Tanrıqulu Əliyev: Tanqo - Ölüm Oyunu
Yazıçı Ədəbiyyat Portalı Nəriman Əbdülrəhmanlının yazısını təqdim edir.
Adı, atasının adı, soyadı: Tanrıqulu Əli oğlu Əliyev.
Ömür möhləti: 1938-1997.
Bu qısa sadalama, sizə heç nə deməyəcək, çünki onu hamı sadəcə “Tanqo” kimi tanıyırdı, yaddaşlarda da beləcə qaldı...
Həm də özü, deyəsən, taleyilə çoxdan barışmışdı...
Üstəlik, iki addan ibarət “taleyinə düzəliş” eləməyə çalışmış, Tanrıqulu və Tanqodan Tanar düzəltmişdi, bu adla çağrılmağı xoşlayırdı, amma yenə bəxti gətirmədi, yaddaşlarda Tanqo kimi əbədiləşdi...
Böyük sənətçi, İsveç rejissoru İnqmar Berqmanın “Yeddinci möhür” filmində heyrətamiz bir epizod – Ölüm Oyunu – var. Nədənsə hər dəfə Tanqonu görəndə yadıma o filmin personajları düşürdü: canındakı Ölüm Qorxusunu qovmaq üçün oynayan zavallı adamlar, əslində, özlərini ölümə daha da yaxınlaşdırırlar...
Tanqo ömrünün, ən azı, qırx ilini ÖLÜMlə oynamışdı. Bilmirəm belə bir oyunun içində olduğunu bilirdi, ya yox, amma onun yaşamına, gün-güzəranına başqa ad vermək çətiniydi...
I. Ömürlüyünü gizlədən Adam
“...Tanrıqulunun ömürlüyü – bioqrafiyası – ilə bağlı çox adam çox şeyi bilmirdi, çünki ömrünün çox hissəsini tənhalıqda keçirən, gecəsinin-gündüzünün yarısını Tanrıyla təkbətək qalan adamın qəlbindən nələr keçdiyini təkcə göydə Allah, bir də yer o insanın özü bilər. Buna görədi ki, Tanqonun bioqrafiyasını ilbəil, hətta günbəgün yazsan da, lap rəsmiyyət naminə olsa, heç nə ifadə eləməz. Tanar daha çox görünməyən, sevgi kimi hamıdan gizli saxladığı, bir özünə, bir də Tanrıya bəlli olan tərəfləriylə maraqlıydı və onun əsl kimliyi də burasındaydı...” (Əhməd Oğuz).
Tanrıqulunu ötən əsrin 80-ci illərinin ortalarından, Qarayazıda yaşadığı vaxtlardan tanımışam. Söz, sənət, fikir adamlarından söz düşəndə həmişə adını hörmətlə çəkirdilər, amma qəzet-jurnallarda yazılarına heç rast gəlmədiyimə görə təəccüblənir, yaradıcılığının nədən ibarət olduğunu unamağa çalışırdım. Bu barədə soruşanda da dost-tanışlardan yarızarafat-yarıciddi cavab alırdım: “Nə yaradıcılıq? Tanqonun özü elə başdan-ayayağacan yaradıcılıqdı da!”
Qarayazı səfərlərimin birində çayxanadaca tanış olduq. Tanqo ikicə saat ərzində dörd nəfərlə əməlli-başlı atışdı, heç birini də cavabsız qoymadı. O ikicə saatda da hər şey - şəxsiyyəti, düşüncə tərzi, əqidəsi, inadkarlığı, başqalarına münasibəti, dünyayla haqq-hesabı - üzə çıxdı. Olub-keçənlərdə yalnız bioqrafiyasından xəbər verən bircə detala belə rast gəlmədim – Tanqo o müddət ərzində özündən bir kəlmə belə danışmadı...
Sonralar Tanqoyla Tiflisdə və Bakıda görüşdük. Onu daha yaxşı tanımaq məqsədilə verdiyim suallara da düz-əməlli cavab ala bilmədim: “Neynirsən axı, yaşayırıq da!” O görüşlərimizdə söhbətinin başı da, ayağı da, türk, Azərbaycan, alman tarixi, fəlsəfəsi, mədəniyyətiydi, bu mövzularda saatlarla, həm də heyrətamiz sevgi və inamla danışırdı...
Tanqonun görkəmi də, həyat tərzi də, düşüncəsi də dərvişanəydi - dünyanın maddi yox, mənəvi tərəfinə könül vermişdi...
