Elcanın qardaşı - Yeni hekayə

Apr 23, 2026 - 15:12
 0  5
Elcanın qardaşı - Yeni hekayə

Yazıçı Ədəbiyyat Portalı Ayxan Ayvazın “Elcanın qardaşı” yeni hekayəsini təqdim edir.

Qışın son günləri yağan qar ardınca təzə bir xəbər də gətirdi: Elcanın qardaşı ölmüşdü. Bütün ölən adamlar kimi. Əslində, hamı o cür ölmürdü. Elcanın qardaşı bir az qəribə ölmüşdü. İçkili sərxoş dostları ilə əlində pivə butulkaları Bakının küləkli yollarına düşüb oynaya-oynaya, deyə-gülə əyləndikləri vaxt uzaqdan bir maşın vıyıltıyla gəlirdi.

Yox, Elcanın qardaşını maşın da vurmamışdı. O maşın elə vıyıltıyla yanlarından keçmişdi, aralarındakı ayıq dostlarından biri Elcanın qardaşının qolundan tutub onu tələsik yolun qırağına çıxarmışdı. Hərəyə bir siqaret yandırıb taksi sifariş eləmək istəyəndə isə Elcanın qardaşı ürəyini tutub.

Yas yerində o qədər adam yox idi. Palatkanın qabağında iki-üç siqaret çəkən yaşlı adamlar qarşıladı bizi.

– Allah rəhmət eləsin!

– Qəbri nurla dolsun!

Qadınların ağlaşması səsi hərdən-hərdən gəlib kişilərin üç-beş yığılıb siqaret çəkdiyi yerə dəyib qayıdırdı. Yavaş-yavaş yasa gələnlər çoxalırdı. Elcanın özü isə gözə görünmürdü. Soruşduq, dedilər, xəstəxanaya gedib, ölüm kağızını almağa.

– Cavanca oğlan e…

– Ürəyi tutub deyirlər.

– Nə bilim, maşın da dəyib, deyəsən.

– Vurub qaçıb aradan…

– Bu oğlanın adı nəydi, qaqa? – yanımdakı oğlanlardan biri soruşdu. – Bəlkə, sən bilərsən.

– Elcanın qardaşı?

– Hə.

– Kamran.

Hamı onu Elcanın qardaşı kimi tanıdığı üçün əksəriyyəti adını bilmirdi. Yasa gələnlərin ən çox soruşduğu sual da bu idi: “Elcanın qardaşının adı nəydi?” Bu sualdan sonra hamını fikir götürürdü.

Tapa bilməyənə başqa dəstədən soruşurdular. Sualı verən ayrı bir mövzu açıb danışırdı. Baş qarışan vaxt cavab gəlib çıxırdı:

– Kamran.

– Kamran kimdi?

– Elcanın qardaşı da.

– Hə, bildim, – sualı verən bunu deyib çönsə də, bir müddət sonra həmin ad yadından çıxırdı.

Bu minvalla başqaları da Kamran adını unudurdular, hamı mərhumu elə Elcanın qardaşı kimi tanıyırdı.

Elcan tindən görünəndə hamı başını çevirib ona baxdı. Üz-gözündə yorğunluq vardı, gözləri şişmişdi, hələ ki bu yorğun-arğın, bezgin üzə kədəri qondurmağa vaxt tapa bilməmişdi.

Elcan yaxınlaşıb başı ilə ötəri hamıya salam verib evə keçdi. Hiss elədim ki, daldeh bir yerdə ağlamaq istəyir.

Biz artıq sayını unutduğumuz neçəncisə siqareti çəkirdik. Ağı deyən arvadların səsi yavaş-yavaş solğunlaşmış, işığı sönən şam kimi öləzimişdi. Heç kim ağzını açıb danışa bilmir, eləcə siqaret sümürə-sümürə telefonda qurdalanırdı.

Qıraq-bucaqdakı cavanlar, yəqin, bu məhəllənin uşaqları dünənki futboldan danışırdılar.

– Bunlardı?

– Deyəsən…

– Nə üzlə gəliblər?

– Onların nə günahı axı?

– Heç olmaya indi gəlməzdilər də.

Təzə gələnlər başları ilə yas yerindəki kişilərlə salamlaşıb bir qıraqda durdular. Elcan da elə bil bundan duyuq düşüb qapıda göründü, gəlib onlarla əl tutub heç nə olmamış kimi danışmağa başladı. Onun üzündə üstündən bir az vaxt keçmiş göz yaşlarının izləri açıq-aşkar hiss olunurdu.

Mən Elcanın hadisənin iştirakçısı olmuş, qardaşını son dəfə görmüş o oğlanlarla söhbətinə baxanda elə bildim ki, onun bədəninə haradansa elektrik cərəyanı verdilər, qəfil titrəməyə başladı və bir azdan bu titrəmə daha şiddətli hal aldı, həmin üç oğlan qorxuyla onun qolundan tutmağa, “Elcan, Elcan” deyib sakitləşdirməyə, yan-yörəyə kömək diləyən gözlərlə baxmağa başlayanda kişilər siqaretlərini bir tərəfə vızıldadıb onlar olan səmtə axışdılar.

Elcan titrəyə-titrəyə qalmışdı, üzü-gözü əyilmiş, gözləri hədəqəsindən çıxmışdı. Səsə Elcanın anası da gəldi, çadradakı ağlayışını burada davam elədi. “Elcan, qurban olum, anam, noldu sənə” deyib səsini başına atdı, elə hey dizlərini döydü.

Bir azdan qara paltarlı, ağlamaqdan gözləri şişmiş qadınlar da hadisə yerinə axışdı. Elcan camaatın ona baxa-baxa başını bulamasını, iç çəkməsini, “yazıq bala, nə kökə düşüb” deməsini görür, eşidir, ancaq həzmi-rabiədən keçirə bilmir, eləcə narkozdakı xəstə kimi donuq nəzərlərlə ətrafına baxırdı.

Hamı əl-ayağa düşdü, su gətirən, yaylığı ilə hava verən, telefonla təcili yardım çağıran adamların səsləri bir-birinə qarışmışdı. Bu ara Elcanın qardaşının tabutu da qadınların ağladığı yerdən çıxarılıb çadırın böyrünə qoyulmuşdu.

Elcanın uzadıldığı yerin düz yanında tabutu görən kişilər cavanlara acıqlandı və tabutu bir az uzağa aparmalarını tapşırdı.

– Harada qaldınız?

– Su gətirin!

– Əlini buraxmayın!

– Sudurğa keçirir, deyəsən.

– Qaç yola bax gör skoro gəlirmi.

– Allah sən bu uşağı qoru.

Elcanın bütün qohum-əqrabası, dost-tanışı, qonu-qonşusu yığışmışdı başına və getdikcə özünə gələn Elcana baxıb göz yaşıyla təbəssüm qarışıq bir ifadəylə ona baxırdılar. Yığışanlar içində bircə Elcanın atası yox idi. Atası on ildən çox olardı onları analarının umuduna buraxıb getmişdi. Hərdən atalar belə şeylər edirlər.

Elcan özünə gəlmişdi, təcili yardım özünü yetirmişdi, qoluna hansısa iynə vurmuşdular. İndi hortulda-hortuldada çay içirdi, yas yerinin dağılmış, perik düşmüş sakinləri öz yerlərini almışdılar. Siqaret çəkənlər siqaret çəkir, çadranın içində mollaya qulaq asanlar mollaya qulaq asmağa davam edir, arvadlar bu dəfə daha içdən, səslərinin ən zil qatına çıxıb ağlayırdılar. Bir azdan Elcanın qardaşının tabutu üç dəfə çiyinlərə qalxıb-enəcək, sonra maşınlara miniləcək və…

Yas yerindəki bu xoşagəlməyən hadisədən sonra başımız qarışmışdı, görə bilməmişdik, xeyli təzə sima gözə dəyirdi. Bəzilərini qiyabi tanıyırdıq, bəzilərini heç görməmişdik. Hamı üzünə kədər qondurub sakitcə bir-birinə baxır, yaşlı kişilər arada bir başlarını bulayırdılar.

Tabutu qaldırmaq vaxtı yetişəndə Elcan məni yanına çağırdı.

– Qaqa, o kişini görürsən?

Uzaqda, camaatdan aralıda dayanmış, hündür, dəblə geyinmiş, əlinin biri pencəyinin cibində olan kişini göstərirdi.

– Hə, nədir ki?

– Get ona de ki, Elcan deyir, rədd olsun buradan. Yoxsa onu xışdayacam.

– Niyə ki?

– Sual verəcəksən? Xahişimi yerinə yetir.

Dinməz-söyləməz adamları yara-yara həmin kişinin yanına çatdım. Hündür, yaraşıqlı, dəblə geyinmiş kişi kübar ədayla siqaret çəkirdi. Ona necə yaxınlaşacağımı, nə deyəcəyimi götür-qoy edir, Elcanın niyə bu kişini qovmasını heç cür anlaya bilmirdim. Ha istədim kişiyə yaxınlaşıb deyim ki, məsələ belədir, olmadı, geri qayıtdım, mənimlə gələn Səmədlə Məhəmmədi kişilərin içində tapıb hal-qəziyyəni onlara danışdım.

– Kimdi ki o?

– Nə bilim e, demədi də, qaqa.

– Yəqin, kimdisə davalıdı da Elcanla.

– Bilmirəm.

– Heç olmasa qırağından-bucağından soruşaydın da Elcandan.

– Mən gedib öyrənim, – hər şeyi ovcunun içi kimi bilən Səməd çoxbilmiş ədayla dedi və biz uzaqdan onun Elcanla danışdığını izlədik. Elcanın üzü turşumuş, əlini yelləyir, dodaq tərpənişindən söyüş söydüyü hiss olunurdu.

– Qaqaş, Elcan deyir, sakitcə həll eləyin. Deyin çıxıb getsin, qan-qaraçılıq yaranmasın.

Səməd dedi ki, o adını bilmədiyimiz kişi Elcanın qardaşını işdən çıxardıbmış, hələ, üstəlik, axırıncı maaşını da yarıbayarı veribmiş. Elcanın qardaşına deyibmiş ki, sən bu ağılla heç yerdə iş tapa bilməyəcəksən, ac qalacaqsan.

– Niyə qovub ki?

– Onu bilmirəm. Demədi Elcan.

Tabutu qaldırdılar. Biz üçümüz yavaş-yavaş kişiyə yaxınlaşdıq, onunla yanaşı addımlamağa başladıq. Səməd Məhəmmədi dümsükləyirdi ki, denən, o da mənim qoluma vururdu, sən yaxşısan, sən de. Bu minvalla bir az irəlilədik, maşınlara çatmağımıza az qalırdı.

– Müəllim, sizi olar bir dəqiqə, – kişi təəccüblə mənə baxdı.

– Nə olub, gənc? – gülümsündü.

– Elcan dedi ki, sizin burada olmağınız yaxşı deyil. Bilmirəm, nə söhbətidir. Amma gərək gəlməyəsiniz. Sizin üçün də yaxşı olar. Məni başa düşürsünüz, yəqin…

Güldü:

– Sənin neçə yaşın var?

– Bunun nə aidiyyatı?

– Elə-belə soruşuram.

– İyirmi beş.

– Mən sənin yaşında olanda bütün günü işləyirdim. Kamran isə işləmirdi, yola verirdi. Neçə dəfə onu yatan yerdə tutmuşdum.

Səmədlə Məhəmməd də söhbətə qoşulmuşdu:

– Dayı, yetim uşaq idi də. Niyə qovurdun ki? Çörəyinə niyə bais olurdun?

Səmədə çəp-çəp baxdı, eyni sualı ona da soruşdu:

– Neçə yaşın var?

– Mən Kamrana yüz dəfə keçdim, göz yumdum. Amma işçilər baxıb deyirdi, bu kef eləyir, biz zülüm çəkirik. İndi ölüb, Allah rəhmət eləsin. Yaxşı oğlan idi. Torpağı sanı xəbər aparmasın. Amma işləyən deyildi. Avaragor idi…

Bu söz üçümüzə də toxunmuşdu, çünki kişinin sözünün bir ucu da bizə dəyirdi.

– İndi nə olub-olub. Getsəniz yaxşıdır. Elcan sizi görmək istəmir. Başa düşərsiniz, yəqin. Yas yeridir. Qan-qaraçılıq olmasın, – yenə yumşaq şəkildə izah etdim.

Kişi gülümsündü və əlini cibinə saldı, iri pulları çıxarıb ovcuma basdı:

– Bunu Elcana verərsiniz…

Çönüb əks istiqamətə bir-iki addım atdı və təzədən çevrilib dedi:

– Elcana deyərsiniz ki, mən pis adam olmamışam.

Güldü. Bu an yanımızdan bir qara paltarlı qadın qışqıra-qışqıra qaçıb getdi, biz onun Elcanın anası olduğunu biləndə dabanımıza tüpürdük. Qadını bizdən qabaq tutan kişilər onu darta-darta, sürütləyə-sürütləyə təzədən geri gətirirdilər. Elcan qələbəliyin yanında təkcənə durub anasına baxıb ağlayırdı. Gün çıxmışdı və tabutun üstünə göyərçin qonmuşdu. (paradiqma.az)

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0