İştə novruz! Yetişdi fəsli-bahar... - Novruz şeirləri

Mar 20, 2026 - 15:09
 0  12
İştə novruz! Yetişdi fəsli-bahar... - Novruz şeirləri

Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir.

Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.

Azərbaycan ədəbiyyatının Novruz bayramı və onun atributlarına həsr edilmiş çoxlu ədəbiyyat nümunəsi var...

Yazıçı Ədəbiyyat Portalı onlardan bir neçəsini oxuculara təqdim edir.

Novruz Bayramı

Hüseyn Cavid


İştə novruz! Yetişdi fəsli-bahar.
Gəldi işrət zamanı, qardaşlar!
Nə gözəl bayram… Ah, nə xoş fürsət!
Sayılır əhli-zövqə bir nemət!..
Böylə şad gün düşərmi bir də ələ?
Keçirin beş gün ömrü ləzzət ilə.

Yalınız hanki evdə yas varsa,
Bir onun borcudur ki, tutsun əza.
Birinin ölsə qardaşı naçar,
Qara bayram tutar… Bir adət var.
Hər kimin yoxsa böylə bir üzri,
Eyşü nuş eyləsin o… yox zərəri.
Gərçi “əlmömünün üxüvvə” demiş
Əmri-peyğəmbəri hekayə imiş.
Cümlə qardaş, — deyir Rəsuli-xuda,
Hanki islamədir bu söz əcəba?

Bəlkə bir başqa xəlqədir bu xitab?
Nəyə lazım, canım, sıxıntı, əzab.
Bütün İranda, cümlə Balkanda,
Çırpınır qardaşın qızıl qanda!
İştə bir qətlgahə dönmüş yer!
Məhv olan yüz deyil ki! Yüz mindir.
Ana! Həmşirə! Ey nişanlı gəlin!
Siz də əsla sıxılmayın, sevinin.
Əzilib məhv olursa ailələr,
Sizə aid deyil bu qəmli xəbər.
Getsə iffət, kəsilsə əmcəklər,
Sevinin!.. İstəməz düşüncə, kədər.

Bütün aləm dağılsa, od tutsa,
Bizə lazımdır imdi zövqü səfa.
Bir müsəlman ki, onda qeyrət var.
Sevinir, kef edər, çalar, oynar.

Sevinin! Zurna, toy çalın, sevinin,
Nə gözəl bayram! Of, gülün, sevinin!
Dinə, namusa küsdünüzsə, gülün!
Sevinin, həp gülün!.. Nə nəşəli gün?!

Novruz gəlib, yaz gəlib

Ramiz Rövşən

Novruz gəlib, yaz gəlib,
Bir əlində saz gəlib.
Bir əlində xonçası,
Açıb gülün qönçəsi.
Bülbülə avaz gəlib.
Novruz gəlib, yaz gəlib.

Bülbülə avaz gəlib.
Novruz gəlib,yaz gəlib.

Kosa, sən də gəlsənə,
Gəlib salam versənə.
O torbanı ver görək,
Yumurtalar rəngbərəng.
Hər biri can dərmanı,
Ver dolduraq torbanı.

Hər biri can dərmanı,
Ver dolduraq torbanı.

Novruza bax, yaza bax,
O əriyən buza bax.
Sellər axır şırhaşır,
Çöllər olub yamyaşıl.
Ot bitir,yemlik bitir,
Keçəl başa tük bitir

Ot bitir, yemlik bitir,
Keçəl başa tük bitir

Keçəl başın yağlasın,
Dəsmal verək bağlasın.
Məclis qurub oynasın,
Çırtdıq vuraq oynasın,
Əl çalaq alqışlayaq,
Bu məclisi başlayaq.

Əl çalaq alqışlayaq,
Bu məclisi başlayaq.

Bayram axşamlarında

Fikrət Qoca

Yollar əlvan boyanar,
Evlərdə arzu yanar,
Gözlərə sevinc qonar,
Bayram axşamlarında…

Nəğmə olur dalğalar,
Qış dönüb olar bahar.
Göydən məhəbbət yağar,
Bayram axşamlarında…

Hər tərəf işıq olur,
Başqa yaşıllıq olur.
Göy yerə aşıq olur
Bayram axşamlarında....

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0