YOL - Əhməd Həmdi Tanpınarın hekayəsi
Yazıçı Ədəbiyyat Portalı Əhməd Həmdi Tanpınarın "Yol" hekayəsini Nəriman Əbdülrəhmanlının tərcüməsində təqdim edir.
Qəfildən ayağa qalxdı, əliylə qatarın pəncərəsindən işarə eləyib dedi:
– Bax gördüyünüz o kiçik yolda, o iki ağac arasındakı təpənin ətəyinə dönən cığırda... Qeyri-adi heç nə yoxdur, elə deyil? Az qala, hər yerdə dəfələrlə rast gəldiyimiz adi bir şeydir... Bununla yanaşı, hara getdiyini, haradan gəldiyini bilmədiyim bir döngədə gözdən itən tozlu parçasından başqa heç bir qismini tanımadığım o yol mənim həyatımın sərgüzəştidir.
On beş ildən bəridir ki, o yolla ayda bir-iki dəfə səfərə çıxıram. O uzun şəridin iki tərəfində, dönə-dönə dəyişən üfüqündə tanımadığım heç bir şey yoxdur. Bu yollara atdığım, yerdə gözümə dəyən iri bir daş parçasından, yalnız yırğalanan başını gördüyüm ağacdan, nə bilim, hətta adi bir işarədən belə, bütün üfüqü canlandıracaq qədər bələdəm bu yola; amma elə illər olub ki, kiçik bir parçasını, yol belə adlandırmaq mümkün olmayan bu tapdanmış qırmızı torpaqlı yerlərə tamamilə yeni bir şey kimi baxmışam. Onu hər dəfə görər-görməz titrəyir, onda səadətin, həsrətin, intizarında olduğun nəsnələrin bütün gözəlliyini və şeiriyyətini duymuşam.
Şübhəsiz, bu duyğularda yolu ilk dəfə gördüyüm günə məxsus olanların da mühüm parçası var. İstanbuldan soyuq və yağışlı bir gündə çıxmışdım, ilk övladım on gün əvvəl ölmüşdü, arvadım xəstəydi, başqa dərd-sərim də vardı. Qısası, kədərlə bağrıbadaş olduğum, onunla döyüşdüyüm günlərdən biriydi.
Bilmirəm, sizdə də belədir, ya yox, səfər mənə həmişə yaxşı təsir eləyir, hər şeyi unutdurur. Yəqin ki, iztirablarımız, dərdlərimiz məkanla, ya da həyatımızın bir parçasıyla sıx bağlıdır. Bir naşirin dediyi kimi, filan yerdə özünü şiddətlə göstərən kədər iki kilometr o tərəfdə, başqa adamların arasında nə qədər səngiyir, dözməli olur. Amma kədərlər də bir-birindən fərqlənir. Mənim kədərim də kədərlərin ən böyüyü – övlad dərdi idi, üstəlik də yağış yağırdı. Ah, sizə o yağışlı günlərin mənə nə qədər təsir etdiyini necə başa salım? Belə günlərdə dəyişirəm, tamam başqa adama dönürəm. “Başqa adam” o qədər də dəqiq ifadə deyil... Bütün keçmişlər qəlbimdə ən pis, ən tutqun, ən amansız cəhətləriylə canlanır, içimin əcinnələriylə təkbətək qalıram. Belə vaxtlarda həyat sanki bütün çeşmələrini qurudur, bircəciyi – əzab və kədərin qaynağı – qalır, mən də onun bulanıq aynasında bütün ömrümün ən xoşagəlməz hadisələrinin acısını çəkə-çəkə özümə tamaşa edirəm.
Bu dəfə də belə oldu; həmişə qədəm basan kimi qəm-kədərimi unutduğum, özümlə baş-başa qaldığım Heydərpaşa vağzalı indi mənə böyük və qaranlıq uçurum kimi göründü. Qatara da eyni ovqatla mindim. İzmitədək elə yaş və rütubətli havada sanki tunelin içində gedirdik. Heç nə fikirləşə bilmədim, gözüm heç kəsi görmədi, eləcə vaqonun damını, pəncərənin şüşələrini döyəcləyən yağışın səsinə qulaq asdım. Diri-diri tabuta uzadıb basdırılan, sonra da qəfil oyanan adamlar torpağın qatı sükutunda öz nəbzlərini ancaq belə dinləyirlər. Oğlumun xatirəsi arabir içimdəki boşluğu dəlir, kədərli siması yağışın dörd tərəfinə çəkdiyi kül rəngli kədər torunun içindən yekə hörümçək kimi gəlirdi. Həmin məqamda qara-qura xəyallardan qurtulmaq üçün əllərimlə üzümü tutur, heysiz halda yerimi dəyişirdim. Sonra təzədən yağışın səsinə dalır, yenə o incə musiqinin altında insana qarabasma kimi görünən tutqun, bomboz xəyallara dalırdım.
İzmitdən sonra uzun müddət yenə bu cür davam elədi, ardınca yağış sanki bir qədər səngidi, göy üzü açıldı; buludların arasından dünyaya başqa rənglər sızdı, iki gün davam eləyən yağmurlu havanın unutdurduğu hərarət axdı. Sonra da qatar sürətini azaltdı. Həmin məqamda yolun üzərində özünü iki gündən bəri ilk dəfə göstərən günəşin kiçik parçası açıldı, elə bil yola açıq rəngli xalı sərildi. Günəş şüaları bərq vura-vura söyüdlərin yaş budaqlarını qucur, yerdə işıq topası kimi görünürdü. Eyni anda da bütün qəlbimi alt-üst eləyən, qəribə əks-səda verən bir uğultu duydum... O məqamda qəlbimdən keçənləri sizə necə başa salım? Bu, aylar uzunu torpağın qaranlığında qeyb olmuş səmanın birdən-birə kiçik parçayla qarşılaşmasına, işığa qovuşmasına bənzəyirdi. Bax həmin vaxtdan bəri bu yol – minlərlə başqa yollar kimi bir neçə yüz metrdən sonra kiçik bir Anadolu kəndinin ucqar guşəsində itib-batacağına heç şübhə olmayan bu balaca və adi yol mənim üçün öz mahiyyətini dəyişdi. Səadətin, ruhi müvazinətin rəmzinə çevrildi, günəşin at oynatdığı iqlimin başlanğıc nöqtəsi oldu; hər şeyi – bütün qərd-sərimi, sevgimi, var-dövlətimi burada qoyub ağlagəlməz bir arzuyla qatardan enmək, o kiçik yolla piyada getmək istədim.
Mənə elə gəldi ki, bu addımı atsam, həyatımda hər şey dəyişəcək, bütün həsrətlərim ötüşəcək, tamamilə başqa insana çevriləcəyəm.
***
O vaxtdan doqquz il keçdi. Ölmüş uşağımın qəm-qüssəsini zaman, bir də sonrakı övladlarım unutdurdu. Kiçik sıxıntılarım yoluna düşdü, ya da onların yerini başqaları tutdu. Hər şey az-çox dəyişdi, amma o yolun qəlbimdəki mənası daim eyni olaraq qaldı. Hər dəfə həmin yolla rastlaşanda, eyni xoşbəxtlik duyğusu məni qarşısıalınmaz bir cazibəylə özünə çəkdi, hər şeyi atıb qatardan enmək, o yolun tənhalığında qeyb olmaq ehtiyacı duydum. Hətta indi belə eyni ehtiyacı hiss edirəm. Təəssüf ki...
Məni nələrdənsə qurtulmaq istəyən, sevdiklərinin xəyanətinə məruz qalmış, həyatı fəlakətlərlə dolu olan biçarələrdən hesab eləməyin. Hamı kimi mən də arabir taleyin həm yaxşı, həm də pis üzüylə rastlaşdım. Amma yaxşı düşünsəm, qismətimdən şikayətlənməyə o qədər də haqqım yoxdur. Nəcib bir qadınla evlənmişəm, əməlli-başlı qazanıram, həyatım öz-özünə açılan yolla düzgün, rahat axır. Bununla belə, həyatımdan elə razı deyiləm. Elə bilirəm ki, başqasının ömrünü yaşayıram. İstəyirsiniz daha səmimi olum? Bu yaşadığım həyat özümün deyil, bir vaxt kimsə gəlib mənə “Qalx görək, növbən çatdı, özün ol!” – qışqırsa, inanıb qaçacağam, sanki belə bir şey mümkündür. Bu hiss məndə çox güclüdür... İstənilən izdihamın içində özümdən başqa hər kəs olmağa razıyam. Ah, kaş şəxsiyyətini paltar kimi dəyişə biləsən, adi adamların arasında qeyb olasan, bir ovuc qumun zərrəsinə çevriləsən, öz halından belə bixəbər qalasan. Nə bilim, kaş maska, nömrə, sənəd blankı, tərəzi, çarx, düymə – hər şey ola biləydim, ancaq...
Faciəm budur ki, arabir özümü tapan adamam. Niyə gülürsünüz? Məni səfeh sayırsınız? Bu gülüşünüzdən məlum olur ki, əzablarım sizə yad gəlir. Özünü tapmaq… Həqiqət çox qorxunc şeydir, amma eyni zamanda gözəl, diqqətəşayan əyləncəyə də çevrilə bilər. Təsəvvürünüzdə bir sərxoş canlandırın; o, əlində qədəh süfrə kənarında qəfildən oyanır, özünü də, ətrafındakıları da görür, maddiyyatla, zamanla özü arasındakı bağlılığa kinayəylə yaşamağa başlayır. Güman eləmirəm ki, həmin bədbəxtə heç düşünüb-daşınmadan sərxoş damğası vurasınız. Əlvida, ey içkinin unutdurucu cənnəti! Şübhəsiz, o oyanış ancaq bir saniyə, bir dəqiqə çəkə bilər, amma o qısa müddət də gözləri uçurumun kənarında qəfil açılmış adama xas çaşqınlıqdan ibarətdir.
Görünür, başıma nə gəldi. Əhvalat hələ uşağımız ölməmişdən qabaq baş vermişdi. Bir qış gecəsi arvad-uşağım yanımdaydı. Mən yazı yazırdım, oğlum yanımda oynayır, arvadım bir qədər o tərəfdə, deyəsən, nəsə toxuyurdu. Kiçik qızım onun dizlərinə söykənmişdi, anasının əl hərəkətinin ahəngini tutmağa çalışırdı. Otağımız isti, rahat idi. Ailə, ev adlandırdığımız qəribə nizamın elə məqamlarından biriydi ki, işıqlı, tərləmiş pəncərəmizi, otaqda arabir tərpənən kölgələrimizi bayırdan görən yolçunun ürəyində kiçik bir qısqanclıq hissi oyana, onda ömrünü boşuna keçirdiyi barədə düşüncələr yarada bilərdi.
Mən də bilmirəm, necə oldu, birdən-birə nə vaxtdan yatan, indicə oyanmış biri kimi yerimdəcə dikəldim, çaşqın halda ətrafıma boylanmağa başadım. Sanki insanlar, əşyalar, bütün ətrafımdakılar başqa aləmdən idi, hər şey mənim üçün yad olmuşdu. Neçə illərdir ki, birgə yaşadığım arvadımı, övladlarımı, evimi, otaqdakı, hər biri zamanında həyatımın dəyərli bir parçası olmuş əşyaları, qısası, əynimdəki pal-paltara kimi heç nəyi tanımırdım. Həmin məqamda özümü güzgüdə görsəydim, yəqin, o da mənə tanış gəlməzdi. Öz həqiqətim, röyalarımın həqiqəti içində itib-batmışdım. Bu nə Bodlerin qoşa otağına, nə də Kuincinin tiryək cənnətində gördüyü röyalardan gerçəkliyə dönüşünə bənzəmirdi. Bu daha bəsit şeylər, uzun qəflətdən qəfil oyanmış ruhun öz-özünə qurduğu, bir növ, şahidi olduğu xəyalat idi. Görəsən, bütün bunların mənim qəlbimlə, səfalət günləri ucbatından için-için qaynayan əsl mənliyimlə nə əlaqəsi ola bilərdi? Qara, uzun saçları keçmiş gözəlliyinin dəyərli yadigarı kimi qalmış solğun sifətli qadın kim idi, görəsən? Tanımırdım, amma o qadının öz arvadım, yanındakı uşaqların da öz övladlarım olduğunu dərk edirdim. Onları bu şəkildə heç cür qəbul edə bilmirdim. Özümə sual verirdim ki, o uzundan uzun on ili sərasər bu gözdəniraq otaqda, bu qəribə, anlamsız əşyaların arasında, indi mənə yad olan üzlərin əhatəsində neçə keçirmişəm? Dözə bilmədim, ağlıma gələn ilk bəhanəylə özümü küçəyə atdım. Bugünkü kimi yadımdadır: soyuq, aydın qış gecəsiydi, küçədə, demək olar, heç kəs görünmürdü, elə hey özümdən – “Niyə, niyə belə oldu, niyə belə olsun axı?” – soruşa-soruşa gedirdim. Bir azdan yoruldum, rastıma çıxmış kiçik bir qəhvəxanaya girdim. Bir dəstə yad adam tüstü, nəfəslərin qoxusu gələn havanın içində gülə-gülə, qışqıra-qışqıra nərd oynayırdılar. Mən də bir guşəyə çəkildim. O vaxta qədər gecələr evdən ancaq kinoya, teatra getmək üçün çıxırdım. Qəhvəxanada vaxt keçirmək vərdişini heç cür anlamırdım. İndi isə bura xor baxmır, ətrafımdakı mənzərədə bir növ qəribə cazibə də hiss edirdim. “Yəqin, buralar bizim Ərafımızdır”, - fikrimdən keçdi, sonra yavaş-yavaş salona göz gəzdirməyə başladım.
Ratlaşdığımız hər insan simasının mənalı bir aləm olduğunu o gecəyədək dərk eləyə bilməmişdim. Yaşam adlandırdığımız mürəkkəb tamaşanın adi aktyorlarını bu qədər bəyənəcəyimi, onların hər birinin halına həyatın öz damğasını bu qədər dərindən vuracağını heç düşünməmişdim. Üzdəki qırışın, gözün altındakı hər hansı bir cizginin, dodağın qıraqlarına qonmuş ifadənin, nə bilim, danışmağa başlamazdan görünən ani tərəddüdün, ötəri işarənin, mənasız və əhəmiyyətsiz baxışın, gülüşün, sallanmış çiynin bir ömrün ən incə, ən mürəkkəb, ən anlaşılmaz cəhətlərindən söz açdığını, nəyəsə eyham, işarə olduğunu heç fikirləşmisiniz?
Düz qarşımda arxası mənə əyləşmiş, nərd oynayan biri vardı. Ortaboylu, sısqa, başının ortası dazlaşmış 30-35 yaşlarında kişiydi; hər gün küçə-bazarda, idarədə, yeməkxanada rast gəldiyimiz adamlardan heç fərqlənmirdi. Başını sanki çiyinlərinin arasına sonradan bərkitmişdilər, belində bir az donqarı vardı, arabir əlini qeyri-iradi alnına aparır, elə bil gözlə görünməyən zəhərli bir cücünü qovurdu. Əlinin bu əsəbi hərəkətiylə eyni zamanda yekə başını arabir arxaya dartır və bu, çox qorxunc görünürdü. Yanındakı adamlarla danışmaq üçün üzünü bir-iki dəfə o yana, bu yana çevirdi.
Onun çox nataraz sifəti vardı. Geniş alnı da, gözlərinin, dodaqlarının qıraqları da qırış-qırış idi. Bununla belə, baxışını bircə dəfə tutduğum iri, işıqlı, bir sözlə cavan gözləri vardı. Rəngdən-rəngə düşə-düşə, qızarıb bizara-bozara, deyinə-deyinə, şansına lənət oxuya-oxuya, həddən artıq çılğın oynayırdı. Qəfildən zərləri yerə qoydu. Ağlına gəlməyən bir şey olubmuş kimi bir anlığa duruxub fikrə getdi, sonra çiyinlərini azca dikəldib ayağa qalxdı, əlinin bayaq gördüyüm hərəkətiylə beynindən heç cür dağılmayan fikirlərini bir də qovdu. Rəqibiylə haqq-hesab eləyib, yenə başı çiyinləri arasına batmış vəziyyətdə, öz içinə qapanmış halda, amma daha sakit görkəmlə qəhvəxanadan çıxıb getdi. Görəsən, oyunun ortasında zərləri niyə atdı? Ayağa qalxanda nə fikirləşdi, nəyə qərar verdi? Niyə bir az əvvəl çiyinləri iradəsiz məhkumlarınkına oxşayırdı, amma indi, qəhvəvanadan çıxanda bütün görkəmində bir etinasızlıq, bir susqunluq, laqeydlik vardı? Heç anlamadım...
Üzbəüz oturmuş nəfər bir qıçını digərinin üstünə aşırmışdı, sol ayağını fasiləsiz yellədir, eyni zamanda da dırnaqlarını aramsız gəmirirdi. Bu nə qəribə məxluqdur? Xırda sifəti o qədər qapalıydı ki, heç nə anlamırdın. Kim bilir, zillət gördüyü neçə illər bu yumruq qədər xırda sifətdən qalın maskasını çəkib-çıxarmışdı. Bir başqası isə danışanda əl-qolunun kəskin, kobud hərəkətləriylə özünü dörd bir yanına səpirdi…
Sizə o gecə gördüklərimin hamısını danışsam, bu gecəni birgə keçirməli olacağıq. Halbuki yolumuzun sonuna yaxınlaşırıq. Bunlar kimdir, necə adamlardır, bura hansı cəhənnəmdən qaçıb gəliblər? Bu ağla, xəyala sığmayan min-bir cür hərəkətlərlə hansı qorxunc düşüncələrdən, hansı qarayaxa fikirlərdən qurtulmaq istəyirdilər?
Bütün bunları fikirləşə-fikirləşə evə qayıtdım. O susqun iztirabı, az qala, təbii sayılan cəhənnəmi görmək mənə azca təskinlik vermiş, həyatımın bir az əvvəl pozulmaq üzrə olan müvazinəti geri qayıtmışdı. Buna baxmayaraq öz müvazinətimi bir də heç vaxt bərpa edə bilmədim. Olan olmuşdu, bundan sonra bu narahatlıq içimdə bir ehtiyaca çevrildi.
Mən həyatım üzərində düşünməyə başlamışdım. Bütün iradəmi, bütün gücümü sərf elədim, amma keçmiş rahatlığımı bir də qaytara bilmədim. Gündəlik həyatla mənim aramı yaşanmamış röyaların əzabı kəsmişdi. Həyat tamaşasını böyük ciddiyyətlə oynamağa hazırlaşdığım məqamda keçmiş illər qabağımı kəsir, mənimlə haqq-hesab çəkirdi. Həmin gündən sonra mən bir anlıq belə tənha deyildim: süfrəmin kənarında, çarpayımda, iş masamın arxasında qonaq vardı dişlərini kin və hiddətdən bir-birinə sıxmış, gözlərində hədər olmuş bir ömrün bezginliyi yığılmış zavallı bir adam. O, peşmanlığını duyduğuna görə, boğuq səsiylə elə hey pıçıldayırdı: “Ömrünü neylədin, neylədin ömrünü?” Mən də bütün içimdə ilan kimi sürünən o mənhus səsin diktəsi altında, görəcəyim işləri, olduğum anı və məkanı unudur, birinci özüm olmaqla, hər şeyə – yaşanmış ömrümə, gələcək illərimə, bütün ətrafıma nifrət bəsləyir, onlardan qaçmaq, yox olub qurtulmaq istəyirdim.
Artıq yuxu belə məni sağaltmırdı. Çünki onda röyaların qarayaxa israrı vardı. Sizə o röyalarımı necə danışım ki, az qala, onun hər səhifəsindən vaxtilə sevdiyim, indi harada olduğunu, hansı tale ilə yaşadığını bilmədiyim sarısaç, iri, mavigözlü gənc bir qız qırmızı xətt kimi keçirdi. Mən bu xəstə beynimin kölgə dünyasında yaratdığı dəyişkən, qorxunc aləmi sizə necə açım?
***
…Bax bu yol, bu kiçik, qəribə yol mənim qarşıma ruhi vəziyyətimin bu halında çıxdı, həm də elə bil tam başqa yaşam fürsətinin, özümü, heç olmasa, bundan sonra gerçəkləşdirə biləcəyimin müjdəçisinə çevrildi.
Bəli, çox yaxşı bilirəm ki, bir gün hər şeyi buraxıb o kiçik yolun ağına düşsəm, onun bitdiyi yerdə bütün səadət və həsrətlərimi, keçmişdə gördüyüm röyalarımı tapacağam, yeni, təmiz, xoşbəxt bir adama çevriləcəyəm.
Bunu dəqiq bilirəm, amma reallaşdıra, həyata keçirə bilməyəcəyimə də əminəm. Hərşənd ki, ömür yaşanmağa dəyən bir şeydir...
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0