Tənhalıq rəqsi - Ayagül Mantay

Okt 31, 2026 - 14:31
 0  7
Tənhalıq rəqsi - Ayagül Mantay

Yazici.az ədəbiyyat portalının "Qazax ədəbiyyatı" rubrikasının növbəti qonağı 

Ayagül Mantay (Ayaqul Mantay, 1982 -2021, 29 iyul) – nasir

Türküstan vilayəti Maxtaaral rayonunun Baykonıs kəndində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetini bitirib (2015). 2015-2020-ci illərdə Moskvada yaşayıb və işləyib. 2021-ci ildə sosial şəbəkələrdə ünvanına söylənən iddialara dözmədən intihar edib. İstedadlı nasirin faciəsi ölkədə böyük əks-səda doğurub.

A.Mantay ədəbiyyata ötən əsrin 90-cı illərində gəlib. İlk hekayələri dövri mətbuatda işıq üzü görüb, maraqla qarşılanıb. 2009-cu ildə “Yağışlı yaz” adlı ilk hekayələr toplusu nəşr olunub, oxucular tərəfindən böyük maraqla qarşılanıb. Sonralar “Qəlbə qayıdış” adlı daha bir hekayələr toplusu işıq üzü görüb.

A.Mantay ədəbi uğurlarına görə 2010-cu ildə ədəbiyyat sahəsində Prezident təqaüdünə, eyni zamanda “Serper Youth Prize” ədəbi mükafatına layiq görülüb.

TƏNHALIQ RƏQSİ

(hekayə)

 

-Evdə tənhalıq qoxusu duyulur?

-Mən şəxsən çiçəklərin, bir də fransız ətrinin qoxusunu duyuram.

-Axırıncı dəfə bir cigitdən nə vaxt şişək aldığımı unutmuşam, - o, bu sözləri deyib telini sığallaya-sığallaya gülümsündü.

-Bəlkə çigitlərin hissləri gözəlliyə qurban verilib?

-Hiss eləyirdim ki, onlar yalnız öz gözəllikləriylə fəxr eləyirlər. Görünür, cigitləri mənim soyuqqanlılığım qorxudub.

-Yağış altında ayaqyalın qaçaq?

-Yağış o qədər də isti deyil axı... Soyuqlayarsınız, - o, təbəssümlə dilləndi.

-Başa düşürsünüz, yazın girməsini hiss eləmədən yazı ötürdüm.

-Yorulmusunuz? Gəlin rəqs eləyək, - qız təklif irəli sürdü.

-Musiqisiz necə rəqs eləyəcəyik? – Mən çaşdım. – Bəyəm, qəlbimizdə tənhalığın necə nəğmə oxuduğunu eşitmirsən? – Aktrisa dilləndi, əllərimdən yapışıb sürətlə fırlandı.

Bir dəfə sakit gecədə, qaranlığın ağuşunda “Tənhalıq rəqsi”ni oynayan adamın siluetini görsəniz, bilin ki, o - mənəm. Gecə sanki kiməsə ağı deyən qız ağlartısı eşitsəniz, o da mənəm.

Sonra dediyi sözləri eşitmədim, başım gicəlləndi, gözlərim qaraldı.  Az sonra o, “Tənhalıq rəqsi”ni oynamaqdan yorulub pəncərəyə yaxınlaşdı, gözlərini bayırdakı yağışlı çölə dikdi.

-Keçmişdən yadımda heç nə qalmayıb. Çarpışdığımı, hətta bircə damcı göz yaşına belə dəyməyən həyatdan ayrılmaq istəmədiyimi gülə xatırlayıram. Həyatla haqq-hesabımı üzmək məqamında ölümlə üz-üzə gələndə çəkdiyim əzab yadımdadı. Hətta onda nəyə görə ölmək qərarına gəldiyimi nə bilir, nə də xatırlayıram...

-Nəyə görə intihar eləmək qərarına gəldiyinizi bilirsiniz, sadəcə olaraq, bunu hətta özünüzə belə etiraf eləmək sizin üçün ağırdı.

