Qoca Səmənd - HEKAYƏ

Apr 5, 2026 - 14:55
Apr 5, 2026 - 16:17
 0  17
Qoca Səmənd - HEKAYƏ

Yazıçı Ədəbiyyat Portalı Nurəddin Ədiloğlunun "Qoca Səmənd" hekayəsini təqdim edir.

Səməd Vurğun - 120

Uşaq çağlarımda eşitmişdim ki, Səməd Vurğun bizim kəndə ova gəlib. Şairin arabaçı Qismətin Səmənd atına bədahətən dediyi şeirin iki misrasını yaddaşına həkk edən bir ovçu nəql edirdi ki, Ağçalada ocaq qalayıb, şairlə çörək də kəsib. Başqa ovçu dəm vurdu ki, özüylə ov tulası gətirən şair təzə qoşalülə tüfəngini də ona bağışlayıb. Ovçuların bu sayaq söhbətlərinə hayıl-mayıllıqla qulaq asardım. Elə bu hekayəmi də onların söhbətləri ətə-qana doldurub... Sözün qısası, xalq şairinin kəndimizə ilıq bir payız günü  ova gəldiyini nənəm də bilirdi.

   …O gün kolxozun kuryeri Sübhan kişi sübh çağı özünü arabaçı Qismətgilə yetirib qayımdan dilləndi: – Əyə, Keçəl, tez ol, arabanı sür idarəyə!

   Qismət kişi keçmiş cəbhə yoldaşının təlaşını başa düşsə də, tələsmirdi. Saymazyana arabaya qoşduğu atların yan-yörəsində dolaşdı. Handan-hana arvadını çağırdı: - Ay tünbətünün qızı, görmürsən, sədr arxamca kuryer göndərib?

Arvadı yüyürərək içi azuqə ilə dolu həsir zəmbili ona verib, evə qayıtdı. Sübhan qırmızı əl ağacına söykənib yavaşdan: – Ə, keçəl, - dedi, - birdən Bakıdan gələn  qonağın yanında da ağzını köndələn qoyub, yava-yava danışarsan ha?!

   –Neynim, ay İmanov, evdə arvadı söyməsəm iş yola getmir, çöldə də atları– deyə Qismət arabaya oturdu. Amma Sübhan ondan əl çəkmədi: – Ədə, keçəl şoğərib, arvad adam balasıdır, söyüş-zad annıyır, bə, bu atlar sənin qəliz söyüşlərini nə qanır?

   Qismət boynunu qısıb, əynindəki nimdaş əsgər sırıqlısının cibini qurdaladı. – Elə müharibədə qəməndirin urusca dediyi qəliz söyüşləri nə sən qanırdın, nə mən. Amma çığırıb-bağıranda başa düşürdük ki, Hitlerin anasını ağlar qoymaq lazımdı. Qanırdıq ki, özümüzü odun-alovun içinə atıb, axırda da invalid olduq...  Bax, Sübhan, sən kolxoz sədrindən qorxmasan, sabah-sabah gəlib başımın üstünü kəsdirməzsən ki...

   – Ədə, ədə, belənçik danışma, mən sədrin çağırtdırdığı adamı gəlib dilxor görəndə, derəm ki, ay filankəs, ba, sədrə deyərəm, evdə yox idin. Dəvə gördün? Görmədim!..

  Qismət qəliz bir söyüş söyüb iztehzayla dedi: – Pahh!  Bu yuxa ürəklə frist anası göyçəyə nətəər güllə atıbsan, bilmirəm... Ə, sədr eşidib-bilsə, şələ-şüləni verər qoltuğuna!                                                   

   …Müharibə arabaçı Qismətə rusca ana söyüşü öyrətmişdi. Kolxoz sədrinin  vurduğu töhmətlərin də ona faydası olmurdu. Muğanda Abı kimi tanınan kolxoz sədri Abdulxalıq kişi ötkəm adam idi. O gün şairi qarşılamağa gələn bir cavan oğlanın idarənin bağçasından gül dərdiyini görən sədr kabinetindən gətizdirdiyi iynə-sapı ona verib amiranə səslə: – Apar, o gülü hansı koldan dəribsən, ora da tik!-dedi. Sonra əlində ağ qızılgül dəstəsi tutan aqronoma: –  Yoldaş Əhmədov, o güllərdən bu cavan oğlana da ver! -deyib həlim səslə cavana öyüd verdi ki: -Ay oğul, qoy bu, sənə ibrət olsun. Bundan sonra izinsiz sənə aid olmayan şeyə əl vurma… Bu bağ-bağçanı kənddə kolxoz təzə qurulanda rəhmətlik Mir Səmid ağa salıb. O dərdiyin gül  kolu da ondan yadigardır...                                                                

                                  ***

…Kolxozçular raykomun birinci katibi Cəlil Məmmədovla gələn şairi idarənin  o bağlı-bağatlı həyətində duz-çörəklə, gül-çiçəklə qarşıladılar. Salam-kalamdan sonra Səməd Vurğun tüfəngini, patrondaşını götürüb Qismətin arabasına oturdu. Qismət kişi Bakıdan gələn qonağı bu gün ova aparacağını dünən axşamdan bilirdi. Sədr demişdi: “Ay Qismət, sən çöl-bayıra necə bələdsənsə, mən də kolxozçuların xasiyyətinə o cür bələdəm. Pis-pis söyüşlər sənin dilində alaq otu kimi bitib. Müharibə dörd ildi ki,qurtarıb, sən hələ də rusca söyüş söyürsən! Bax, sənə deyirəm, Stalin yoldaşın şəxsən tanıdığı Vurğun şair bizim Muğana dastan da qoşub. Deyib ki, Muğan Muğan olsa, biri üç eylər. Sən ağzını pis söyüşlə açıb, o kişinin yanında  bizi heç eləmə! Dilini dinc qoy!..” 

 

        ...Ötən gecə yağan yağış suyu yol-yolağda xırda gölməçələr yaratmışdı. Arabanın təkərləri torpaq yolda çala-çuxura düşməsin deyə, arabaçı cilovu gah sola, gah da sağa dartır, tez-tez uzun qırmancıyla hündür, qızılı-boz rəngli atı vuraraq dodaqaltı deyinirdi: – Yeri də, ay səmət, ay çər dəymiş!..

  “Kazbek” qutusundan papiros çıxarıb çəkə - çəkə təkəmseyrək yulğun kollarını  seyr edən şair fikrə dalmışdı. Bir xeyli yol gedəndən sonra arabanın qabaq təkəri palçıq çalaya düşdü. Arabaçı qırmancı Səmənd atın tərli yambızına çəkib:  – Ay səmət, səni mənə ürca edən betər olsun!

 Şair yarı ciddi, yarı  zarafat dilləndi: – Ayə, arabaçı,  məni saa  ürcah edən adamı niyə söyürsən?

  Qismət elə bil yuxudan ayıldı, geri çevrilib:– Bıy, şair qardaş, mən səən heç əməlli-başlı adını da bilmirəm., -dedi, - lənətə gəlmiş müharibə, məndə huş qoyub ki? İki dəfə qəntuziyə olmuşam. Mən bu mərətə qalmış qoca atı söyürəm...

Göy üzündən dəstəylə uçan qu quşlarının səsi gəldi. Şairin üzünə təbəssüm yayıldı, qu quşlarını süzə-süzə soruşdu : – Ay qağa, bəs adın nədir?

           Mənim adım Qismətdi, şair qardaş!

Atın Səmənddi, adın Qismət...

            Hə, şair, bax, o biri at Muğan ceyranıdır, bu da səmətti. Həştərxan cinsidi. Vaxtilə onun yorğa yerişinə Muğanda hamı heyran qalardı. Həm minik, həm qoşqu atı kimi kolxozun işinə yarayıb. Heyif ki, indi xəfənək olub yazıq…

     – Demək, sən səməndə səmət deyirsən? - Şair hələ də qu quşlarının uçuşunu seyr edirdi.

     Arabaçı dilləndi: – Şair qardaş, adını da bilmirəm, o zənbildə isti təndir çörəyi, üzlü-gözlü motal pendiri, camış qaymağı, Muğan bozartması var. Mənə baxma, obaşdandan doyunca yemişəm,  sən meylin çəkən yavanlıqdan götür ye!

Səməd Vurğun əlini onun çiyninə qoyub dedi:

   -   Sənin adın Qismət, atın  Səmənddir

       Mən  şair Vurğunam, adım Səməddir

 

– Hə, sədr dedi ki, səni Stalin yoldaş da tanıyır! – deyə arabaçı yenə də Səmənd atı qırmancladı.

     – Demək belə, Qismət, qağa, çörəyini bir şərtlə kəsərəm ki, bu atı innən belə söyməyəsən!

     – Şair qardaş, vallah tərgidə bilmirəm. Bir noyu söyüşə adətkərdə olmuşam.

     ...İrəlidə Ağçalada payız küləyinin meşə kimi yırğaladığı sıx qamışlığın ortasında kiçik tala yeri göründü. Arabaçı atların başını həmin səmtə döndərdi. Yaxınlıqda dalbadal açılan atəş göydə qanad çalan yaşılbaş ördəyi arabanın qabağına saldı. Yaralı quş qanadlarını çırpanda atlar hürküşdülər. Qamışların arasından çıxan qara saqqallı ovçu üzü qibləyə dayanaraq ucadan “Bismillah” deyib quşun başını kəsdi.

    Arabaçı üzünü şairə tutub:– Molla Balaşdı, buralarda şalaş qurub, – dedi, – bizim kənddə məsəl var: “Göydə quşu şalaş vurmur, Balaş vurur.”

    Şair xəfifcə gülümsündü. Bu vaxt kolazda oturan cavan bir ovçu tək əllə qaşqaldaq dəstəsinə atəş açdı. Şairin cavan ovçuya tamaşa etdiyini görən arabaçı Qismət yenə dilləndi: – Bir qolu anadangəlmə şikəst olsa da Allah-təala ona fərasət verib. Tək qoluyla quş vurur, balıq ovlayır, kolaz çəpləyir, dəryaz götürüb ot da çalır. Adı Mərifətdi...

   Sonra Qismət özünün taxtadan düzəltdiyi təkayaq oturacağı şairə verib dedi:      – Bunun ucunu yerə sancıb əyləş. Yoxsa ayaq üstə yorularsan. Hə, onu da deyim ki, bizim ovçular o gördüyün qu quşlarına tüfəng çəkmirlər. Deyilənə görə, bu quşlarının ahı tutar adamı...

    Səməd Vurğun dedi: – Ay Qismət qağa, mən Muğana ova çox gəlmişəm. Atam da ovçu  olub, babam da... Yəni az-çox ovçuluq səriştəm var!

 İstədi desin ki, kəklik də ovlayıb, qırqovul da, ceyran da... Amma gördü ki, Qismətin başı atları qoşqudan çıxarmağa qarışıb. O da Səmənd atla danışırdı. Onu  əzizləyib, tumarlayırdı. Elə bil bayaq vurduğu qırmnacların, söydüyü söyüşlərin ağrı-acısını onun canından çıxarmaq istəyirdi:

 

Səmət, yalına qurban,

Qaşqa xalına qurban.

Məndən nə küs, nə inci,

Polad nalına qurban.

 

     At burnunu onun nimdaş sırıqlısına sürtüb astaca quyruğunu tərpədib  bir-iki dəfə fınxırdı. Qismət hər iki ata üzünü tutub: – Səmət, ceyran, burda zoğdan-moğdan yeyib, ot-ələfdən mıdılanın, mən də arabaya çıxıb, bir az gözlərimin acısını alım. Səhəri dirigözlü açmışam, vallah. Di gəl ki, Təkqol Mərifət o yandan, Molla Balaş bu yandan, indi şair də qoşulacaq olara, bir guppagup salacaqlar ki, gəl yat görüm, necə yatırsan…

                                                    ***

    …Qismət oyananda arabanın banına dirsəklənib ona baxan şairi görcək, gözlərinə inanmadı: – Deyəsən, yatıb, yuxuya getmişəm?

Şair tüfəngini arabaya qoyub, papirosunu yandırdı. Xəzərin sahillərinə sarı uzanan ucsuz-bucaqsız  ovalığa baxıb dedi: – Atları qoş, gedək, katibin maşını axşamüstü idarəyə gələcək…

      Qismət soruşdu: - Bir qatar patron boşaldıbsan, bəs vurduğun quşlar hanı?

     – Mən təkcə quş ovçusu deyiləm qağa, həm də düşüncə ovçusuyam, – dedi.

    …Araba kəndə sarı yan alanda, əlində bir cüt yaşılbaş tutub, piyada yol gedən kişini görcək, arabaçı Qismətin elə bil çiçəyi çırtladı: – Bu Mirhəsən ağadı, – deyib arabanı saxladı, – Cəddinə qurban, ay ağa, gəl otur. Bu vaxtı hardan belə?

    – Muğan qışlağında bir xəstəni ziyarət etməyə getmişdim, Qızılağaca getməyə at verdilər, razı olmadım, sizi də narahat etmək istəmirəm. Yolunuzdan qalmayın, mən piyada getməyə öyrəncəliyəm,

     – Ağa, bu nə sözdü, narahatçılıq-filan yoxdu, yolyolağanı su basıb e…

Bu vaxt Səmənd at kişnəyib üzündən nur yağan  kişiyə sarı dartındı.

    – Buna bax, Səmənd at da məni tanıdı, –  deyə seyid əlini atın qaşqasına sürtdü. Sonra arabaya qalxıb: – Allah köməyiniz olsun!- dedi, – Müharibə vaxtı ocağımıza gətirilən nəzir-niyazı arabaya yükləyib, sizin rəhmətlik Mir Səmid ağayla başsız qalan ailələrə pal-paltar, ərzaq, dava-dərman paylayardıq. Bu Səmənd at da məni  o vaxtdan tanıyır...

    – Ay ağa, bu qonaq Bakıdan ova gəlib, özü də şairdi. Adı da…

    – Səməd Vurğun, - deyə şair özü dilləndi.

   Arabaçının ağa dediyi  kişi gözlərinin ucu ilə arabaya baxıb soruşdu: – Ay Qismət, bə qonaq ovdan niyə əliboş qayıdır?

Sualına cavab gözləmədən əlindəki bir cüt yaşılbaş ördəyi şairə uzadıb: – Bunu mənə pay veriblər. Mən də sənə verirəm. Halal xoşun olsun! – dedi.

   – Sağ olun, ağsaqqal.. Mən  bu dəfə ovu bahənə edib təbiətin seyrinə gəlmişdim.

 Qismət tez dilləndi: – Şair, qardaş, bu ağanın verdiyi Allah payını geri qaytarmaq olmaz. Allah yolunda pay verən də, pay alan da savab qazanar.

   – Deməli, Bakıdan gəlibsən! De görüm, Mirbəşir Qasımov sağdırmı? – deyə qoca seyid soruşdu.

     Bu ilin aprelində  vəfat edib. Siz Mirbəşir Qasımovu tanıyırdınız?

   – Dədə-babamız həmyerli olub. Allah onun axirət evini abad eləsin! Dünya dəyişkən dünyadır, beş il qabaq, bibisi oğlu Mir Səmid ağa da vəfat etdi. Mir Səmid ağa bax gördüyün bu Harmandalı kəndində məskən salmışdı. Qapısı  faqir-füqaranın üzünə həmişə açıq olardı. Mirbəşirin köməyi ilə Azərbaycan pasportu aldığı gün evində qurbanlar kəsib, ehsanlar verdi. Tuthatut vaxtı ruhani alimlərin çoxu onun ocağına sığınmışdı. Allah Mir Səmid ağa kimi alicənab bəndəsini  məzlumları zalımların xətasından  hifz etməkçün yaratmışdı...

    Şair ona qulaq asa-asa xəyala dalmışdı. Bu zaman Qismətin səsi onu xəyaldan ayırdı: – Yeri də, ay çərdəymiş, ölübsən? – deyib dalbadal Səmənd  atı qırmacladı.  Ürəyi soyumadı: – Öl dəə, görüm cəmdəyini elə burda qurd-quş yesin!…

Atların hər ikisi irəli sıçradı. Mirhəsən ağa nə düşündüsə, Qismətə: “-Ay bala, arabanı saxla!” - dedi. Arabadan encək: –  İndi sür get! Mən piyada gedərəm…

    Qismət peşmançılıqla dilləndi: – Ağa, bağışla, bir də qələt edərəm Səmət ata qırmac çəkmərəm,..

    – Rəhmətliyin oğlu, bu at sənə nə edib ki, onu həm döyürsən, həm söyürsən. Ev-eşiyinə dəni-suyu, çölün otunu-odununu bu atla aparmırsan? Bu at sənin çörək ağacındı axı! O da sənin kimi canlıdı. Yoxsa elə bilirsən, Allah onu söyülüb-döyülməkçün yaradıb? O gün poçt yolunda dedim axı sənə, Səmənd at da arxa cəbhənin əsgəri olub!..

    Qismət: – Cəddin haqqı, ağa bir də əlimə qırmac almaram,–  deyib ayaq üstə qalxdı, qırmancı sındırıb kənara tulladı.  Qoca seyid dönüb ona: – Sənin kimi adamlar müharibədə qolunu-qıçını deyil, ürəyini də itirib, insafını da… Allah bircə sənin şəxsiyyətini əlindən almasın, ay oğul! – dedi və qamışlığın arasında gözdən itdi.

   – Əyə Qismət, bu qoca sənin ucbatından qamışlıqda azıb qalmazmı?

   – Şair qardaş, o yolunu azmaz, pay-piyada getsə də, kəndə bizdən tez çatacaq!-deyib Mirhəsən ağanın möcüzələrindən danışmağa başlatanda şairin xəyalında müharibə illərində İçərişəhərdə Mir Mövsüm ağanın cəddinə pənah aparan sadə insanlar canlandı. Üz-gözündən fağırlıq yağan arabaçının da qəlbində seyidə dərin inam vardı.. Ömrü boyu  əyri-üyrü yollarla araba sürmüşdü. Əyrini düzdən, ağı qaradan seçirdi. Halal zəhməti, alın təri əlilliyini, söyüşcüllüyünü kölgədə qoymuşdu. Hər gün eyni yollarla araba sürmək, eyni işləri, eyni tapşırıqları yerinə yetirmək onu əsla usandırmırdı... İndi atları söyüşsüz-qırmancsız arabanı çəkə-çəkə  kolxoz idarəsinə gətirib çıxartdı.                                                                  

                                        ***

  …İdarə qabağında hər iki əlində yaşılbaş ördək tutan Mirhəsən ağanı görcək  arabaçı Qismət  şairə baxıb dedi: –Dedim axı, o kəndə bizdən tez çatacaq! – Bax, Allahı ona verdiyi payın  ikiqatını yetirib…

   – Bilirsən qağa, öz aramızdı, bayaqdan sənə fikir verirdim, daha söyüş-zad söymürsən. O kişi sənə yaxşı dərs verdi. And da içdin ki, əlinə qırmanc  almayacaqsan! - deyə şair ona əl uzatdı. Qismət də şairin əlini bərk-bərk sıxıb dedi: – And içdimsə, poza bilmərəm. Yoxsa ağanın cəddi mənə qənim olar!..

   …İdarənin həyətində xeyli adam yığışmışdı. Səməd Vurğun kolxoz sədri Abdulxalıq kişi ilə görüşüb raykomun birinci katibinin maşınına yaxınlaşdı. O gün kənd camaatı ilə sağollaşıb rayon mərkəzinə yola düşəndə şair hamıya əl etdi və Arabaçı Qismətə sarı boylanıb  ucadan:  “Demə, Səməd Vurğun gəldi-gedərdi, Unutmaz, bu oba, bu mahal məni”  söylədi...                                                      

   ...Aradan düz otuz beş il ötüb-keçdi. Günlərin bir günü Vaqif Səmədoğlu da  bizim kənddə ova gəldi. Arabaçı Qismətin oğlu Vəzahir  müəllim Məmmədxanlı Qara İsrafillə birlikdə onu vaxtilə  Səməd Vurğunun ova getdiyi Ağçalaya apardı.

   ...İndi mən şəhərdə yaşayıram. Hər dəfə at emblemli köhnə “Azsamand” maşınlarını görəndə, gözlərimin önünə Arabaçı Qismətin qoca Səməndi gəlir.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0