İmamverdi Əbilov Əliağa Kürçaylı dostluğu - Etibar Əbilov

İyl 23, 2026 - 17:21
 0  20
İmamverdi Əbilov Əliağa Kürçaylı dostluğu - Etibar Əbilov

Yazıçı Ədəbiyyat Portalı Etibar Əbilovun görkəmli şair Əliağa Kürçaylı ilə bağlı xatirələrini təqdim edir.

Əliağa Kürçaylı atamın ən qədim və ən yaxın dostlarından olub.

Əliağa Kürçaylı əslən Salyanlıdır.Uşaqlığı, yeniyetməliyi və ilk gənclik illəri Salyanda keçib.

Atam isə bütün ömrünü Neftçalada yaşayıb.

Salyan bizə çox yaxın, çox doğmadır.Əslində bizə çox vaxt Salyanlı kimi baxırlar.İndiki Neftçala şəhəri uzun müddət qəsəbə statusunda Salyanın tərkibində olub.Mənim,bacı və qardaşlarımın doğum haqqında şəhadətnamələrimizdə doğum yerimiz kimi Salyan rayonu yazılıb.

Əliağa Kürçaylı məşəqqətli bir ömür yaşayıb.Atasını erkən itirib.Uşaq yaşlarından dəmir yolunda fəhlə işləyib. Kiçik yaşlarından şeirlər yazıb.17 yaşında yazdığı "İlk bahar çiçəyi" şeirini oxuyun və onun istedadının dərəcəsini özünüz müəyyən edin:

      Yadımdadır güllələr şığıyıb keçən zaman

      Səni qanlı otların üzərindən dərdiyim.

      O incə tellərini mərmilər biçən zaman

      Xatirə dəftərimin arasına səpdiyim.

      Qayıtmışam cəbhədən,indi yenə bahardır,

      Bitmisən çəməndə sən,ləçəklərin qan kimi.

      Üzündə nə həyəcan,nə qorxu izi vardır,

      Mən qorudum güllədən səni qəhrəman kimi.

Dəmir yolunun fəhləsi yazdığı şeirləri hamıdan gizlin "Ədəbiyyat qəzeti"nə göndərir.Həmin günlərin birində,Əliağa nahar fasiləsinə gələrkən ( əslində talonla verilən bir tikə çörəyi yemək üçün) həyətlərində poçtalyonla anasının mübahisə etdiyini görür.Əliağanın anası poçtalyona:

-Mənim Kürçaylı adlı oğlum yoxdur- deyir.

Poçtalyon isə:

-Axı ünvan kimi Sizin evi yazıblar -deyir.

Əliağa poçtalyona:

-Düz gəlmisiniz- deyir.Və anasının təəccübü altında poçtalyonun əlindəki pul kağızına qol çəkib pulu alır.Bu,Əliağanın qəzetdə çap olunmuş şeirlərinə görə aldığı ilk qonararıdlr:

Həmin günün xatirəsini Əliağa sonralar,47 yaşında belə xatırlayır:

"...Poçtalyon uzaqlaşan kimi,anam sualedici nəzərlərlə məni təpədən dırnağa qədər süzür:

-Ay bala,axı...

-Mənim pulumdur,ana.

-Axı sənin familin...

-Bu təxəllüsümdür,ana.

-Təxəllüs? O nədir?

-Yalançı famil.

-Yalançı niyə ay bala? Gül kimi doğruçu familinə nə gəlib? Atan sağ olsaydı...Adam da yalandan özünə famil yazar?

- Bütün şairlər özlərinə təxəllüs götürürlər.Mən də...

-Sən şair olmusan?

-Bilmirəm".

