi"ndən yayılıblar. Ermənilərin də, qaraçıların da Allah yanında üzləri qaradır. Ermənilər də, qaraçılar da öz təkəbbürləri qarşılığında göylər tərəfindən səzalandırılıb.

33. Faşist və daşnak düşüncəsi analojidir. Daşnaklar da faşistlər kimi, zamanın təkərini geri döndərib, dünyanı yenidən bölüşdürmək istəyirlər. Zaman faşistlər üçün arilər dövründə, daşnaklar üçün Herodot, Strabon, Plininin dönəmində qalıb. Çağdaş qazlar öz ulu babalarının nə vaxtsa Romanı xilas etməsilə qürur duysa, necə görünərdisə, erməni tarixbazlığı da elə görünür. Altaylardan Balkanlaradək at sürən türklər isə bütün zamanları özlərininki bilib, özlərini mavi göylərlə qara yer arasında körpü kimi görüblər: "Üze Gök Tenqri, asra yağız yer kılıntıkda, ekin ara kisi oğlı kılınmıs" - "Yuxarıda mavi göy, aşağıda qonur torpaq yaradıldıqda, bu ikisi arasında insan oğlu yaradılmışdır" (Yolluq Tigin. "Kül Tiqin" daş bitiyi).

34. Ermənilər yerə, türklər göyə bağlıdır. O qədər ki, hətta özlərini Göytürklər adlandırıblar.

35. Yerə bağlılıq insanı keşmişə, göyə bağlılıq gələcəyə aparır. Futurologiya kosmosla bağlıdır. Keçmişi unutmaq olmaz, amma ona qapanıb qalmaq da düz deyil. İnsan futuroloji varlıqdır - o, daim gəlişir, dayanıb durmadan gələsəyin ardınca qoşur.

36. Güzgüyə baxın! Məhz gələcəyi görmək üçün gözlərimiz peysərimizdə deyil, alnımızdadır (Maks Gendel, "Kosmoqonik konsepsiya"). İndi heyvanlara baxın, gözləri qabaqda yox, yanlardadır. Bitkilərə baxın, gözləri yoxdur, olsaydı, aşağı baxardılar, çünki başları köklərindədir. Nəhayət, cansızların hara baxasaqlarını təxmin etmək mümkünsüzdür. Baxışların istiqaməti təkamülün səviyyəsini göstərir. Bu qədər sadə, göz qabağında olan fakt, nədənsə, Darvinin gözündən qaçıb. İrəli baxmaq təkamülün yüksək, geri baxmaq aşağı səviyyəsinin əlamətidir. Ermənilər Lut peyğəmbərin zövsəsi Vailə kimi elə hey geri boylanırlar. Onların gözü, sanki üzlərində yox, peysərindədir. Və Allahın "Geri baxmayın!" əmrini pozan Vailə kimi onları da daşa dönmək gözləyir.

37. Lakin ermənilərin keçmişə bağlılığı ifrat olduğu kimi, bizim keçmişi unutmağımız da təfritdir. Bunlar bir medalın iki üzüdür və hər ikisi yolverilməzdir. Bu üzdən Bilgə Kağan xalqı öz tarixi yaddaşını daim oyaq saxlamağa çağırırdı: "Ey türk, özünə dön, sən özünə dönəndə böyük olursan!".

38. İlahi kökə bağlanmayan ağıl hiyləyə çevrilir. Ermənilərin "şanlı tarixləri" ilə öyünmələri və özlərindən uydurduqları "keçmişlərini" geri qaytarmaq çabaları onların ağlı yox, hiyləsindən xəbər verir. Çünki bütün bu oyunbazlıqların Allah və həqiqətə dəxli yoxdur. Rusların bizə "şair xalq" deməsinə baxmayaraq, əslində, bu ada ermənilər layiqdir. Nədən ki daha yaxşı uydururlar və keçmişə bağlıdırlar.

39. Amma şairlər iki qismə bölünür - imanlılar və imansızlar. Qutsal Kitabımıza görə, "müşrik və kafir şairlərə yalnız azğınlar uyar! Çünki o şairlər eləmədikləri şeylərdən danışırlar!". İkinci bölümə isə "iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən şairlər aiddir" ("Quran", "Şüəra", 224-227). Ermənilər imansız "şairlərdir".

40. Bizə isə "peyğəmbər xalq" demək daha düz olar. Bəlkə, buna görə "hər qövmə peyğəmbər göndərildiyi" ("Quran") halda türkün peyğəmbəri olmayıb. Qoy olsun! Həzrət İsa demişkən, "həkim sağlamlara yox, xəstələrə lazımdır" ("İncil", Matfey, 9-12, Mark, 2-17). Mənəvi-ruhi həkimlər olan peyğəmbərlər mənən korlanmış xalqlara (məsələn, ərəblərə) gərək olub. Əgər bütün xalq səsə ithürənə gedirdisə, özəl olaraq seçilmişə nə ehtiyac vardı ki?

41. İt hürüşü əski türk təfəkküründə lokomotivlik eləyən qurd ulartısı şəklində üzə çıxırdı. Bunlar arasında fərq böyük deyildi - hər ikisi itkimilərdən idi. Qurd itin qutsal və təbii, it qurdun profan və sivil forması idi. Qurdun başından qutsallıq haləsini çıxaran kimi itə çevrilirdi. İt qurdun insan toplumuna uyğunlaşmış, bayağılaşmış dublikatı idi. Odur ki, onların adı çox vaxt "it-qurd" şəklində paralelləşirdi.

42. Yadınızdadırmı, Qazan xanın "Yağı səni nerədən daramış, gözəl yurdum?" sualı qarşısında itlə bərabər qurd da necə susur? Bu onu göstərirdi ki, Qorqud ata zamanında qurdun itə çevrilməsi artıq başlanmışdı. Min il sonra isə onlar ikisi də bir bezin qırağına çevrilirdilər: "Niyə, axı, xalq elə asiz olsun ki, hər dərədən baş qovzuyan it-qurd onun başı üstündə asudə hökmranlıq etsin" (Mirzə Fətəli Axundov). Döyüşkən materializm itindən qurdunadək küllü müqəddəsliyi tarixin küllüyünə atmaq istəyirdi. Türklərin islama girməsi isə onlardan daha çox, islama gərək idi. İslamı alparslanların, məlikşahların qılınsından daha yaxşı nə qoruya bilərdi ki?

43. Hiylə ağlın antipodudur. O da ağıldır, amma neqativ ağıl. Onların arasında bir başlıca ayrıntı var - ağıl ümumi rifaha, hiylə fərdi mənafeyə işləyir. Ağıl altruist, hiylə eqoistdir. Buna görə ağıllı öz xalqının, hiyləgər isə özünün faydasını düşünən adamdır. Ermənilər özlərinin "qədim", "mədəni" xalq olmasından danışır. Amma bu onların başarıyla yaratdığı illüziyadan başqa bir şey deyil. Çünki mədəniyyət yaratmaq üçün ağıl lazımdır. Ermənilər isə ağıllı yox, hiyləgərdir. Onlar nəsə yaratmaqdan daha çox, başqalarından oğurlayır, öz mənafelərini hər şeydən üstün tutur, bununla da, Allahın birliyinə qarşı dururlar. Nədən ki ilahi inkişaf proqramında ümumi təklərə deyil, təklər ümumiyə qurban verilə bilər. "Biz ki, məndən üstün oldu, bil, odur, həyat suyu çeşməsinin rəvanı" (Nəsimi). Ermənilərin "biz"i "mən"dən üstün tutan şairi yoxdur və olmayıb. Onların şair-yazıçılarını yalnız və yalnız "Ermənistanın yaraları" (Xaçatur Abovyan) düşündürür.

