Fikir yuvaları - Kənan Hacı
Yazici.az ədəbiyyat portalı Kənan Hacının "Fikir yuvaları" yazısını təqdim edir.
İkimininci illərin əvvəlləri Azərbaycanda ədəbi mühitin canlanma dövrü idi. Gündəlik qəzetlərin Ədəbiyyat əlavələri nəşr olunmağa başladı və bu da ədəbi disputların dinamikasını sürətləndirdi. Hansı qəzeti açsanız, sənətin müxtəlif sahələrinə aid sütunlar görərdiniz, yeni çıxan kitablar haqqında tanıtım yazıları ilə rastlaşardınız. Az sonra müstəqil ədəbi qəzetlər və dərgilər yarandı. “Sənət qəzeti”, “Kitab.net”, “Səhifələr”, “Proloq”, “Yazar”, “Alma”, “Kino+” qəzetləri, “Dünya ədəbiyyatı”, “Körpü”, “Mars”, “Yazı”, “Alatoran”, “Avanqard”, “Ağac” dərgiləri ədəbi palitranın rəngarəngliyini təmin edirdi. Bu günün ciddi imzaları məhz həmin dövrdə o qəzet və dərgilərdə püxtələşdi, tanındı.
Tənqidçi Əsəd Cahangirin baş redaktoruluğu ilə “Teatral” adlı unikal bir dərgi nəşrinə başladı ki, bu da teatr cameəsinin böyük sevincinə səbəb oldu. “Teatral” sözün əsl mənasında dünya standartlarına uyğun, səviyyəli bir sənət toplusu idi. Səd heyif, az sonra nəşrini dayandırdı. Yazıçı-şair Səxavət Sahillə birgə “Avanqard” adlı bir ədəbiyyat dərgisinin nəşrinə başladıq, o dərgi də bir-iki sayından sonra nəşrini dayandırmaq məcburiyyətində qaldı. Dəyərli qələm dostum Səlim Babullaoğlunun baş redaktorluğu ilə çap olunan “Kitabçı” dərgisi ədəbi həyatımızda fərəhli bir hadisə idi. Azərbaycan mühitində belə bir dərginin çapı görünməmiş iş idi.
Hal-hazırda bu yazını işləyərkən həmin qəzet və dərgilərin müxtəlif saylarını masamın üzərinə düzmüşəm və vərəqləyirəm. Nələr yoxdu bu mətbu nəşrlərdə?! Analitik yazılar, gənc yazarlar üçün dərslik ola biləcək konseptual esselər, dilimizə ilk dəfə tərcümə edilən ədəbi mətnlər... Dünya səviyyəli müsahibələr... Daha nələr, nələr... Təsəvvür edin, bu dərgilərin, qəzetlərin dövriliyi pozulmasa idi, ədəbiyyatımızın inkişafı, ədəbi prosesin canlı, diri qalması baxımından nə qədər faydalı ola bilərdi.
İndi bu dərgilərin heç biri nəşr olunmur, milli burjuaziya bu nəşrlərin yaşaması üçün barmaq barmağa vurmadı. Tərcümə Mərkəzi bağlanandan sonra “Xəzər” jurnalını Xalq yazıçısı Kamal Abdulla öz himayəsinə götürdü ki, qırx ilə yaxın bir dövrdə fasiələlərlə də olsa, nəşrini davam etdirən bu dərgi yaşasın.
Ədəbiyyatın inkişaf etməsi üçün mütləq müstəqil ədəbi dərgilər çap olunmalıdır. Bu gün ədəbi mühitin yükü “Ədəbiyyat qəzeti”nin çiyinlərindədir. “Azərbaycan” və “Ulduz” jurnalları mütəmadi çap olunur. Bu öz yerində. Amma çevik, operativ münasibət baxımından “Ədəbiyyat qəzeti” ədəbi prosesin döyünən nəbzidir. Bu mənada dəyərli Azər Turana sonsuz təşəkkürlər!
Qələm dostlarım Rafael Tağızadə və Vaqif Osmanlı minbir əziyyətlə “Ədəbi ovqat”ı yaşatmağa çalışırlar. Bu işlər təmənnasız, ədəbiyyata sonsuz sevginin hesabına başa gəlir. Hər kəsə bəllidir ki, yazarlar qonorar almır bu məmləkətdə. Ədəbi fəaliyyətlə məşğul olan hər kəsin bir adı var – fədai!
Halbuki, belə olmamalıdır. Bir məmləkəti bu gündən sabaha daşıyan kitabdır, mədəniyyətdir. Bu mədəniyyəti yaradan yazıçılar, şairlərdir. Onlar bu gün nəyləsə yaşamalıdırlar, o dərgilər, qəzetlər kimi sıradan çıxmalı deyillər. Yazıçı xalqın mənəvi sərvətidir, onu taleyin ümidinə buraxmaq olmaz. Bu da bir ayrı söhbətin mövzusudur və həm də olduqca ağrılı bir mövzudur.
Qayıdaq söhbətimizin əvvəlinə. O dərgilər, qəzetlər çap olunduğu dövrdə yazarların toplaşdığı çayxanalar vardı. Vahid Poeziya Evi, Axundov Kitabxanasının zirzəmisindəki qəlyanaltıxana, “Monolit”, Şirzadın kafesi və sair. Bu fikir yuvaları da tədricən yumşaq desək, sıradan çıxarıldı, qlamur məkanlara çevrildi. Yazıçıların həsb-hal etməsi üçün yaradıcı diskurs məkanı demək olar ki, yox dərəcəsindədir. Bütün qələm əhli onlayn rejimdədir, bu virtual münasibətlər canlı söhbətləri əvəz etmir, vallah.
70-ci, 80-ci illərdə o çayxanalarda bütöv bir ədəbi nəsil yetişdi. "Azneft" çayxanası dönəmin ən populyar və kult məkanı hesab olunurdu. "Qubernat" (indiki Filarmoniya) bağının "Azneft" meydanına çıxan hissəsində, açıq havada yerləşirdi. Bu çayxanalar sadəcə, çay içilən məkan deyil, dövrün ən istedadlı yazıçılarının, şairlərinin, dilçi alimlərinin və tələbələrinin toplaşdığı, ədəbi müzakirələrin aparıldığı qeyri-rəsmi "akademiya"lar rolunu oynayırdı. Sonralar 28 may metrosu tərəfdə də bir neçə belə çayxanalar yarandı ki, mən rəhmətlik Abbas Abdullanı, Həmzəli İlyası, Fəxri Müslümü, Əlisəmid Kürü tez-tez o həndəvərdə görürdüm. Və bu görüşlər də təbii ki, unudulmaz, yaddaqalan sənət söhbətlərinə çevrilirdi.
Hardadır indi o fikir yuvaları? Gənclərdən soruşuram ki, bir yerdə toplaşıb ədəbi müzakirələr aparırsınızmı? Yox, deyirlər, eləcə sən sağ, mən salamat. Fikir yuvaları indi ovcumuzun içindədir – smartfonlar... Heyif o çinar ağaclarının sərin meh gətirdiyi çayxanalara... O çinarların gətirdiyi ədəbi əsintilər ədəbiyyatımıza o qədər gözəl əsərlər qazandırıb ki!...
Durğunluq sözündən zəndeyi-zəhləm gedir. Amma bu məqamda yerinə düşür deyə istifadə edirəm: ədəbi durğunluğu yalnız ədəbi qəzet və dərgilərin davamlı nəşri və ədəbi disputlar üçün məkanların yaranması ilə aradan qaldırmaq mümkündür. Bu durğunluq beləcə davam etməsin. Harda hərəkət, orda bərəkət! (reyting.az)
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0