Tanqo könül adamıydı..
II. Əyilməzliyi ona baha başa gəlmişdi...
“...Tanqoyla orta məktəbdə - Qarayazı Azərbaycan orta məktəbində - bir yerdə oxumuşuq. Sinif otaqlarıma, partaların arasına sığışmırdı: voeybol, futbol, şahmat oynayırdı, çox oxuyurdu, kitablarla yatıb-dururdu...” (İsa İsmayılzadə).
Kasıb, arxasız, kimsəsiz olasan, amma içində bu qədər məğrurluq gəzdirəsən – bu da Tanqonun təbiətinə xas olan sirlərdən biridi...
O, həyatın axarına qarşı gedən, mümkünsüzü mümkün eləməyə can atan, taleyin ədalətsizliyinə qarşı qiyam qaldıran tək-tük, adamlardanıydı, ayağını yorğanına görə uzatmağı, hamı kimi yaşamağı bacarmırdı...
Orta məktəbdə oxuyanda Bakıya getməyi, universitetin o vaxt dəbdə olan jurnalistika fakültəsinə daxil olmağı qərara almışdı – inadkarlığı, qabiliyyəti, bacarığı sayəsində istəyinə çatmışdı; tələbə vaxtı hamıdan öndə olmağa söz vermişdi – işgüzarlığı, coşğun xasiyyəti, qadağalardan çəkinməzliyiylə məqsədinə çatmışdı...
Tələbələrə divan tutan estetika müəllimiylə açıq döyüşə girmiş, ona layiqli saydığı cavab qaytarmış, məsələ böyüyüb rektorluq səviyyəsinə çatandasa universitetdən çıxmağı üzr istəməkdən üstün tutmuşdu...
“Gənclik” nəşriyyatında redaktor işləyəndə ədalət naminə direktorla üz-üzə gəlmiş, axıracan döyüşmüş, haqsızlığa boyun əyməyib işdən getməli olmuşdu...
Rəhbərliyin yersiz göstərişlərini yerinə yetirməmək üçün “İdman” qəzetindən uzaqlaşmaq qərarına gəlmişdi...
Radioda işləyəndə, Qarayazıda yaşayanda da beləcə ömür sürmüşdü: məğrur, öz yaşamına, taleyinə qarşı iddiasız və etinasız...
Tanqonu birdən-birə qəbul eləmək, ona tezcə isinişmək çətiniydi: sərt görkəmi, ilk baxışda qapalılığı, adamayovuşmazlığı araya gözəgörünməz sədd çəkirdi. Amma bu təəssüratın aldadıcı olduğunu o tər-təmiz qəlbi, kindən-küdurətdən, xəbislikdən uzaq təbiətiylə asanca isbata varırdı...
III. Hərəkatın başçısı və ideoloqu
“O vaxt – 60-cı illərin ortalarında – Tanqo tələbələr arasında savadı, məlumatlılığı, açıqfikirliliyiylə seçilirdi. Elə universitetin humanitar fakültələrində oxuyan tələbələri millətçilik fəaliyyətinə, gizli dərnəklərə cəlb eləyənlərdən biri də Tanqoydu. O, öz missiyasına görə, hərəkatın başçısı və ideoloquydu...” (Azər Abdulla).
Bu da Tanqonun sirridi: oyanış hərəkatı leqallaşandan sonra olub-keçənlər barədə fəxrlə danışanlara rəğmən o, tələbə vaxtı hərəkata qoşulduğunu heç vaxt dilinə gətirməzdi. Sonralar yaxın dost-tanışlarından öyrənmişdim ki, Tanqo 60-cı illər oyanış hərəkatının ən fəal fiqurlarından biri olub, sovet quruluşunun topdağıtmaz vaxtlarında millətçilik hərəkatının ön sıralarında çarpışıb. Hətta gizli dərnək də təşkil eləyiblər, o dərnəyin üzvləri arasında Azər Abdulla, Tofiq Abdin, Mövlud Süleymanlı, daha neçələri varmış, Tanqo da başladıqları o hərəkatın ideoloqu imiş. Dərnəyin yığıncaqlarını “Şəfəq” yay kinoteatrının yaxınlığında, Tofiq Abdinin kirayə qaldığı evdə keçirirlərmiş. Üçüncü yığıncaqda partiyanın “qulağı və gözü” olan DTK hərəkatçıların bir-neçəsini aşkara çıxarıb sorğu-suala çəkib. Görünür, məsələnin o qədər də ciddi olmadığını, millətçilərin gəncliyini nəzərə alıb çox da dərinə getməyiblər.
Amma hərəkat yoldaşları “əməllərindən dərs çıxarıb” uzaqlaşsalar, ailə, ev-eşik qursalar, karyera dalınca düşsələr də, Tanqo məramından, təbliğatından, mübarizəsindən əl çəkməmişdi: türk xalqlarının tarixini öyrənir, Azərbaycan tarixinin qaranlıq məqamlarını araşdırır, məclislərdə və çayxanalarda quruluşun əleyhinə təbliğat aparırdı. Ehtiyatlı olmağı məsləhət görən adamlara da saymazyana cavab verirdi: “Tutsunlar da, bir canımdan başqa nəyim var ki?!”
Həmin illərdə də yolu tale və məram ortağı Elman Mustafaoğluyla kəsişmiş, gizli təbliğatlarını 70-ci illərdə də davam etdirmişdilər...
Sonra “ideoloji cəhətdən etibarsız”, işsiz, yersiz-yurdsuz, taleyin və zəmanənin dalana sıxışdırdığı Tanqo 80-ci illərdə Qarayazıya dönmək məcburiyyətində qalmışdı...
IV.Qarayazıda keçirdiyi ömür
“...Tanqo yaşam tərzindən Qarayazıda da əl çəkməmişdi: qəzetə, məktəbə işə düzəlməyə çalışmış, amma bunlarla məşğul olmağa beş-üç gündən artıq hövsələsi çatmamışdı. Yenə çayxanalara gedir, şahmat oynayır, bədii və fəlsəfi ədəbiyyat oxuyurdu. Çox çalışmışdıq ki, əlini başına yığaq, ailə-iş yiyəsi eləyək, amma daxili müvazinətini düzəldə bilməmişdi...” (Arif Mustafazadə).
Qarayazıda Tanqonun nə qədər sıxıntılı ömür sürdüyünü də dostları danışıb: böyük arzulardan, müqəddəs məqsədlər uğrunda apardığı mübarizədən sonra əyalət şəhərciyinə sığınmaq, üstəlik də hamı kimi gündəlik qayğılarla məşğul olmağa özündə güc tapmamaq gözgörəti onun axırına çıxırdı. Günlərini ancaq mütaliəylə yola verirdi. Ağlına hardan gəlmişdisə, oturub özbaşına, dərslik-lüğətlə alman dilini öyrənmişdi, alman klassik fəlsəfəsini – Hegelin, Kantın, Nitsşenin, Şpenqlerin əsərlərini – orijinalda oxuyurdu...
Yaşamla qanının arasına girən bir də şahmat idi, elə gün omazdı ki, şahmat taxtası arxasında oturmasın. Hətta maaşsız-filansız şahmat məktəbi də təşkil eləmişdi, yetirmələrindən ağızdolusu söz açırdı...
Yenə, əlbəttə ki, çayxanalara gedirdi. Onda Qarayazıda yetərincə maraqlı mühit yaranmışdı: söz adamları Arif Mustafazadə, Məmməd Həsənli, Eyvaz Əlləzoğlu, Tapdıq Yolçu, Əbdüləli İbrahimov, Mərdan Dilənçiyev..., rəssamlar Vidadi Aslanov, Teymur Kəlbiyev... ədəbiyyatdan, sənətdən, mədəniyyətdən söz açmaq üçün kafelərdə, çayxanalarda yığışırdılar...
Tanqo həmişə o məclıslərdəki söhbətlərin mərkəzində olurdu: mübahisə eləməyi, inadkarlığı dillər əzbəriydi...
Hərdən Bakıya da gəlirdi...
V. Son və həmişəlik dönüş
“...Şəraitsizlik üzündən nələr çəkdiyi gözlərimin qabağındadı. Dostlar əllərindən gələni eləyirdilər, 50-55 yaşlarındakı Tanarsa heç nə onmamış kimi, heç kəsdən, heç nədən şikayətlənmədən, kirayənişin tələbə kimi ömür sürürdü: şahmat oynayırdı, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz və mənəviyyatımız, idman mövzularında mübahisələrə girişir, bildiyinə inanır, inandığından da dönmürdü...” (Əhməd Oğuz).
...Son gəlişi 1993-cü ilin yayında oldu. Bəxtindən bu dönüşü Bakının, həm də ölkənin qazan kimi qaynayan vaxtına düşmüşdü...
Onda bir neçə gün Eyvaz Ələzoğlunun qonağı oldu, bir neçə həftə də mənim sığındığım otaqda qaldı...
O günlərdə yaşamağı bacarmamağından nə qədər əzab, hamı kimi ola bilməməyindən necə zülüm çəkdiyini görürdüm. Gündüzlər şəhəri divanə kimi dolaşır, sanki kimdənsə imdad gözləyir, axşamlar qayıdanda ağrılarını dilə gətirirdi: uzun illərin ölçüsüz-biçisiz yaşam tərzi axırına çıxmış, əlacsızlıq da bir tərəfdən amanını kəsmişdi...
Belə bir vaxtda Tanqonun dadına dostu, onda Azərbaycan radiosunu rəhbəri olan yazıçı Mövlud Süleymanlı çatdı, böyük çətinliklə işə düzəltdi, yaşamaq üçün yer tapdı. Üstəlik də İsa İsmayılzadənin, Məmməd Orucun, İntiqam Mehdiyevin, Saday Budaqlının, Akif Səmədin, Əhməd Oğuzun... isti və doğma münasibəti Tanqonu xeyli dirçəltmişdi: tariximizlə bağlı verilişlər hazırlayır, yenə şahmat oynayır, çayxanalara gedirdi...
55 yaşlı Tanqo həyatında dəyişiklik eləməyə çalışır, amma... bacarmırdı...
VI. İlk sevginin xaraba yurd yeri
“...Bir mən bilirdim ki, onun qəlbində gülü-çiçəyi qoparılmış bir yer var. İllərlə hamıdan gizli saxladığı, ömrünün sonunacan da sadiq qaldığı ilk sevgisinin yurd yeri. Tanar quzey qarı kimi çoxuna eləcə göründü, tanınmadı, ömrü sərin bir rüzgar təki dostlarının astarından, tanışlarının üzündək keçdi...” (Əhməd Oğuz).
Tanqonun qəlbindəki o xaraba yurd yerindən mənim də xəbərim vardı: məhrəm söhbətlərimizin birində ağzından qaçırmışdı. Heyrətlənirəm, ilkin bir duyğunun ardınca 30 il yol gedəsən, o gedər-gəlməz yolunun ağrı-acılarını dinməzcə, şikayətsiz-filansız çəkəsən – bu, ağlagəlməz, hörmətəlayiq dözümdü...
O məqamda Mövlud Süleymanlının qayğısı, dostlarının isti münasibəti, yaradıcılığıyla yanaşı, Tanqoya vacib bir dayaq – Qadın Mehri də lazımıydı. Amma bu tərəfdən yolunu özü bağlamışdı, qadınlarla ünsiyyət qura, olan-qalanı saxlaya bilmirdi. Dostları bu barədə söz salırdılar, dilə tuturdular, namizəd tapırdılar, amma “59 yaşlı Tanqonun gözəllik eşqi... ömrünün son gününəcən 20-25 yaşında qaldı...” (İsa İsmayılzadə).
Tanqo həyatın gerçəklikləriylə barışmağa özündə güc tapmır, vaxtın arxasınca nə qədər yüyürüb-yortsa da, çata bilmirdi...
Epiloq
“...Son görüşümüzdə “Ölüb gedəcəyəm”, - dedi. “Niyə elə deyirsən?” – soruşdum. “Peyğəmbərimiz yaşındayam, ondan artıq yaşatıb neyləyəsiyəm?” – cavab verdi. Tanar bəlkə də heç vaxt şeir yazmamışdı. Amma ömrü, həyatı şeirə çox yaxın olan insanıydı. Bəlkə, buna görədi ki, o, məndən ötrü həmişə yazmaq istədiyim, amma yaza bilmədiyim şeir kimidi. Bir də Tanarı mənə ən çox xatırladan Barış Mançonun mahnılarıdı..” Əhməd Oğuz
Unudulmaz İsa İsmayılzadənin qəfil ölümündən az sonra sanki bu dünyada son dayağını itirən Tanqo – Tanrıqulu Əliyev də Haqqa qovuşdu...
1997-ci ilin yayında ustad şairimiz Abbas Abdullayla İsa İsmayılzadənin ilinə gedəndə Qarayazı qəbirstanlığında Tanqonun məzarını da ziyarət elədik...
Həmin məqamda da gözlərim qarşısında Berqmanın filmindəki həmin epizod – Ölüm Oyunu – canlandı...
2001-2026, aprel
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0