-Mənzildən-mənzilə köçəndə bir qarının daxmasında yaşayırdım. Zəhlətökən qarının ölümünü çox arzulayırdım. Bəzən yatdığı yerdəcə də yastığı ağzına basıb öldürmək istəyirdim. Hətta qarıyla çay içəndə belə, onu öldürməklə bağlı fikir beynimdən çıxmırdı. Biçarə qarı az sonra öz əcəliylə öldü. Həmin gündə mən ağlayırdım, qarıya yox, üzümə ağı deyirdim. Tezliklə Amerikadan bacısı nəvəsi və afro-amerikalı kürəkəni gəldi, mənzili satdılar. Nəvəsi hətta qarının məzarı üstünə belə getmədi. Siz isə zir-zibilin içində utopiya axtarır, xəyallar aləmində yaşayırsınız.  Gerçək həyatda arzularınız çin çıxmayacaq, qəlbiniz əzablar içində çırpınacaq! – O, kədərlə gülümsündü. Səninkimilər, əslində, sadə olan həyatı həddən artıq mürəkkəbləşdirirlər. Qüssə-kədərdən qurtulmaq istəyirsinizsə, ölüm haqda düşünün. Öz əcəlinizlə öləcəyiniz, yoxsa sizi pisniyyət bir adamın öldürəcəyi barədə düşünün, necə öləcəyiniz haqqında düşünün...

Bayırda dümağ, lopa-lopa qar yağanda yuxuya gedəcək, oyanmayacağam. Cismim yatacaq, ruhum isə dümağ tüklər içində üzə-üzə əbədiyyətlə söhbət eləyəcək.

Bu məqamda mənə soyuq, həm də şəfqətli nəzər salıb dilləndi:

-Siz insan əlilə öləcəksiniz.

Aramıza sükut çökdü. Heç birimiz sükutu pozmaq istəmirdik. İlk görüşümüzdə onun qaraçı qıza oxşadığı barədə düşündüyümü xatırladım. Gözləri daim oynayır. Göz yaşlarını silir, dərhal da saxta tərzdə gülür. Özünə nifrəti hiss eləyib üzünüzə gülümsəyir, beş dəqiqə ərzində adamları bir-birinin üstünə salmağa, onları bir-birinə amansız nifrət bəsləməyə, bir-biriylə qəddar düşmən eləməyə qadirdi. Bəlkə də onları bir-birinin dostuna çevirəcək... Qəlbinə şeytan girmiş bu qızı heç vaxt sevə bilmərəm, heç nifrət bəsləmək iqtidarında da deyiləm. Amma ən dəhşətlisi budu ki, bütün varlığım onun əsiridi. O, məni kölgə kimi izləyir, daha doğrusu, mən onun kölgəsini xatırladıram. Əvvəllər məni görüşə dəvət eləyirdi, amma müxtəlif bəhanələrlə bundan boyun qaçırırdım. Görünür, ondan asılı vəziyyətə düşməkdən qorxurdum.

-Sizin növbəti qurbanınızam? – Riyakarlıq eləmədən soruşdum; səsimin qırılıb pıçıltıya keçməsi məni hiddətləndirdi – sanki ondan qorxurdum.

-Siz? Yox, siz hətta qurban üçün də yaramırsınız. Səfeh milyonçu qızı olsaydınız, sizə də, atanıza da eyni zamanda bu dünyadakı cənnəti və cəhənnəmi göstərərdim. Mən heç vaxt mənzilhaqqı verməmişəm. Siz isə, yəqin ki, mənzilhaqqını ödəmək iqtidarında deyilsiniz, öz acizlıyinizdən əzab çəkə-çəkə ağlayırsınız! – O, kinayəylə gülümsəyə-gülümsəyə siqaret yandırdı. – Sizin əsəblərinizlə dava-dava oynamaq çox maraqlıdı! Hətta əsəblərinizi görük kimi görüb-açmaqdan nə qədər zövq aldığımı sözlə belə ifadə eləyə bilmərəm.

O, ehtirasla siqaretə qullab vurur, tüstüsünü üzmə üfləyirdi. Hiddətləndim.

-Yaman hiyləgərsiniz, - daha münasib söz tapmayıb dilləndim.

O, çiyinlərini çəkib cavab verdi:

-Bunu mənə çoxları deyib. Siqaret çəkmək istəmirsiniz?

Çəkmək istəməsəm də, təklif olunan siqareti aldım. Qüllab vurmadan tüstünü havaya buraxırdım.  Amma təsadüfən tüstü boğazıma getdi, öskürdüm, başım gicəlləndi.

-Hətta siqareti tutmağı belə bacarmırsınız. Mürəkkəbliyə can ata-ata sadəliyi unutmuşunuz. - O, hiyləgərcəsinə gülümsəyir, şəfqətlə məni süzürdü. - Həyatda kimin rolunu oynayacağını bilməyə adam səhnədə heç vaxt inandırıcı obraz yarada bilməz. Ona görə də... Ona görə də mən mənən şikəstəm. Sevgilimi öz arzularımda öldürmüşəm, mərhəmətlə üzünə baxıram. Bir dəfə qıçını dizdən kəsib onu miskin şikəstə çevirdim, yazığım gəldi, ağladım... Başa düşürsünüz, o, hətta aciz vəziyyətdə belə mənim üçün doğmaydı. Sizin tərtəmiz dünyanızı çirkaba batırmamışam ki? – Kinayə və kədər dolu səslə soruşdu. Susursunuz? Gözlərinizdə qorxu var, - nifrətlə üzümə baxa-baxa dilləndi.

