Edam ağacı soyur gecəni ay işığından - Yeni şeirlər

Mar 25, 2026 - 16:28
 0  18
Edam ağacı soyur gecəni ay işığından - Yeni şeirlər

Yazıçı Ədəbiyyat Portalı Cavid Fərzəlinin yeni şeirlərini təqdim edir.

Vətən Tabutu

Bir şəklin içində...

Həyətdə uşaqların palçıq evində

​Günəş divarımızdan burulub getdi

Qapı arxasından qarışıq səslər gəldi:

–Sənin oğlun satqındır, Yaqut Ana

Küçələr evimizin dilindən

"Vətən anadır" sözünü soydular...

​Çiyinlərimi qapıdan çölə atdım,

Anamın əllərini ovuclarımda götürdüm.

Dəmir tabutun içində atamı,

Dümdüz olmuş barmaqlarından tanıdım.

Dəmir ağacının qırılmış budağı başını aşağı sallayırdı...

Bir ananın əlindən oğlunu alarkən, vətəni alarkən

Bircə Qulam kişinin canı yanırdı:

–Axı, bu, sənin doğmaca balandır, Yaqut ana!

İt sümüyü parçalayan kimi atamın ayaqqabıları qapımızı gəmirirdi.

Qulam kişi sərxoş dolanırdı tabutun başında.

Atamın tabutu...

o qədər ağır idi ki,

Elə bil bütöv vətəni qoymuşdular içinə.

Xiyaban qapısı üzümüzə bağlandı,

​hava bozardı yulğun ağacları kimi, yağış başladı,

Atamı kimsəsiz bir dərədə basdırdım.

Evə qayıtdım...

bir də heç vaxt,

Anama Vətən adını geri qaytara bilmədim.

Şeytan nəğməsi

​Cümə günündə,

Körpə ulduzlar barmaqlarını sayanda,

​Alqırmızı eşqiylə

​Nərgiz çarşabını açıb atır,

​əncir ağacı kimi kövrəlir 

​Elgünü gözləyərkən

​Gölməçələr ay işığına yamaq salır,

qaranlıq quyruğunu sürüyür işığın ayağının altından.

​Bir anın içində

​Nərgiz sevdiyi rənglərlə boyayır Elgünün yolunu,

gecənin rəngini dəyişir payız.

​Məscid günbəzi gəmirir Nərgizin arıq gözlərini,

hündürboylu kölgələr baxışlarını yerə sərir.

​Küçələrin dilində qandaldır qapqara yanmış bir kağız,

Şeytan nəğmələri günah qapısına meyitlərdən divar hörür.

​Ana divarlar öz doğduğu pəncərəni dişinə çəkir,

beyni mürəkkəbə batmış küçələr

taleyini qanla zəncirləyir.

​Körpə çiçəklərin fəryadı küləklərə dönür,

Allahın göydən yerə enmiş qanadları diş çıxarır,

yırtır göyərmiş qorxularının pərdəsini.

​Bozumtul buludlar örtür Nərgizin üzünü,

öpüşünü daşqalaq eyləyir şeytan dodaqları.

​Edam ağacı soyur gecəni ay işığından,

Ay doğulduğu alatoran səhərlərdə

​Elgün gəlib görür ki, Nərgizin göz yaşlarını bir stəkan su ilə kəsir Ayət mələyi.

***

Hər dəfə anam məni kimyaterapiya otağına gətirəndə,

Divarların üzü bomboz mələfə rənginə bürünür,

Dəhliz uzunu tökülən saçlarım toz dənələrini qızıla bələyir.

​Anam payız boyu həmişə deyirdi:

–Sənin saçların çox şabalıdıdır,

Gəl kəsək tellərini, balam...

Gözəllik salonlarına satarıq,

O pulla da səni sağaldarıq.

​Yenə saçların kəpənək gətirər,

Yenə kəhraba havaya dırmaşar,

Yenə güzgülər su kimi üzündən axar...

​Dünən, iyirmi doqquz yaşım oldu.

Tibb bacısı təbrik etdi məni.

Həyətdə küləyin yerdən qaldırdığı

Yarpaqlarda

Gözlərim yüyrük təki yelənirdi,

Gözlərimə bükdüm pəncərəni.

Gün sovurdu saat əqrəblərini,

Saçlarım havanı qaraltdı,

Bircə anam gəlmədi

Payızdan.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0