44. Hiylə ilk baxışdan fayda versə də, hiyləgər sonunda zəlalətə məhkumdur. Çünki "Allah bütün hiyləgərlərdən daha çox bilir" ("Quran", "Yusif", 76) Yəqin, bu üzdən ermənilərin indiyə qədər nəinki öz bağları, hətta ayaq basmağa bir parça torpaqları belə olmayıb. Torpağa malik olmağın ilkin şərti isə bağa sahib olmaqdır. Ana bətnindəki uşaq ərtaf aləmlə əlaqəyə göbəyi vasitəsilə girdiyi kimi, millət də o bağ vasitəsilə göylərə bağlanır. Yer göyə öz tələbini, göy yerə öz təklifini bu bağla göndərir. Öz göbəyi olmayan xalq istər-istəməz qonşusunun göbəyi ilə qidalanmalı, parazitlik eləməlidir. Ermənilərin neçə yüzildən bəri mətbəximizdən oğurluq, musiqimizdən plagiat etmələri ondan irəli gəlir ki, onların öz bağı yoxdur. Müstəqil, orijinal etnomədəniyyət bu bağla qırılmaz bağlantıda yaranır. Odur ki, ermənilərin ən istedadlı sənətkarının (Sayat Nova) nəinki yaradıcılığı, hətta adı belə özününkü olmayıb, türk adının (Səyyad Nəva) haylaşdırılmış formasından başqa bir şey deyil.

45. Qara Bağ soğrafi məkan olan Qarabağdan qat-qat geniş, dərin və yüksək anlayışdır. Qarabağ Qara Bağın görünən tərəfi, surəti, təzahürü, sismi, təsəllasıdır. Və məntiqi olaraq, Qara Bağ da Qarabağın gözəgörünməz tərəfi, orijinalı, mahiyyəti, ruhu, metafizikasıdır.

46. Əski türk eposlarında dünyanın dörd tərəfinin hər biri bəlli bir rənglə işarələnir. Bu geosimvolikaya görə, qara rəng şimalı, qızılı rəng cənubu, göy rəng şərqi, ağ rəng qərbi işarələyir. Əski türk düşüncəsinə görə, qara həm də böyük anlamını verir. Və bu iki mənanı (şimal və böyük) bir araya gətirəndə Qarabağ "şimaldakı böyük bağ"a işarədir. O bağ ki, Nizami özünün son dastanında onu "xoşbəxt şimal ölkəsi" kimi təsvir eləmişdi. O ölkəni yunanlar şimal küləyi Boreyin adı ilə Hiperboreya adlandırırdılar. Ora sənnətin yer üzündəki təsəllası idi. Orda əbədi bahar hökm sürür, insanlar xoşbəxt, qayğısız yaşayırdı. Xoşbəxtlər ölkəsinin paytaxtı Tula adlanırdı. İnsanlara kommunizm vəd edən SSRİ-nin xoşbəxt şimal ölkəsinin yerində qurulması da təsadüfi deyildi. SSRİ xoşbəxtlər ölkəsinin travestik forması, tərs üzüydü. O, xoşbəxt şimal ölkəsinə marksist-leninçi parodiya idi. Bu parodiya Yevgeni Zamyatinin "Biz", Oldos Hakslinin "Bu gözəl, gözəl dünya", Cors Oruellin "Heyvanıstan", Anarın "Ağ qoç, qara qoç" əsərlərində özünün bədii ifadəsini tapıb.

47. Qarabağ bizim ümummilli cənnətimizdir və onu itirmək xoşbəxtliyimizi, rifahımızı itirməkdir. Ona görə Qarabağsız qaldığımız bu otuz ildə ən ağır ağrı-asılarla üz-üzə qaldıq.

48. Nağıllarımızda əfsanəvi Simurq quşunun Qaf(qaz) dağlarında yaşaması, Prometeyin Zevs tərəfindən Qafqazda çarmıxa çəkilməsi də, görünür, təsadüfi deyil. İstər əbədi odla bağlı Simurq, istərsə də insanlığa zəka odu gətirən Prometey dünyanı yaradan ilkin odun insan yaddaşındakı mifopoetik ifadəsiydi. Simurq və Zümrüd (yaşıl) göydən yerə enən həyat odunun rəngini simvolizə edirdi. Bu odun öz nurundan pay verdiyi bölgələrdən biri Qafqaz, Qafqazın qəlbi isə Qarabağıydı.

49. Azərbaysan ona görə odlar ölkəsi deyil ki, onun torpaqlarından neft-qaz fəvvarə vurur. Bu, məsələnin, sadəcə, gözə görünən, material(ist) yönüdür. Daha ciddisi məsələnin metafizik, gözəgörünməz tərəfidir. Bizim başımıza göylərin nuru ələnir. Odun məkanı Bakı, nurun vətəni Şuşadır. Yəqin, buna görə on doqquzuncu yüzildə "Azərbaysan türksəsi fransız dilinin Avropada oynadığı rolu oynayır" (Mixail Lermontov), Şuşa isə "Qafqazın konservatoriyası" (Firudin Şuşinski) sayılırdı. Bunların birincisi sözün, ikinsisi isə səsin yerə köçürülmə məkanının Qarabağ olduğunu göstərirdi. Bu bölgədə yerlə göy arasındakı qapının açarı Azərbaycan türklərinin əlində idi.

50. Qafqaza soxulmuş rus ordusu generalı Sisianovun başını Bakı xanının qardaşı oğlu kəsdi. Bəs, niyə Şuşadakı rus qarnizonunun böyüyü mayor Lisaneviç Qarabağ xanı İbrahimxəlili ailəsilə birgə vəhşicəsinə qətlə yetirdi? Axı, Qarabağ xanı nəinki rus padşahının təhti-himayəsini qəbul etmiş, hətta ağıllı vəziri Molla Pənahı ölkənin dörd bir yanına göndərib, yerdə qalan xanları da bu yola çağırmışdı. Xanın qətlə yetirilməsinin gizli və açıq səbəbləri vardı. Mayor Lisaneviç ermənilərin dedi-qodusuna inanmış, guya xanın rus padşahına xəyanət etməsindən qorxub, onu qabaqlamışdı. Qətlin "tarixi" səbəbi budur. Bu nadanlığı və qəddarlığına görə rus padşahı mayorun poqonlarını sökdürsə də, əslində, öz zabitinin vəhşiliyindən ürəyinin dərin guşələrində razı idi. Buna görə onun çiyninə təzə poqon qoyuldu - o, polkovnik rütbəsinə qaldırıldı. Çünki xanın ölümüylə xalq öz dayaq nöqtəsini itirib, dəstəyə, kütləyə çevrilirdi. Kütləni idarə etmək isə asandır.

51. Xanın qətlinin daha ciddi səbəbi metatarixi səciyyə daşıyırdı. Onun götürdüyü ruspərəst siyasi kurs göylərin istəyi ilə üst-üstə düşmürdü. Xan birbaşa göylərin hökmüylə qətlə yetirilmişdi! Hələ onun Yekaterinadan bəzəkli əsa hədiyyə alan vəziri Molla Pənah! Axı, necə oldu ki, Qacar kimi əjdahanın ağzından qurtulan vəzir Məhəmməd bəy Cavanşir kimi qadın düşkününün əlində zəbun oldu? Çünki Vaqif nə qədər ki, Qarabağın qeyrətini çəkirdi, Allah onu taleyin mancanaqlarından yağan daşlar altında da qoruyur, mıxı mismara döndərib, ən ümidsiz durumdan qurtarırdı. Vaqifin sabah qətl edilməsinə dair əmr verən Qasarın gecəylə qətli və şairin ölümdən qurtarmasını Yusifin quyudan çıxarılması və ya zindandan xilas olmasıyla tutuşdurmaq olar. Bu olay qutsal kitablara düşəcək möcüzə deyil, bəs, nədir?! Amma elə ki, Vaqif Qarabağı ruslara təslim etmək fikrinə düşdü, bəxt ondan qəfil üz döndərdi və dövrani-gəcrəftarın gərdişiylə başı bədənindən ayrıldı! Tale Qarabağa xəyanəti heç kəsə, hətta dünən ölümdən qurtardığı ərköyün övladına da bağışlamırdı.

52. Rus padşahının antiislam və antitürk Qafqaz siyasətinin prioritet istiqamətlərindən biri Qarabağı - yerlə göy arasındakı qapının açarını əlimizdən almaq idi. Bunun üçün "aradüzəldən, hoqqabaz, oğraş" (Puşkin) çarizm xan babasını vəhşiliklə qətlə yetirdiyi Qarabağ şahzadəsi Xurşidbanunun könlünün açarını Tiflis canişininin yavəri Xasay Usmiyevə təqdim eləmişdi. Rus padşahı Qarabağla qohum olurdu! Gizli məqsəd isə başqaydı - millətin kişisini öldürüb, qadınını taxta çıxarmaq! Qarabağda qadın kultu yaradılırdı, özü də yuxarıdan yox, aşağıdan! Allahın bu işdən xəbəri yoxuydu və bunu hamıdan dərin duyan elə bu kultun daşıyıcısı idi. Natəvan təxəllüsü şairənin tavansız - yuxarısız olmasının ifadəsiydi.

53. Xurşidbanunu gah sünni Usmiyev, gah da papaqçı Seyid Hüseynlə izdivaca girməkdə qınayan Şuşa əşrəfi ilk baxışdan vulqar qeyrət mücəssəmələri və fanatik şiə təsiri bağışlayır, amma metatarixi rakursdan baxanda səhv eləmirdilər. Çünki zümrə və ya məzhəb dəyişkənliyi sadəcə sosial və dini məsələ olmayıb, həm də metafizik səciyyə daşıyır. Metafizikaya toxunmaq isə fələyin binasını uçurmaq deməkdir. Sən bir qadındakı cəsarətə bax! Doğrudan da, bəzən "ipək içində şirlər gizlənir"miş (Nizami). Amma bunun qarşılığında Qarabağ da öz məlikəsinin ardınca tavansız qalar, yerlə göy arasındakı körpü görəvini itirə bilərdi. Qarabağı Qarabağ eləyən isə məhz bu görəv idi.

54. Rus padşahı bu görəvi Qarabağın əlindən almaq üçün çox şey elədi, amma hər şeyi eləyə bilmədi. Tiflisi Qafqazın mədəni mərkəzinə çevirmək çabası Şuşanın mədəni mərkəz roluna ən azı Azərbaycan miqyasında təsirsiz qaldı. Qarabağ əldən getsə də, Qara Bağ getmədi. Allah rus padşahından güclü idi. Bu üzdən on doqquzuncu yüzildə ölkənin ən dürlü yerlərində meydana çıxan söz-sənət yığıncaqlarının başında Şuşada toplaşan "Məslisi-üns" dururdu. "Məclisi-üns" Qarabağın rəmzi idi.

55. Geokulturoloji yöndən baxanda ölkəmizin ərazisi üç yerə bölünür - söz, səs və rəng bölgələri. Söz bölgəsi olaraq Naxçıvan, Göyçə, Qazax və Borçalını götürmək olar. Bakı və onun ətraf kəndləri rəng, bu ikisi arasında orta mövqe tutan Qarabağ isə səs bölgəsidir. Ölkənin qərbindən şərqinə, Naxçıvandan Bakıya doğru gəlmək dağlıq ərazilərdən dənizkənarı çökəkliklərə enmək deməkdir. Bu "məqamı hər şeydən uca olan söz"dən (Nizami) rəngə doğru enişin çoğrafi görüntüsüdür.

56. Yerlə göy arasındakı vertikalda söz ən yüksəkdə, rəng ən aşağıda, səs bu ikisi arasında qərar tutur. Odur ki, səsdə həm sözə, həm də rəngə məxsus özəlliklər var. Fiziki formaya (dalğa) malik olması onu rəngə, məzmun (ton, tembr və sair) daşıması isə sözə yaxınlaşdırır. Söz birüzlü, rəng çoxüzlü, səs ikiüzlüdür. O daha çox forma planında olan dilsiz rəng və daha çox məzmun planında olan rəngsiz söz arasında dayanır. Maddi üzü onu rəng, mənəvi üzü isə sözlə ortaq məxrəcə gətirir.

57. İnsanın sözü də var, rəngi də, amma o daha çox səsə bənzəyir. Çünki o da səs kimi ikiüzlüdür. Güzgüyə baxın, burnunuz üzünüzü iki yerə bölür. Sözün birbaşa, müstəqim anlamında hamı ikiüzlüdür. Çünki biz xeyir və şərdən ibarət ikiüzlü dünyada yaşayırıq və öz dünyamıza uyğunuq. Amma ikiüzlü olmağımız bununla bitmir. Biz həm də bədəndən və ruhdan ibarət olmaqla ikicanlıyıq. Bədən bizim fani, ruh isə əbədi canımızdır. Biz sözdən də, rəngdən də daha çox səsə yaxınıq. Təsadüfi deyil ki, bizim dünya ilə ilk təmasımız səslə başlayır. Dünyaya göz açmamış, - "Bəyəm görmürsünüz, mən varam, mən gəlmişəm?!" - deyə ağız açır, çığır-bağırtı salırıq.

58. Söz insanın ağlı, rəng bədəni, səs qəlbiylə bağlıdır. Siz heç "ağlımın səsi" və ya "bədənimin səsi" ifadələrini eşitmisiniz? Yəqin ki, yox, eşitsəniz də, çox az, nadirən, təsadüfi hallarda. Amma "qəlbimin səsi" ifadəsini hər gün eşidirik. Şairlərin bu adda onlarca, yüzlərlə kitabı işıq üzü görüb. Əgər kiminsə sözünü sevirsinizsə, bilin ki, onun ağlını, rəngini sevirsinizsə cismini, səsini sevirsinizsə, qəlbini sevirsiniz. Kimin səsi necədirsə, qəlbi də elədir. Niyə, görəsən, Nizaminin dastanında Xosrov Şirinin portretini görüb, Fərhad isə pərdə arxasından səsini eşidib vurulur? Çünki Xosrovun sevgisi rəng, Fərhadınkı səslə bağlıdır. Xosrovun hissi dayaz, Fərhadınkı dərindir. Xosrovun istəyi cısmani, Fərhadınkı mənəvidir. Bu üçbusaqda Şirin sözü təmsil edir. Şirinin sevgisini qazanmaq uğrunda Xosrov və Fərhadın qarşıdurması rəng və səsin sözə sahiblənmək uğrunda mübarizəsidir. Amma "rəng üzündən olan eşqlər eşq deyil" (Mövlana Cəlaləddin Rumi, "Məsnəvi"). Odur ki, dastanın əsas ideyası Xosrovun eşqinin rəngdən sözə çevrilməsidir. Eşqin qızıl qanunu üzrə aşiqin öz cananına qovuşmasının bir yolu var - özünü qurban vermək. Xosrov rəng (hiylə) ilə özünü yox, Fərhadı qurban verir və bunun bədəlini ağır ödəyir - oğlu Şiruyə tərəfindən qətlə yetirilir.

59. Gəlişmənin indiki durumunda səsin rolunu nə söz, nə də rəng oynaya bilməz. İnsanın cismə malik olmadığı, ruh formasında olduğu cənnət dövründə bu görəvi söz yerinə yetirmişdi. Cənabi-Haqq Cənnətdə Adəmlə səsli yox, səssiz (telepatik) dillə danışırdı. Bu, ilahi eşqin ilk dönəmiydi. Tanrının insana eşqi onda hələ birbaşaydı, aşiqlə məşuqun arasını maddə - səs dalğaları kəsmirdi. Onda eşq hələ dil açmamışdı. Bu zaman söz həmsöhbətə səs deyil, işıq dalğalarıyla ötürülürdü. İnsan yer üzünə gələndən sonra da hələ bir müddət işıq dilində danışdı. Sözün işığı onda söndü ki, ruh tamamilə maddi libasa (bədənə) büründü, maddi dünyanın qanunlarına uyğunlaşdı. Bu maddiləşmə sonunda beş duyğu orqanı, o sıradan da eşitmə qabiliyyəti formalaşdı və telepatik dil öz yerini nitqə verdi. Qulaq gözdən, səs sözdən, eşitmək görməkdən qabağa keçdi. Başlanğıcda Laloğlu idik - danışmır, amma anlayırdıq. Bu, söz idi. Sonra Koroğlu olduq - görmür, amma eşidirdik. Bu, səs idi. İndi Karoğluyuq - eşitmir, amma görürük. Bu isə rəngdir. Təsadüfi deyil ki, Koroğlunu digər igidlərdən seçib ayıran əsas əlamət qeydi-adi səsə - nərəyə sahib olmasındadır.

60. Telepatik dili biz indi yuxuda görürük, amma istənilən yox, çin yuxularmızda. Nədən ki çin yuxular bizə Rəhmandan gəlir və rəhmanidir. Çin yuxular şəkilli uşaq kitabları kimi piktoqrafik və rənglidir. Bu yuxular ağ-qara düşüncəmizə ilahi qatdan düşən sızıntılardır. Bu yuxularda söz də, rəng də var, səs isə yoxdur. Səs ortadan götürüldüyündən burda əvvəl (söz) və axır (rəng) birləşib, çevrə qapanıb. Səssizlik bu yuxulara sirli-sehrli bir aura verir. Bu yuxular danışmır, səssiz ekran effektilə eləcə göstərir. Bu yuxularda biz ulu babamız Adəmin cənnət dönəminə qayıdır, haqqın camalını görür, seyri-süluk edirik. Ona görə bu yuxular çin çıxır. Bu yuxularda Allah bizə öz əsl üzünü rəmzlər vasitəsilə göstərir. Çünki Allah həqiqətdir və onun üzündə yalan ola bilməz. Yalan insanın uydurmasıdır. Yalan insanın "yoxdan var elədiyi" yeganə həqiqətdir. İnsanın yoxdan var eləməsi yalandır.

61. Səs dalğalarının kiçicik bir titrəyişindən belə cənnətin sirli səssizliyi pozula bilər. Odur ki, orda Allahla insanın ünsiyyət vasitəsi düşüncədir. Cənnətdə səsə gərək yoxdur. Qanad varsa, körpü nəyə lazım? Orda gözlər danışır. Amma maddi dünyada düşüncə dili öz önəmini itirir. Düşüncə maddi qatı yarıb, həmsöhbətə çatmır. Nitq (səs) zərurətə çevrilir.

62. Hegel terminlərilə desək, səs sözün təbiət, söz səsin məntiq mərhələsidir. Səs təbiətlə bağlıdır və odur ki, sonludur. Təbii olan hər şeyin əvvəli olduğu kimi sonu da olur. Düşüncə formasında olan söz isə əbədiyyət meyvəsidir. Onun nə əvvəli, nə də sonu var. O, Allahın özüdür.

63. Söz öz ruhuyla yaradan, səs isə öz təbiətiylə dağıdandır. Söz bəlli bir ideya ətrafında sıxlaşanda səsi, səsin intensivləşməsi isə sözü doğurur. Sözün məqamı yoxluq olduğu üçün "yoxdan var" (Füzuli) səsin məqamı varlıq olduğu üçün vardan yox edir. Yoxluqdan varlığa, varlıqdan yoxluğa keçmək olar. Üçüncü məqam yoxdur.

64. İnsanın yoxdan yaranışı Allahın sevgisi, dünyaya gəlişi şeytanın nifrətindən doğub. Yoxdan yaranış sözlə, dünyaya gəliş səslədir. Odur ki, dini düşüncədə söz Allahın, səs şeytanın rəmzidir. Əslində, səs sözün eşidilən, şeytan Allahın görünən formasıdır. Nədən ki şeytanı da Allah yaradıb və onu da öz düşüncəsindən hasil edib. Şeytan Allahın özü-özünə parodiyasıdır. İnsan özündən başqa hamını, Allah yalnız özünü parodiya edə bilər.

65. Öz seksual evfemizmi və üsyankar ruhuyla Həzrət İsanın şöhrətinə kölgə salan rok(n-rol) ulduzlarının (Elvis Presli, Con Lennon, Fred Merkuri) zühuru batı musiqisində səsin getdikcə güclənən demonizminin ifadəsiydi. Amma səsin dağıdıcılığı yaradıcıdır. O, daha yüksək yaranışlar üçün dağıdır. Və, əslində, şeytanın "günahı" ilahi komediyanın (Dante) antoqonist qəhrəmanı olmaqdan başqa bir şey deyil.

66. Allah bu komediyanın təkcə dramaturqu və rejissoru yox, həm də iştirakçısıdır. O, bircə dəfə "Ol" deyir və ilahi dalğalanma (emanasiya) başlayır. İlahi səs sınırsız boşluqlar içində əriyir, amma yoxa çıxmır, enerjidən maddəyə çevrilir - dünya yaranır. Dünya Allahın "donmuş səsidir" (Fridrix Şellinq). O, yaradıcı səsinin sürətini azaldıb ki, bizim bu kosmik prosesi izləmək imkanımız olsun. Dünya "elə bir dildir ki, onun vasitəsilə sonsuz ruh sonlularla danışır" (Corc Berkli).

67. Dünya adlı film varlığın rejissoru tərəfindən əzəldən çəkilib və biz o çəkilişlərdə ruhən iştirak etmişik. İndi bizə rol aldığımız filmi göstərirlər. Çünki "yer yox ikən, göy yox ikən ta əzəldən var idik" (Xətai). Amma ana bətnində çəkildiyimiz filmdən xəbərsiz olduğumuz kimi, ilahi bətndə çəkildiyimiz film də yaddaşımızın lentindən silinərək ilahi fondda saxlanılır. Çəkiliş meydançası ana bətnində kosmik miqyasda daralır, ilahi bətndə isə tamam yoxa çıxır. İlahi bətn yoxluğa çıxışdır. Qutsal vibrasiya qanununa görə, yoxluq aləmindəki kadrlar ana bətnindəkilərlə, onlar isə dünyadakılarla müqayisədə sürətlə fırlanır. O dərəcədə sürətlə ki, yoxluq aləmində sadəcə görünmürlər.

68. Söz metafizik yoxluq aləmi, rəng dünya, səs ana bətniylə tutuşdurula bilər. Ana bətni yoxluq və varlıq arasında körpüdür. Ruhumuz bu körpüdən keçib dünyaya gəlir. Ana bətni səsdir. Səs burda sükutun özünə qədər sıxılıb. Maqnitofon oxuyur, amma düymə söndürüldüyündən səs eşidilmir. Odur ki, düymə basılan kimi səs-küyün aləmi başına götürməsi - körpənin ağlaması məntiqidir. Ana kultunun əsas anlamı yoxluqla varlıq arasındakı bu körpü mövqeyindədir. Yəqin, buna görə Peyğəmbərimiz "cənnət anaların ayaqları altındadır" deyir, Qorqud ata isə "Ana haqqı, Tanrı haqqı" söyləyirdi.

69. Futbol reportajlarında topun qapıdan keçib-keçmədiyini bütün dəqiqliyi ilə göstərmək üçün ləngidilmiş kadr üsuluna əl atırlar. Allah da öz toplarının - planetlərin uçuşunu oyunun əvvəlindən sonuna qədər ləngidilmiş şəkildə göstərir. Əgər belə olmasa, planetlərin hərəkətini izləyə bilmərik. Hətta bu qədər ləngitmədən sonra da elmi düşüncə Kopernik, Bruno, Qaliley və Keplerə qədər planetlərin hərəkətinin əsl mənzərəsini görə bilmirdi.

70. Dünya səsdən yaranıb, səslə də dağılacaq, amma Allahın yox, mələyin səsilə. İsrafil surunu çalacaq və "göy yarılacaq" ("Quran", "Haqqə", 16) "yer lərzəyə gəlib parça-parça olacaq" ("Fəcr", 21) "dağlar yun kimi didiləcək" ("Qarisə", 5), "Günəşlə Ay birləşəcək" ("Qiyamət", 9), "dənizlər od tutub yanacaq" ("Təkvir", 6), "gecə gündüzə qarışacaq", "dirilər öləsək, ölülər diriləsək", - Qiyamət qopacaq! Və səs körpü görəvini bu dəfə neqativ planda yerinə yetirəcək.

71. Səs iki dünya arasında körpü olduğundan musiqi ruhu bir anda göylərə qaldırır və insan əbədiyyətlə nəfəs alır. Bununla da səs öncədən müəyyən edilən ilahi proqrama müdaxilə edir, insanı öz yolundan çıxarır.

72. Öləcəyini bilən Qorqud ata qopuz çalır və nə qədər ki, qolça qopuz əlindədir, ölüm ona yaxın düşə bilmir. Qopuzun hər simi insanla Tanrı arasındakı fələyin qatlarına uyğundur. Barmaqları bu simlərə toxunan ozan fələyin qatlarını yararaq yuxarı qalxır və ilkin mənbə ilə birləşir. O mənbə isə ölüm tanımır.

73. Lakin "ölüm haqdır, çıxmaq olmaz əmrdən" (Aşıq Alı). Səs bu əmri iki mənada pozur: ya insanı Qorqud atanın misalında olduğu kimi ölməyə qoymur, ya da müasir estrada ulduzlarının fanatları kimi onu öz damarını doğramağa təhrik edir.

74. Əski sənət yaşadırdı, çağdaş sənət öldürür. Əski səs yaradıcıydı, çağdaş səs dağıdıcı. Nədən ki əski səs Allahlın "Ol" hökmünə yaxınıydı, çağdaş səs isə İsrafilin "Öl" əmrinə!

75. "Olaqmı, öləkmi?". Çağdaş sənət kimi, çağdaş insan da bu Şekspir dilemması qarşısındadır. Qarabağ davası bizim Hamlet sualımızdır.

76. Qarabağ lap vaxtında - millətin formalaşması öncəsi yüksəldi və öz görəvini yerinə yetirdi. İqtisadi amillərlə bağlı Bakının on doqquzuncu yüzilin sonundakı yüksəlişi Şuşanın mədəni mərkəz rolunu aradan qaldırmadı. Üzeyir bəy Hacıbəyli - Qarabağın yetirdiyi düha Bakı dünya şəhərinə çevriləndə zühur etdi. Bəli, düz eşitdiniz, o doğulmadı, məzh zühur etdi. Peyğəmbərlər zühur edir və Üzeyir bəy sənət peyğəmbəridir. Onun "Quran"da xatırlanan 28 peyğəmbərdən birinin adını daşıması da təsadüfi deyil. Üzeyir peyğəmbərin əsas işi Qiyamət günü ölülərin ilahi hökmlə diriləcəyinə inam aşılamaq idi. Üzeyir bəy də qiyamət qoparır, Şərqin yüzillərlə ölmüş sənət ruhunu dirildir, Məcnunla Leylini, Kərəmlə Əslini, Koroğluyla Nigarı yad, ruhlarını şad eləyirdi.

77. Üzeyir bəy Qarabağın uca məqamlardan aldığı elə bir nəfəsiydi ki, söz, səs və rəngin metafizik sıralanmasını pozaraq, onları bir araya gətirir və teatra çevirirdi. Dahi bəstəkar ilahi ölçünü insani arşınla əvəz edir, "o olmasın, bu olsun" deyirdi. Onun opera və operettaları ilahi komediya qarşılığında insani gülməcələriydi.

78. Opera özündə söz (libretto), səs (partiya, ariya, xor...) və rəngi (dekor, rekvizit, geyim) birləşdirən sinkretik sənətdir. İstənilən nizamın pozulması və yeni nizama gedən yol xaosdan keçir. Söz, səs və rəngin bir-birinə qarışdığı opera (ümumən teatr) sənəti özündə xaotik potensial daşıyır. Teatrın "şeytani" mahiyyətinin metafizik əsasında olsun ki, bu amil dayanır. Nizam Allaha, xaos şeytana məxsusdur.

79. Üzeyir bəyin yaradıcılığı mədəniyyətimizin öz yeni inkişaf mərhələsinə girməsini göstərirdi. O, islami şüurüstüdən ("Leyli və Məcnun") etnik şüuraltına ("Koroğlu") gedən minillik yolu 20-30 ilə keçirdi. Şərqin sözü varıydı, səsi yox. Üzeyir bəy bir dahi kimi yüzillərlə sıxılıb qalmış səsi sözə çatdırır, "Leyli və Məcnun" və "Koroğlu"ya qarşılıq operalar yaradırdı. Bu operaların birindən muğam, digərindən saz səsi gəlirdi. Üzeyir bəy sənət Simurqunun qoşa qanadları üstündə zülmətdən işıqlı dünyaya uçur, "qa" deyən muğama ət, "qu" deyən saza su verirdi. Bu, gerçəklik ölçülərini aşan bir uçuşuydu.

80. Üzeyir bəy bir dahi kimi Qara Bağın son nəfəsini aldı, səs tədricən küyə çevrilməyə başladı. Çağdaş Azərbaycan musiqisi əsasən hay-küydən ibarətdir. Onun ruhundan (melodiyası) daha çox, cismi (ritmi) var.

81. Üzeyir bəy dünyaya orijinal milli mədəniyyət faktı kimi çıxırdı. Bu üzdən "Arşın mal alan" filmi dünyanı gəzir, hətta onun Hollivud versiyası hazırlanırdı. Bu, Azərbaycan kinosu tarixində ilk və son belə olay idi.

82. Dahilik estafetini Üzeyir bəydən iki bəstəkar aldı: Fikrət Əmirov və Qara Qarayev. Gəncəli Əmirov səs, bakılı Qarayev isə rəngi təmsil edirdi. Fikrət Əmirovun çarşabını atan ("Sevil") və ya ərinə nağıl danışan qadın ("Min bir gecə") kimi "ekzotik Şərq mövzuları"nı səhnəyə gətirməsi batıya ilginc gəlirdi. O, Məcnun-Leyli-İbn Səlam klassik triosunu modern Sevil-Balaş-Dilbərlə əvəzləyirdi. Feministləşmə meylinə uyğun artıq qızın deyil, oğlanın iki adaxlısı varıydı. Leyli iki yerə bölünmüşdü - "fransızcanı fransızdan yaxşı bilən... Parisdə manikürçülük kursu bitirən" müsavat Dilbəri və Moskvada saç kəsdirməyi, mini və hündürdaban geyinməyi öyrənən sovet Sevili. Qəhrəmanlarından fərqli olaraq, bəstəkar özü isə milli ruh və Şərq tembrinə sədaqətliydi.

83. Qarayevin kakofonik musiqisi üçün səciyyəvi olan küy artıq dünya musiqisinə gedən yol ("İldırımlı yollarla") və ona qovuşmağımızdan ("Don Kixot") xəbər verirdi. Əslində, mahiyyət dəyişmir - klassik məcnunluğumuz öz yerini modern don kixotluğumuza verirdi.

84. İlahi əmr olmadan xalq öz mənəvi dayaq nöqtəsini itirə bilməz. Belə bir disfunksiya baş verirsə, bu, xəbərdarlıq kimi qəbul edilməlidir. "Öz varlığın haqda düşün!" Allah tiran olmadığından və dünyanı insanla birlikdə fırlatdığından itirdiklərimizlə bağlı məsuliyyətimiz böyükdür. Allah bağımıza baxıb, qar yağdırır. Bağa baxanda bağ, baxmayanda dağ olur. Ona görə düz otuz il sinəmizə Qarabağ dağı çəkildi. Qarabağımız dönüb Qaradağ oldu!

85. Biz Qarabağı itirməmişdən Qara Bağı və səsi itirdik. Bəlkə, buna görə Qarabağ uğrunda mübarizədə vətənpərvərlik pafosuyla dolu hay-küyümüz Allaha çatmadı. Allah küyü dinləmir. Küy yalan, Allah isə həqiqətdir.

86. Hər insan öz həyatı və hər xalq öz tarixində dilemma qarşısında qalır: hara gedim - işıqgələnə, ya ithürənə? İşıqgələn söz, ithürən səsdır. Biz Sovet divinin işıqgələnindən ithürənə qayıtdıq. Sovet işıqgələni insana "işıqlı gələcək" boyun olan kommunist boyunduruğundan başqa bir şey deyildi. O öz adını işıq qoyan zülmətiydi - Leninin elektrikləşdirmə, Stalinin kollektivləşmə və repressiya, Xruşşovun qarğıdalı, Brejnevin durğunluq, Andropovun əmək intizamı zülməti... SSRİ-nin əsl adı dağılması ərəfəsində üzə çıxdı - Çernenko, Çernobıl, Qarabağ zülməti! Qarabağ olayları bizim ermənihürənə qayıdışımızdır. Bu olayların ermənilərin Topxanada iki ağacı kəsməsiylə başlaması odun yığdığımız meşəyə dönüşümüzün, problemin ağac üstündə alovlanması ölüm-dirim savaşına girməyimizin nişanəsiydi. Yarı ölüm, yarı həyat olan ağac ölüm-dirim deməkdir. Amma erməni bizi ölüm-dirimə çəkə bilməzdi. Musanın qövmü kimi biz də öz suçumuzdan səhralara düşmüşdük. Bu həqiqəti ilk dəfə Bərdə və Ağcabədidəki çadır şəhərciklərində yeddidən yetmişə hamının çərgəyə durub, namaz qıldığını görəndə başa düşdüm. Dünənə qədər öz evlərində oturub, pürrəngi çay içə-içə televizora baxan, nərd, domino oynayan bu qocalar hara, ilan-çayan mələyən çöllərdəki çadırlar hara? Bir-birini çərgədə itələyən bu uşaqlar hara, namaz hara?.. Musa qövmünün meditasiyası qırx, bizimki otuz il çəkdi.

87. Əslində, Qarabağ öz səsini hələ 60-lardan itirməyə başlamışdı. Bu klassikanın bətnindən modern mədəniyyətin doğulduğu dövrüydü. Yox, Qarabağdan əvvəllər olduğu kimi nəinki istedadlar (Arif Babayev, Sahibə Əhmədova, Səxavət Məmmədov, Qəndab Quliyeva, Mənsum İbrahimov, Nəzakət Teymurova) çıxır, onlar arasından fenomenlər (Qədir Rüstəmov) də zühur edirdi. Amma bir fakt danılmazdır - milli-mədəni inkişafda prioritet istiqamətin bəlirlənməsində Qarabağ özünün öncələrdəki rolunu itirirdi. Daha Qarabağdan muğamın peyğəmbər Cabbarı, müəllim Seyidi, ağayana Xanı və şahanə Sarası çıxmırdı. Zamanla klassik muğam ifaçılığından uzaqlaşanlar (Bülbül, Şövkət Ələkbərova, Rəşid Behbudov, Flora Kərimova) yetişir və əsas qüvvəyə çevrilirdilər. Azəri qızı Günel göstərir ki, bu meyil indi də davam edir. Azərbaycan müğənnisi tarixdə ilk dəfə "Azəri" təxəllüsü götürür və onun milli mədəniyyətimizin təmsilçisi olması ehtimalı bu qeyri-milli sözdən uzağa getmir.

88. Körpə isti ana bətnindən ayrılanda ayıldığı kimi, bağını itirən xalqın da gözləri açılır. Hər şeyi öz ədalət tərəzisində çəkən Allah bir yandan bağlayanda o biri yandan açır. Dünyanın sərt üzünü görüb qaraqışqırıq salan körpə kimi, bağını itirən xalqa da birdən-birə dəhşətli həqiqətlər agah olur.

89. Bağını itirən xalq yeni dayaq nöqtəsi formalaşdırmağa başlayır. Bu bağ öz gələcəyini duyan etnik şüuraltının diktəsilə hazırlanır. Hələ Allah bu işə qol qoymur. Ona görə əvvəl-əvvəl qanundankənar istedadlar doğulur. İlahi nikah kəsiləndən, yerlə göy birləşəndən sonra həqiqi istedadlar meydana çıxır. Bu istedadların zühuru yeni mədəni mərkəzin rəng məkanında formalaşdığını göstərir. Formalaşma prosesinin məntiq mərhələsi öz ifadəsini ötən yüzilin əvvəllərində Səməd Mənsurun "Həpsi rəngdir" şeirində tapırdı:

 

Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir,

Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir.

Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngdir,

Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir.

Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngdir.

 

Bakılı şair rəngi daha dərindən duyur, amma Nizaminin, Füzulinin sözüylə tərbiyələndiyindən onu qəbul edə bilmirdi. O, cismən rəngdən olsa da, ruhən sözə məxsusdur. Məhz bu sözəməxsusluq onun rəngi yalnız neqativ planda görməsinə səbəb olurdu. Əslində, hər şey kimi, rəngin də iki tərəfi var və o, obyektiv tarixi zərurətdən doğur. Burda suçlamaya yer qalmır.

90. Hələ 30-cu illərdə heca şeirilə sərbəst arasındakı qarşıdurma sözə hakim olmaq uğrunda səs və rəngin mübarizəsiydi. Rəng öz məntiq mərhələsindən təbiət mərhələsinə keçirdi. Heca vəzni səsi, sərbəst şeir rəngi təmsil edirdi. Milli vəznin təmsilçisi Səməd Vurğun sözdən gəlsə də, Vaqif vasitəsilə Qarabağa bağlanır və səsin nümayəndəsinə çevrilirdi. Onun şah əsəri ("Vaqif") Qazax sultanlığı yox, Qarabağ xanlığının tarixindən bəhs edirdi. O, səsin təmsilçisini (Fərhad) qəhrəman seçir, "Fərhad və Şirin" yazırdı.

91. Sərbəst şeirin lideri Rəsul Rza rəngin (Şirvan) yetirməsiydi. Onun ünlü "Rənglər" poetik silsiləsini məhz 60-cı illərdə yazması da təsadüfi deyildi. Bu illər səsin bir mədəni-estetik amil kimi öz mövqeyini rəngə verdiyi dövr idi. Milli poeziya meydanına ilk dəfə 30-su illərdə daxil olan sərbəst şeirin ilk hücumu məğlubiyyətlə qurtarsa da, 60-lardakı həmləsi zəfər yürüşünün başlanğıcına çevrildi. "Rənglər" silsiləsi ilə rəng özünün səs üzərindəki qələbəsini bəyan edirdi. Düşüncə axarında yazılmış bu silsilədə səs sıxışdırılıb aradan çıxarılmış, səsin də, sözün də yerini rəng tutmuşdu. Rəngin holi bayramı idi. O, adi bir boyadan bütöv bir universuma, hər şeyi özündə birləşdirən bir şeyə çevrilmişdi:        

 

Rənglər könlümüzdən keçir

isti, sərin küləklər kimi.

Nəğmələr, sözlər, səslər

Qəlbimizə dolur müxtəlif rənglər kimi.

Rənglər xatirələr oyadır,

duyğular oyadır.

Gördüyümüzdən artıq görmək istəməsək

hər rəng adicə boyadır.

 

92. 60-lardan sonra nəinki rəng məkanından olanlar (Əli Kərim, Fikrət Qoca, Ələkbər Salahzadə, Fikrət Sadıq) sözün (İsa İsmayılzadə) və səsin (Vaqif Bayatlı Odər) təmsilçiləri də ən azı formaca rəngə tərəf keçirdilər. Səsin ən böyük itkisi onda baş verdi ki, onun birbaşa genetik varisi də (Vaqif Səmədoğlu) rəngə meyil eləməyə başladı. Səsə forma etibarilə sadiq qalanlar isə (Ramiz Rövşən, Qulu Ağsəs, Salam) sözə üz tutur, səsdən məzmunca uzaqlaşırdılar. Nə səsi eşidən qalmışdı, nə də səsi eşidilən. Öz sözümüzü özümüzə pıçıldamaq vaxtıydı (Salam).

93. Səsdən rəngə keçid mədəniyyətin digər sahələrində də özünü göstərirdi. Otuzuncu illərdə yüksəliş dövrü keçirən, 40-cı illərdə zirvəyə çatan, 50-lərdə konfrontasiya dönəminə girən teatr 60-lardan sonra səsdən uzaqlaşaraq rəngə üz tutdu. Öz gur səslərilə səhnələri, zalları titrədən titanlar və titanidaların (Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Mərziyə Davudova, Fatma Qədri, Ülvi Rəcəb) nəsli getdikcə kəsilir, səs rəngin qırmızı kitabına düşürdü. Hamlet kəlləsini, Otello dəsmalını, İsgəndər butulkasını, milli teatr vahid səsini itirmiş, romantik (Adil İsgəndərov), fəlsəfi (Mehdi Məmmədov) və lirik-psixoloji (Tofiq Kazımov) meyillərin mübarizə meydanına çevrilmişdi. Bu meyillərdən birinci və ikincisinin banisi səs, üçüncüsü isə rəng məkanından idi.

94. 60-cı illərin başlanğıcında A.İsgəndərovun teatrdan uzaqlaşdırılması, M.Məmmədovun uzaqlaşması, T.Kazımovun baş rejissor təyin edilməsi sadəcə inzibati olay deyildi. Rəng ana teatrımızda hakimi-mütləqə çevrilirdi! Çevrilən kimi də sözə və səsə atəş açır, onların səhnəyə bəxş etdiyi ən məlahətli səslərə (Əli Zeynalov, Barat Şəkinskaya) qarşı öz səslərini (Ələsgər Ələkbərov, Hökümə Qurbanova) qoyurdu. B.Şəkinskaya Cülyettanın balkonundan indi falset səslə danışırdı. 60-lardan etibarən səs teatrının sürəkli ölümü rəng məkanından olan aktyorların (Şəfiqə Məmmədova, Səfurə İbrahimova, Fuad Poladov, Vəfa Fətullayeva, Nurəddin Mehdixanlı, Bəsti Cəfərova) ön plana keçməsiylə müşayiət olunurdu. Get-gedə öz hakimlik statusunu itirən səs üzünə lirik-psixoloji boya vurur, özünü zamanın tələbinə uyğun şəklə salırdı. Səsdən rəngə keçidi istər məkan (Gəncə-Bakı) istərsə də zamanca (60-80-lər) özündə əks etdirən aktrisa da (Amaliya Pənahova) bu fəlsəfi-estetik əsasda meydana çıxırdı. Onun spesifik və təkrarsız istedadının ən parlaq tərəfi - səsi tamaşaçıları get-gedə az çəkirdi və bu məntiqi idi. Əhli-rəng səsə deyil, rəngə üstünlük verir, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək istəyirdi.

95. Səsdən rəngə keçid dramaturgiyanı da əhatə edirdi. Cavid söz, Cabbarlı səs, İlyas Əfəndiyev səsdən rəngə keçid dramaturqu idi. Cavidin romantik poeziya teatrında sözün bədii gözəlliyi hərəkətdən üstün idi:

 

Gəldin də, niçin pəmbə buludlar kimi axdın,

Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,

Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

 

Cabbarlıda səs ən yüksək oktavaya çatırdı. Onun Oqtay və Elxan kimi qəhrəmanlarının monoloqları öz diapazonuna görə Şillerin qəhrəmanlarını kölgədə qoyur, "Məhkum şərqə", özəlliklə də, "Ana" şeirində səs maksimum istismar olunurdu. Min beş yüz illik poeziya tariximizdə öz amplitudasına görə "Ana" şeirindəki bu misraların qarşısına çıxarılası örnək yoxdur:

 

Əs ey külək, bağır ey bəhri-biaman ləpələn,

Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!

Atıl ahana, sən ey ildırım, alış, parla,

Sön ey Günəş, yağışın yağdır, ey bulud, ağla!

 

Cabbarlının səsə bağlılığının daha bariz yönü bu gün də dillərdən düşməyən bəstələridir ("Azad bir quşdum", "Mən bir solmaz yarpağam ki", "Sənə nə olub, zalım yar"...). İ.Əfəndiyev mahnı bəstələmir, amma öz pyeslərini müəyyən mahnılara kökləyib yazırdı. Özünün etirafına görə, o, "Sən həmişə mənimləsən" pyesini "Qaragilə", "Mahnı dağlarda qaldı"nı isə "Aman, ovçu, vurma məni" mahnılarının melodik orbitində yazmışdı. Onun 60-cı illərdəki əsərlərinə quruluşu əksərən rəng rejissoru (T.Kazımov) versə də, bu əsərlər daxilən səs üstündə yazılırdı.

96. 70-lərin lap başlanğıcında səs öz "mahnılarının dağlarda qaldığını" etiraf etdi. Otuzuncu illərdə böyük uğurla keçən tamaşaların ("Maqbet", "Vaqif") 80-lərdəki zəif əks-sədası səsin exoya çevrilməsini göstərirdi. Antik ("Çar Edip") və klassik ("Kral Lir") tragediyaların 90-lardakı yeni səhnə həyatı isə onlara rəngə uyğun quruluş verilməsilə bağlıydı. Rejissor Bəhram Osmanov birinci tamaşanı ikirəngli taxt, digərini ikirəngli geyim üstündə qurmuşdu.

97. Rəngin getdiksə yüksələn mövqeyinə baxmayaraq, səsin bir dramaturqunu (İ.Əfəndiyev) digəri (Əli Əmirli) əvəzləyirdi. Ə.Əmirli vurğunu rəngin ya iki əsas qütbü ("Ağqoyunlular və Qaraqoyunlular"), ya da çoxsaylı çalarları (qara, sarı, əlvan...) üstünə salırdı ("Varlı qadın"). Lakin bu "xəyanətinə" baxmayaraq, dramaturq ikinci planda səsə sədaqətini saxlayır, rəngə neqativ münasibət onun əsərlərinin janrındanca (faciə, ekssentrik qara komediya) aydın görünür, proses kriptoqrafik xarakter daşıyırdı. Rəng birinci halda (faciə) ağlamalı, ikincidə (komediya) gülməli, hər iki halda yolverilməz idi.

98. Səsdən rəngə keçid mahnı ifaçılığında da öz əksini tapırdı. 60-lardan etibarən rəng səhnənin günəşi (Zeynəb Xanlarova) və ən parlaq ulduzlarını (Elmira Rəhimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Mələkxanım Əyyubova) verməklə qalmayıb, muğamın reformatorunu (Alim Qasımov) da yetişdirdi. 90-lardan sonra kliplərin geniş yayılması rəngin səsi üstələməsinin vizual ifadəsi oldu. Və bir məsələni də göstərdi - rəngin aparıcı mövqeyə keçməsi dünya incəsənətində gedən qlobal prosesdir. Rəngləşməni kino və informasiya vasitələrinin gəlişməsində də görürük: lal kino söz, ağ-qara kino səs, rəngli kino rəng dönəmi deməkdir; mətbuat söz, radio səs, televiziya rəng dönəminin göstəricisidir.  

99. Rəngə keçid meylini bədii nəsr (Muğanna, Sabir Əhmədli, Elçin), ədəbi tənqid (Mehdi Hüseyn, Yaşar Qarayev, Tehran Əlişanoğlu), teatrşünaslıq (İlham Rəhimli, Aydın Talıbzadə), telejurnalistika (Telli Pənahqızı, İlqar Əlifoğlu, Mirşahin) və digər sahələrdə də görmək mümkündür.

100. Rəng mədəniyyətimizin dibidir. Amma bu onun gələcək mədəni gəlişməmiz üçün şərt olmasını inkar etmir. Çünki "top aşağıya nə qədər bərk dəyərsə, bir o qədər də yüksəyə qalxar" (Əli bəy Hüseynzadə).

101. Sözdən səsə, səsdən rəngə, rəngdən sözə! Çünki gəlişmə "düz xətt" (Marks) yox, "çevrə" (Əflatun) boyunsa gedir. Elə bu çevrə boyunca da mədəni ağırlıq mərkəzi fasiləsiz olaraq bu üç məqamın birindən digərinə keçir. Bu məqamlar yalnız bizdən kənarda yox, həm də özümüzdədir. Çünki dünya makroinsan, insan mikrodünyadır. "Hər nə varsa, bizdədir..." (Əsəd Cahangir, "Namaz"). Füzuli babanın "Leyli və Məcnun"da Məcnun haqqında dediyi kimi, söz insanın zehni, səs avazı, rəng camalıdır:

 Avaziyü zehniyyü cəmali,

Qılmışdı müqəyyəd əhli-hali.

Kim olsa bu üç kəmala qabil,

Demək olur ona zati-kamil.

 

Bu yazını başlayanda tamam başqa mövzunu hədəfə almışdım. Bu üç "kəmalı" (kəlamı) intuitiv sezmək və qələmə almaq iradəm dışında oldu. Olsun ki, bu güvənc göstəriləndə üç geokulturoloji bölgənin heç birindən olmadığım və bu üzdən məsələyə obyektiv yanaşacağım göz önünə alındı. Mən də göstərilən güvənc qarşılığında bacardığım qədər obyektiv olmağa çalışdım. Məqsədimə nə qədər çatdım? Bunu yalnız Allah bilir. Çünki hər şeyin doğrusunu bilən Odur!

1999-2021

Bakı

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0