-Səmimiyyətinizlə xoşuma gəldiniz, - cavab verdim.

-Səmimiyyət? Səmimiyyətə bir bax! Mənim bütün varlığım saxtadı.

Gözləri yaşla dolanda daha gözəl olurdu.

On altı yaşım olanda ilk dəfə atama ölüm arzuladım. Mənə elə gəlirdi ki, atam ölsə, ailəmiz xoşbəxt həyat sürəcək. İyirmi yaşında xoşbəxt gələcəyə bəslədiyim ümidimi öldürən anama nifrət bəslədim. Səbəbini soruşmursunuz? – O, göz yaşını silə-silə soruşdu.

-Müəmmalı təbiətləri olan adamlar daha çox xoşuma gəlir. Sirri olmayan kəslərdən tez bezirəm, - cavab verdim.

-Gündəlik yazmıram. Çünki gündəliklərimin səhifələri göz yaşlarından sapsarı olardı... Ona görə yazmıram... Gündəliyimin hər bir səhifəsi belə başlayardı: “Bu gün sərxoş atam anamı əməlli-başlı təpiklədi. Sonra sevinc və sevgi şəraitində axşam yeməyi yedik”. Amma bu cür səhifələr yalnız fantaziyamdan ibarət olardı.  Hər gün evimizdə “ənənəvi tamaşa” qoyulurdu. Gündəliyim olsaydı, səhifələrində qəlbimdə gizli qalan əzabların və ümidlərin çarpışması əks olunardı. Mənim uşaq arzularım durna dəstəsini xatırladır: o durnalar ənginliyə can atır, amma arzuladıqları məskəni tapmadan indiyəcən sərgərdan dolaşırlar, - o, köks ötürdü.

-Bir qayda olaraq, ilk əzabları uşaqlara valideynləri verirlər, - dilləndim.

-Deməzsiniz saat neçədi?

Saat bağlamadığıma görə, sumkamda mobil telefonumu axtarmalı oldum.

-Elə bilirəm, siz də mənim kimi zamanla yola getmir, keçmişin həsrətini çəkirsiniz. İndiki zamanla üz-üzə gəlsəniz, onu qorxudarsınız, - o, pıçıldadı.

Otaq qaranlıq idi. Paltomu geyinib çətirimi götürdüm, onunla vidalaşmağa başladım.

-Hara tələsirsən?

-Avtobusa gecikirəm.

-Zamanla ayaqlasanız da, yenə ondan geri qalmışınız. Kafeyə gedək, qəlbimizin kədərini qovaq.

Hətta razılığımı belə gözləmədən geyinməyə başladı. Təklifindən boyun qaçıra bilmədim. Bu gün bir qədər maaş almışdım. Borcları qaytarmışdım, sabah isə kirayəhaqqını ödəməliydim.

Mən də bu aktrisa kimi gündəlik yazmırdım. Yazsaydım, oxuyan adam həyatımın əsas mövzusunun “Pul çatmır...” olduğunu öyrənərdi.

-Alın yazısı deyilən bir şey varsa, onda hər birimiz öz rolumuzu əvvəlcədən əzbərləməli və yadımızda saxlamalıydıq. Varlı ərköyünlərin həyatı repi xatırladır, - o, güldü.

Kafeyə girib pəncərənin qabağında oturduq. Aktrisa sualedici nəzərlərini mənə dikib soruşdu:

-Şərab içəcəksiniz?

-Qırmızı şərab içmək olar.

O, qırmızı şərabla kifayətlənməyib konyak sifariş verdi.

-Görünür, kinorejissor fahişəyə oxşadığımı sezib mənə filmində “gecə quşu” rolu təklif elədi. Fahişəyə oxşayıram? – O, ilk dəfə görürmüş kimi, kiçik əl güzgüsündə özünü diqqətlə süzürdü.

-Məşhur Hollivud aktrisası Culiya Roberts “Gözəlçə” filmində fahişə rolunu oynayıb...

-Biz günahların və səhvlərin övladıyıq. Hər birimizin mahiyyəti - çılpaqlıqdı. Mahiyyətimizi “geyindirməyə” can atmağımız gülüş doğurur.       

O, güləndə gözlərinin altındakı qırışlar daha sıx və dərin olurdu.

-Sən demə, öz mahiyyətinizə ağ paltar geyindirmək xoşunuza gəlirmiş, - qorxunc təbəssümün sahibi dilləndi.

Qəlbimi kədər bürüdü, söhbətimizi daha davam etdirmək istəmədim.

-Rəqs eləyək? – O, təklifini bildirdi.

-İstəmirəm.

-Mən özümü yalnız kütlənin arasında xoşbəxt sayıram, - o, sevinclə dilləndi.

O, ingiliscə səslənən yüngül, oynaq musiqi altında rəqs eləyən kütləyə qarışdı. Qısa, qırmızı rəngli don geyinmiş aktrisa qeyb oldu.

Yağış pəncərə şüşələrinə çırpılırdı. Sərt qəlbimə rəhmim gəlir, ağlamaq istəyirdim. Mənə elə gəlirdi ki, tənhalıqdan əzab çəkən tənha ruhunu yalnız yağış yaxşı dərk eləyir.

-Məni çox gözlədin?

Aktrisa saxta təbəssümlə bir qırxıqbaş oğlanı masamız arxasında oturtdu, özü isə yanına çökdü. Qıyıqgöz oğlan qaradinməz, amma əməlli-başlı acgöz idi. Ö bir göz qırpımında kababı ötürdü, artıq sanki ətraf aləmi unudub salatla balıq yeyirdi. Aktrisa qırxıqbaşdan soruşdu:

-Deyirsiniz, bizneslə məşğul olursunuz?

-Hə.

-Sirr deyilsə, nə biznesidi?

-Meyvə-tərəvəz alıb-satıram.

Aktrisa intizarla susdu. Biznesmen bütün boşqabları boşaltdı, pomidor salatı yeməyə başladı. Aktrisa yenə üzünü qırxıqbaşa tutdu:

-Yenə yemək və salat sifariş eləyək?

-Necə istəyirsiniz, - oğlan əlini aktrisanın qarşısındakı içalatlı salata uzadıb dilləndi.

-Getmək vaxtınız deyil? - Aktisa qırxıqbaşın gözlərinin işinə dik-dik baxdı.

-Sizi evinizə ötürəcəyəm, - qırxıqbaş heç xəcalət çəkmədən cavab verdi.

-Sağ olun! Sizsiz də evimi taparam.

Qırxıqbaş qaşqabaqlı halda qalxdı, pis-pis gülümsəyib onunla vidalaşdı. Oğlanı baxışlarıyla yola salan aktrisa dişlərini qıcırdatdı?

-Vicdansız! Yalandan deyir, biznesmenəm. Cibində bir qəpiyi də yoxdu. Meyvə-tərəvəz satana bir bax!

-Siz mahiyyətinizə qara paltar geyindirəndə yalnız özünüz əziyyət çəkirsiniz.

-Teatra qayıdıb “Qarapaltarlı qadınlar” tamaşasında rol oynamaq istəyirəm, - o, dilləndi.

-Qarapaltarlı qadın ərini dəfn eləyib dul qalıbsa, mən sevdiyim adamı öz fantaziyalarımda gömüb indi öz abrım və şərəfimlə çarpışıram.

-?..

-Sizi bezdirdim? Bağışlayın, öz həyatımın sizin həyatınız olmadığını unutmuşam. Biz bir-birimizin həyatına etinasız münasibət bəslədiyimizə görə bədbəxtik, - o, hiddətlə dilləndi.

-Əksinə, başqalarının həyatına qarışanda səhv eləyirik.

Hər bir insanın gələcəyi keçmişdə formalaşır. Həyat sevinclə kədərin üzvi şəkildə çulğaşmasıdı.

-Maraqlıdı, bu kafedə yaşıl çayla bal tapılar? – Mən soruşdum.

-Mən xidmətçi deyiləm, - o, saxta tərzdə gülümsədi. – Kinorejissorla görüşməli olduğumu unutmuşam... Bağışla. Getməliyəm.

Tələm-tələsik yığışıb kafedən çıxdı. Ofisiantla haqq-hesabı üzüb cibimdə qalan pulu saydım, məlum oldu ki, cəmi səksən beş təngə qalıb. Taksiyə verməyə pulum qalmamışdı... Evə piyada getməli oldum.

Qəlbimdə boşluq, ağrı vardı. Amma məni kədərləndirən payız rütubəti deyildi...

Tərcümə: Nəriman Əbdülrəhmanlı

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru