Gənc yazıçının “EON” romanının təqdimatı keçirilib
Oktyabrın 30-da Azərbaycan Yazıçılar Birliyində gənc yazıçı Gül Turanın “EON” neoromanının təqdimat mərasimi keçirilib.
Yazici.az xəbər verir ki, tədbirdə müəllifin qələm dostları, şairlər, yazıçılar, jurnalistlər və publisistlər iştirak ediblər.
Tədbirin aparıcısı, şair Dəyanət Osmanlı iştirakçıları salamlayaraq müəllifin yaradıcılığı və təqdim olunan roman haqqında qısa məlumat verib. Daha sonra əsərlə tanış olan qələm adamlarına söz verilib.
Təqdimatda yazıçı-tərcüməçi, “Xəzər” ədəbi-bədii jurnalının baş redaktoru Etimad Başkeçid, şairə Nəcibə İlkin, ədəbiyyatşünas və tənqidçi Vaqif Yusifli, filosof Razim Əliyev, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, AYB-nin katibi, şair və tərcüməçi Səlim Babullaoğlu, şairlər Yusif Nəğməkart, Nurhafiz, Rəşid Faxralı, Dayandur Sevgin, Xaqani Abbaslı, rejissor və aktyorlar Vüqar və Ellada, eləcə də digər sənət adamları çıxış ediblər.
Çıxışlarda romanın müxtəlif ədəbi-bədii və fəlsəfi qatlarına toxunulub, müəllifin mövzuya yanaşması, süjet quruluşu, dili və üslubu ətrafında maraqlı mülahizələr səsləndirilib.
Şairə Nəcibə İlkin əsərin süjet xətti və bədii məziyyətləri haqqında danışaraq romanın məzmun və kompozisiya xüsusiyyətlərinə diqqət çəkib.
Yazıçı-tərcüməçi Etimad Başkeçid çıxışında romanın ədəbi-bədii məziyyətlərini, mövzunun müəllif tərəfindən işlənmə xüsusiyyətlərini və əsərin fəlsəfi dərinliyini ətraflı təhlil edib. O, Gül Turanın hadisələrin mahiyyətinə nüfuzetmə bacarığını, romanın axıcı dilini və özünəməxsus üslubunu xüsusi vurğulayıb. Eyni zamanda, əsərdə zaman və mifoloji qatların bədii təxəyyüllə ustalıqla uzlaşdırılmasına, reallıqla mifin qovuşduğu məqamlarda yaranan sənət ecazına diqqət çəkərək romanın orijinallığını şərtləndirən əsas bədii məziyyətləri önə çəkib.
Ədəbiyyatşünas və tənqidçi Vaqif Yusifli çıxışında əsəri gənc nəslin ədəbiyyata gəlişi kontekstində dəyərləndirib, Gül Turanın ilk romanı ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. O da əsərin axıcı dilini və üslub xüsusiyyətlərini romanın diqqətəlayiq cəhətləri sırasında qeyd edib.
Filosof Razim Əliyev romanın simvolik məna qatlarına diqqət çəkərək mifoloji elementlərlə real həyat hadisələrinin əsərdə qovuşması və bu iki müstəvinin bədii vəhdəti üzərində dayanıb. Onun fikirləri romanın fəlsəfi və simvolik məzmununun müzakirəsinə yeni çalarlar gətirib.
AYB-nin katibi Səlim Babullaoğlu Birliyin gənc yazarların yaradıcılıq fəaliyyətinə göstərdiyi dəstəkdən, onların ədəbi mühitdə öz sözlərini demələri üçün yaradılan imkanlardan danışıb. O, gənc müəlliflərin ədəbiyyata gəlişində ədəbi mühitin, diqqət və dəstəyin əhəmiyyətini vurğulayıb.
“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs isə yaradıcılığa yeni başlayan müəlliflərə münasibətdə həssaslığın vacibliyinə toxunub. O, gənc yazıçıların yaradıcılıq axtarışlarının diqqətlə izlənilməsinin və onların psixoloji baxımdan dəstəklənməsinin əhəmiyyətini qeyd edib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının nümayəndəsi İbad Mehdiyev də çıxış edərək müəllifi təbrik edib, ona xoş arzularını və ürək sözlərini çatdırıb. “Ümid Yeri” uşaq sığınacaq evinin müdiri Nigar Mənsimova da Gül Turanı təbrik edərək müəllifə səmimi arzularını ifadə edib.
Digər çıxışçılar – Yusif Nəğməkar, Nurhafiz, Rəşid Faxralı, Dayandur Sevgin, Xaqani Abbaslı və başqaları da romanla bağlı öz mülahizələrini bölüşərək Gül Turanın Azərbaycan ədəbiyyatına yeni imza kimi gəlişini diqqətə çatdırıblar.
Təqdimatın əsas özəlliyi ondan ibarət olub ki, müzakirələrin mərkəzində müəllifin ilk romanı – “EON” dayanıb. Əsərlə tanış olan qələm adamlarının fikirlərindən belə qənaət yaranıb ki, Azərbaycan ədəbiyyatına yeni və fərqli bir imza qədəm qoyur.
Tədbirin sonunda Gül Turan oxucuları üçün kitablarını imzalayıb. Müəllif oxucular, qonaqlar və çıxışçılarla xatirə fotoları çəkdirib.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0