Qayğıların yurd yeridi ürəyim - Rəfail İncəyurdun şeirləri

İyl 4, 2026 - 20:32
İyl 4, 2026 - 20:40
 0  22
Qayğıların yurd yeridi ürəyim - Rəfail İncəyurdun şeirləri

Yazıçı Ədəbiyyat Portalı Rəfail İncəyurdun şeirlərini təqdim edir.

Özünə eləyir kim nə eləsə

Adamın əməli bumeranq kimi
Özünə qayıdır nizamla, sayla.
Özünə qayıdır tutub-qoyduğu,
Qayıdır quruyla, havayla, suyla.
Nə var yamanlığa, pisliyə nə var,
Kərən dığırlamaq bir içim sudu.
Hayandan başlayıb hayana getmək
Gedənin öz işi, öz arzusudu.
Sözümün canı da budu, xülasə,
Özünə eləyir kim nə eləsə.

Budağı göstərər kökdə olanı,
Əslin də, nəslin də sözü var onda.
Fələk də əyəmməz gen əyənləri
Yeddinci dönəmin özü var onda.
Balası görəcək bir gün xeyrini
Adamın xilqətə örnəyi varsa.
Allah bircə-bircə qoyub ovcuna
Özünə verəcək hər nəyi varsa.
Bir az geci-tezi olsa da, nəsə,
Özünə eləyir kim nə eləsə.

Olub, olacaqdır yuxarı başda
Öz halal işinin başında olan.
Bunu mən demirəm, atalar deyir:
-Çıxar qaşığına aşında olan.
Könlümdən keçənlər olmursa, demək,
Ruhumda olanlar içimdə deyil.
Birinə “hər” olan, birinə “heç”di,
Heç kim eyni boyda-biçimdə deyil.
Qardaş, mən beləym, sən də eləsən,
Özünə eləyir kim nə eləsə.

Dağın zirvəsinə ayağı dəyməz,
Gözünə durursa təpə adamın.
Bir yetim uşağın hoyuna çatmaq
gərək ürəyindən təpə adamın.
Yəqin hamı bilir dediklərimi,
Yoxdu bu şeirdə yenilik, əlbət.
Sadəcə, bir daha xatırladıram:
Axıra nə qalır?
-Hörmət, ya lənət.
Odur ki, mətləbi edirəm kəsə,
Özünə eləyir kim nə eləsə.
19.04.26

O var – bu var...

Bütün gedişatlar sözlə yarandı,
Yaralı sözə bax, yara qaşıyır.
Söz var dil altında xatadı, qandı,
Söz var gələcəyə sevgi daşıyır.

Özünə bir evdən yollanır hərə,
Sular mənbəyinin gözündən çıxır.
Nəsil var örnəkdi məmləkətlərə,
Nəsil var qatili özündən çıxır.

Bir halal qocanın çəkdiyi zəhmət
Bir halal cavanın umacağıdır.
Adam var millərtin başına töhmət,
Adam var başının ucalığıdır.

İnam azaldıqca artır gileylər,
Köhnə güvənləri itirən küsər.
Niyyət var havası qiyamət eylər,
Niyyət var çin olsa hamı gülümsər.

Kimdi dərs eləyən bu qədər görkü?
Çaxnaşan oldumu  bu zaman kimi?
An var ki, illərdən ağırdı yükü,
İl var ki, yox olur bircə an kimi.

Ya Rəbbim! Yaxşılar naçar olmasın,
Zaman ver, aman ver özün hər kəsə.
Nəsə var... O nəsə heç var olmasın,
Nəsə var... Var olsun olmalı nəsə!
31.01.25

Təzad

Gələn dedi:
-Ay vəfasız, ay gidi...
Eşitdikcə dalğalandı, səngidi.
Özü boyda məhəbbətdi, sevgidi,
Özü boyda işgəncədi bu dünya.

Gah görürsən ölməzini öldürür,
Gah sehrini, gah sirrini bildirir.
Ağlamağın tutan yerdə güldürür –
Əzab dolu əyləncədi bu dünya.

Həyat nədi?
-Gördüyündü, İncəyurd.
Göylərə bax: qara bulud, ağ bulud...
Hər hikkəli kobudunnan kor-kobud,
İncəsinnən çox incədi bu dünya.
30.10.24

Ürəyim

Bapbalaca uşaq kimi sinəmdə
Gah ağladı, gah kiridi ürəyim.
Əməlləri qıl körpüdə gözləyən
Ömrün hinkir-minkiridi ürəyim.

Qayğıları gərək başnan bölə ki,
Çırpınmaya gecə-gündüz höləki.
Varlığımı yolda qoymur hələ ki,
Qatar ömrün təkəridi ürəyim.

Sədaqətlə mehrlənib sanıma,
Təpər oldu qalası hər anıma.
Zulum çəkdi can verdikcə canıma,
Nəfəsimin nökəridi ürəyim.

O, cəfakeş, o, ağıllı, o, dəli,
Boynundadı həyatın son bədəli.
Qonaq gələn arzuların oteli,
Qayğıların yurd yeridi ürəyim.
20.08.24

Avtosual

Gəl yükləmə duyğuları bu qədər,
Yaşayırsan! Bəs deyilmi, İncəyurd?
Yaxşının da yaxşısı var… Nələrsə
ən pisdən də pis deyilmi, İncəyurd?

Ya dan yeri, ya günorta, ya toran!
Gələnə bax, gedənə bax anba-an!
Ürəyin dörd guşəsində çırpınan
“Həyat” adlı səs deyilmi, İncəyurd?

Tükənmirsə yaratmağın həvəsi,
Duyulursa gələn yazın nəfəsi,
Çağlayırsa sevgilərin zil səsi
Dərdin səsi pəs deyilmi, İncəyurd?

Ömür-gündü şeir-şeir sökülən,
Susur, dinmir abırına bükülən…
Qara geyib ağ kağıza tökülən
Vaxtdan gələn his deyilmi, İncəyurd?

Can deyilmi eşq əhlinə bəslənən?
Ruh deyilml gecə-gündüz süslənən?
…Nədir belə uzaqlarda səslənən?-
Göydən gələn “SOS” deyilmi, İncəyurd?
07.12.23

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0