Şairin sənət dünyası - Vaqif Aslan yazır
Yazıçı Ədəbiyyat Portalı mərhum şair İsmayıl İmanzadənin yaradıcılığı haqqında AYB-nin Şəki bölməsinin sədri Vaqif Aslanın "Şairin sənət dünyası" yazısını təqdim edir.
Vaxtı ilə Səməd Vurğunun sevə-sevə tərənnüm etdiyi şəhərdə - başını Bozdağın dizləri üstə qoyub, üzünü Kür çayına çevirib, Muğan düzünə uzanan Mingəçevirdə gümüş saçları, şəkililər demişkən saxası, qədd-qaməti, ləngərli yerişi, üzündəki təmkin və ciddiyyəti, baxışındakı kədəri, səsindəki qəmi ilə min adamın içindən seçilən bir şair yaşayır: - O, İsmayıl İmanzadədir.
Onun istedadı, ədəbi imkanları haqqında Mehdi Hüseyn, Əli Vəliyev, Hüseyn Arif, Tofiq Mütəllibov kimi görkəmli yazıçı və şairlər, Vaqif Bəhmənli, Adil Cəmil, Rafiq Yusifoğlu kimi mübarək imzalı qələmdaşlarımız, Tofiq Hacıyev kimi türkologiyada və ədəbiyyatşünaslıqda şəxsiyyət səviyyəsinə qalxan bir ziyalı, o cümlədən hazırkı ədəbi tənqidimizin gənc, lakin klassik kişisi Rüstəm Kamal söz demişlər.
1993-cü ildən üzü bu yana məcburi köçkün kimi Mingəçevirdə məskunlaşan İsmayıl İmanzadə 1945-ci ilin dekabr ayının 10-da Cəbrayıl rayonunun Yuxarı Mərcanlı kəndində anadan olmuşdur. Orta təhsilini Böyük Mərcanlı kənd orta məktəbində, ali təhsilini Gəncə Dövlət Pedaqoji İnstitutunda almış, Füzuli və Cəbrayıl rayonlarının Bala Bəhmənli, Şükürbəyli və Yuxarı Mərcanlı kənd orta məktəblərin
Qalmayıb heç nəyi dünya varından,
Nə vaxtdır danışıb dinmir arından.
Özünə dam tikib arzularından
Bir şair yaşayır Mingəçevirdə.
-deyən İsmayıl İmanzadə öz ehtiyacından söz açmağı da özünə ar bilir.
Ölsə də hardasa bir gün acından,
Söz açmaz dərdindən, ehtiyacından .
Dünyaya nur yağır bəyaz saçından,
Bir şair yaşayır Mingəçevirdə.
Sinəsində yurd-yuva göynərtisi gəzdirən şair daha insanlardan deyil, elə insanın özünü yaradan Tanrıdan mərhəmət umur. Şeiri ilə başını qatan, dərddən ocaq çatıb, ağrı-acısına bürünüb yatan, Kürü Araz çayı, Boz dağı Diri dağı bilən, qibləsi, piri Cəbrayılda qalan, hamımızın nəzərində gənclik və təravət şəhəri sayılan Mingəçevirdə on üç ildən bəri sızlaya-sızlaya ömür sürən şair Tanrıya üz tutaraq yalvarışın poetikliyini və həzinliyini yaşayır. Tanrını gözəl Mingəçevirdə nə yaxşı ki, məcburi vətəndaş kimi deyil, məcburi olaraq məcburi köçkün kimi yaşamağa məcbur olan şairə də nəzər salmağa çağırır.
Kövrək sinəsində çarpaz dağı var,
Bəxtinin dan üzü, qürub çağı var.
Tanrıdan mərhəmət umacağı var
Bir şair yaşayır Mingəçevirdə.
Ələmdən , nisgildən gur ocaq çatır,
Şeriylə ovunub, başını qatır.
Ağrı-acısına bürünüb yatır,
Bir şair yaşayır Mingəçevirdə.
Kürü Araz bilir, Bozdağı Diri,
Qalıb Cəbrayılda qibləsi, piri,
Sızlaya-sızlaya üç ildən bəri
Bir şair yaşayır Mingəçevirdə.
Şeirdə öz əksini tapan “üç il” in üstünə üç dəfə üç il gəlsə də köçkün adı daşıması şairə AYB Mingəçevir bölməsinin sədri olmasını da, orada sayılıb-seçilən ziyalı kimi çoxdan qəbul edilməsini də az qala unutdurur. AYB Mingəçevir bölməsinin işini ictimai əsaslarla (Şəki, Aran bölmələri də ictimai əsaslarladır) aparan, bunu haradasa deməyi özünə yaraşdırmayan İsmayıl İmanzadə təbiətindəki halallıq onun ocaq sevgisində dilim-dilim şölələnən alov lopası kimi adamı vurur. Bir həqiqəti etiraf edək ki, güneyi ilə, quzeyi arasındakı sərhəd dirəkləri yerə pərçimlənsə də, Azərbaycan elə Azərbaycandır – bizim Vətənimizdir. Onun hansı guşəsindən qopmağın və hansı guşəsində ona qayıtmağın ümumi halda fərqi olmasa da, xüsusi haldı bu, tale məsələsidir. Elə bu taleyi yaşadığı üçündür ki, İsmayıl İmanzadə “tabutu çiynində gor evini qazmağ”a yer axtarır.
Dərd içilməz qurtum-qurtum,
Kimin ətəyindən tutum?
Çiynimdə qalıb tabutum,
Harda qazım gor evimi?
Hər bir bədii-məntiqi sualdan sonra şairin yadına Cəbrayıl torpağı düşür. Düşmən qarşısında əyilməyən, mərmilərdən budaq-budaq qırılıb-budanan, lakin qürur və əzəmətini saxlayan çinar onun yaddaş güzgüsündə əks olunur. Şair sanki bundan təsəlli tapır, “gor evini qazmaq üçün yer” tapdığına gümanı artır.
Durar Cəbrayılda o çinar hələ,
Bir şəhid qəbrinin baş daşı kimi.
Axsa da köksündən qan gilə-gilə,
Dözümü bir ərən savaşı kimi.
“Gor evi” üçün nəinki yer, üstəlik baş daşı tapan şair daha “tabutunu” çiynindən endirib yerə qoyacağı yeri də bələdləmiş olur. Daha sonra Diridağ diri-diri gəlib gözünün önündə durur. Araz çayı, Xudafərin körpüsü, Qurbaninin ruhu-əslində isə çayın, körpünün və sazın taleyi onu sarsıdır:
Diri dağım, görəsən
Çiçəklərin açdımı?
Nərgizin, qərənfilin
Yenə ətir saçdımı?
Ürkək bənövşələrin
Yaxşı ki, təzə-tərdi,
Məndən sonra görəsən
Güllərini kim dərdi?
-deyən şairə elə gəlir ki, əsir düşən dağın da yazı gəlmir.
Şeirin təsir gücü ondakı yaşantının səviyyəsi ilə ölçülür. İsmayıl İmanzadənin poeziyasına xas olan cəhətlərdən biri də budur ki, orada qəriblikdə qəriblik fəlsəfəsi ilə Vətəndə qəriblik fəlsəfəsi çulğalaşmışdır. “Qəribliyə düşən daş” şeirində olduğu kimi:
Qəribliyə düşən daş,
Bir zamanlar sənin də
Yurdun – vətənin vardı.
Gözlərin yol çəkmirdi,
Gəlib-gedənin vardı.
Nə zülmətdən üşənib,
Nə təklikdən bezirdin.
Yükün əyməsə idi,
Sən burda nə gəzirdin?
Onun “Çadırda doğulan uşaq” şeirində də qəriblik üşəntisi vardır:
Başın üstə çadır tavan,
Çırpınırsan, çatmır havan.
və ya:
Heç nə yayınmaz gözündən,
Diksindin “yardım” sözündın.
Darısqal, yaş döşəmədə
Qüssə cücərir izindən,
Çadırda doğulan uşaq.
Doğma od-ocaq, doğma ev hara, qərib ölkələrdən yardım adıyla göndərilən çadır hara? Bir tərəfdə qəribliyə düşən daş, bir tərəfdə qərib ellərdən gələn çadırda doğulan uşaq, bir tərəfdən də elə içindəki qəriblikdən üşüyən şair və ... çadırda böyüyən qız taleyinə soyuq münasibət. Soyuqluq içində böyüyən qızın dilinə “sevgi” kəlməsi yatmır. Ona görə ki, hələ də başı üzərinə haqqın kölgəsi düşməmişdir. Sevgiyə layiq insan axtarışında qarımaq əzabını yaşayan qızın təkcə ləyaqət və ismət ölçüsü qarşısında deyil, həm də onun torpaq təəssübkeşliyi və mənəvi iztirabları qarşısında baş əyməyə dəyər:
Yaylağın yox köçəsən,
Zəmin varmı, biçəsən?
El-obadan uzaqda
Kimin kim olduğunu
İndi necə seçəsən,
Çadırda qarıyan qız?
Bu qarıyan qız da hansısa məqamda qəribdir.
Şairin şeirlərindən biri “Şuşada açan çiçək”, digəri isə “Xarı bülbül”dür. Onun “Payız çiçəyi” şeirindəki hüzn notları da köçkünlük və qaçqınlıq taleyini yaşayan bir şairin düşüncələrindən yaranmışdır.
Köçündən ayrı düşmüsən,
Göyərtməyibdi yaz səni.
Əlin hara çatasıdır,
Solduracaq ayaz səni.
Cəmiyyətdə olan paradoksallıq, sən demə, təbiətdən gəlirmiş. Məhz elə bunu görə bildiyi üçün, qayda və qaydasızlıqda əlaqə və əksəlaqə tapdığı üçün poeziya fəlsəfədən daha çox fəlsəfidir. Axı, Yer üzündə yaşayan bütün insanlar yerlidirlər. Onların Yerdən başqa yeri yoxdur. Sadəcə olaraq üzərində yeridiyi Yerdə yersizlik edənlər, yerlilərinə-bütün bəşəriyyətə qarşı dirsək göstərənlər vardır. Ona görə də, Yer kürəsinə yad siklon kimi daxil olan qlobal soyuqluq Yerdə yerli olanları, ilk növbədə isə şairləri daha çox üşüdür.
İsmayıl İmanzadə ögeyliyin və qəribliyin şaxtasında sızıldaya-sızıldaya Cəbrayıldakı çinarı, tağları zədələnmiş Xudafərini, göynərtisini Kürə qatan Arazı, çadırda doğulan körpəni, çadırda qarıyan qızı, diri ikən əsarətə düşən Diridağı, bağrı şüşə kimi çat vermiş Şuşanın çiçəyini, Xarı bülbülünü oxşamışdır, dərdin və hüznün poetikasını yaratmışdır. Bu da elə onun poeziyasının məntiqindən doğan təbii bir düşüncə tərzidir ki, o, özünü kirəkeş hesab edir:
Qərib eldə kirəkeşəm,
Nəyim var yarı bölməyə?
Və öz mənzilinə qayıtmamış heç nəyə vaxt tapa bilmir.
Qayğılar başımı qatıb,
Macalım yoxdur ölməyə.
Elə bu macalsızlıqda Mingəçevir ədəbi mühitinə öz töhfələrini verən İsmayıl İmanzadə, orada Rəsul Rza günlərinin keçirilməsində, “Ana dili” abidəsinin açılışında və onlarla disputların, müzakirələrin, poeziya axşamlarının ilk təşəbbüskarlarından biri olmaqdadır. Şəxsən mən belə düşünürəm ki, İsmayıl İmanzadə və Rüstəm Kamal dostluğu bu gözəl şəhərin ədəbi-mənəvi həyatında tarixi hadisədir. İsmayıl İmanzadə təmkini və Rüstəm Kamal coşqunluğu fonunda Mingəçevir bu gün həmişəkindən daha milli görünür.
İsmayıl İmanzadənin sevgi dünyasının poetik yaşantıları da diqqətə layiqdir.
Burada sevgi və halallıq fəlsəfəsi xüsusi yer tutur. Azərbaycan şeirində yaylaq mövzusu yenilik deyildir. Adına gözəl deyilən hər nə vardırsa o, ruhun və idrakın oyanışına xidmət edir. Əslində gözəlin tərənnümü gözəlliyə olan borcunu ödəməkdədir. Bu borcun poetik ödənişi ancaq şairlərin işidir. Gözün gözəllikdən aldığı həzz, ürəyə və beyinə yeridikcə idrakda yeni bir səhifə açılır. O səhifədə metaforik və metanimik çalarlar, təşbehlər və epitetlər düzümü yaranır. Buna görə də başqalarından fərqli olaraq, şair özünü gözəllik qarşısında hesab edir. İsmayıl İmanzadəyə gəldikdə isə, havasından, ətrindən, gülündən, çiçəyindən, bəhrələndiyi yaylaqdan elə-belə ayrıla bilmir, ayrılmaq məqamında ondan halallıq istəyir:
Yaylaq, səndən doymaz ürək,
Çiçəklərin ətək-ətək.
Buludları üstümə çək,
Şimşək kimi çaxıb gedim.
və nəhayət sözünü belə yekunlaşdırır.
Yetişib ayrılır dəmi,
Halallıq ver çıxıb gedim.
Qürub vaxtı gözünü qamaşdıran günəşdən də, alışan köz kimi zirvədə parlayan şimşəkdən də, kükrəyən sulardan da, üstünə şeh düşən və min bir rəngə çalan otdan da halallıq istəmək poetik idrakın əqli ilə hissini birləşdirə bilmək imkanından irəli gəlir.
Onun şeirlərindən biri paradoksal bir ad daşıyır: “Böyüyən beşik”. Adətən beşik yox, beşikdəki körpə böyüyər və beşiyə sığmaz. Beşiyin böyüməsi şair sözüdür. Körpəyə və beşiyə olan sevginin böyüklüyündən xəbər verir.
Bir eşqin çiçəyi açdı təzədən,
Dikəltdi qəddini ömür də, gün də.
Elə bil sünbülə düşdü təzə dən,
Artdı bir ünvan da bu yer üzündə.
Çıxdı ürəkdəki sevgimiz üzə,
Yönəldi bir səmtə cığır da, iz də.
Bir ömür sığındı istəyimizə,
Bir beşik böyüdü gözlərimizdə.
İsmayıl İmanzadə məhəbbətə və sevgiyə ən son sığınacaq yeri kimi baxır. Doğrudan da insanı və dünyanı bəlalardan qurtara biləcək yeganə qüvvə sevgidir. O, təbiətdən və insandan keçərək Allaha doğru gedir. Onu yaşaya bilmək qisməti insana nəsib olanda özünüdərkin üfüqləri sonsuzadək genişlənir. Ancaq sevgidə daha bir möcüzə vardır ki, o da əlçatmazlıqdır. Gərək əlin Tanrıya qədər çata ki, sevgi möcüzəsini açasan. Bu ülvi və müqəddəs yolu axıradək getməkdə gah taleyin şıltaqlığı, gah ürəklə baxışın yolagəlməzliyi, gah da sağındakı və solundakıların məhdudluğu, gah da ki, qaydalardakı qaydasızlıq maneələr yaradır.
Sən niyə eşqimi saldın çətinə,
Ağlıma gəlməyən başıma gəldi.
İstədim sığınam məhəbbətinə,
Həsrətin üstümə qoşunla gəldi.
Əlbəttə ki, yaşamaq elə sevgi axtarışıdır. Bu məqamda bəzən şair arzusunun və istəyinin əksinə gedir:
Pəncərədən baxan qız,
Gözümü qamaşdırma.
Burax gedim, tanrısız,
Səbrimi gəl, daşdırma.
və ya:
Zülm eyləmə, gəl mənə,
Günahımdan keç, gedim.
Ya pəncərədən çəkil,
Ya qəlbimə köç gedim.
Heç şübhəsiz ki, “gözəllikdən gözünün qamaşmasını”, “tanrısız” saydığı gözəlin onu “buraxmamasını”, “pəncərədən çəkilməməsini”, “günahından keçməsini” və “qəlbinə köçməsini” istədiyi halda, təzadlı hökmlər verməkdən də çəkinmir. Şair sevgisini kiməsə münasibət şəklində deyil, elə sevginin özünə sevgi kimi anlamaq və dəyərləndirmək gərəkdir. Şair üçün saflığa, ülviliyı dəlalət edən hər bir şey sevgi mənbəyidir. Kainat üçün Günəş nədirsə, insan üçün sevgi elə odur. Sevgi insanı bədxahlıqdan, paxıllıqdan, lovğalıqdan, hiyləgərlikdən qoruyur. Sevgi insanı təbiətlə, kainatla birliyə çağırır, onu tənhalıqdan təklənməkdən xilas edir. İsmayıl İmanzadənin vüsal çağırışında poeziyanın bu fəlsəfəsi daha aydın görünür:
Bəzən tənhalıqdan üşənir qəm də,
Dumanlı sabahlar ovutmaz səni.
Hələ qurumayıb kökün sinəmdə,
Bəlkə göyərdəcək gələn yaz səni...
Onun “sinəsində kökü qurumayan” sevgisinin şəxsində insana və dünyaya olan sevgisidir. İlk laylanın çalındığı, ilk ocağın çatıldığı (azıx), ilk qəbrin qazıldığı (Qobustan, “Ana zağa” mağarası”) Azərbaycan torpağında bələklənmək, iməkləmək, beşikdən tuta-tuta yeriməyi öyrənmək, torpağın, havanın, suyun, od-ocağın yaddaşını yaşatmaq və ilahi bir eşq ilə yaşamaq deməkdir. Cəbrayılda-Böyük Mərcanlıda dünyaya göz açan İsmayıl İmanzadə sevgidən yoğrulub yapılmış bir şairdir.
İlk şeiri 1963-cü ildə “Xudafərin” (“Kolxozçu”) qəzetində dərc edilən, 1964-cü ildə “Ədəbiyyat və incəsənət” (hazırkı “Ədəbiyyat” qəzeti) qəzetində respublika ədəbi ictimaiyyətinə təqsdim edilən İsmayıl İmanzadə “Gənc qələmlər” (1967), “Çinar” pöhrələri” (1979) və sair almanaxlarda çap olunmuşdur.
İlk kitabı “Səni soraqlaram” adı ilə 1980-cı ildə işıq üzü görmüşdür. Bu günə kimi 16 kitabı çapdan çıxmışdır. Bu, onun 17-ci kitabıdır. Mən onun yaradıcılığa kiçik bir poetik sferadan nəzər saldım. Buna nə qədər müvəffəq olduğumu bilməsəm də, İsmayıl İmanzadə yaradıcılığının geniş təhlilə layiq olduğunu əminliklə deyirəm. Müasir ədəbi prosesin əyalətlərdəki səviyyəsini müəyyən etmək, çağdaş ədəbiyyatşünaslığın müqəddəs vəzifəsidir desəm, həqiqəti etiraf etmiş olaram. Açıq etraf edirəm ki, İsmayıl İmanzadə çağdaş ədəbi prosesin diqqətəlayiq nümayəndələrindən biridir.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0