Nə dedik dünyaya gəlişimizlə? - Allahverdi Təkləlinin şeirləri

Mar 31, 2026 - 13:52
 0  23
Nə dedik dünyaya gəlişimizlə? - Allahverdi Təkləlinin şeirləri

Yazıçı Ədəbiyyat Portalı Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin rəhbəri Allahverdi Təkləlinin şeirlərini təqdim edir.

Mənim məmləkətim budumu, bəylər

Mənim məmləkətim budumu, bəylər?
Bə niyə qaşları çatıqdı belə?
Bə niyə yanağı batıqdı belə?
Bə niyə üyüşüb üz gətirməmiş,
Qaymağı alınan qatıqdı belə?
Mənim məmləkətim budumu, bəylər?

Axı qumrudusa niyə ötməyir,
Niyə oxumayır qudusa, axı?
Niyə durulmayır sudusa, axı?
Mənim məmləkətim budusa, axı…
Mənim məmləkətim budumu, bəylər?

Gözümün tumruca yaşıdı ki, bu,
Qaralır bir kibrit başıdı ki, bu.
Qapıb tolazlayır kim hara gəldi…
Bəylər, tolamazqı daşıdı ki, bu.

Bir əldən kiçilir yanan şam kimi,
Bir əldən kiçilir, balacalanır…
Dev-dev qalaları qalacalanır.
Mənim məmləkətim budumu, bəylər?
Yoxsa gözlərimmi alacalanır?

«Abdullanın oğluna bir neçə sual»

Deyə bilərsənmi, ay Abbas qağa,
Palıd ağacına, qoz ağacına
Dimdiyi nə deyir ağacdələnin?

Təhlədə, Sarvanda, Kəpənəkçidə -
Ovcunu yağışa tutan uşağın
Nə deyir ovcuna yağan yağışlar?

Ehey… Qulaqları darı dələnim…
Nə deyir harayı durnanın göyə?
Nə deyir harayı zurnanın toya?
Nə deyir torpağa atların nalı?

Günü göy əskiyə bükülüb gedən,
Dolmuş bulud kimi sökülüb gedən -
Qardaş ölümünə, dost itkisinə
Nə deyir, nə deyir göz yaşlarımız?

Bir də qapımızı, pəncərəmizi
Küləyin əliylə kim döyür, Abbas?
Hörümçək toruna ilişib qalan
Kəpənək çırpınıb…nə deyir, Abbas?

Daha nə soruşum, nə xəbər alım?
Eh, ağır taxtalı, lopabığ kişi?
Nə dedik dünyaya gəlişimizlə?
Deyə bilərsənmi, nə deyəcəyik
Dünyaya-dünyadan gedişimizlə?

***
Demək ki, yazıya pozu yoxuymuş,
Demək ki, taledən qaçılan deyil.
Dünyanın ən mağmın adamı mənəm,
Dost, mənim heç falım açılan deyil.
Yedirdim qaragül quzumu qurda.

Dünyanın ən mağmın adamı mənəm,
Xam düşüb, quzumu "xələt" elədim.
(Min günah işləyir ömründə hərə),
Mən də tək bircə yol qələt elədim.
Yedirdim qaragül quzumu qurda.

Ömrümdə bircə yol qələt elədim,
Xam düşüb, quzumu "xələt" elədim,-
Yükləndim şeytanın qəzasını mən.
Mələyə-mələyə qalmışam indi,
Çəkirəm suçumun cəzasını mən.

Mələyə-mələyə qalmışam indi,
Meylimi dərdimə salmışam indi.
Deməyin bu da bir oyun olmasın.
Yedirdim qaragül quzumu qurda...
Dedim ki, böyüyüb qoyun olmasın.


***
Əllərin əlimdə qalır hələ də,
Hələ də əlimdə ləl tuturam mən.
Kimnən rastlaşıram, görüşürəmsə ;
Sənin əllərinlə əl tuturam mən.

Getdiyin yolları, - üç tel ayırıb
Qızımın saçına hörürəm hər gün.
Ta mənim bir işim qalmaz yarımçıq,
İşimi dörd əllə görürəm hər gün.

