Yazıçı Nəriman Əbdülrəhmanlının "Yalqız" romanı nəşr olundu
“Qanun” nəşriyyatı yazıçı Nəriman Əbdülrəhmanlının “Yalqız” romanını nəfis şəkildə oxuculara təqdim edib.
YAZİCİ.AZ xəbər verir ki, Müstəqillik dövrü Azərbaycan nəsrinin ən yaxşı nümunələrindən biri olan, assosiasiyalar üzərində qurulmuş “Yalqız” romanı çoxqatlı məzmuna malik olmaqla yanaşı, özünəməxsus təhkiyəsi, polifonikliyi ilə də seçilir. Müəllif assosiasiyalar vasitəsi ilə qəhrəmanının və bir fərdi olduğu cəmiyyətin ayrı-ayrı problemləri ilə bağlı düşüncələrini (real və irreal) özünəməxsus şəkildə ümumiləşdirməsinə imkan yaradır. Roman uğursuzluqlara düçar olan, cəmiyyət tərəfindən haqqı tapdanan, bəxti gətirməyən, bütün bunlar qarşısında tənhalaşan insanın öz daxilində başqaları, həm də öz-özüylə hesablaşan, həyatla ölüm arasında çarpışan insanın yaşantılarıdır.
Nəşrin rəyçisi filologiya elmləri doktoru, professor Əsgər Rəsulov, redaktoru isə filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlidir.
Professor Əsgər Rəsulov romanı belə xarakterizə edir: “Vaxtilə ustad Nazim Hikmət bir şeirində məşhur türk rəssamı Abidin Dinoya müraciətlə “Mutluluğun rəsmini çəkə bilərsənmi?” soruşmuş, elə oradaca o rəsmi necə görmək istədiyini açıqlamışdı...
Yalqızlığın portretini isə ancaq bu qədər möhtəşəm çəkmək olar! İstedadlı yazıçı, dəyərli publisist, peşəkar mütərcim Nəriman Əbdülrəhmanlı bütün zaman və məkanların ədəbiyyat dünyasında sərgilənə və pərəstişkar oxucu-tamaşaçılarını öz ətrafında toplaya biləcək assosiyasiya çərçivəli “Yalqız”lığın mükəmməl tablosunu yaradıb…”
Kitabı “Qanun” nəşriyyatı və “Əli Və Nino” satış şəbəkəsindən əldə etmək olar.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0