Ürəyim uçunur bir sözə doğru - Şakir Xanhüseynin şeirləri
Yazıçı Ədəbiyyat Portalı Şakir Xanhüseynin yeni şeirlərini təqdim edir.
YER DƏYİŞİR
Yaxşı durub öz yerində,
yaman elə yer dəyişir
Kimi ağlayaraq, kimi
gülə-gülə yer dəyişir..
Yer dəyişir bir yersiz də,
can çürüdür yolda, izdə...
Çox ümid qovrulur közdə;
kədər, qüssə yer dəyişir..
Təpə qalxır, dağ kiçilir,
qara böyüyür, ağ kiçilir...
Yerindədi oynayan, sirr,
amma səhnə yer dəyişir...
Sübh açılır qaranlıqla,
əl boş əliaçıqlıqla...
Bax, bu günah o günahla -
ah nə, vah nə - yer dəyişir...
Çərx, başına heç döndü ki,
ürəyin tox döyündü ki...
Bu gün eynən dünəndi ki;
təzə, köhnə yer dəyişir...
DÜYÜN
öyrən, öyrən düyün vurmağı,
yolunu, haqqını tanı;
gecəni düyünləyib
onu səhər açır Tanrı.
bəzən elə açılır,
bərələ qalır
gözünə yuxu düyünləyə bilmirsən.
axı, nədir gördüyün;
kor düyündü, kor düyün.
ayağına düyün vur,
açanda yolun da açıla...
dodaqların düyünlənməsə,
çətin dilin də açıla...
düyünlənən bəxtimiz
ümidlərə, arzulara
bir açıla da,
eh, biz...
ey sən;
qaranı elə düyünlə ki,
ağ aça biləsən...
BİR ƏLİMDƏN TUTUB...
Əlimə dəysəydi bir dəfə əlim,
özüm öz əlimi öpsəydim bir yol...
Üzümü çevirib taleyə sarı
məni gördüyüyçün deyərdim sağ ol...
Bir əlimdən tutub o biri əlim
Məni bəzən çəkər tələyə sarı...
Əlimə dəysəydi əlin bir dəfə,
üzümü görsəydin gəlib bir dəfə.
Dönüb haqq yoluna bütün yollardan
açardın özünə bir ağ səhifə...
Bir əl də uzanmır darlıq çəkənə,
Qaldıra bilmirəm başımı dardan...
Bir ipin ucunu tapammır əlim,
ürəyim uçunur bir sözə doğru.
Yoluna et davam mən
bitən yerdən,
bütün doğruçular yalan yoğurur.
Od-alov bürüyüb hər künc-bucağı
Şaxta donduracaq dünyanı birdən...
NƏ QƏDƏR UZAQDA
Qərar tutub yanımızda sanasan;
eh, bir yaxşı, gör, nə qədər uzaqda.
Gecə-gündüz dövrəmizdə dolanır
dərd nə qədər, sər nə qədər uzaqda...
Ocaqların bax külünə, közünə,
qaranlıqda aşkar nədi, gizlin nə...
Ayağını basırsan ha üstünə,
vay, deyirsən, yer nə qədər uzaqda...
Sıx, qurulan, canından od-alovu,
yorğun düşdün dincəlincə bir hovur...
Bilsən, min-min gözlünü bir kor qovur,
sağında dur, sol nə qədər uzaqda...
DİVAR
Divarım ucadı çatmır əllərin,
bəlkə istəyirsən özünü asmaq?
Mən ki ömrüm boyu çalışmamışam
kiminsə önündə divar olum, bax.
Göz qoy divarıma, daşdan ha deyil,
eh, qumun, palçığın məndə nə işi.
Zərif duyğuların iziycə gedən,
dəmirin, qadağın məndə nə işi.
Divarım vardırsa, uçur, acıma,
külüngün işləsin, belin işləsin.
Əl-qol işlədənin gücü nə gəzir,
deyirəm bir az da beynin işləsin.
Adla üzərindən, keç divarımın,
sanma baş verənlər haqq divanıdı.
Sona yetməyibsə ömrüm hələ ki,
ağrı-acıların, bil, davamıdı...
BİR ANIN ŞEİRİ
əlini bir uzatsana,
qələm, yerdəyəm, yerdə.
nədir canımdakı bu dərd,
ələm, yerdəyəm, yerdə...
nöqtə, vergüllər dağınıq,
elə fikirlərim də;
güclü küləklər əsirmiş
sanki fikirlərimdə...
var idimmi? yox olmuşam,
ey səssiz ağlayan şam...
yanıb yelə sovrulmuşam-
külüm, yerdəyəm, yerdə...
ağ dediyim qaradısa,
bax, zaman uğursuzdu;
qədəhi tərs tutdum, yenə
bəxt ona acı süzdü...
nə qədər tox gəzdimsə də,
ha dözdüm bezdimsə də.
məni qaldır ayaq üstə,
yolum, yerdəyəm, yerdə...
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0