Antologiyalar və ya dövrün səlnamələri - Lütviyyə Əsgərzadə yazır

İyn 11, 2026 - 20:35
İyn 11, 2026 - 20:39
 0  7
Antologiyalar və ya dövrün səlnamələri - Lütviyyə Əsgərzadə yazır

Lütviyyə Əsgərzadə

Filologiya elmləri doktoru

Antologiya termininin kökü qədim yunan dilindəki "anthologia" (çiçək yığımı və ya gül dəstəsi) sözündən gəlir. Dünya ədəbiyyatında iik nümunəsi eramızdan əvvəl 11-ci və 7-ci əsrlər arasında Çində tərtib olunmuş "Şi-tszin" (Nəğmələr kitabı) ən qədim poetik antologiya hesab olunur”. Terminin yaranmasına gəlincə, "Antologiya" adını ilk dəfə e.ə. 2-ci əsrdə Gadaralı Meleagros özünün "Çelenk" (Stefanos) adlı seçmə şeirlər toplusu üçün istifadə etmiş, eə həmin əsrdə Diagenianus tərəfindən hazırlanan toplu ilk dəfə rəsmi olaraq "anthologion" adı ilə tanınmışdır”.

Rusiyada müxtəlif dövrləri və mövzuları əhatə edən bir neçə mühüm ədəbiyyat antologiyasını qeyd etmək olar: "Strofı veka" (Əsrin misraları): Yevgeni Yevtuşenko tərəfindən tərtib edilən bu nəşr XX əsr rus poeziyasının ən geniş antologiyası hesab olunur. Burada 875 şairin əsəri heç bir siyasi bölgü (mühacirət, sovet və ya inqilabdan əvvəlki) qoyulmadan bir araya gətirilib. "Biblioteka vsemirnoy literaturı" (Dünya ədəbiyyatı kitabxanası): SSRİ dövründə nəşr olunmuş 200 cildlik bu nəhəng seriyanın bir çox cildləri rus klassik və sovet ədəbiyyatının antologiyası xarakterini daşıyır.

"Antologiya russkoy poezii" (1923): Sovet hakimiyyətinin ilk illərində "Krasnaya Nov" nəşriyyatında çap olunan və inqilabdan sonrakı ədəbi mənzərəni əks etdirən ilk rəsmi toplu, rus şeirinin "Qızıl dövr"ündən (Puşkin və müasirləri) müasir dövrə qədər olan inkişafı izlənən və beynəlxalq səviyyədə tanınan "Penguin Book of Russian Poetry",  XX əsrin əvvəllərindəki akmeizm, simvolizm və futurizm kimi cərəyanları (Blok, Axmatova, Mandelştam və s.) əhatə edən çoxsaylı "Gümüş dövrü", 2000-ci illərin əvvəllərində nəşr olunan və Rusiyanın yeni dövr ədəbiyyatını təbliğ edən  "Müasir Rus nəsri və poeziyası" antologiyaları və s.

Azərbaycan ədəbiyyatında antologiya ənənəsi əsasən təzkirələrməcmuələr şəklində başlamış, müasir mənada ilk ciddi antologiyalar XIX əsrdə tərtib olunub. Mirzə Yusif Qarabağinin "Məcmueyi-divani-Vaqif və digər müasirin" və Hüseyn Əfəndi Qayıbovun 4 cildlik "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə" əsərləri bu sahədə ilk nümunələr, 1939-cu ildə Moskvada çap olunan 3 cildlik "Azərbaycan poeziyası antologiyası" bu sahədə ən genişmiqyaslı işlərdən biri  sayılır.

Antologiyalar Ədəbiyyatın "yaddaş xəzinəsi" və "bələdçisi" rolunu oynayır. Bu baxımdan Antologiyaların əhəmiyyətini bir neçə əsas məqamla izah etmək olar. Bu məqamlardan birincisi ədəbi seçim və meyardır. Antologiyalar minlərlə əsər arasından ən dəyərli, bədii cəhətdən ən güclü nümunələri seçib bir araya gətirir ki, bu da oxucu üçün bir keyfiyyət zəmanətidir. Eyni zamanda, dövrün ədəbi zövqünü və meyarlarını özündə əks etdirir. İkinci məqam yaddaşın qorunmasıdır. Bir çox şair və yazıçı zaman keçdikcə unudula bilər. Antologiyalar bu müəlliflərin ən yaxşı əsərlərini qoruyaraq gələcək nəsillərə ötürür. Üçüncüsü, tarixi və mövzu panoramasıdır. Antologiyalar müəyyən bir dövrün (məsələn, "XX əsr Azərbaycan poeziyası") və ya müəyyən bir mövzunun (məsələn, "Vətən haqqında şeirlər") mənzərəsini yaradır. Oxucu bir kitabla demək olar ki, bütöv bir mərhələnin inkişaf xəttini görə bilir. Dördüncüsü, antologiyalar, Müxtəlif üslubları müqayisə etmək və ədəbi cərəyanları öyrənmək üçün geniş material təqdim edir.

Deməli, antologiyalar həm də   ədəbiyyatşünaslar və tələbələr üçün ən yaxşı istinad mənbəyidir.  Beçincisi, antologiyalar həm də təqdimat missiyası daşıyır. Bu baxımdan, gənc və ya az tanınan istedadlar üçün antologiyaya daxil edilmək böyük bir uğurdur. Onların tanınmış ustadlarla eyni səhifədə yer alması və geniş oxucu kütləsinə çıxışı deməkdir. Bütövlükdə, "Ədəbiyyatda antologiya, adətən birləşdirici mövzu və ya mövzu ilə vahid cildə toplanmış əsərlər seriyasıdır. Ədəbiyyatı pərakəndəlikdən xilas edən, onu nizamlayan və əbədiləşdirən bir "söz kəhkəşanı"dır. Bu əsərlər qısa hekayələr, esselər, şeirlər, sözlər və ya pyeslər ola bilər və onlar adətən redaktor və ya kiçik bir redaksiya heyəti tərəfindən seçilir. Antologiyalar adətən müəlliflər deyil, mövzular ətrafında təşkil olunur." Antologiyalar hər hansı bir dövrün ədəbi mühitini bir araya gətirərək gələcəyə ötürən mühit salnamələridir, deyə bilərik.

“Ədəbi incilər” adlı jurnalın təşkilatçısı və redaktoru  Xalidə xanım Nurayın layihə rəhbəri olduğu "Ədəbi incilər Antologiya-l" kitabı məhz bu meyarlara əsaslanraq  tərtib olunub. “Ədəbi aləmin zənginliyini əks etdirən, məna dərinliyi ilə ədəbi nümunələrin, yaradıcı ideyaların, düşüncələrin, duyğuların inci kimi parladığı, daxili aləmini oxuculara açdığı məkanda, "Ədəbi incilər" jurnalında çap olunan şairlərin yaradıcılığını əks etdirir. 

İki gün öncə (9 iyun 2026) AMEA-nın Elmi kitabxanasının akademik zalında yüksək səviyyədə keçirilən  təqdimat mərasimi "Ədəbi incilər Antologiya-l" kitabının uğurunun xəbərçisi oldu.

Xalidə xanımın həm layihə rəhbəri, bir ədəbi təşkilatçı və redaktor kimi fəaliyyətini ön plana çıxaran Antologiyada konkret bir zaman kəsimində və konkret bir jurnal ətrafında formalaşan ədəbi mühiti sənədləşdirilib. Bu, gələcəyin ədəbiyyatşünasları üçün konkret bir jurnal (“Ədəbi incilər”) ətrafında formalaşan ədəbi mühiti, həmin dövrün poeziya xəritəsini cızmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, jurnalın müəllifləri fərqli üslublarda yazsalar da, Xalidə Nuray bir tərtibçi kimi onları "Ədəbi incilər"in estetik süzgəcindən keçirərək oxucuya təqdim edir. Bu pərakəndə görünən şeirlərin bir "ədəbi inci" silsiləsinə çevrilməsidir. Digər tərəfdən, Xalidə Nurayın öz yaradıcılığında izlədiyimiz "insanlıq xətrinə" fədakarlıqdır. Bu, Antologiyada digər qələm dostlarına yer ayırmaq, onları tanıtmaq şəklində təzahür edir.  Bu “insani fədakarlıq” təqdimatda dinlənilən çıxışlarda öz əksini tapdı. Təqdimatda Xalidə xanımın Azərbaycan Yazıçılar Birliyi adından  Türk xalqları ədəbiyyatları arasında  əlaqələrin inkişafındakı xidmətlərinə görə "DİPLOM"la təltif olunması çəkilən zəhmətə verilən qiymət olaraq tədbir iştirakçılarını sevindirdi. 

Layihə rəhbəri olaraq Xalidə xanımı və Antologiyada əsərləri dərc olunan bütün müəllifləri təbrik edir, tükənməz yaradıcılıq uğurları arzulayıram!!!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0