Qarşınızda bir ömür sayqı duruşundayız! - Günün şeiri

Sen 27, 2026 - 14:12
 0  12
Qarşınızda bir ömür sayqı duruşundayız! - Günün şeiri

27 sentyabr - Azərbaycanda anım günüdür. Xalqımız 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır!

Yazici.az ədəbiyyat portalı bu münasibətlə tanınmış şair İbrahim İlyaslının "Qarşınızda bir ömür sayqı duruşundayız!" şeirini təqdim edir.

Vətən müharibəsinin şanlı şəhid və qazilərinə

Vətən sizə can dedi, Vətənə can verdiniz,
Damarları təpimiş torpağa qan verdiniz.
Otuz il otuz yerdən yaraları çatlayan,
Millətə qırx dörd gündə şəfayla şan verdiniz!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Bir çağırışı bəs etdi Ali Baş Komandanın,
Yüz illərə tən oldu - hökmünə bax bir anın?!
Vahimədən yağılar pərən-pərən oldular,
Haləsi böyüdükcə çəkdiyiniz hilalın.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Belə Vətən savaşı yer üzü görməmişdi,
Nə dağı, nə dərəsi, nə düzü görməmişdi...
Bu xalq on min doqquz yüz əlli gecə yaşayıb,
On min doqquz yüz əlli gündüzü görməmişdi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Xan Araz Sizi görcək qəhərlənib ağladı,
Köhlən Xudafərinin şahə qalxdı tağları.
O taydan bir ün qopdu, yer-göy lərzəyə gəldi,
Bu tayda ucalınca sənin zəfər bayrağın!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Azğın düşmənlərinə çoxları çıxdı yiyə,
Avropa diş qıcadı, Asiya getdi küyə...
Ancaq birə-beş artdı gücünüz, qüdrətiniz,
"Hər zaman yanındayız!" - hayqırınca Türkiyə.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Nərənizdən Şuşada qaya qopdu, daş yandı,
O gün qaş qaralmadı, qaralacaq qaş yandı.
Dəmir yumruğunuzun zərbindən yer titrədi,
Odlu nəfəsinizdən düşmən başa-baş yandı!
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Ruhlar səltənətində ucalıqlar sizindi,
Uca başlar sizindi - uca dağlar sizindi.
Başqa yerdə gəzməsin haqqı haqq arayanlar,
Məmləkətdə haqq olan bütün haqlar sizindi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Ürəyim parçalansın, üzüm ağ olsun! - dedi
Heç nəyimiz olmasın, Qarabağ olsun! - dedi.
Bundan böyük ibadət görünməyib cahanda -
Şəhid doğan analar: "Vətən sağ olsun!" - dedi.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Azərbaycan adını sinənizdən asdınız,
Yeni tarix yaradıb, yeni dastan yazdınız.
Qazi hüzurlarıdır daha səcdə yerimiz,
Şəhid məzarlarıdır ən müqəddəs andımız.
Adınızla tarixə möhürləndi bu payız,
Qarşınızda bir ömür sayqı duruşundayız!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru