Qaratorqayın son uçuşu - "Qazax ədəbiyyatı" rubrikasında..

Avq 30, 2026 - 12:14
 0  29
Qaratorqayın son uçuşu - "Qazax ədəbiyyatı" rubrikasında..

Yazici.az-ın "Qazax ədəbiyyatı" rubrikasının bu həftəki qonağı nasir, dramaturq Səken Yunusovdur. 

Saken Junusov (Səken Nurmakulı Junisov, 1934, 1 fevral – 2006, 29 aprel) – nasir,  dramaturq.

S.Junusov Akmola vilayəti Akjar rayonunun Kızıl-Tu kəndində doğulub. Qazaxstan Dövlət Universitetinin filologiya fakültəsini (1957) və aspiranturasını (1959) bitirib. Dövri mətbuat orqanlarında, teatrda çalışıb, Kustanay Pedaqoji İnstitutunda dərs deyib, “Qazax ədəbiyyatı” qəzetinin əməkdaşı (1964-1968), SSRİ Ədəbiyyat Fondu Qazaxstan şöbəsinin direktoru (1988-1992), QYİ-nın katibi (1992-ci ildən) olub.

Yaradıcılığa ötən əsrin 60-cı illərindən uşaqlar üçün qələmə aldığı “Ovda” (1958), “Nənə, təbib və həkim” (1961), “Kimin evi yaxşıdır?” (1962) hekayə topluları ilə başlayıb. “Silinməz izlər” (1961), “Çöldə tənha ev” (1968), “Axan-sere” (1971-1977), “İlk vaqon” (1986), “Çığır” (1997) adlı hekayə topluları, povestləri, romanları ilə qazax ədəbiyyatının zənginləşməsinə xidmət edib. Eyni zamanda da dramaturq kimi 17 pyes qələmə alıb, əksəriyyəti respublika teatrlarının səhnəsində tamaşaya qoyulub. Dünya və rus nəsrindən peşəkar tərcümələri ilə də tanınıb.

S.Junusov ədəbi uğurlarına görə bir sıra dövlət təltiflərinə, Abay adına Qazaxstan Dövlət Mükafatına (1986) və “Qazaxstanın Xalq Yazıçısı” fəxri adına (1996) layiq görülüb.

 

QARATORQAYIN SON UÇUŞU

(hekayə)

        

Aman kəskin quş qıyından oyandı. Səsindən dərhal tanıdı: qıy vuran onun qoca berkutu Qaratorğay idi. Axan nə barədəsə dərin düşüncələrə dalıb dillənmirdi. Berkut isə qıy vura-vura yurtun üzərində bir də dolandı. Sonra bir daha dövrə vurdu.

İkinci dəfə qanadını yurta çırpıb bir daha geri dönmədi. Uça bilmir. Yazıq Qaratorğay qocalıb, heydən düşüb. Tamam arıqlayıb, bürüşüb, indi qoca berkut kərkincəkdən də zəifdi. Quş da insan kimi qocalır: əvvəlcə gözləri parıltısını, kəskinliyini itirir, bir vaxtlar dolğun, çevik olan əzələləri boşalır, damarları zəifləyir. Gücünü itirəndən sonra bir vaxt rəngdən-rəngə çalan lələkləri seyrəlir, tutqunlaşır, pırtlaşıq hala düşür. Artıq berkut heç əvvəlkinə oxşamır. Köhnə tükünü düz payızadək tökmədi. Qanadları heydən düşüb, quyruğunun lələkləri lap yumşalıb, sanki quşu yolublar.

İndi bir vaxtlar qorxunc olan quş dimdiyi qalpaqsız, sağsağan kimi tullana-tullana ocağın yanında gəzinir, yemək qalıqlarını dənləyirdi. Bəzən sanki işıqdan qorxub yurtun lap qaranlıq küncünə, sandığın böyrünə soxulur, Axan işığa çıxaranacan orda qalırdı. Qanadlarını açanda insanın yanlara uzanmış qollarından da uzun olan berkut indi bu hala düşmüşdü!

Bu gün axan berkutu da yurtun böyründəki arabanın bir tərəfinə qoymuşdu. İndi quş keçmiş illərdə olduğu kimi, dimdiklərini hiddətlə arabaya vurmur, uçmaq istəyib qanadlarını çırpmırdı. Əgər əvvəllər səmanın ənginliyində nöqtəyə çevrilib qanad çalanda yerdəki düyməni səhvsiz-filansız ayırd eləyə bilirdisə, indi gözlərinə ağ gəlmiş yarıkor qocalar kimi, düz burnunun ucunda olan şeyləri çətinliklə seçirdi; Qaratorğay müəyyən bir şeyi görməyə çalışa-çalışa boynunu uzadır, amma tullanmağa qorxur, saralmış caynaqları ilə arabanın çıxıntısından bərk-bərk yapışır, yerində donub qalırdı. Onun tutqunlaşmış nəmli gözləri gah yumulur, gah açılırdı, qəfildən qorxmuş halda diksinir, tardan qalxan xoruz kimi, tələsik özünü düzəldirdi. Gözlərini bir nöqtəyə dikib huşa getmiş halda durur, yenə mürgüləyirdi. Artıq sərbəst uçmaq iqtidarında olmayan miskin quşu Axan bu gün də arabadan götürmüş, havada yelləyib mümkün qədər hündürə atmışdı ki, heç olmasa, qanadlarının uyuşuğunu bir qədər açsın. Havadan asılı qalmış berkut istər-istəməz qanadlarını çırpmalı olmuş, yüksəyə qalxmışdı. Bununla belə, əvvəlki tək ənginliklərdə qanad çalmamışdı. Qaratorğay qanadlarını açıb çalağan kimi iri dövrələr vurmağa başlamışdı. Bu da ondan ötrü adi bir şey idi. Axşam düşəndə aşağı enir, yurta qayıdırdı.

 “Görünür, biçarənin qanadları yorulub, amma qonmağa qorxur, artıq bir neçə dəfə uğursuzluğa düçar olub, ona görə də qıy vurur. İndisə, yəqin, yenidən havaya qalxıb”.

Südün qaynaması üçün kifayət qədər vaxt ötdü. Axan uzanıb susurdu. Cavanlıq çağları gözlərinin qarşısından ilğım kimi ötüb keçdi; həmin çağlarda o, şən qayğısız el nəğməkarı kimi yaşayır, günlərlə Alibekin bağışladığı bu berkutla ova çıxırdı. Qaratorğay əməlli-başlı qocalmışdı! Bu fikir daim Axanın qəlbində kədər və təəssüf hissləri oyadırdı. Qəlbinin dərinliklərində artıq çoxdan unutduğu bir hava yaşayırdı. Amma berkutun qıyını eşidəndə həmin hava yenə üzə çıxdı. Həm də havanın nə əvvəli, nə də sonu vardı, nəğmənin qarayaxa kölgəsindən başqa bir şey deyildi: “Ay biçarə, qıy vurursan yerə qona bilmədən...” Vəssalam, nəğmə bununla da bitirdi. Bu dəfə o incə, rəvan nəğmə, deyəsən, uzaqlardan axıb müğənninin qəlbinin simlərini ehtizaza gətirdi, sonra yenidən dağılıb yoxa çıxdı. Bəzən həmin nəğmə qəfildən peyda olur, Axana yad görünürdü, sanki artıq kimdənsə eşitmişdi, belə məqamda da qəlbi laqeydcəsinə susurdu. Amma nəğmə izsiz-tozsuz itmir, gecə usan yarasanın qanadlarının asta mehi kimi sinəsini sıxa-sıxa hey uçur. “Sən yer üzərində qıy vurursan, biçarə...” Hə, sonrası necədi? Axan hiddətləndi. Bu mənasız, faydasız havanın müəyyən bir yararsız misrayla beynində fırlanması, ondan canını heç cür qurtara bilməməsi onu qəzəbləndirirdi. Adamın çöldə gözlədiyi, söz verib gəlməyən dostuna bu cür acığı tutur.

Axan çevrikirdi, bu nəğmə kişini qoynuna düşmüş köz kimi yandırırdı, qəfildən də Qaratorğayın indi, təxminən güman ki, uçduğu ənginlikdə kəskin qıy səsi eşitdi. Qaratorğay da cavan olanda, qayğı görəndə bu cür qulaqbatırıcı, qorxunc tərzdə qıy vururdu. Aydın, zəhmli səs sanki təmiz payız havasını qılın kimi doğradı. Axan necə ayağa qalxıb bayıra cumduğunu hiss eləmədi. Qorxudanmı, yozsa sevincdənmi ürəyi sıxıldı. Berkut son gücünü toplayıb axırıncı ovuna çıxmaq qərarına gəlsəydi, Axan köhnə dostuna görə şad olardı!.. Amma o, başqa şeydən qorxurdu: qartallar ölməzdən əvvəl sahibləriylə vidalaşanda məhz bu cür səs çıxarırlar...

Yox, bu dəfə uzaqdan gələn qıy başqa quşun idi. Axan başını geri atıb səmanın ənginliyinə göz gəzdirdi, naməlum bir quşun sürətlə Qaratorğayın üstünə cumduğunu, qanadı ilə ehmalca toxunduğunu, dərhal da əyri xətt üzrə havaya qalxdığını gördü. “Lap cavan qartal balasıdı, görünür, hələ əhliləşməyib”, - Axan qət elədi. Bala qartal eynilə cavan Qaratorğaya oxşayırdı - ənginlikdə qanadlarını ucadan şappıldadıb bükür, dərhal da ox kimi aşağı şığıyır, elə bil, əyilib yuxarı qalxırdıl. Qartallar o ənginlikdə əylənir, səmanın simasında bir cüt qara xalı andırırdılar.

Cavan qartalla əylənən Qaratorğay var gücüylə ondan geri qalmamağa çalışırdı, quşlar get-gedə meşəyə doğru uzaqlaşırdılar...

 

***

Sakit günorta vaxtı idi. Çöldə meh belə əsmirdi. Koskolun səthində ləpə belə gözə dəymirdi. “Ola bilsin, dənlənmə yerindən qayıdıblar, indi gölün ortasındakı qamışlıqda sakitcə su bitkilərini dimdikləyirlər”. Yalnız bir neçə quş balalarını qoruya-qoruya yuvalarının üzərində dövrə vururdular.

Iban gölün bu sahilində oturub. Qəddinin əyib-düzəldəndə çılpaq kürəyi parıldayır. “Yazıq oğlan paltar yuyur”. Axan asta-asta irəliləyib onu arxa tərəfində dayandı. Lal-kar oğlu onun yaxınlaşdığını sezmədi. Sahildə, otların üstündə Axanın və Ibanın bir neçə yaş köynəyi, köhnə, didik-didik olmuş ipək adyal sərilib.

Iban üzərinə  dəri çəkilmiş qalın adyalı çaladakı təmiz sudan çıxarmağa başladı. Arğaz, qəmgin sifətli oğlanın hərəkətləri də ləngdi. O, nazik barmaqlarıyla adyalı sıxmağa başladı, gücü çatmadı. Axan dinməzcə adyalın o biri ucundan yapışdı, köməkləşib adyalı sıxdılar.

Axan yurtdan çıxanda gölün qırağı ilə gələnləri görmüşdü: üç araba idi, birinin ütü örtülmüşdü, təxminən on atlının müşayiətilə irəliləyirdilər. Onlar yoldan kənar yerlə, otluqların yanından keçib yaxınlaşırdılar, Axan yollarını azmışı yolçu olduqlarını düşünüb daha gələnlərə fikir vermədi. İndisə dəstənin gölün ətrafına dolanıb yaxınlıqdakı təpənin dik yamacında atları arabalardan açdıqlarını gördü.

Üstüörtülü arabadan enən üç nəfər Axan və Ibanın olduğu yerə yönəldi. Qadın, kişi, beş yaşlarında bir uşaq idi. “Kimdilər? Hardansa, uzaqdan gəliblər, görünür, Axanı tanımayan adamları, bu göldə pərilər və cürbəcür cinlərin olduğundan da xəbərləri yoxdu. Bilsəydilər, nəinki dayanıb atlarını arabadan açar, hətta dabanlarına tüpürüb qaçardılar...”

Axan axır vaxtlar eynilə adamlardan kənar qaçan, onların qarşısında öz günahının ağır yükünü hiss eləyən adam kimi, təsadüfi yolçularla həvəssiz görüşürdü. O, artıq dilsiz çöllə, göllə, ağaclarla səssiz-səmirsiz, lal-kar oğlu Ibanla əl-qol hərəkətilə söhbət eləməyə alışmışdı, başqa bir kimsəylə ünsiyyət axtarmırdı. Bəlkə elə buna görə yolçu “Əssalam-əleyküm” deyib salamlaşanda başını qaldırmadı, oğluyla adyalı sıxmağa davam elədi. Hətta çoxdan bəri eşitmədiyi insan səsindən sanki diksindi. Yalnız qadın səsi eşidəndə özünə gəldi:

-İzin versəydiniz, - qadın dedi, - yurtunuzdan çay qaynatmaq üçün içməli su götürüb nahar eləyərdik.

Bu məqamda Axanın canından düz təpəsindən dırnağınacan ötən soyuq keçdi.

“Çox tanış səsdi! Kimin səsidi axı?” O, bu səsi lap bu yaxınlarda eşitmişdi, hər gün – dünən də, bu gün də - eşidir. Təəccüblü dərəcədə tanış, məhrəm səsdi. Axan başını qaldıranda sifəti bir ucundan oğlunun yapışdığı, hələ də suyu damcılayan yun adyal kimi ağardı. O, gənc, yaraşıqlı qadına baxa-baxa yerindəcə donub qaldı: qadının başında ağ ipək yaylıq, əynində uzun məxmər don vardı, üstündən nazik sapan (nazik üst geyimi) geyinmişdi. O da qarşısında kabus görmüş kimi, yerindəcə donub qaldı. İkinci yolçu demək istədiyi sözü yarımçıq kəsdi, çaşqınlıq içində gah qadına, gah da rənginin qaçdığını hətta bığ-saqqalının belə gizlədə bilmədiyi üzütüklü kişiyə baxdı.

-Axan ağa... sizsiniz? Aman Allahım! – Gənc qadının titrək, güclə eşidilən səsiylə birgə gözlərindən iki iri yaş damcısı diyirləndi.

Bu, Aktoxtı idi. O, ilk sevgisini, məşhur el nəğməkarına inc-cins olmayan çöldə, az qala, cır-cındıra oxşayan adyal yuyan yerdə rastlaşacağı heç ağlına da gəlməzdi: onda bu cür müğənnilər, çalğıçılar aulları sərbəst dolaşır, cəmi qazax çöllərinin fəxri sayılırdılar, bəzən yeməkdə, geyməkdə həddən artıq şıltaq, hətta təkəbbürlü, təmizkar, hər şeyin ağası olurdular; onun pərəstiş elədiyi, həyatında ağlagəlməz xoşbəxtlik bəxş eləmiş  ən yaxşı cigit – Axan da onlardan biriydi.

Qadın göz yaşlarını gizlətməyə çalışa-çalışa qorxmuş halda gözlərini onun üzünə dikmiş oğlunun çiyinlərindən yapışıb ehmalca irəli itələdi:

-Jaylyau-tay, bala, get dayı ilə salamlaş. O Axan ağadı!

Özü dinməzcə yaxınlaşıb Ibanın alnından öpdü. Kişi baş əyib əlini Axana uzatdı. Bu Jalmuxan idi.

“Qadın niyə susdu? Nəyə görə ağlayır? Qohumlarıdı?... Yoxsa yolçuların bu ucsuz-bucaqsız çöllərdə tək-tənha olan ata-oğula yazıqları gəlir. Bəlkə, onlardan biri digərinin qarşısında günahkardı”. Bütün bunları atasının həyatında baş vermiş çox hadisələrdən xəbər tutmanış Iban da, hələ talenin nə olduğunu, insanın başına hansı oyunlar açdığını bilməyən balaca Jaylyau da dərk eləmirdi. Yad, naməlum qadın Ibanı qucaqlayıb alnından öpəndə nənə nəvazişi görmüş, amma ana mehrindən məhrum olmuş oğlanı sanki heç vaxt duymadığı, eyni zamanda da nə vaxtsa keçirdiyi məhrəm bir hiss təpədən-dırnağacan bürüdü, ürəyi bərk-bərk döyündü, qan damarlarında daha sürətlə axmağa başladı. Böyüklərlə danışmaq qaydasını öyrənmiş Jaylyau əlini Axana uzadıb “Əssalam-əleyküm, ata!” – dedi, saqqallı baba da “Böyük oğlan olasan!” – deyib qucağına götürdü, başını sığalladı, oğlan yad adamdan heç çəkinmədən bir əlilə onun boynunu qucaqladı, sanki çoxdan tanıyırdı.

Sükutu Jalmuxan pozdu:

-Gedim cigitlərə deyim, qazanı çıxarıb ocaq qalasınlar. Gedək Jaylyaucan!

O, iki damcı su kimi özünə oxşayan, amma qızlar kimi ağsifət, qırmızıyanaq olan oğlanın əlindən tutub yol yoldaşlarının yanına getdi. Axan atasının böyrüylə yanlarını basa-basa yeriyən oğlanı nəzərləriylə ötürdü, sonra oğluna sarı döndü:

-Axı, hər halda, biz də evə getməliyik, hə, Ibancan! – O, dillənib oğluna işarə elədi.

Oğlan cavabında barmaqlarını, dodaqlarını tərpətdi, dilini göstərdi. Axan başını tərpədib cəld əl-qol hərəkətiylə Ibanın dilində başqa şeylər də dedi: “Bütün quru, qaxac balıqları qazana tök, az olsa, badyanı götür, gölün qırağına hərlən, bəlkə, qarmaqlara nəsə keçib”.

Aktoxtı qollarını çırmayıb mis qazanı yaxına çəkdi.

-Yuyulmalı nəyiniz var, gətirin, - dedi.

O, hələ yuyulmamış paltarları suya töküb, otlardan düzəldilmiş qaramtıl, girdə sabunu götürüb cəld hərəkətlə, məharətlə yumağa başladı...

Bir vaxtlar görüş məqamını gözləyən, nəhayət, tək qalanda bir-birinin ağuşuna atılan, ayrıla bilmədən uzun müddət qucaqlaşmış halda dayanan iki nəfər indi susurdu. Onlar bir-birinə həddən artıq yaxın, həm də bir-birindən çox uzaq idilər. Aradan uzun, çox kədərli illər ötmüşdü! Sonuncu dəfə də olsa, təki bircə kərə təklikdə görüşmələrini, bir-birinə qəlblərini açmağı arzulaya-arzulaya nə qədər yuxusuz gecələr keçirmişdilər?!

Bax, indi tək qalmışdılar, yanlarında heç kəs yox idi. Hə, nə olsun axı? Bəs sonra görüşəndə bir-birinə söyləmək üçün qızdırmalı kimi təkrarladıqları sözlər hanı? Yoxsa bütün sevgilər yadlıqla nəticələnir? Yoxsa bu, yaşlandıqca hisslərin öləzidiyinin, yaşadıqlarının keçmişdə qaldığının, üstünü toz basdığının əlaməti idi? İndi qəlb açmağın, səmimi etirafların nə əhəmiyyəti vardı. Bu kimə fayda verəcəkdi? Axan da, Aktoxtı da, ola bilsin, bu barədə düşünürdülər...

 

***

Atları yemləmək, özləri də yeyib, yollarına davam eləmək niyyətində olan yolçular dincəlmək üçün qaldılar. Tənha yurtun sahibi başqa bir kəs yox, məhz Axan-sere olduğuna görə, Jalmuxan qərara gəldi ki, ocağı qalamaq üçün qonşunun üstünə qaçan adam kimi onu narahat eləmək yaxşı çıxmaz, bu fikirlə də götürdüyü kök toğlunu kəsməyi, arabanın arxa tərəfinə bağlanmış kımız dolu tuluqlardan birini açıb yurta aparmağı tapşırdı.

Adamlardan ötrü darıxmış Iban yolçuların bir neçə saat qalacaqlarından vəcdə gəlmişdi, atasının verdiyi bütün tapşırıqları yerinə yetirdi, üstüörtülü arabadakı tardan kərkincəyi götürüb yolçuların uşaqlarından bir neçəsiylə gölə getdi. Onlar qalın qamışlığa girib davulu bərkdən döyəcləməyə başladılar. Az sonra qamışlıqda sakitcə üzən ördək dəstələrindən biri hürküb havaya qalxdı. Ayağının ipi açılıb irəli şığıyan kərkincək də ördəklərin arxasınca cumdu. Quş azca arxası üstə çevrilib, boynunu qısıb özünü çaşqın dəstənin düz ortasına vurdu, bir göz qırpımında dimdiyinin ani zərbəsiylə üç ördəyi yerə saldı. Heç bir saat keçmədi ki, Iban yeni dostlarıyla yurta beş-altı ördək gətirdi, cəld tükünü yolub artıq ocağın üstünə qoyulmuş su dolu ayrıca çuqun qazana saldılar.

Jalmuxanın yol yoldaşları arasında əvvəlki ilxıçısı Kulmak gözə dəymirdi, onu arvadıyla çıxdığı səfərdə tamam başqa adamlar – yeni yetişmiş cavanlar müşayiət eləyirdilər. Bu cavan cigitlər Axan və Aktoxtının tarixçəsini ucundan-qulağından bilirdilər, soruşan olsaydı, onlar barəsində düz-əməlli bir söz deyə bilməzdilər. Bu vaxtacan Axanı görməmişdilər, ancaq kimsə aulda oxuyanda nəğmələrini eşitmişdilər, özlərisə oxuya bilmirdilər. Onlar başqa – çöl-biyabanda tənhalıqdan ağlını itirmiş, axşamlar su pəriləriylə gölün kənarında gəzən, onlarla gülüb-əylənən Axanı tanıyırdılar.

Elə buna görə də cavanlar süfrə arxasında oturanda Axana altdan-altdan, ehtiyatla baxa-baxa susurdular. Onlar yurt sahibinin hərəkətində, davranışında dəlilik əlaməti tapmağa çalışırdılar: bu adamın içinə şeytan girmişdisə, bəs o şeytan harda qərar tutmuşdu? Onu yoldan çıxaran pəri hardadı? Heç olmasa, gündüzlər normal adama çevrilirsə, nəğməsini dinləmək zövq verərdi! Amma bu xahişlərini bildirməyə cəsarət eləmirlər, üstəlik, qorxurlar. Jalmuxan da dinməzcə, ağır düşüncələr içində oturmuş akına altdan-altdan göz qoyur, o da xahiş eləməyə çəkinir. Şorba çəkən Aktoxtı süfrə arxasında oturanların istəyini sezib, vəziyyətlərini başa düşüb sereylə (musiqiçi) danışmaq cəsarətini öz üzərinə götürdü.

-Axan ağa, siz bu uşaqları tanımırsınız, yəqin ki, görməmisiniz. Son illərdə aulda yetişən cavanlardı. Sizi əvvəllər görməyiblər. Eşidənlər də haqqınızda ancaq cürbəcür səfeh şayiələr eşidiblər, onlara fikir verməyin, - Aktoxtı mətləbə uzaqdan başladı, aul dedi-qoduçularını mühakimə elədi, Axanı pis niyyətlərdən qorudu, sözünü xahişlə tamamladı. – Neçə illərdi ki, gözəl nəğmənizi, ürəyəyatımlı səsinizi

eşitməmişik! Qoy cavanlar necə oxuduğunuzu öz qulaqlarıyla eşitsinlər, öz gözləriylə görsünlər. Zəhmət olmasa, bir hava oxuyun!...

Axan başını qaldırıb Aktoxtıya baxdı. O, danışığı, zahiri görkəmiylə qıza oxşamırdı: qarşısında ağ qu quşlarını xatırladan Aktoxtı yox, yanıbalalı ördəyi xatırladan, yetkin, bir qədər kökəlmiş Aktoxtı dayanmışdı. Gənclərə öyüd-nəsihət verməyə, onlara qəti söz deməyə layiq təmkinli ana idi. Amma o, səsinə görə əvvəlki Aktoxtı idi: o Aktoxtı öz qız səsiylə seresinin gözləri içinə mehribancasına, nəvazişlə baxıb xahiş eləyə bilərdi: “Məndən ötrü, bu işıqlı dünyada ancaq məndən ötrü oxu!” O Aktoxtı gözləri yaşlı halda vidalaşanda deyirdi: “Mənə mənim haqqımda nəğmə oxu ki, həmin nəğməni yad diyarlara apara bilim, heç olmasa, o soyuq diyarlarda qəlbimi isitsin, tamam ruhdan düşməyə qoymasın...”

-Baxın, baxın, bir qaraquş düz bura uçub gəlir!

Bu gün səmada həmişəkindən da çox qanad çalan Qaratorğay sanki sahibinin istəyindən xəbər tutub yurta qayıdırdı.

-Ey, o yoxsa dəli olub?! – Cigitlər təəccüblə dilləndilər.

Amma sonra məsələnin nə yerdə olduğunu başa düşdülər; berkut yerə lap yaxınlaşdı, qarnı, az qala torpağa dəyəcəkdi, sonra ümidsiz halda qıy vurub yenə havaya qalxdı. Quş bir neçə dəfə geri dönüb qonmağa cəhd elədi, amma hündür otlara toxunan kimi, daha bərkdən qıy vurub göyə milləndi. Bu dəfə lap yuxarı qalxdı, qanad çala-çala yurtun üzərində dövrə vurdu.

-Baxın, baxın, - oğlanlardan biri dilləndi. – Görün qarını necə parıldayır, rəngdən-rəngə çalır!

-İlahi! – Digərləri heyrətləndilər.

Günəş qüruba enirdi, berkutun göyümtül qanadlarını aşağıdan nura boyayan şüaları şeh damcılarında rəngdən-rəngə çalır, mirvari kimi qırmızı, yaşı çalarlara düşürdü.

-Mərcandı, - Axan dilləndi.

-Mər-ca-an?

-Hə, Qaratorğayımın hər lələyində bir mərcan var, - Axan dillənib köks ötürdü.

Qoca berkutun bu gün həddən artıq uzun müddət uçması onun xoşuna gəlmirdi. “Deyəsən, son uçuşudu”, - yenə kədərlə düşündü. Onun gümanı doğru çıxdı. Bəzən Axanın ov vaxtı gün ərzində bir neçə dəfə, gah canavarın, gah da tülkünün üstünə qaldırdığı, bununla belə, yorulub-usanmadığı Qaratorğay indi tamam əldən düşmüşdü. Qanadları altında parıldayan, günəşin şüaları altında rəngdən-rəngə düşən su damcıları qoca berkutun bədənindən şırnaq kimi çıxan tər damcılarından başqa bir şey deyildi. Quşun sahibi də, qonaqlar da bunu açıq-aydın sezdilər. Amma akın o damcıları mərxan adlandırmaya bilməzdi.  Heydən düşmüş berkutun cavan berkutla bürün gücünü son damlasınacan verdiyi yarışında cismindən çıxan son tər idi, buna görə də gənс avaraların nəzərində belə bir ucalığa layiq görülmüşdü.

-Qaratorğaydı, dediniz? – Jalmuxan göyə baxa-baxa dilləndi. – Hələ ətcəbala olanda Alibekin bağışladığı berkut deyil? Mən də əvvəlcə elə bildim, çalağandı. Necə də balacalaşıb!

-El məsəli var: At arıqlayanda yabı, cigit arıqlayanda skelet olur, quş qocalanda müqəvvaya çevrilir. Bu sözlər məhz Qaratorqay barədə deyilib, indi qocalıb, əldən düşüb. Bax, uçur, amma yerə qona bilmir, ona görə də qıy vurur.

-Deyirsiniz, yerə qona bilmir?

-Bəyəm, belə bir kəlam eşitməmisiniz: quşun qanadları uçmaq, quyruğu isə yerə enmək üçündü. İndi Qaratorğayın quyruğunda bircə lələk belə qalmayıb. Quşun isə dayağı quyruğudu. Artıq sinəsi üstə enməyi sınaqdan keçirib, amma havaya qalxıb, bir neçə dəfə arxası üstə çevrilib. İndi qorxur. Yerdə özünə dayaq tapa bilməyən insan da bu vəziyyətə düşür. Axına qapılıb gedir, bacardığı qədər qıvrılır.

Axan köks ötürüb susdu. Aktoxtı gözləri yaşarmış halda gah qoca berkuta, gah da sahibinə baxırdı.

Günəş artıq batmışdı. Qəfildən ənginlikdə qanad çalan berkutun qıyı eşidildi. Axan bu dəfə səhv eləyə bilməzdi: qıy vuran Qaratorğay idi! O, yerindən dik atılıb bağırdı:

-Getdi, getdi! Biçarə Qaratorğay! Əlvida, vüqarlı berkutum! – Axan əllərini göyə qaldırdı.

Süfrə arxasında oturanlar da onun ardınca ayağa sıçradılar. Axanın toranlıqda vəhşisayaq bağırtısı onun xəstəlik tutmasının əlamətindən başqa bir şey ola bilməzdi.

Qaratorğay vida qıyı vurub uzaqlardakı Kokşe dağlarına sarı üz çevirdi və zülmət ənginklikdə yoxa çıxdı.

-Dombramı (qazax çalğı aləti) verin, dombramı! – Axan elə həmin həyəcanlı səsi ilə dilləndi. – Yurda, sandığın yanındadı. – Getdi, getdi! Qaratorğay daha yoxdu. Ətcəbala kimi götürüb öz əlimlə ağ boyunlu quş olanacan böyütdüyüm berkutum! Əlvida, əlvida, ey quşum, ey gəncliyimin sevinci. Yaxşı it də ölümünü kimsənin görməsini istəmir. Sən mənim əsl qartalım idin axı, Qaratorğayım! Əlvida!

Kokşe torpağına zülmət çökür, sakit, küləksiz gecə olacağını vəd eləyib get-gedə qatılaşırdı. Kədərli Axan barmaqlarını dombranın simləri üzərində gəzdirə-gəzdirə uzun müddət oturdu, sonra qəfildən məlahətli səsi ilə sükutda quş kimi qanad çalan, zərif ipək kimi simlərə tökülən nəğməsini oxudu:

        

Baxın, uçub gedir uzaqlara Qaratorğay,

Mərcanlar bərq vurur qanadları altında...

 

Axan iki misranı uzada-uzada, hissiyyatla oxuyub bir anlığa susdu, sonra davam elədi:

        

Səninlə bir böyüdük lap kiçik yaşlarından,

Nədən bəs indi, nədən, belə itirdim səni?

Uçub getdin, Qaratorğay, minbir əzab ilə,

Ay biçarə, qıy vursan, qona bilməyib yerə...

 

Saf, şəffaf, eyni zamanda, Koskol gölünün suyu kimi dərin, sərin axşam mehinin havaya qaldırdığı nəğmə asta-asta dinləyicilərin qəlbinə hopur, onlara layla çalıb uyudurdu. Bəzən adama elə gəlirdi ki, nəğmə də Qaratorğay kimi, ənginliklərdə qanadlarını ahəngdar tərzdə tərpədir, Kokşe torpağının üzərində cövlan eləyir, sonra uzaqlara uçub gedir, indi bütün qazax torpağının üzərində qanad çalır, hər bir qəlbdə əks-səda tapır. Süfrə ətrafında oturan adamlar isə özlərini unudub dinləyirdilər, ürəkləri izaholunmaz ağrıdan, kədərdən sıxılırdı. Axan hər bir hecanı mümkün qədər uzada-uzada oxuyur, hisslərini də, naməlum sirrini də sözlərə hopdururdu, səsi topulqa budağı kimi  elastik idi. Sanki bu nəğmə taleyin gərdişilə dostunu itirən, sevdiyi kəsin hərarətini hələ də qəlbində saxlayan, qəlbi hələ də onun nəvazişilə qızınan adamın etirafı idi: o, əllərini həmin kəsə açır, qəlbini ovuclarına qoyur, amma təəssüf ki, hələ gecdi. Ona görə də nəğmədə külə dönən istək-arzuların, doğrulmayan ümidlərin kədəri, gəncliklə vidalaşmağın qüssəsi, itkinin ağrısı duyulur. Bununla belə, dərin ahların arxasında taleyin ayrı saldığı adama işıqlı xoşbəxtlik və xeyir arzuladığı hiss olunur...

Axanın gecədən xeyli keçmiş yola düşən gözlənilməz qonaqları da bu cür hisslər və düşüncələrlə getdilər. Qulaqlarında tənha akının o qəlbə toxunan nəğməsi hələ uzun müddət də səsləndi. Faytonun pəncərəsindən Ayın nuruna bələnmiş çölə baxan Aktoxtı könlündə yeri olan sereylə görüşünü dönə-dönə gözləri qarşısına gətirirdi. Öz ömrünü bədbəxt lal-kar oğluyla birgə göl kənarında tək-tənha keçirən guşənişin adama rəğbətini, yaxud şəfqətini bircə kəlmə ilə belə büruzə vermədiyinə görə, həddən artıq təəssüflənir, kədərlənirdi. Adamlar öz nəğmələrində ruhən də, cismən də gözəl olan kəsləri vəsf eləmiş, az qala, hər birinə nəğmə qoşmuş, adlarının nəsillərin yaddaşında əbədiləşdirmiş akınının haqqını nəylə ödəmişdilər?! Heç nəylə. Üstəlik onun dərd-sərinin üstünə daha böyük dərd-sər gətirmişdilər. Sən demə, biz kiməsə təskinlik verməkdə, yaxud sevinc bəxş eləməkdə acizik. Akının yanında nə qədər az dostu və rəğbət bəslədiyi, ehtiras duyduğu adam qalırsa, səsi o qədər boğulur, nəğmələri o qədər nadir hallarda eşidilir. Bu da qayğısız gəncliyi, əyləncə dolu illəriylə bağlı son xatirə. Səhərəcən səslənən nəğmələr, cıdırlar, ov quşları ilə uğurlu şikar. Qaratorğay onu həmişəlik tərk eləyib getdi. Onu keçmişlə bağlayan canlı bağ qırıldı. Bundan sonra sereni yeni nəğmələr yaratmaq üçün nə ilhamlandıra bilər? Biçarə Axan ağa. Tayı-bərabəri olmayan ağa. İstedadı, səxavəti sonsuz olan insan. Tale heç kəsə bu qədər ləyaqət bəxş eləməmiş, bu qədər də sınaqlara məruz qoymayıb! Səninlə bir də görüşmək mənə qismət olacaqmı? Qismət olsa, sənə nə faydam dəyəcək? Sənin qəlbinə nəylə təskinlik, sevinc gətirə bilərəm? Yalnız sənin nəğməni aullara yaya bilərəm, qoy sənin “Qaratorğay”ın başımızın üzərindəki ənginliklərdə qanad çalsın, yerə enməsin... Sən ən yaxşı nəğmələrini ifa eləmək üçün ən yaxşı müğənnilərə bağışlayırdın – adətin beləydi. Amma indi yanında dostun-tanışın yoxdu. Buna görə də nəğməni səndən sonra xalqının arasında ilk dəfə oxumaq hüququnu özümə götürürəm. Qorxma, nəğmənin nə sözlərini, nə də havasını təhrif eləyəcəyəm. Çünki mən oxumayacağam, daha doğrusu, səsimlə deyil, qəlbimlə oxuyacağam. Axı özün deyirdin, Axan ağa, qəlb heç vaxt yalan söyləmir. Sənin nəğmələrini öz balalarıma da, başqalarının uşaqlarına da öyrədəcəyəm. Sənin üçün bundan artıq bir şey eləyə bilmərəm, unudulmaz Axan ağam! Aktoxtı beləcə, Axanın nəğməsini gecənin qoynunda, çölün ağuşunda qəlbi ilə oxuya-oxuya gedirdi, göz yaşları səssizcə bəyaz yanaqları boyu axırdı...

Jalmuxan cigitlərlə yanaşı vüqarlı irəlidə gedirdi: onlar nəinki serenin arzusu Aktoxtını, həm də onun qürub vaxtı Qaratorğay haqqında akın qəlbiylə yaratdığı nəğməsini özlərilə aparırdılar.

 

***

Qoca berkutsa hələ də qanad çalır, amma zülmət gecədə necə uçduğunu bilmirdi. Heydən düşmüş qəlbi elə hey onu harasa tələsdirir, ənginliklərə doğru çəkirdi. Berkut nə qədər məsafə qət elədiyini bilmirdi. Sərin göylərin ənginliyində tək-tənha idi. Bu gün sanki ikinci nəfəs qazanmış, gənclik çağlarındakı güc-qüdrəti geri qayıtmışdı. Üstəlik, elə bil, gözləri də əvvəlki tək iti olmuşdu. O aşağıda dəvənin hürgücləri kimi dikəlmiş saysız-hesabsız tutqun təpələrin üzərindən ötdü, nəhayət, Ay bədirlənəndə Kokşe dağlarını gördü. Berkutun altından yamaclarını qalın şam ağacları meşəsi bürümüş yamaclar, ahəstə dalğaları sahilə çırpılan göllər ötüb-keçirdi. Axır ki, şiş uclu zirvəsi göyə millənmiş Ok-Jetpes (ox yetməz) göründü. O ağzının sarısı

getməmiş, ananasını gözləyə-gözləyə dimdiklərini acgözlüklə ayıran balasıyla belə bir qayanın daş oyuğunda günlərlə yaşamışdı. Qurşağına örkən bağlamış bir adam qayaya dırmaşmış, balanı kisəsinə qoyub aparmışdı... Bəlkə elə Qaratorğay məhz bu yerlərdə dünyaya gəlmişdi?! Bəlkə elə vətəni Ok-Jetpes idi?!

Qaratorğay çölün ortasında tək-tənha ucalan dağın üzərində fırlanmağa başladı. Hər dövrədə də get-gedə yuxarı qalxırdı. Nə qədər ucalırdısa, payızın soyuğunu o qədər çox duyur, bu da onu gümrahlaşdırırdı. Təcrübəli, qoca bir durna dəstəsini arxasına salıb aparır, arabir qağıldayır, dəstə də onun səsinə qağıldamaqla cavab verirdi. “Ey həyat! Sən demə, nəğməsənmiş!..”

Qaratorğay yenə tək qaldı. Daşlı sinəsi Ayın nurunu əks etdirən Ok-Jetpes də tənha idi. O digər dağlardan fərqlənirdi.

Berkut həddən artıq yorulduğunu indi dərk elədi. Həm də, həqiqətən, qocaldığına və əldən düşdüyünə inandı. Daha yuxarı qalxa bilmədiyini, qanadlarının heydən düşdüyünü, qaxsa belə başını gicəllənəcəyini anladı.

Bir an sonra ürəyi sıxıldı, ağlagəlməz sürətlə döyünməyə başladı. Berkut yeri-göyü lərzəyə salan qıy vurub son gücünü topladı. Sonra qanadlarını daha geniş açdı, elə bərkdən çırpdı ki, sanki göydə ildırım çaxdı, ardınca aşağı, Ok-Jetpesin tənha zirvəsinə doğru süzdü. Berkutun nurunu itirmiş gözlərindən yaş axır, sanki sonuncu həyat nəğməsi kimi ucadan fışıldayan soyuq havanı alnı ilə yarırdı. Solğun ulduzların yanından qara, uzunsov daş kimi ötürdü. Qaratorğay köylərin ənginliyindən aldığı ağlagəlməz sürətlə özünü Ok-Jetpesin qayalarından birinə çırpdı.

Tərcümə: Nəriman Əbdülrəhmanlı

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru