Kirpinin düz sözü - Hikmət Ziyanın təmsilləri
Yazıçı Ədəbiyyat Portalı unudulmaz təmsil ustası, şair-tərcüməçi Hikmət Ziyanın təmsillərini təqdim edir.
AĞILLI QARIŞQA
Bala dovşana dedi anası:
- Gəl, kömək elə mənə, qadası!
Görürsən işim başımdan aşır.
Sən də buğdanı yuvaya daşı.
- Mən oynamağa gedirəm axı!
Deyib boz dovşan qaçdı aşağı.
Gördü yamacda kiçik qarışqa
Kələm daşıyır öz yuvasına.
Dedi: - Balaca, işləmə bunca!
Gəl, oynayaq biz yamac boyunca.
Qarışqa dedi: - Sonra oynaram,
Mənə bu işi tapşırıb anam.
KİRPİNİN DÜZ SÖZÜ
Durub qış yuxusundan,
Xeyli gərnəşdi Ayı.
Dedi: – Bal yeyəm gərək
Mən bütün yazı, yayı. –
Çıxdı mağarasından,
Gəzdi meşə boyunca…
Pətək tapa bilmədi,
O, bal yeyə doyunca.
Birdən rast gəldi Qurda:
– Nə gəzirsən, de burda?
– Heç soruşma, – dedi Qurd. –
Bu səhər yavaş-yavaş
Sürüyə yan alırdım,
Qovdu məni Alabaş.
Elə həmin andaca
Tülkü çıxdı böyürdən:
– Bu gün hinə girəndə
Az qaldı tutulum mən.
– Eyib olsun! – söylədi
Bu an Kirpi qıraqdan. –
Qulaq asıram sizə
Durub burda bayaqdan.
Elə boy-buxunla siz
Sevsəydiniz zəhməti,
Bir qarın yemək üçün
Gəzməzdiniz xəlvəti.
TISBAĞA VƏ DOVŞAN
Bir tısbağa dovşana
Söylədi yana-yana:
- Sən nə yaman qaçırsan?
Lap elə bil uçursan!
Gəl dost olaq bu gündən,
Mənə də öyrət bunu.
İnan ki, təriflərəm
Səni ömrüm uzunu.
Dovşan dedi: - Əzizim,
Bu xəyala düşmə sən!
Bu addımla, yerişlə
Məyər qaça bilərsən?!
İnad etdi tısbağa:
- Yox, mən də qaçacağam,
Öyrətmirsən, öyrətmə.
Lap quştək uçacağam, -
Deyə o, bir tərəfdən
Üzüaşağı endi.
- Qaçma, yavaş! - söyləyib,
Dovşan xeyli deyindi.
Amma sözə baxmayıb
Tısbağa yumbalandı.
Dəyib daşa, kəsəyə
Bir anda parçalandı.
Dovşan vurdu dizinə:
“Sənə demədim yavaş?!
Hər kəsin öz yerişi
Var, a tısbağa qardaş!”
KƏRGƏDAN VƏ QARIŞQA
Uzunuyla eni bir,
Başıyla bədəni bir
Kərgədan tutulmuşdu
Tənbəllik azarına.
Süstlük,
Məstlik
hopmuşdu
Ömrünə, güzarına.
Boş-bikar əsnəməkdən
Çuval olmuşdu ağzı.
Günün beşdə dördünü
Yeyib-yatırdı azı.
Yerdə qalan vaxtını
Ya göldə keçirirdi,
Çimib çıxır, meşədə,
Ya çöldə keçirirdi.
Daş üstünə bircə daş
Qoymaqla yoxdu işi,
Onu piy dağarına
Döndərdi bu vərdişi...
AYI SADƏLÖVHLÜYÜ
Qalın, yaşıl bir meşədə illər uzunu
Çox sadəlövһ tanıtmışdı Ayı özünü.
Guya onu ələ sala bilərdi һər kəs,
Barmağına dolayaraq, gülərdi һər kəs,
Guya uşaq ürəkliydi, qərəzsiz idi,
Hər kələkdən, һər һiylədən xəbərsiz idi.
Ya meşədə gəzən yerdə, ya mağarada,
Guya onu aldadardı һətta çağa da.
...Ancaq bilmək olmurdu ki, bu necə sirdi? —
Armudun ən yaxşısını dərib yeyərdi.
Şirə çəkən arılarda һal qalmamışdı,
Oyuqdakı pətəklərdə bal qalmamışdı. —
Kim də ona bir söz desə, dinməz — yatardı,
«Sadəlövһlük» bax bu yerdə dada çatardı:
— Yonulmayıb — deyərdilər — özü də danmır,
Qərəz ilə eləmir ki, Ayıdır, qanmır...
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0