Yenə pələsəngəm sözün əlində,
Kim isə qeybdən deyir.. yazıram.
Bu gecə yarısı sənin özünə,
Sənin əllərinlə şeir yazıram.

Əllərin əlimdə qalır hələ də...
Bəlkə də sınayır dərd əllə səni.
Hərə sevdasını bir əllə tutdu,
Qoruya bilmədim dörd əllə səni.

Hələ də başımda bir gül eşqi var

Qonubdu bir gülə quşum o vaxtdan,
Qayıtmır yerinə huşum o vaxtdan.
Güllə uğraşmaqdı işim o vaxtdan,
Hələ də başımda bir gül eşqi var.

Hələ də başımda bir gül eşqi var,
Könlüm gülə sarı uçundu elə.
Bəlkə də ömrümüz bir gül eşqinin
oduna tutuşmaq üçündü elə.

Hələ də başımda bir gül eşqi var,
Bir gül uğrunadı davam hələ də.
Hamının havası dəyişdi, mənim
A ana, həməndi havam hələ də.

Günü axşam etdim güllə uğraşıb,
Qıyıb da bir gülə – dəyişəmmirəm.
Hələ də başımda bir gül eşqi var,
Hələ də bir gilə dəyişəmmirəm.

Beləcə, bir gülün eşqi başımda,
Ömrü sətir-sətir naxışlayıram.
Dünyada hamının günahlarını,
Bir gülün xətrinə bağışlayıram.

Gözümün yaşı

Sən getdiyin gündən küsüb
Gözümə, gözümün yaşı.
Tərs uşağa dönüb, baxmır
Sözümə gözümün yaşı.

Gözümdən özünü yıxıb,
Kirpiyim ucunda “xıxıb”.
Dalınca boylanır… çıxıb
Üzümə, gözümün yaşı.

Düşüb həsrətin girinə…
Qalıb sürünə-sürünə.
Döyür əlimin yerinə –
Dizimə gözümün yaşı.

***
Saçlarından üç tel ayir,
Sinən üstə, qız, tağ elə.
Qısqan məni əsən yelə,
Qısqan məni, qıstaq elə.

Tut əlimdən halaya sal,
Daş qapılı qalaya sal.
Baxışınla bəlaya sal,
Ya da qovur cızdaq elə.

Təkləm buludda gün təki...
Sədd çək dişindən çin təki.
Məni ağzın içindəki
Dilin kimi dustaq elə.



***
Anlarsan məni əhli-hal,
Hal olan vaxtı, yavrum.
Kirpik ucunda göz yaşın
Xal olan vaxtı, yavrum.

Göz ki, şırğaya umsunur,
Könüldə sarı sim sınır.
Arı gül üstə sümsünür,
Bal olan vaxtı, yavrum.

Barın budağın əyməmiş,
Qorxuram ki, bir səy Məmiş
Dərər də səni dəyməmiş
Kal olan vaxtı yavrum.

Təkləli, haqdandı yaşın

Könlümün şahı sevdası,
İşimdə haqq sevdası var.
İçimdə Yahi sevdası,
Dışımda haqq sevdası var.

Dilimin hər şikəstəsi,
Ulu Haqqdandı bəstəsi.
Gündüzüm Tanrı xəstəsi,
Duşumda haqq sevdası var.

Təkləli, handa alp yaşım,
Dostun halaldı başım.
Haqqdan bəlalıdı başım,
Başımda haqq sevdası var.

Mən qurda döndüyüm gecə

O bəxt məndə haqdandı ki,
Qonşumun qızı olasan.
Mən qurda döndüyüm gejə,
Sən əmlik quzu olasan.

Yelə dönüb öpəm səni,
Tacı sanar təpəm səni.
Yaram üstə sərəm səni,
Evimin düzü olasan.

Mələksən gəzmə dörünən,
Yıxıqdı könlüm hörünən.
Tanrının mənə görünən,
Bəlkə xan üzü olasan.

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0