Kasıbçılıq dolu kimi döyüb taleyimi - Yafəs Türksəsin şeirləri
Yazıçı Ədəbiyyat Portalı Yafəs Türksəsin şeirlərini təqdim edir.
İLK MƏHƏBBƏTİM
o dilsiz
ağızsız ilk məhəbbətim
kimin ümidinə qaldı görəsən?
xəzan yarpağıtək
soldu, saraldı
küləklər haraya saldı görəsən?
ən uzaq
ən yaxın sirdaşa döndü
gözümdə incitək bir yaşa döndü
Bilməm quşa döndü
ya daşa döndü
harada gizləndi
qaldı görəsən?
görən ağladımı
görən güldümü?
çağlayan çaydımı
duran göldümü?
həsrəti qəddimi əydi, bildimi?
ya başqa xəyala
daldı görəsən?
DE GÖRÜM, BƏNÖVŞƏSƏNMİ
gözümdə
yaşı duymadın
məntək yoldaşı duymadın
baharı
qışı duymadın
de görüm, bənövşəsənmi?
üstümdə
şehə baxmadın,
o həzin mehə baxmadın,
bu sirrə
sehrə baxmadın
de görüm, bənövşəsənmi?
boynunu
tikan əyibmi
kimsə xətrinə dəyibmi
küskünlük sənə eyibmi
de görüm, bənövşəsənmi?
dərdimə
oxşadın mənim
haraya daşıdın məni?
üşüdün
çaşdırdın məni
de görüm, bənövşəsənmi?
OĞLUM ŞƏHRİYAR HAQQINDA
Oğlum Şəhriyar necə də
Mənə oxşayır
Bəlkə də
Hər dəfə dünyaya
Təzədən gəlmək istəyimdən yaranıb o
Geriyə buraxdığım səhvlərin çoxluğundan
Doğmuşdu bu istəyim.
İlk sevdiyim qızı qaçırmaq istəmədim
Əvəzinə bəxtimi əlimdən qaçırdım.
Yaman hikkəliydim o zamanlar
Ən balaca səhvin üstündə belə
Tez-tez döyərdim balaca qardaşımı
Hikkəmi yelə verdi zaman
Əzə-əzə muma döndərdi məni.
İndi balaca qardaşı Bəxtiyarı döyməyi
Qadağan etmişəm oğlum Şəhriyaya.
Anamın son tikəsini də alardım əlindən.
Sanardım ki yeməyi var gizlində.
Bənna atamın divara uyğun axtardığı daşı
Ən tez mən tapardım
Həyatda yerimi tapmadım amma
On yaşlı bacımla anamın
Xalça toxumaqdan çıxardığı çörək
Acı dadırdı boğazımda
Kasıbçılıqdan xilasımıza
Yeganə ümidimiz olan
Son kurs tələbəsi qardaşımın
Qəfil ölümündən sonra uçdu
Bu dünyanın bənnasına bəslədiyim
İnam divarı.
Sevdiyim qızların heç birini
Ala bilmədim
Əlim çörəyə çatanacan uçub getdilər
Dünyanın ən aşılmaz səddiymiş
Kasıblıq.
Oğlumla eyni ölçülü paltar geyəndən
Əynim sevinməyib
Aldığım təzə paltarları
Birinci ona uzadıram.
Anası
onun cibindəki sevgi məktubunu cıranda
İçimdə nəsə qırıldı
O qədər yalanımı tutub ki oğlum
Düzlüyü öyrədə bilmədim ona.
Amma yaxşı ki,
Yaxşı ki öyrədə bilmədim.
QOCALA BİLMƏMİŞƏM
Özümə yaraşan günlərim az olub,
kasıbçılıq dolu kimi döyüb taleyimi.
Haqsızlıqdan doğan bir kasıbçılıqla
barışa bilməmişəm heç vaxt -
həmişə özümdən zəiflər at oynadıb
dörd yanımda.
Yaxşı oynamışam -
topum olmayıb,
yaxşı qaçsam da -
“ket”im olmayıb,
yaxşı oxusam da -
qızara-qızara almışam “beş”lərimi...
Köhnə paltarımdan utanıb
əzbər bildiyim dərsdən “iki” almışam.
həmişə gecikdirərdim sentyabrların 1-ni...
Uşaqlığımı
təzədən yaşamaq istəmişəm həmişə.
Həmişə qanadsız quş kimi çırpınmışam
taleyimin əlində.
Haqsızlıq içində boğula-boğula,
günlərimi poza-poza
əlli yaşıma çatmışam.
Dərd loto daşları kimi doldurub
ömür kartlarımı.
Duyğularım əcdaha kimi atılıb üstümə -
qoymayıb məni qocalmağa.
Futbol oynayanda
“ket”im olmayıb uşaqlığımda
indi də şairəm -
kitabım yoxdur.
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0