Qönçə sevdamıza yar olammadıq - Hikmət Fərzəlinin şeirləri

Okt 31, 2026 - 13:48
Okt 31, 2026 - 14:18
 0  3
Qönçə sevdamıza yar olammadıq - Hikmət Fərzəlinin şeirləri

Yazici.az ədəbiyyat portalı Hikmət Fərzəlinin şeirlərini təqdim edir.

***
Ürəyin bir ocaq alışdırmadı,
Əllərin əlimi ovuşdurmadı.
Aparıb mənzilə qovuşdurmadı,
Uzanan yolları neynirəm axı.

Qaçdımı ağzının o şirin dadı,
Duymadın könlümdən qopan fəryadı.
Bir dəfə boynuma heç dolanmadı,
Boş qalan qolları neynirəm axı.

Var olduq-bir yerdə var olammadıq,
Ağac budağında bar olammadıq.
Qönçə sevdamıza yar olammadıq,
Quruyan kolları neynirəm axı.

Ötdü yanımızdan Eşq adlı qatar,
Kim nəyi itirər, kim nəyi tapar.
Mənmiydim, sənmiydin, kimdi günahkar,
Sorğu-sualları neynirəm axı.

***
Elə əvvəlkidi, elə dünənki,
Üzümə, gözümə baxır çəpəki.
Bilmirəm, nəyimi bəyənmədi ki,
Mənim bu dünyayla sövdam tutmadı.

Qoymadım ümidim ölsün, diriltdim,
Yovşantək çöllərdə bağbansız bittim.
Harda səhv elədim, harda nə etdim,
Mənim bu dünyayla sövdam tutmadı.

Bu bir yuxudursa, yoxdu yozumu,
Mataha mindirdi çürük qozunu.
Çoxu onun oldu, verdi azını,
Mənim bu dünyayla sövdam tutmadı.

Kimə tumar çəkir, telin darayır ,
Yüzün qurban verib, birin arayır.
Əlində qalanı mənə sırıyır,
Mənim bu dünyayla sövdam tutmadı.

Sən çox uzaqdasan, sən nə biləsən,
Hardan eşidəsən, hardan görəsən?
İlahi, demişdin "bu dünya-bu sən "
Mənim bu dünyayla sövdam tutmadı.

***
Keçdi yanımızdan neçə fəsillər,
Bir vaxt bal tökərdi ağızda dillər.
Dağların döşündən nazlı gözəllər,
Çox nazlı çiçəklər dərdi, gözəldi.

Çatardı əllərin bir vaxt hər yana,
Arzular piyada, dünya dördnala.
Ötdü ömrün yazı, düşdün xəzana,
Saralmış bir yarpaq dərdi, gözəldi.

Sən məni qısqanma gözümdə nəmə,
Sən məni qısqanma könlümdə qəmə.
Məndən sonra başqa bir söz söyləmə,
Deyərsən, "Hikmətin dərdi gözəldi '"

***
Səni taleyimə yazan yazıbdır,
Səni bu bəxtimdən kim siləcək, kim?
Sən mənim ömrümün şirin azarı,
Çarə qılmaz mənə o Loğman həkim.

Əlim qələm tutdu, dilim söz dedi,
Sən ağlım kəsəndən yol yoldaşımsan.
Səninlə dolaşdım iki cahanı,
Sən mənim son duam, son sirdaşımsan.

Mən səni başımın tacı elədim,
Mən sənə can verdim tək bir ömürdən.
Sən ey müqəddəs Söz, tut əllərimdən,
Yapış qollarımdan, keçirt körpüdən.

***
Yerdə qarışqalar, göydə durnalar,
Dərələr, təpələr, yalçın qayalar.
Ruhumda, içimdə fırtınalar var,
Hər kəs anladı da, sən anlamadın.

Sevda yolçusuyam, eşq həvəslisi,
Düşür ağ vərəqə şeirin şöləsi.
Başımın üstündə Tanrı kölgəsi,
Hər kəs anladı da, sən anlamadın.

Gahdan aşkar sevdim, gahdan gizlicə,
Nə gündüzüm gündüz, nə gecəm gecə.
Könlüm sarı simdi-incədən incə,
Hər kəs anladı da, sən anlamadın.

Kölgələr qısalmış, günlər gödəlmiş,
Daha gülbaxçanın gülü dərilmiş.
Eh,məni anlamaq sənlik deyilmiş,
Hər kəs anladı da, sən anlamadın.

***
Çörəyimdə duzumsanmı,
Yuxulara yozumsanmı.
Oğlumsanmı, qızımsanmı,
Səndən niyə küsüm, Dünya?

Xəlbir də sən, ələk də sən,
Kəfən də sən, bələk də sən.
Sən milyon ildir beləsən,
Səndən niyə küsüm, Dünya.

Sən başqasan, mən başqayam,
Şeytansanmı ki, daşlayam.
Mən özümlə savaşdayam,
Səndən niyə küsüm, Dünya.

Sənsən ya da, başqasıdı,
Küskünlük könül yasıdı.
Ölüm-itim dünyasıdı,
Səndən niyə küsüm, Dünya.

***
Vaxt nədir-mən hardan bilim,
Mən vaxtı çoxdan unutdum.
Bir ömrü bu vaxt içində,
Sinəmə sıxıb ovutdum.

Ovutdum ki, ağlamasın,
Sildim, göz yaşını sildim.
Nə yaxşı ki, yerimdəyəm,
Nə alçaldım, nə yüksəldim.

Bu soyuq, bumbuz adamlar,
Vaxtın içində əridi,
Mən mamır bağlamış daşam,
Məni kimsələr görmədi.

Sən taxtda, mən həsir üsttə,
Çıxdı, cızdağımız çıxdı.
Bu kimin vaxtıdır görən,
Bax, göydən bir ulduz axdı...

***
Soruşursan "nə var, nə yox ",
Bilirsən ki, sürgündəyəm.
Azarım çox, nisgilim çox,
Qıfıldayam, düyündəyəm.

Fələk bir verir beş alır,
Başımda tufan qoparır.
Məni karvanlar aparır,
Yedəkdəyəm, yüyəndəyəm.

Mən Tanrının qınağıyam,
Mən  nisgilin son adıyam.
Mən məmləkət adamıyam,
Elə məmləkət gündəyəm.

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru