Uşağın hökmü - Əfqan Əsgərovdan qısa hekayələr

Sen 28, 2026 - 17:13
 0  7
Uşağın hökmü - Əfqan Əsgərovdan qısa hekayələr

Yazici.az ədəbiyyat portalı Əfqan Əsgərovun qısa hekayələrini təqdim edir.

 Dəniz və uşaq     

Sahildə oturub, qabarıb-enən dənizə tamaşa edirdim. Hava küləkli idi. Dəniz aramsız çalxalanır, dalğalar bir-birinin çiyninə qalxaraq, dişlərini ağarda-ağarda sahilə cumurdu.      

Bəzən bu dalğalar yüksələrək dağa dönür, dəniz yaralı şir kimi nərə çəkirdi. Coşğun dalğaların üzərində çılğınlığa uçan qağayılar sanki dənizi daha da qızışdırırdılar. Mən dənizi dinləyə-dinləyə, məftun-məftun və sonsuz həsədlə seyr edirdim: dəniz hər şeydən böyük, dəniz hər şeydən güclü, əzəmətli idi!

Elə bu vaxt qağayıların səsindən də cingiltili bir səs, bir uşaq gülüşü məni xəyaldan ayırdı. Cəmi beş-altı yaşı olan bu oğlan ciblərinə yığdığı xırda daşları bir-bir dənizə atır, vəhşi dalğalara gülürdü.

Uşaq gülür, dəniz isə hiddətindən kükrəyib uğuldayaraq, sahilə, düz uşağın üstünə hücum çəkirdi. Uşaq gözünü belə qırpmır, daha ucadan gülərək, qəzəblənən dənizin ən uca dalğalarını daşa basırdı.

Mən gah dənizə, gah da uşağa baxırdım. Bayaqdan əzəmətli görünən dənizin dağ yığan dalğaları uşağa çatar-çatmaz, əriyib köpüyə dönürdü. Uşaq gülür, dəniz isə deyingən qarı kimi, bir yerdəcə əllərini ölçürdü.

Mən arvadımı niyə belə sevirəm        

Deyirsiniz, mən arvadımı niyə belə çox sevirəm? Düzü, bunu heç arvadımın özünə deməmişəm, ancaq sizə deyəcəyəm.

Mənim təzə evdə mənzil aldığımı, şübhəsiz, bilirsiniz. Bir gün axşama yaxın bu təzə mənzilimdə yuxuya getmişdim. Nə qədər yatdığımı bilmirəm, ayılanda istər-istəməz qonaq otağında gedən söhbətə qulaq asası oldum. Üç qonşu gəlini və arvadım ərlərindən danışırdılar. Belə nadir söhbətə hansı kişi qulaq asmaz?    

Birinci gəlin:     

– Mənim ərim – dedi, – yaşxı adamdır. İstedadlıdır. Papiros çəkmir. Hərdən içir, amma qaydasında. Evlənəndən bir dəfə də olsun məni acılamayıb. O qədər sakitdir ki, evdə olanda elə bilirəm heç evdə adam yoxdur. Küsü nə olan şeydir, bilmirik.      

İkinci gəlin güldü:       

–  Ər deyəndə mənimkidir. Toy-bayramdır. Ən yavaş sözü həyətdən eşidilir. Deyir, gülür, çalır, çağırır. Hər gün kefdə, damaqdadır. O evdə olanda elə bilirəm yanımda bir qoşun adam var. Vay o günə ki, bir şeydən inciyə; düz bir ay küsəcək.     

Üçüncü gəlin dedi:    

– Mənim ərim də gözəl insandır, çox əsəbidir. Heç nədən hirslənir. Bir yaxşı cəhəti var ki, tez soyuyur. Heç kin saxlamır. Gündə on dəfə küsüb-barışır. Çox səliqə-sahmanlıdır. Evdə iynədən tutmuş mebelə qədər, gərək hər şey öz yerində ola. Mən arvadımın nə deyəcəyini gözlədim. Ancaq yenə o biri gəlinlər bəhsəbəhs təzədən öz ərlərini tərifləməyə başladılar. Ən nəhayət, mənim də arvadıma növbə çatdı. Gəlinlər yer-yerdən tələb etdilər ki, o da danışsın.

Mən nəfəsimi belə gizlədib arvadımın nə deyəcəyini gözlədim. O, güclü eşidiləcək bir səslə, sıxıla-sıxıla:

– Nə danışım… – dedi. – Kişidir də…

– Vəssəlam?

– Vəssəlam.      

Qonşu gəlinlərinin nə dərəcədə razı qaldıqlarını bilmirəm, şəxsən mən özüm arvadımın bu qısa cavabından çox razı qaldım: “Kişidir də…”

O andan mənim arvadıma olan məhəbbətim birə-yüz artıb. O gündən kişilər öz arvadlarının sədaqətindən, səliqə səhmanından, qanacağından, bacarığından, qəribəliyindən söhbət açanda, mən də ikicə kəlmə ilə bütün razılığımı bildirirəm:    

– Arvaddır da…   

Bu deməkdir ki, mənim arvadım gözəldir, ağıllıdır, səmimidir, sədaqətlidir, evdardır, səliqə-sahmanlıdır.

Uşağın hökmü

Əl boyda bir körpə dünyaya gəldi. Yer üzünün ən kiçik sakini göz açmamış ağladı. Havamıza yeni insan səsi qarışdı.

Mama sevincək:

– Oğlandır! – deyə xələt istədi.

Bunu eşidən gənc ata ürəyində əzizləyə-əzizləyə:

– Oğlum… – dedi.

Balıqçı baba iri əllərini ovxaladı:

– Bir balıqçı da anadan oldu…

Zabit əmi də paqonlu köynəyinin yaxasını düymələdi:

– Əsgərlərimin sayı artdı…

Müəllim onların hər ikisinə etiraz etdi:

– O, birinci növbədə mənim şagirdimdir.

Mübahisə çox uzandı, körpəyə ad tapmaq isə günlər, həftələr çəkdi.

Lakin heç kəsin ağlına gəlmədi ki, bu əl boyda körpə onların hamısından qətiyyətlidir. O, özü ad almamış evdəkilərin hərəsinə bir ad vermişdi. Dünənki gəlin gəlin – ana, analar – nənə, dünənki gənc – ata, atalar – baba, kimi əmi, kimi dayı, kimi bibi, uç yaşlı bir qızcığaz isə xala olmuşdu.

Çarə nədir?

Uşağın hökmü şah hökmüdür.

Qoşa çinar

Deyir bir çöllü-biyabanda, yeddi yolun ayrıcında, yeddi bulaq üstündə iki çinar bitmişdi. Biri qoca, biri cavan. Qoca çinar yerin yeddi təkinə kök atıb, göyün yeddi qatına baş almışdı. Onun yoğun gövdəsini yeddi adam əl-ələ versəydi, qucaqlaya bilməzdi.

Cavan çinarın isə heç yeddi qarış boyu yox idi. O, yeddi buğum vurmuş sütül qələmə idi. Hər dəfə külək əsəndə cavan çinarı gah saga, gah sola əyir, onun başı dəqiqədə yeddi dəfə yerə dəyirdi. Yazıq cavan çinar ağrıların şiddətindən inildəyir, ah-uf edirdi. Küləyə yeddiqardaş dağ kimi sinə gərən qoca çinar ağacı ona təskinlik vermək istədi:

– Nə çox zarıyırsan? – dedi. – Küləkdir, əsib-əsib keçəcək!..

Cavan çinar qoca çinara altdan-altdan həsrət baxıb dedi:

– Sənə nə var… Külək mənə toxunur… Sənin gövdəni yüz tufan əsə, əyə bilməz…

Bu bəxtəvərliyi eşidən qoca çinar yanıqlı bir ah çəkdi.

– Eh… Oğlum… – dedi. – Külək sənin başını dəqiqədə yeddi yox, yeddi yüz dəfə əyib yerə vursa belə, sən yenə qalxıb qəddini düzəldirsən. Sən yenə böyüyürsən. Amma bay o günə ki, mənim başım çox yox, bircə dəfə yerə toxuna… Bir də qalxmaq nəsibim olmaz… İndi de görüm, kim daha bəxtəvərdir?

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru