Oljas Süleymenov: Türk təfəkkürünün arqamakı

May 16, 2026 - 11:35
May 16, 2026 - 11:30
 0  25
Oljas Süleymenov: Türk təfəkkürünün arqamakı

Yazıçı Ədəbiyyat Portalı Nəriman Əbdülrəhmanlının "Oljas Süleymenov: Türk təfəkkürünün arqamakı" yazısını təqdim edir.

Proloq

2017-ci il aprelin əvvəllərində tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli ilə birgə görkəmli alim və söz adamı, Qazaxıstan MEA-nın vitse-prezidenti, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru akademik Ğalım Mutanovun dəvətilə IV “Əl-Fərabi və müasirlik” forumuna getməli olduq...

Beş saatlıq uçuşdan sonra hava limanının binasından çıxan kimi ürəkdolusu nəfəs alıb siqaret yandırdım. Elə birinci qüllabın tüstüsü ağzımdan çıxmamışdı ki, polis başımın üstünü kəsdirdi: qanunu pozduğuma görə, protokol tərtib eləməli, cərimə yazmalıydı. Məsələ cərimənin məbləğində deyildi, ovqatımı elə birinci addımdan belə qanqaraldıcı hadisəylə üzləşmək korlamışdı. İlk dəfə gəldiyim, qayda-qanunu bilmədiyim, tədbirə gecikəcəyimizlə bağlı dəlil-sübutlarım, bizi qarşılayan forum əməkdaşının xahişləri də nəticəsiz qaldı. Məni nəzakətlə hava limanının polis bölməsinə dəvət elədilər, kapitan rütbəli əməkdaş da xahişlərimizi təbəssümlə qulaqardına vurub pasportumu alıb protokol tərtib eləməyə başladı. Elə bu əlacsızlıq məqamında da ağlıma gözlənilmədən bir fikir gəldi:

-Yaxşı, - dedim, - neyləyək, onda kecikməyimin səbəbini Oljas Omarulıya izah eləyərəm.

Kapitan əl saxlayıb təəccüblə məni süzdü:

-Oljas ağanın qonağısınız?

Oljas Süleymenovun da forumun fəxri qonaqları arasında olacağını, hətta açılış nitqi söyləyəcəyini bildiyimdən arxayın görkəmlə dilləndim:

-Bəli, Əl-Fərabi forumuna gəlmişik.

Kapitan dərhal pasportu geri qaytarıb hörmətlə dilləndi:

-Oljas ağanın qonağı bizim də qonağımızdı. Xoş gəlmisiniz. Salamımızı çatdırın.

Elə bil, üstümüzdən dağ götürüldü.

Bu hadisəni Oljas Omarulıya forumdan əvvəl ayaqüstü görüşümüzdə deyil, beş il sonra Bakıda “Qazax nəsri” antologiyasını təqdim eləyəndə danışdım. Ürəkdən güldü.

-Şadam ki, - dedi, - xilaskarlıq missiyam işə yarayıb...

 

1. “İqor polku”nun qarşısına tək çıxan şair

Oljas Süleymenovu şair kimi lap təsadüfən kəşf eləmişəm. 1975-ci ildə, Bakıya ilk dəfə qədəm basanda kitab dükanında 1968-ci ildə “Molodaya qvardiya” nəşriyyatında nəşr edilmiş “Seçmə lirika” alı əl boyda bir kitabına rast gəlmişdim...

Ruscamı gəlişdirmək, başlıcası da qiyməti ucuz olduğuna görə, o kitabçanı almışdım və... elə ilk səhifələrindəncə məni ucsuz-bucaqsız çöllərin havası vurmuş, arqamakların kişnərtisini, berkutların qıyını, dombranın səsini eşitmiş, müəllifin ruhuyla hələ  tamam dərk eləyə bilmədiyim doğmalıq duymuşdum.

Elə həmin il də SSRİ adlanan ölkədə Oljas Süleymenov qasırğası başladı. Təbii ki, olub-keçəni qəzet-jurnaldan, radio-televiziyadan eşitmək mümkün deyildi, amma ağızdan-ağıza yayılan xəbərlərdən məlum olurdu ki, onun Almatıda rusca nəşr olunmuş “AZ i YA. Xoşniyyətli oxucunun kitabı” ölkə rəhbərlərinin  əməlli-başlı narahatlığına səbəb olub. Neçə əsrlərdən bəri rus tarixinin möhtəşəm abidəsi sayılan, haqqında cild-cild araşdırmalar yazılmış “İqor polku haqqında dastan” eposunun... poloves-türk dastanı olmasıyla bağlı gətirdiyi dəlil-sübutlar, cavan şairin, az qala, o polkun qarşısına təkcə çıxmağı xatırladırdı.

Sonradan öyrəndim ki, Oljas Omarulı bu məsələylə hələ M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun tələbəsi olanda maraqlanıb, eposu araşdırıb, 1963-1966-cı illərdə Qazaxstan Dövlət Universiterinin aspirantı olanda ““İqor polku haqqında dastan” da türkizmlər” mövzusunu götürüb, beləcə, araşdırmasnın miqyası get-gedə böyüyüb, “AZ i YA” monoqrafiyasının yazılmasına təkan verib.

Sonrakı il ədəbi aləmdə söz-söhbət gəzirdi ki, “boz kardinal”, Sov.İKP MK-nın ideoloji işlər üzrə katibi Andrey Suslovun birbaşa göstərişiylə Qazaxstan KP MK məsələni müzakirəyə çıxarıb, Oljas Süleymenovu “millətçilik”də, “pantürkizm”də və “metodoloji səhvlər” buraxmaqda günahlandırıb, nəşriyyat direktorunun işdən azad edilməsi, kitabınsa satışdan yığışdırılması barədə qərar qəbul eləyib.

Amma necə deyərlər, “cidanı çuvalda gizlətmək olmaz”, o kitabın bir nüsxəsi də hansı yollarlasa Bakı Dövlət Universitetinin yataqxanasına da gəlib çıxmışdı, əlaltından “etibarlı adamlar”a bir neçə günlüyə oxumaq üçün verirdilər.

Onda ömrünün yetkinlik dövrünü yaşayan 40 yaşlı Oljas Süleymenovun adı Boris Pasternak, Aleksandr Soljenitsın, İosif Brodski... kimi “qara siyahı”ya salınmış, ictimai həyatdan təcrid edilmiş, əsərlərinin çapına qadağa qoyulmuşdu...

 

2. Aydabol tayfasının yetirdiyi böyük qazax

Qazaxlarda çox dəyər verdiyim bir ənənə var: özlərini təqdim eləyəndə, bioqrafiyalarını yazanda mütləq mənsub olduqları boyu (jüzü) da, tayfanı da bildirirlər...

Oljas Süleymenov 1936-ci il mayın 18-də ölkənin ovaxtı paytaxtı Almatıda, Orta Arqın jüzünün Aydabol tayfasına mənsub olan qazax kavaleriyası zabiti Omarxan Süleymenulı və tacir qızı Fatima Bedelbayın ailəsində dünyaya göz açıb. Atası repressiyadan qurtula bilməyib, 1938-ci ildə həbs edilib, Norilsk düşərgəsinə aparılıb, sonra da güllələnib...

Omarxan Süleymenulı o həbsxanada görkəmli şərqşünas, türkoloq Lev Qumilyovla yanaşı yatırmış. Onda oğlu Oljasın böyüyüb Qumilyovla dostlaşacağını, onun yolunu davam etdirəcəyini heç ağlına da gətirə bilməzdi.  Oğlansa çətinliklə də olsa, böyüdü, müharibə, müharibədənsonrakı qıtlıq illərinin ağrı-acılarını daddı, orta məktəbi, ardınca 1959-cu ildə Qazaxıstan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirdi. Amma tələbəlik illərində könlünü poeziyaya necə qapdırmışdısa, o ilin iyununda “Literaturnaya qazeta”da dərc olunmuş şeirləri taleyini  əməlli-başlı dəyişdi, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun poetik tərcümə şöbəsinə aparıb çıxardı. İkinci kursdasa təhsilini yarımçıq qoymalı oldu: qürurunu qorumaq üçün qarışdığı dava-dalaş rəhbərliyin xoşuna gəlməmişdi...

Bir tərəfdən bağlanan qapı başqa tərəfdən açıldı, 1961-ci il aprelin 12-də Yuri Qaqarinin kosmosa uçuşu, elə həmin hecə də yazdığı “Yer kürəsi, insana baş əy!” şeiri gənc şairin taleyini dəyişdi: artıq Almatıya qayıtmış Oljas təkcə Qazaxıstanın yox, SSRİ-nin tanınmış poetik simalarından birinə çevrildi. Poema kimi yenidən işlədiyi, elə həmin il də Almatıda çap olunan kitabı respublika ÜİLKGİ MK-nın mükafatına layiq görüldü, ardınca da “Arqamaklar” (1961), Günəşli günlər”  (1962) poetik topluları işıq üzü gördü. Bu, respublikada da, ölkədə də görünməmiş hadisələrdən idi.

Oljas Süleymenov düz on il “Kazaxstanskaya pravda” qəzetində, “Prostor” jurnalında çalışsa da, uğurlu yaradıcılıq yolunu davam etdirirdi. “Parisli gecə”, (1963), “Xeyirli dan yeri” (1964) poetik topluları da respublika və Ümumittifaq komsomolunun mükafatlarına layiq görülmüş, sonra Almatıda “Meymun ili” (1967), “Moskvada seçmə lirika” (1968), Daşkənddə “Bəyaz çaylar üzərində” (1970) topluları nəşr olunmuşdu...

Oljas Süleymenov artıq təkcə şair kimi yox, şəxsiyyət kimi də böyk nüfuz qazanmışdı, Çingiz Aytmatovla yanaşı, sovet ictimai-ədəbi aləmində söz yiyəsiydi...

 

3. Yaddaşın dərinliklərinə səfər

Amma Oljas Süleymenova nə olmuşdusa, aspiranturada oxuduğu illərdə apardığı araşdırmaların gedişində olmuşdu: artıq poeziyasının havası da get-gedə dəyişir, yaddaş salnaməsinə çevrilirdi, 1969-cu ildə Almatıda nəşr olunan “Gil kitab” poeması da bu salnamənin çox sanballı epiqrafıydı.

1971-ci ildə 36 yaşlı Oljas Süleymenov Qazaxıstan Yazıçılar İttifaqının  katibi, sonra Asiya və Afrika ölkələri ilə Həmrəylik Komitəsinin sədri seçildi, Almatıda “Günorta təkrarı” (1972), Moskvada “Hər gün – səhərdir” (1973), “Girdə ulduz” (1975) poetik topluları işıq üzü gördü, 1973-cü ildə “Mavi adalar” poeması Abay adına respublika Dövlət Mükafatına layiq görüldü. Amma bütün bunlar, sən demə, tufanqabağı sakitlikmiş.

Oljas Süleymenovun  1973-cü ildə dərc olunmuş, atom sınaqlarının qadağan olunmasına səsləyən “Vəhşi çöl” şeiri ədəbi məmurların da, ölkə rəhbərliyinin də xoşuna gəlməmişdi. Amma heç kəs məsələnin böyüyüb “AZ i YA” miqyasına çatacağını gözləmirdi. Qazaxıstanın ovaxtkı rəhbəri Dinmühamməd Kunayev, sözün əsl mənasında, şair-etimoloqu xilas elədi, Leonid Brejnevə üz tutandan sonra müəllifə “şiddətli töhmət” verilməsi və kitabın müzakirə olunması qərara alındı. “Ayılan hakimiyyət “Az i Ya”nı da həbsə atdı, - sonra görkəmli yazıçı Rollan Seysenbayev dostu haqqında essesində yazacaqdı. - Yüz min tirajla çap olunmuş kitabı doğrayıb yandırdılar. Rejimin özbaşınalığı mütərəqqi nə vardısa, boğmağa çalışırdı. Amma qabaqcıl düşüncə artıq insanların şüuruna yerimişdu. Artıq onu boğmaq mümkün deyildi...”

O vaxt akademik Dmitri Lixaçov “O.Süleymenovun yanılğıları haqqında” adlı “məşhur” məqaləsini dərc etdirmiş, 1976-cı il fevralın 13-də 46 akadmik, professor, elmlər doktoru bütün günü kitabı müzakirə və mühakimə eləmişdi. Hətta prosesə yazıçılar belə qoşulmuşdular. Tanınmış rus yazıçı Vasili Belovun əsərində “mənfi qəhrəman” “müsbət qəhrəman”dan soruşur: “Süleymenovun “AZ i YA”sını oxumusunuz?” “Müsbət qəhrəman” nifrətlə cavab verir: “O mənasız şeyi oxumamışam, oxumayacağam da!” Tanınmış ədəbi simalar olan Konstantin Simonov, Eduardas Mejelaytis də ittihamlardan geri qalmamışdılar.

Beləcə, kitabın qadağasından (həmin ərəfədə Almatıda “Sahillərin təyini” adlı poetik toplusu nəşr olunmuşdu) sonra Oljas Süleymenovun ictimai fəaliyyəti beş, yaradıcılığısa düz yeddi yasaq altında qaldı...

Axır ki, 1980-ci illərin əvvəllərində “yenidənqurma və aşkarlıq” onun da həyatı dəyişdi, respublika və ölkə Ali Sovetlərinin deputatı, qurultay nümayəndəsi, 1981-ci ildə Qazaxıstan Kinematoqrafçılar İttifaqının, 1984-cü ildəsə Yazıçılar İttifaqının sədri seçildi, yeddi ildən sonra da “İşığın çevrilməsi (1983) poetik toplusu işıq üzü gördü.

“Səksəninci illərdə Oljas poetik toplularını çap etdirmək istəmirdi, - həmin vaxt Qazaxıstan Yazıçılar İttifaqının Moskvadakı nümayəndəsi Rollan Seysenbayev yazır. - O, dil haqqında trilogiya olan “Müqəddəs yazıların dili” əsərini qələmə almışdı. Moskvada, ümumiyyətlə, kitabları işıq üzü görmürdü. Ölkə oxucuları şairin poeziyasının intizarındaydılar”.

Yaradıcı adam üçün uzun sayılan fasilədən sonra məhz Seysenbayevin çabası nəticəsində Oljas Süleymenovun bircildlik “Seçilmiş əsərləri” nəşr olundu, qadağa səddi aşıldı.

Az sonra da Almatıda “Dəfetmə” (1987), “Yanvardan apreləcən” (1989), Moskvada “Bağlama” (1989) poetik topluları işıq üzü gördü, “AZ i YA” qısa müddətdə (1989, 1991) iki dəfə kütləvi tirajla nəşr olundu...

 

4. Poeziyadan siyasətə və diplomatiyaya

Artıq Oljas Süleymenov təkcə şair, vətəndaş deyil, həm də ictimai-siyasi xadimiydi...

O, 1989-cu ildə Semipalatinsk nüvə poliqonunun bağlanmasına nail olmaq üçün “Nevada-Semipalatinsk” plarformasını yaratmışdı. Həmin il oktyabrın 19-da sınaqlar dayandırılandan sonra da platforma öz fəaliyyətini davam etdirdi, daha genişmiqyaslı ictimai hərəkata çevrildi.

1990-cı ilin yanvarında Bakıya qoşun yeridiləndə ilk və ən kəskin etiraz bildirənlərdən biri də Oljas Omarulı idi, üstəlik, hədsiz çətinlikləri aşıb bir neçə gündən sonra özünü Bakıya çatdırmış, Azərbaycan xalqı və ziyalılarıyla bir sırada dayanmışdı. Ağır günlərimizdə onun bu cür mərdliyini də xalqımız heç vaxt unutmadı.

Az sonra artıq “Xalq yazıçısı” fəxri adını daşıyan Oljas Süleymenov nüvə əleyhinə hərəkatı Qazaxıstanın Xalq Konqresi Partiyasına çevirdi, respublika Ali Sovetinin deputatı seçildi. Təbii ki, Qazaxıstanın ilk müstəqillik addımlarını atdığı o gərgin dövrdə sovet rejiminin dağılmasından xalqının mümkün qədər az itkilərlə çıxması üçün çalışırdı.

“Oljas Süleymenovun yanına gəlib öz dərdini söyləyən saysız-hesabsız adamlar vardı, - Rollan Seysenbayev o illəri belə xatırlayır. - O, hamını səbirlə dinləyib əlindən gələn köməyi göstərirdi. Cibindəki son rublunu belə bölüşürdü. Nə qədər adamın mənzil, maşın almasına, övladlarını məktəbə yerləşdirməsinə, günahsız dustaqların həbsxanadan buraxılmasına yardım göstərib. Oljasın “yox” dediyini heç eşitməmişəm...”

Təbii ki, o illərdə poetik yaradıcılığında da fasilə yaranmışdı. Amma şeirlərini kürsülərdə, mitinqçilər qarşısında söyləyir, dinləyənlərin qəlbinə yol tapmağı bacarırdı.

1990-cı ilin ortalarında respublikanın müstəqilliyi artıq təhlükədən uzaqlaşandan sonra artıq 60 yaşını haqlamış Oljas Süleymenov siyasətdən, meydanlardan uzaqlaşıb yaradıcılıq haqqında düşünə bilərdi.

Amma elə həmin il də ölkənin İtaliya, Yunanıstan və Maltadakı Fövqəladə və Səlahiyyətli səfiri təyin olundu...

 

5. Kökün və Ruhun sözlərdə axtarışı

“AZ i YA” Oljas Süleymenovun ruh və dilə bağlı trilogiyasının ilk kitabıydı...

 Axır ki, işləmək imkanı qazanan kimi, konsepsiyasının üzərinə qayıtdı, 1998-ci ildə Romada “yazının mənşəyi və kiçik bəşərin dili haqqında” adlandırdığı “Yazının dili” və “Allahın təbəssümü”, 2001-ci ildəsə “Kəsişən paralellər” (türk-slavistikaya giriş) araşdırmalarını nəşr etdirdi.

“1001 söz” adlandırdığı böyük etimoloji sözlüyə hazırlıq kimi düşündüyü “Yazının dili” araşdırmasında Oljas Süleymenov müxtəlif dillərin etimoloji sözlüklərinə əsaslanıb sözlərin mənşəyinə qrafik işarələr, ilk ieroqliflərlə genetik əlaqə kontekstində yanaşır, işarələrin yaranmasını və müxtəlif xalqların yazılarında gəlişmə yolunu izləyir.

Təbii ki, bu yeni araşdırma o vaxtadək irəli sürülən bütün konsepsiyaları puça çıxardığına görə Rusiyada gözardı edildi. Amma əsər 2006-cı ildə Kiyevdə ukrain dilində çapdan çıxdı, müəllifsə ali “Yaroslav Mudrı” ordeniylə təltif olundu. Məşhur özbək yazıçı Timur Zulfikarov kitabın miqyasını və sanbalıyla bağlı çox dəqiq fikir söyləyib: “Adama elə gəlir, “Yazının dili” əsərini çoxsaylı işlək şöbələri və kafedraları olan bütöv bir elmi-tədqiqat institutu hazırlayıb, araşdırmada linqvist-alimin soyuq, riyazi zəkası şair-peyğəmbərin yetkin düşüncələriylə çulğaşır...”

““1001 söz” əsaslı etimoloji sözlüyünün birinci cildinin layihəsinə dair” adlandırdığı “Allahın təbəssümü” araşdırmasıyla bağlı Oljas Süleymenov yazırdı: “Mən bu kitabda (“Az i YA”) indiyəcən eşidilməmiş və anlaşılmamış bəzi ideyalar irəli sürmüşəm. Əsl elmi dəyərsə məhz həmin ideyalardadır. “Allahın təbəssümü” kitabında həmin ideyalardan bəzilərinin üzərinə bir daha qayıtmaq istəyirəm”.

2001-ci ildə Almatıda işıq üzü görən “Kəsişən paralellər” kitabındasa Oljas Süleymenov qazax və rus dillərinin genetik cəhətdən köklü yaxınlığı ideyasını irəli sürdü, əslində, türk-slavistika araşdırma arealını müəyyənləşdirdı.

Həmin vaxt professor Viktor Badikov haqlı olaraq qeyd eləyirdi ki, “Oljas artıq bir sınaq meydanını bağlayıb, indi məqsədyönlü şəkildə ikinci – dil – sınaq meydanının bağlanması üzərində çalışır ki, qazax dili ümumqazaxstan dilinə çevrilsin...”

 

6. Dilin və Ruhun daha dərin qatlarına doğru

Oljas Omarulı 2001-ci ildə Qazaxıstan Respublikasının YUNESKO-dakı daimi nümayəndəsi təyin  ediləndən sonra da araşdırmalarından qalmadı, 2002-ci ildə “Türklər tarixəqədərki dövrdə” (qədim türk dilləri və yazılarının mənşəyi haqqında) monoqrafiyasını nəşr etdirdi, araşdırmaya görə Türkiyədə təsis edilmiş Gül-Tegin “Türk dünyasına xidmət” mükafatının ilk sahibi oldu.

Oljas Süleymenov slavyan və türk dilləri arasındakı zahiri uzaqlığı bu dillərin sovet dövründə və sonrakı dövrdə bir-birindən təcrid edilmiş şəkildə öyrənir, bunu da minillər boyu ikidillilik yolu keçmiş etnosların qarşılıqlı əlaqədə inkişafına zidd sayırdı. O, türk və slavyan sözlüklərini və qrammatikalarını vahid görüş sahəsində nəzərdən keçirəndə bir-birilərini qarşılıqlı tamamladıqlarını bildirirdi.

2013-cü ildə Almatıda işıq üzü görən, ““1001 söz” etimoloji sözlüyünə giriş” dlandırdığı “Sözün kodu” araşdırmasında Oljas Süleymenov söz fenomeninin şifrələrini açır, başlıca diqqəti söz-işarələrə, söz-simvollara çəkir, bəşər övladının yaratdığı ilk kəlmələrin mənşəyini saf-çürük eləyir. O, fonetik müvafiqlik metodunun məhdudluğunu da nəzərə alır, razılaşır ki, söz tarixinin yalnız üst laylarını öyrənmək mümkündü. Üstəlik, əsərdə “Şumerdə türklər”, “Qədim Misirdə türklər”, “Etruskiyada Türklər”, “Qədim Hindistanda türklər”, “Qədim Çində türklər” və s. mövzularına da toxunur, gələcək elmi araşdırmaların perspektivlərini və yönümlərini müəyyənləşdirir.

Andrey Voznesenskinin önsöz yazdığı “Asiya tonqalları” poetik toplusunda (2018) da Oljas Süleymenovun nəfəsi Tarixin o başından, Sözün alt qatlarından gəlir. “Mən özümü Peqasın belində irəli şığıyan atlı deyil, tarixin at tövlələrinin mehtəri sayıram, - Oljas Omarulı deyirdi. – Özüm də öz köklərimi müəyyənləşdirməliydim, çünki köksüz ağac qol-budaqsız və meyvəsiz dirəkdən başqa bir şey deyil. Bəşər bağında alma ağacını xatırladan xalq da belədi. Məncə, bu – özünü tapmaqla xalqı tapmaq – qazax yazıçısının yeganə mümkün özünütəsdiq formasıdı...”

Xalqının keçdiyi tarixi yolun bu cür geniş miqyasda dərk olunması, Şübhəsiz ki, Oljas Süleymenovun qazax poeziyasına, üstəlik, bütövlükdə şərqşünaslığa və türkologiyaya sanballı töhfəsidi...

 

7. Doğma evi saydığı torpağa sevgi

Oljas Süleymenovun Azərbaycanla bağlılığı, səhv eləmirəmsə, elə 70-ci illərin ortalarından, “AZ i YA” kitabı yasaq ediləndən sonra başamışdı. Onun türkoloqlar Aydın Məmmədov, Kamil Vəliyev, Kamal Abdulla, şairlər Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlıyla... daimi ünsiyyəti vardı, Qara Yanvardakı səfərinəcən Azərbaycanda olmuş, bu torpağı sevmişdi. 1984-cü ildə Cabir Novruzun tərcüməsində “Çöllərin ruhu” adlı poetik toplusu da nəşr olunmuşdu.

Oljas Süleymenovun “AZ i YA” əsəri yasaqdan qurtulandan sonra bəlkə, ilk dəfə Azərbaycanda (unudulmaz Natiq Səfərovun tərcüməsində) kütləvi tirajlaq işıq üzü gördü, şeirlərini Akif Əhmədgil, Mahir N. Qarayev, araşdırmalarını isə Nizami Zöhrabi çevirdi. Onun yeganə bədii nəsr nümunəsi olan “Toyuq günü” hekayəsini isə mən tərcümə elədim, 2022-ci ildə nəşr etdirdiyim “Qazax nəsri” antologiyasına saldım. Həmin hekayədə belə, o, tarixin dərin qatlarına üz tutur, albanların qədim dövrlərdə Xan Tenqri ətrafında yaşadıqlarından, sonralar böyük bir hissəsinin Qafqaza köçdüklərindən, qüdrətli dövlət yaratdıqlarından söz açır.

Böyük söz və düşüncə adamının özü də unudulmadı, Bakıda 70, 75, 80, 85 illik yubileyləri böyük təntənəylə qeyd olundu, Bakı Dövlət Universitetinin fəxri doktoru seçildi, “Şərəf”, “Dostluq”, “Şöhrət” ordenləri, Azərbaycan Prezidentinin fəxri diplomuyla təltif edildi. 2016-cı ildə isə “TEAS” Nəşrlər Evi şairin 80 illik yubileyi münasibətilə “AZ i YA”, “Gil kitab”, “Türklər tarixəqədərki dövrdə”, “Sözün kodu” əsərlərinin, bir də haqqındakı məqlələrdən ibarət “Oljas fenomeni” toplusunun daxil edildiyi Azərbaycan, türk və ingilis dillərində kitablar dəstini nəfis şəkildə oxuculara çatdırdı. Bütün bunlar Azərbaycanın böyük şair və mütəfəkkirə səmimi sevgisi müqabilində vəfa borcudu.

Oljas Süleymenovun “Ural sahilində can verən yaralı Maxambetin son düşüncələri” şeirində (tərcümə Mahir N.Qarayev) belə bir bənd var:

 

...Odur ki köç-köçəbə

şirnikdirib özüylə aparanda nəslimi –

bu zülmü tək çəkirəm;

hünəri çatmayanda söz deməyə bir kəsin,

bağlanır dilim-ağzım – şeirlər yazıram mən.

 

Poeziyaya öz nəfəsini gətirən, tarix, etimologiya, linqvistika, türkologiya bə slavistikada sanballı sözünü deyən, ölkəsiylə yanaşı, Türkiyə, Ukrayna, Rusiya, Fransa, Yaponiyanın... ali mükafatlarına və təltiflərinə layiq görülən, zəmanəmizin 22 böyük mütəfəkkiri siyahısına daxil edilən, 2022-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı nominantlarından biri olan Oljas Süleymenov keçdiyi ömür və yaradıcılıq yoluyla haqlı olaraq, qürur duya bilər...

 

Epiloq

Qələm dostum Rollan Seysenbayev dilimizə çevirdiyim “Olljjaaaaass!” essesində Oljas fenomenini çox gözəl ifadə eləyib:

“Oljas Süleymenov – XX əsr qazax poeziyasının arqamakıdı.

“Gil kitab” – dünyanın ən yaxşı eposlarından biridi.

“Az və Ya”, “Yazının dili” – yüzillərin Həqiqətini günümüzə çatdıran əsərlərdi.

Oljas Süleymenov – bəşər düşüncəsinin nadir hadisəsidi.

Oljas Süleymenov – həyata da, sənətə də, başqa şeylərə də xəyanət eləməyən qazaxdı.

Oljas Süleymenov – kimsəyə baş əyməyən qazaxdı. O, xahiş eləməyib. O, aman diləməyib. O, həqiqəti söyləyib. O, ləyaqətli həyat sürüb. O, sanballı, təmkinli, coşqun bir ömür yaşayıb...”

Məncə, bu sözlərə nəsə əlavə eləməyə ehtiyac yoxdu...

2026, may

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0