Xəyal Rza poeziyasında rənglərin sözü, sözlərin rəngi - Lütviyyə Əsgərzadə

İyl 3, 2026 - 20:55
İyl 3, 2026 - 20:57
 0  12
Xəyal Rza poeziyasında rənglərin sözü, sözlərin rəngi - Lütviyyə Əsgərzadə

Lütviyyə Əsgərzadə

Filologiya elmləri doktoru

Koloristika və rəng simvolizmi … Koloristika və rəng simvolizmi bir-biri ilə sıx bağlı olsa da, eyni anlayışlar deyil. Koloristika rəng haqqında elmdir, rəng simvolizmi isə həmin elmin rənglərə yüklədiyi mənaları və duyğuları ifadə edir. Bu sözlərin aralarındakı əlaqəni başqa bir bənzətmə ilə izah etsək,  koloristika rənglərin "qrammatikası və fizikası", rəng simvolizmi isə onların "ədəbiyyatı və fəlsəfəsidir".

Ədəbiyyatşünaslıqda rəng simvolikası şair və yazıçıların bədii təfəkkürünü, fərdi üslubunu və psixoloji vəziyyətini öyrənmək üçün ən mühüm meyarlardan biri hesab olunur.

Müasir dövr Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Xəyal Rzanın yaradıcılığı sözün və vizual sənətin kəsişmə nöqtəsində dayanan bədii bir fenomendir. Əlbəttə, ədəbi tənqiddə "ovqat şairi" kimi xarakterizə olunan və yaradıcılığı səmimiyyəti, sadəliyi və dərinliyi ilə seçilən Xəyal Rzanın poeziyasını təhlil etmək mövzunu daha fərqli və müasir bir müstəviyə daşıyacaq. İlk baxışda şairin rənglərə münasibəti Rəsul Rza ənənəsinin müasir davamı kimi görünsə də, şairin özünəməxsus yanaşması var.

Onun lirikası bu baxımdan zəngin tədqiqat materialı vəd edir. Şairin yaradıcılığında rəng bildərən sözlər assosiativ təfəkkürün məhsulu olaraq çıxış edir və bədii mətnin fəlsəfi yükünü artırır. Xəyal Rzanın şeirlərində ağ, qara, qırmızı, mavi kimi fundamental rənglər ənənəvi mənalarından sıyrılaraq, müəllifin fərdi sənət fəlsəfəsinin daşıyıcısına çevrilir. Onun misralarını oxuyarkən şairin təkcə səs və ritm deyil, həm də vizual bir rəng palitrası yaratdığının şahidi oluruq. Müəllif daxili dünyasını sətirlərə köçürərkən rənglərin rəmzi dilindən bədii bir instinktlə istifadə edir:

Həsrət – qara rəngdədir,
Kədər – boz rəngdə…
Ümid – mavi rəng,
Nə qəribə ahəng?!

Bu misralar Xəyal Rza poeziyasının koloristik xəritəsini və psixoloji dərinliyini unikal şəkildə nümayiş etdirir. Şair dünyanı fiziki gözlə deyil, ruhun gözü ilə rəngləndirir. Onun fəlsəfəsində rənglər vizual sferadan çıxaraq duyğuların vizit kartına çevrilir: sevginin rəngi sayılan “qırmızı” həsrətin “qara”sına bürünür, müəyyənsizlik və tənhalıq “boz” kədərdə maddiləşir, mənəvi qurtuluş isə “mavi” ümidlə göylərə ucalır. Bu baxımdan, şairin yaradıcılığında rənglərin fəlsəfəsini araşdırmaq, onun ruhunun gizli qatlarına və bədii təxəyyülünün rəng assosiasiyalarına səyahət etmək deməkdir. Biz də “Qəribə ahəng”in poetik sirlərini və rənglərin fəlsəfi-semantik funksiyalarını təhlil etməyə çalışacağıq.

 

Sarı - qəriblikdir...

 Ağ - xoşbəxtlik...

Yaşıl - inamdır,

Qalx bir süfrə aç,

Şam yandır.

Sevginin rəngi - QIRMIZI,

darıxma,

Döyər qapımızı...

RƏNGLƏR

 

Xəyal Rzanın "Rənglər" şeirindən təqdim etdiyimiz bu hissə məqaləmiz üçün bütöv bir fəlsəfi sistemi tamamlayır. İlk dördlükdəki dramatik və tünd çalarlardan (qara, boz) sonra, bu misralarda şair fəlsəfi bir sakitliyə, həyata, inama və işığa doğru yönəlir. Şeirin bu hissəsi əsl estetik və mənəvi qurtuluş (katarsis) mərhələsidir. Şair "Rənglər" şeirində hər bir rəngi insan taleyinin bir mərhələsi və ya ruhun bir statusu kimi kodlaşdırır. Sevgini qırmızı rənglə eyniləşdirən müəllif, “qapısını rənglərin döyməsini” arzulayır. Burada rənglərin qapını döyməsi, gözlənilmədən insanın həyatına yeni duyğuların, həyəcanların və sevginin daxil olacağı deməkdir. "Darıxma" xəbərdarlığından sonra gələn bu ifadə, hazırkı tənhalığın və darıxma hissinin müvəqqəti olduğunu bildirir. Oxucuya tezliklə həyatının yenidən rənglənəcəyini (canlanacağını) vəd edir: "Döyər qapımızı rənglər". Bu ifadə dərin rəmzi (metaforik) məna daşıyır. Rəngləri canlı bir varlıq kimi təsəvvür edən şair rənglərə məna yükləyir. “darıxma, döyər qapımızı rənglər”. Və qapının döyülməsinə, həyatın boz və darıxdırıcı anlarının bitəcəyini, yerini fərqli emosiyalara (rənglərə) verəcəyinə "həyatına sevgi, sevinc və yeni hisslər gələcəyinə" ümidlidir.

Hər rəng onun üçün bir arzudur, istəkdir.  Onun rəng fəlsəfəsini üç istiqamətdə: keçid və tənhalıq rəngləri (boz və sarı), mənəvi dayaq və rəngləri (mavi və yaşıl), ritual, işıq və qurtuluş: (ağ və qırmızı) təhlil etmək olar.

Xəyal Rzanın fəlsəfəsində kədər dinamik deyil, statikdir, monoton bir "bozluq" kimi insanı əhatə edir. Xəyalda kədərin bozluğunu, yəni boz rəng nə tam qaranlıqdır, nə də tam işıq. Bu, insanın ruhən müəyyənsizlikdə, arafta qalma halıdır.

Klassik poeziyada əsasən, ayrılıq və xəstəlik rəngi (saralmış yarpaq, sarı bəniz) kimi götürülən sarı rəngə  Xəyal Rza unikal bir fəlsəfi don geyindirir: "Sarı - qəriblikdir...". Şair bu rəngdə vətəndən, sevgidən və ya özündən uzaq düşmüş insanın metafizik tənhalığını - qəribliyini vizuallaşdırır. Düşünürəm, hər payız saralıb-solan yarpaqların intiharı da bu monotonluqdan xilas olmaq və hər gələn yazda dirilmə, təzələnmə, təbiətə gözəl rənglər bəxş etmək, həyatı rəngləndirmək üçünmüş.  Yamyaşıl yarpaqlar saralıb solar, yeni-yeni rəng çalarlarına bürünər, amma Göy üzü hər zaman mavi, torpaq qəhvəyi, Günəş şüaları qırmızı, Ay işığı gümüşü olaraq qalır.

Buradakı mavi ümidin, göy üzünün və üfüqlərin rəngidir, insanın daxilindəki boz kədərdən sıyrılıb yuxarıya, sonsuzluğa boylanma cəhdidir. Yaşıl isə inamdır. Şairin "Yaşıl - inamdır", - misrası daxili harmoniyaya qayıdışını göstərir. Yaşıl – təbiətin oyanışı, həyatın davam etməsidir. Şair üçün inanmaq – yenidən cücərmək və kök atmaq deməkdir.

"Qalx bir süfrə aç, Şam yandır", - misrasında isə şair ağ rəngi xoşbəxtliklə eyniləşdirir, dərhal ardınca süfrə açmaq və şam yandırmaq ritualını gətirir. Ağ süfrə – təmizlik və ruzi, yanan şam isə qaranlığı qovan işıq və ümiddir. Bu sətirlər şeirdəki mənəvi qaranlıqdan, qara və bozdan işığa (ağa) keçidi təmin edən qrafik bir aktdır.

İlk sətirlərdə həsrətin içində qaralan qırmızı rəng, şeirin sonunda öz əsl təbiətinə – sevgiyə qayıdır: "Sevginin rəngi - QIRMIZI, darıxma, Döyər qapımızı..." Şair həm oxucuya, həm də özünə təsəlli verir: sevgi gec-tez gələcək və o gələndə həyatın bütün boz və qara çalarları yox olacaq. Əslində sevgi rəngsiz bir işıq kimidir; hansı prizmadan, hansı taleyin içindən keçirsə, o rəngə boyanır. Kimisi üçün qırmızı bir atəş, kimisi üçün mavi bir rahatlıq, sakitlikdir. Sevgi bir insanın həyatına sakitlik (mavi) gətirəndə də dəyərlidir, həyəcan (qırmızı) gətirəndə də. Çünki sevgi tək rəngli deyil, duyğuların bütün spektrini özündə birləşdirən bir palitradır.

Sevginin hərəkətverici qüvvəsi həyəcandır. Qırmızı olmasa, sevgi durğunluğa çevrilərdi. Xəyal Rzanın dediyi "qırmızı" o ruh yüksəkliyini, qapını döyən o təlaşı və yaşamaq eşqini təmsil edir. Mavilik, sakitlik isə sevginin sığınacaq tərəfidir. İnsan fırtınalı bir həyəcanın ardından başını qoyub dincələcəyi bir "mavi hüzur" axtarır. Bu, güvən, anlamaq və səssizcə bir-birinin varlığını hiss etməkdir. Məhz bu iki rəng bir-birini tamamlayanda əsl harmoniya yaranır. Eynilə dənizin, mavinin üfüqdə batan günəşlə, qırmızı ilə qovuşması kimi. Biri ruhu coşdurur, digəri isə onu sakitləşdirib bütövləşdirir. insanlar bu iki rəngin, həyəcanla sakitliyin, balansını qoruyanda   “Qırmızı xoşbəxtlik” donuna bürünür.

Göründüyü kimi, şairin poeziyasında rənglər sadəcə təbiət lövhələrini bəzəyən elementlər deyil; onlar sevginin, həsrətin, sevincin, kədərin, tənhalığın və ümidin fəlsəfi kodlarıdır. Xəyal Rza dünyanı və insan hisslərini sözün işığında rəngləndirərək, qapıları da rənglərlə (“Evsiz qapı”) əlaqələndirir, oxucunu vizual və poetik bir fəlsəfə ilə baş-başa buraxır: 

Salam, yaşıl qapı
Salam, ağ qapı
Köhnə dəmirlərdən
Cağbacağ qapı
Hələ qırmızısı
Sarısı da var
Yarını gözləyən yarısı da var
Sökülmüş uçulmuş köhnə evlərdə
Xəstə, əldən düşmüş qarısı da var…

Qapı portaldır. Poeziyada qapı sadəcə bir evin girişi deyil, bəxt, tale, ümid və keçid rəmzidir. Şair fərqli rəngli (yaşıl, ağ) qapılara salam verməklə, əslində həmin qapıların arxasında yaşayan fərqli insan talelərini salamlayır. Qapıların rəngi o qapıların arxasında yaşayan insanların talelərindən xəbər verir. Bu qapılar vaxtilə içində ümid, inam və hüzur olan evləri təmsil edir. Buradakı, "Köhnə dəmirlərdən cağbacağ qapı" isə keçmişin möhkəmliyini, eyni zamanda zamanın aşınmasına məruz qalan insan ömrünü simvolizə edir.

Salam həyət qapı

Salam yol qapı

Salam, qabaq qapı

Salam, dal qapı

Nəzərdən, fitnədən

Uzaq ol deyə

Boynundan sallanan

Qara nal qapı

Salam, otuz doqquz

Salam, qırx qapı

Salam, söyülməkdən

Üzü tökülmüş

Hər gün min təpiyə

Qonaq edilən

Səbirli, təmkinli, Ay qırıq qapı.

 

Xəyal Rzanın bu misraları artıq onun poeziyasındakı rəng fəlsəfəsini tamamilə fərqli bir sosioloji və metafizik müstəviyə daşıyır. Şair əvvəlki misralarda rəngləri (ağ, yaşıl, qırmızı, sarı) birbaşa adları ilə çəkirdisə, burada rənglər qapıların funksiyası, gördüyü iş və məruz qaldığı talelər vasitəsilə bədii şəkildə kodlaşdırılır. Şair insanın həyat yollarını və daxili-xarici dünyasını dörd fərqli qapı istiqaməti ilə vizuallaşdırır. Buradakı "həyət və yol qapısı" insanın fərdi dünyası (həyət) ilə səsli-küylü cəmiyyət (yol) arasındakı sərhəddir. "Qabaq və Dal qapısı" isə insan ömrünün görünən tərəfi (vitrini) ilə görünməyən, gizli saxlanılan, bəzən isə qaçış yolu olan gizli tərəflərinin (dal qapı) metaforasıdır. Bir oxucu olaraq şairin "Qara nal qapı"  ifadəsində – mistika və inancın rəngini izləyirik. O, "Nəzərdən, fitnədən uzaq ol deyə..." Azərbaycan xalq təfəkkürünə, milli mifologiyaya və inanclara müraciət edir. Buradakı "Boynundan sallanan qara nal qapı" şairin yaradıcılığındakı "Milli-etnoqrafik rəng fəlsəfəsi"dir. Nal uğur rəmzi olsa da, onun "qara" olması və nəzərdən qorumaq funksiyası daşıması şeirə mistik bir rəng qatır. Burada "qara" rəng şər qüvvələri (nəzəri, fitnəni) dəf etmək üçün istifadə olunan qoruyucu bir rəng, apotropeik (gözdəymədən qoruyan) bir simvoldur. Bu, sakral rəqəmlər və sərhədlər sayılan "Otuz doqquz, qırx qapı" isə inanclarımızdan gəlmədir. Nağıllarımızda və inanclarımızda "qırx" rəqəmi sakral, müqəddəs və tamamlayıcı bir rəqəmdir (qırx gün, qırx otaq). Otuz doqquzuncu qapıdan sonra gələn qırxıncı qapı insanın dözümünün, axtarışının son həddidir. Şair bu rəqəmlərlə insanın ömür boyu döydüyü fərqli tale qapılarını simvolizə edir. "Ay qırıq qapı" ifadəsində oxucu səbrin və məzlumluğun "Boz", hətta bomboz rəngini izləyir, sanki. Şeirin ən dramatik və ekspressiv hissəsi isə bu misralardır: "Söyülməkdən üzü tökülmüş..." şair qapını şəxsləndirir. Burada qapı artıq canlı bir varlıq, bütün zərbələrə dözən cəfakeş insan kimidir.

"Hər gün min təpiyə qonaq edilən, / Səbirli, təmkinli, ay qırıq qapı". Bu misralarda rəngin adı çəkilməsə də, vizual olaraq gözümüzün önündə "aşınmış, rəngi solmuş, bozarmış" bir qapı canlanır. Şair insani keyfiyyətləri (səbir, təmkin) qırıq bir qapıya köçürür (personifikasiya-canlandırma). Bu qapı, cəmiyyətin bütün ağrılarını, təhqirlərini və zərbələrini səssizcə qəbul edən məzlum, fədakar insan obrazının rəngsizləşmiş, bozarmış simasıdır.

Salam, evli qapı
Salam, dul qapı
Salam, ağa qapı
Salam, qul qapı
Atılsan kimsənin vecinə olmaz..
Satılsan yox yerdən dolar pulqabı

Salam, yaxşı qapı
Salam, pis qapı
Salam, paslı qapı
Salam, his qapı
Salam, qızıl qapı,
Salam, mis qapı
Salam, qara qapı
Avara qapı
Salam, köçkün qapı…
Tər-təmiz qapı.
Salam, evsiz qapı
Ən əziz qapı

Şairin yaradıcılığındakı bu misralar  rəng fəlsəfəsi ilə personifikasiya (canlandırma) sənətinin pik nöqtəsidir. Şair artıq qapıları sadəcə insanlaşdırmır, o, qapıların timsalında bütöv bir cəmiyyətin sosial təbəqələşməsini və insan talelərinin anatomiyasını yaradır. İnsanın cəmiyyətdəki ailəvi və sosial statuslarını birbaşa qapıların üzərinə köçürür. Buradakı “Evli qapı” – daxilində ailə bütövlüyü, səs-küy və həyat olan evdir. “Dul qapı” isə tənha, səssiz, bəlkə də qapısı az döyülən, əvvəlki təhlilimizdəki "sarının qəribliyi" və "boz kədər"lə yüklənmiş bir taleyin vizualıdır.

"Ağa qapı" və "Qul qapı" isə Sosial bərabərsizliyin, zənginlik və yoxsulluğun poetik ifadəsidir. Ağa qapı – keçilməz, dəbdəbəli və əlçatmazdır; qul qapı isə itaətkar, hər kəsin aça biləcəyi, bəlkə də əvvəlki misradakı kimi "min təpiyə qonaq edilən" məzlum qapıdır. "Atılsan kimsənin vecinə olmaz, Satılsan yox yerdən dolar pulqabı", - misralarında  şair qapının timsalında müasir dünyanın ən böyük ağrısını, insanın maddiyyata çevrilməsini təsvir edir. Köhnəlib atılanda heç bir mənəvi dəyəri qalmayan, lakin qədim və ya metal əşya kimi satılanda kiməsə pul qazandıran qapı, əslində əməyi və varlığı istismar olunan insanın acı taleyidir.

Bütövlükdə şair bir neçə misrada vizual rəngləri və materialları qarşı-qarşıya qoyaraq insan xarakterlərinin palitrasını yaradır: "Paslı, his, qara, avara qapı". Bu qapılar həyatın çətinliyindən qaralmış, taleyin dumanında boğulmuş, müəyyən bir sığınacağı olmayan, cəmiyyətin kənarına itələnmiş insanların metaforasıdır. "Avara qapı" ifadəsi personifikasiyanın ən uğurlu tapıntısıdır; heç bir evə aid olmayan, küçələrdə qalan, avara-sərgərdan taleləri ifadə edir. "Qızıl və Mis qapı" isə şaxta parıltı ilə real dəyərin fəlsəfəsini əks etdirir.

Azərbaycanın yaxın tarixinin ən böyük ağrısını – yurdundan, yuvasından didərgin düşmüş qaçqın və köçkünlərin ruh halını  şair "Kökçün qapı" ifadəsi ilə qapının obrazında dondurur. Evini itirmiş köçkün insanın qapısı da "köçkündür".

Şeirin kulminasiyası "Evsiz Qapı" paradoksudur. “Yetim qapı” şeirindəki "Salam, evsiz qapı,/  Ən əziz qapı", -  misraları demək olar ki, bütün şeirin fəlsəfi yekunudur. Bir qapının qapı olması üçün onun mütləq bir evi olmalıdır. Evi olmayan qapı,  funksiyasını və varlığını itirmiş bir obyektdir. Lakin şair üçün o, "ən əziz qapı"dır. Çünki o qapı artıq heç bir divarla hüdudlanmır, o, bütün dünyaya açılır. Divarları sökülsə də, ruhu və xatirəsi yaşayan azad, lakin kimsəsiz insanın rəmzidir.

Xəyal Rzanın “Evsiz qapı” şeirindən təqdim etdiyimiz aşağıdakı misralar isə demək olar ki, şeirin  metafizik, psixoloji və fəlsəfi zirvəsidir. Əgər əvvəlki misralarda sosial statuslar (aciz, çarəsiz qapı) və vizual rənglər ön planda idisə, burada şair qapı metaforasını kosmik (göy üzü) müstəviyə qaldırır, ardınca insan xarakterlərinin və milli kimliyin (vətəndaş qapı) portretini yaradır.


Salam, göy üzünün
Təkbir qapısı
Salam, yer üzünün əsir qapısı…
Yoxsul insanların kəsir qapısı!
Salam, cənnət qapı, cəhənnəm qapı
Ürəyi yaralı, gözü nəm qapı
Hər kəsin bəxtəvər, xoşbəxt sandığı,
Bir az sərxoş qapı, bir az dəm qapı.

Şair artıq qapını real dünyadan çıxarıb ilahi və bəşəri məkanların sərhədinə yerləşdirir. Buradakı "Göy üzünün Təkbir qapısı" Göylərə, Allaha açılan duaların, paklığın və təkliyin Təkbir qapısıdır. Bu qapı, insanın mənəvi sığınacağıdır.

"Yer üzünün əsir qapısı... Yoxsul insanların kəsir qapısı!", - misralarında  isə Göy üzünün azadlığına qarşı yer üzünün əsarəti və yoxsulluğu “əsir və kəsir qapısı”  qoyulur. Maddi çətinliklərlə ("kəsir") boğuşan kasıb insanın qapısı da onun taleyi kimi əsir və yarımçıqdır. "Hər kəsin bəxtəvər sandığı, / Bir az sərxoş, bir az dəm qapı" misraları daxili faciəsini, ürək yarasını ("ürəyi yaralı, gözü nəm") ətrafından gizlədən, hamının xoşbəxt sandığı, lakin reallıqda acılarını sərxoşluqla unutmağa çalışan insanın dramıdır.


Salam, əsəb qapı
Salam, hirs qapı
Salam, höcət qapı
Salam , tərs qapı
Gözləri eynəkli,
əli əsalı

dişləri çürümüş ay şikəst qapı…

Şair qapıların dili ilə insan psixologiyasının ən kəskin, sərt künclərini: "əsəb, hirs, höcət, tərs qapı"ları salamlayır.  Bu qapılar həyata qarşı barışmaz, aqressiv və inadkar insan tipləridir.

"Şikəst Qapı" ifadəsində personifikasiya sənəti artıq özünün ən pik nöqtəsinə, fiziki təsvir səviyyəsinə çatır: "Gözləri eynəkli, əli əsalı, dişləri çürümüş ay şikəst qapı". Şair qapını sadəcə xarakterizə etmir, onun cismani obrazını yaradır. Bu təsvir gözümüzün önündə ömrünün sonuna gəlmiş, sınmış, zamanın fırtınalarından aşınmış qoca bir insanı, bəlkə də şairin yuxarıda bəhs etdiyi sökülən evlərdə qalan "əldən düşmüş qarı"nı canlandırır.


salam, möhkəm qapı
salam, bərk qapı
salam, alim qapı
salam, dərk qapı
kasıbın-kusubun
ümid çırağı
yetim-yesir üçün
Hələ ərk qapı
Salam, bacı qapı
Ay qardaş qapı
Atam, anam qapı
Həmsirdaş qapı
Yumruğa çevrilən,
Dəmirə dönən
Dərdlərin şəriki –
Vətəndaş qapı!


Şeirin sonunda qapı fərdi tənhalıqdan çıxaraq böyük bir ailəyə və milli bütövlüyə çevrilir: "Bacı qapı, qardaş qapı, Atam, anam qapı". Qapı artıq yad deyil, doğmadır, sığınacaqdır, "Yumruğa çevrilən, / Dəmirə dönən, / Dərdlərin şəriki – Vətəndaş qapı”dır. Bu sətirlər şeirə güclü bir epik və vətənpərvərlik ruhu qatır. Çətinlik anında bir yerə yığılan, yumruq kimi birləşən və dəmir intizamına dönən qapı – xalqın, millətin simvoludur. O, sadəcə qorumur, həm də dərdi bölüşür ("dərdlərin şəriki").

Salam, namus dağı,
Vicdan ocağı
Qürurüm, şərəfim, qeyrətim qapı
Salam, gözü yolda, qulağı səsdə
Kimsəsiz, binəva, ay yetim qapı…

"Namus dağı, vicdan ocağı" qapı burada ailə və millət şərəfinin keçilməz sərhədinə, müqəddəs bir "ocaq" anlayışına yüksəlir.

Beləliklə, poeziya sözlərlə çəkilən rəsm, rəsmlər rənglərlə çəkilmiş şeirlər, şair isə duyğularını mürəkkəblə deyil, ruhunun rəngləri ilə kağıza köçürən rəssamdır. Müasir Azərbaycan poeziyasının fərqli səslərindən olan Xəyal Rzanın yaradıcılığına nəzər saldıqda, onun misralarının vizual bir kətan kimi rənglərlə naxışlandığını görmək o qədər də çətin deyil.

Biz də, Xəyal Rza poeziyasinda rənglərin sözü, sözlərin rəngi ilə yaratdığı vizual bir rəng palitrasını izləməyə, poeziyasının kloristik xəritəsi və psixoloji dərinliyini təhlil etməyə çalışdıq. Hər bir başlanğıcın bir sonu olduğu kimi, Xəyal Rzanın poeziyasındakı rənglərin və qapıların dərin fəlsəfəsinə qədər uzanan səyahətimizi burada tamamlayır, şairə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0