Əslində,Əliağa şair idi.Və onun şairliyini ilk görənlərdən biri,əslində birincisi böyük Səməd Vurğun olur.1947-ci ildə Əliağanı Bakıya ,Yazıçılar İttifaqına çağırır.Səməd Vurğun çağırış məktubunu Salyan rayon partiya komitəsinə göndərib.Əliağanı raykoma çağırırlar.Katibin qəbul otağında bir neçə adam var.Əliağa:

-Məni yoldaş Məmməd Bağırov çağırıb- deyəndə ona qəribə baxırlar,hətta lağ da edirlər və onu, təsadüfü birisi olduğunu zənn edərək qəbul otağından çıxarmaq istəyəndə,katibə onun adını soruşur:

-Əliaga Kürçaylı.

Sonra Əliağanı I katib qəbul edir.Mehribanlıqla ona əyləşmək üçün stul təklif edir və Əliağaya,oxumaq üçün Səməd Vurğunun məktubunu verir.Əliağa məktubu açıb oxuyur:

"Partiya komitəsinin birinci katibi Məmməd Bağırov yoldaşa.

Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947- ci ilin iyul ayının 16-sında Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik.

Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri Səməd Vurğun".

Katib:

- Get hazırlaş,birisi gün yola düşürsən - deyəndə Əliağanınn həyəcandan qulaqları gurlayır.

O gün katiblə Əliağanın arasında qısa bir dialoq olur.Əliağa Kürçaylı sonralar o dialoqu da qələmə alıb:

"-Evdə yaxşı paltarın varmı?

-Var - deyirəm.

Halbuki maykasız və köynəksiz geydiyim üçün boğaza qədər düymələdiyim bu pencəkdən başqa heç nəyim yoxdur.Corabsız geyindiyim çəkmələrimin altına və üzünə salınan yamaqların ağırlığından yerdən güclə qaldırıram".

Əliağa Bakıya gəlir.Yazıçılar İttifaqının Nətəvan adına klubunda keçirilən müşavirədə ilk dəfə olaraq Səməd Vurğunu görür.Səməd Vurğun Əliağa Kürçaylını trubinaya dəvət edir.19 yaşı Əliağa Səməd Vurğunun,eyni zamanda o vaxta qədər şəkillərini yalnız kitablarda gördüyü şairlərin qarşısında şeirini oxuyir:

              El savaşdan qurtardı,

              Gözlər yaşdan qurtardı.

              Bitdi çörək həsrəti,

              Qovdu ürək həsrəti.

              Nifrətiylə yurdumun,

              Qüdrətiylə ordumun

              Dünya qandan qurtardı,

              Həyəcandan qurtardı.

              Hərbin alovu söndü,

              Gedənlər geri döndü.

              Çölüm əkilməməkdən,

              Evim tikilməmkdən,

              Qəlbim dardan qurtardı,

              İntizardan qurtardı.

              Ay obalar,ay ellər,

              Gəldi gözlənən səhər.

              Sevincimiz yüz oldu,

              Göylər tüstüsüz oldu.

              Günəş çıxdı buluddan,

              Xaldım alovdan,oddan,

              Nəğməm qəmdən qurtardı,

              El sitəmdın qurtardı.

Səməd Vurğun ona digər şeirlərini oxutdurur .Sonra Səməd Vurğun Əliağa Kürçaylı ilə söhbət edir.Bu söhbət Viktor Hüqonun "Səfillər" romanındakı Monsenyor Byenvenün Jan Valjanla söhbətinə bənzəyir.Jan Valjan Monsenyor Byenvenü ilə söhbətdın sonra əsl həyata qayıtmışdı.Səməd Vurğun isə Əliağanın gələcək həyat yolunu nura qərq eləmişdi.Budur həmin söhbət:

"...Səməd Vurğun qəflətən sözümü kəsir:

-A bala,harda oxuyursan?

-Oxumuram.

-Harda işləyirsən?

-Dəmir yolunda.

-Nə işində?

...-Fəhlə işləyirəm.

-Gəl səni düzəldim universitetə,oxu.

-Götürməzlər.

-Niyə?

-Kamal attestatım yoxdur,doqquzuncu sinifi bitirmişəm.

-Sən gəl,mən deyərəm,götürərlər.

Rəyasət heyətində oturanlardan kimsə,əyilib onun qulağına nəsə deyir.Görünür,Səməd Vurğuna, Kamal attestatı olmadan universitetə qəbul edilməyin qeyri-mümkün olduğunu söyləyir.

-Uşaq oxumalıdır.

Sonra mənə baxır.

-A bala,fasilədə yanıma gələrsən,kabinetə.

Fasilədə çəkinə -çəkinə onun kabinetinə gedirəm

-A bala,gəl görüm

Səməd Vurğun Osman Sarıvəlliyə müraciət edir:

-Ayə,Osman,bu uşaqçün neyləmək olar,hə?

-Nə deyim,ay Səməd,gedib rayonda orta məktəbi qurtarıb gəlsin,düzəldək ali məktəbə.

-Ayə,müsəlman balasıdır,getsə oxumayacaq.Nə eləsək gərək burada eləyək,Bakıda.Düzəldin axşam məktəbinə. Qoy burda oxusun.

-Ay Səməd,burda evi yox,eşiyi yox,harada qalacaq?

-Ayə,mehmanxanaların birində yer düzəldin,qalsın.İttifaqln hesabına...

Beləliklə,mən Bakıdakı 40 nömrəli fəhlə - gənclər məktəbinin onuncu sinfinə daxil oluram.Altı ay-Səməd Vurğun Yazıçılar İttifaqının sədrliyindən gedənə qədər-,mehmanxanada qalıram.

Məktəbi bitirib universitetin filoloji fakültəsinə daxil oluram.

Bu yazımda Əliağa Kürçaylının ağır uşaqlıq və yeniyetməlik illərindən,eyni zamanda onun Səməd Vurğunla görüşü barədə niyə belə müfəssəl yazıram? Əgər insan istedadlıdırsa,heç bir çəkinlik,heç bir mərhumiyyət o istedadın üzə çıxmasına mane ola bilməz.Və əlbəttə o istedadın pərvazlanmasl üçün insana bəzən bir Səməd Vurğun qayğısı,Səməd Vurğun himayəsi də lazım olur...

Və burada Səməd Vurğunun müstəsna şəxsiyyətini,şairliyini bir daha xatırlatmaq istəyirəm. Bəzən Səməd Vurğunun yaradıcılığı,şəxsiyyəti haqqında könül sıxan fikirlər səsləndirirlər.Bu fikirlər həmişə məni ağrıdır.Səməd Vurğunun ölməz əsərlərinə kölgə salmaq cəhdi,günəşin qarşısını örtməyə cəhd etmək kimi mənasız bir hərəkətdir.Bu həm də Don Kixotun yel dəyirmanı ilə vuruşuna bənzəyir.Səməd Vurğun təkcə böyük şair deyil,eyni zamanda miqyası heç bir ölçüyə sığmayan xeyirxahlıq simvoludur.Səməd Vurğun etdiyi xeyirxahlıqdan zövq alan insan olub.O dövrün demək olar ki,əksər gənc qələm sahibləri:Bəxtiyar Vahabzadə,Nəbi Xəzri,Hüseyn Arif,Qabil,İsa Muğanna,İsmayıl Şıxlı... öz yaradıcı talelərındı az ya çox,Səməd Vurğun qayğısını,yaxşılığını görmüş qələm sahibləridir...

Yenə də atamla Əliağa Kürçaylının dostluqları mövzusuna qayıdıram.Atamla Əliağa Kürçaylının dostluqlarının tarixi,keçən əsrin 40 -cı illərinin axırlarına gedib çıxır.Atamın arxivində Əliağa Kürçaylının atama ünvanladığı məktublar var.Artıq vərəqləri saralmış həmin məktubları hər dəfə oxuyanda,onların dosluqlarlnın nə qədər ülvi olduğunun bir daha fərqində oluram.Sağlığında çıxan bütün kitablarını avtoqrafla atama bağışlayıb. Kitabların titul vərəqinə yazılmış bu avtoqraflar,avtoqrafdan daha çox,ən yaxın dosta ünvanlanmış ən mərhəm ürək sözləridir.Əliağa Kürçaylı ilə atam eyni yaşda idilər və atam Əliağa Kürçaylını qardaşı qədər çox istəyirdi.

Atam Əliağa Kürçaylı haqqında, onun sağlığında bir neçə məqalə yazıb.Əliağa Kürçaylı vəfat edəndən sonra isə atam onun haqqında xatirələrini qələmə aldı. "Bütovlük" adlanan həmin xatirə yazısını bu gün səhər bir daha təkrar oxudum.Atam həmin xatirəsində yaxın dostlarından biri olan Əliağa Kürçaylını belə xarakterizə edir: Sözübütöv,dönməz,sərt, qayğıkeş,həssas.Atamın xatirələrini yenidən oxuduqca,atam bir daha gözlərim önündə canlanır.O dövr qəribə dövr idi.O dövrün ətri ruhuma hopub.Bu xatirələrin bəzisini atamın özündən eşitmişəm.Bəzi xatirələrin isə həm iştirakçısı,həm də şahidi olmuşam.Əliağa Kürçaylı bizə çox gəlib.Ustad hesab etdiyi Süleyman Rüstəmlə, Rəsul Rza ilə, yaxın dostları Nəbi Xəzri,Qabil,Əli Kərimlə,Anarla,bəstəkar Rauf Hacıyevlə...Tək gəldiyi də olub.Atamla Əliağa Kürçaylının dostluqları barədə bir neçə misal çəkim...Atam nə üçünsə Salyana gedib.Səməd Vurğun küçəsində dayanıb onu Neftçalaya gətirıcək maşını gözləyir.Bu vaxt küçənin əks tərəfində olan Əliağa Kürçaylını görür.İki yaxın dost qucaqlaşıb görüşürlər... Sonra birlikdə qıbristana gəlirlər.Əliağa Kürçaylının anasının məzarının üstünü təmizləyirlər.

Daha bir xatirə:1962-ci ildir.Əliağa Kürçaylı atama zəng edir.Atamı oğlu Ülfətin ad gününə dəvət edir.Məclis Salyanın Dayıkənd kəndində olacaq.Həm də məclisə məhdud sayda adamları dəvət edib.Özü də şərt qoyur: "Kim pay gətirsə,qapıdan qaytaracağam". Atam məclisə Açıq Pənahlı birlikdə gedir. Məclisin ağsaqqalı məşhur,hətta əfsanəvi əmək qəhrəmanı Qüdrət kişidir (Qüdrət Səmədov).Qonaqlar isə Atamdır,Açıq Pəhahdlr,atamın və Əliağa Kürçaylının ortaq Salyanlı dostları Qəzənfər Hümbətovdur,Aslan Qəhrəmanovdur,bir də Nüsrət müəllimdir.Həmin unudulmaz məclisdə,qoyduğu sərt şərtə görə kimsə Əliağa Kürçaylını məzəmmət edəndə,əlində qədəh ayağa qalxan Əliağa Kürçaylı,nisgilli səslə bu şeirini söyləyir:

                Yetimlik çəkmişəm...

                Bəlkə yetimlik

                Belə sərt yoğurub təbiətimi.

                Yediyim dərd olub, birdə ki,yemlik,

                Fəqət qorumuşam heysiyyətimi.

                Yerimdən durmuşam dan qızaranda

                Bəzən naharımı əvəz edib şam.

                Özgə uşaqları konfet soranda,

                Mən konfet yerinə barmaq sormuşam.

Atam bu şeiri tez- tez deyərdi.Mən sonralar Əliağa Kürçaylının kitablarında bu şeirə rast gəlmədim.Bəlkə də hansısa kitabında var.Mən görməmişəm.

Atam,1964- cü iş iyul ayında Əliağa Kürçaylı ilə birlikdə Süleyman Rüstəmin bağına getməklərindən,yaxud,yenə də Əliağa Kürçaylının maşını ilə Yazıçıların istirahət evində dincələn yazıçı Əbülhəsənə baş çəkmələrindən bizə maraqlı söhbətlər edərdi.

Atamla Əliağa Kürçaylının dostluqlarının hansı müstəvidə olduğunu,indi yazacağım bir hadisədən özünüz müəyyən edəcəksiniz.1961-ci ilin son,1962- ci ilin ilk gününü Əliağa Kürçaylı ailəsi ilə birlikdə bizdə keçirib.Həmin unudulmaz gecədə Əliağa Kürçaylı,atamın xatirə dəftərinə bu sözləri yazıb: "Adam unudulmaz dəqiqələri həmişə yaşamır.Ona görə də belə dəqiqələrin qiyməti ölçülməz olur.1962-ci ilə keçən bu gecədə mən belə unudulmaz gecələrdən birini yaşadım.Ürək arzulayan dostun məclisindən daha gözəl nə ola bilər, İmamverdi müəllim? Belə bir dəqiqəni mən Sizdə yaşadım ( Daha doğrusu öz evimizdə.Elə deyilmi qardaş?). Əliağa Kürçaylı.31.12.1961- 01.01.1962".

Əliağa Kürçaylı son dəfə bizim evdə 1978- ci ildə olub.Həmin gün haqqında atamın yazdıqları:

"... Əliağa ilə Neftçalada son görüşüm 1978-çi ilin sentyabrında oldu.Yanaqları qürub şəfəqini xatırladırdı. - Yadında olar- dedi- düz 14 il əvvəl,məhz bu ayda Rauf Hacıyev ilə Sizə gəlmişdik.Onda Neftçala indikindən xeyli kiçikdi,əhali, nəqliyyat, yaşıllıq indikindən xeyli az idi,fəqət ondakı comərdlik hara,indiki həvəs hara? Onda elə bilirdim ki, məni təbiət deyilən bu ulu ananın qoynundan qorxunc fil xortumları da qopara bilməz.Amma indi...

-Bu nədir Əliağa -deyə etiraz etdim-bilirsın ki,comərdlik,döyüşkənlik sənin yaraşığındır.Bədbin olmaq səndən ötrü günahdır.Sənin taleyində cavanlıq dövrü bundan sonra başlanır.

Biganə təbəssümlə cavabımı qaytardı:

-Hansı yazıçısa yaxşı deyib:" Qocalıq bu sözlər deyiləndə başlanır:- Mən özümü heç vaxt bu cür cavan hiss etməmişəm".

Əliağa Kürçaylı az yaşadı.Cəmi 51 il.Amansız xəstəlikdən sox əziyyət çəkdi Axır günlərində atam ona dəyməyə gedib..Atam dostu ilə son görüşünü də qələmə alıb.Amma mən atamın xatirələrindəki o hissəni burada yazmayacağam.Mən özüm hər o hissəni oxuyanda,Musa Yaqub demiş, " o biri dünya sanki əllərimdən çəkir"...Dözə bilmirəm.Yalnız onu deyim ki, dostunu ağır vəziyyətdə görmək atamı çox sarsıdıb (mən o vaxt hərbi xidmətdə olmuşam və bu barədə sonralar mənə bacım danışdı).Atam həmin gün evə, elə bil min ilin dərdi ilə yüklənmiş kimi gəlib.Əliağa Kürçaylıdan danışmaq istəsə də danışa bilməyib.Mənim üçün dünyanın ən ağır səngər kişilərindən olan, ən çətin məqamlarda belə hisslərinə sahib olmağı bacaran atam bu dəfə özünü tuta bilməyib, övladlarının gözü qarşısında hönkür-hönkür ağlayıb.

Əliağa Kürçaylı vəfat edəndə atam onun dəfninə də gedib.Əliağa Kürçaylının qızı Ülkərin, atasının ölümünə dözməyib intihar etməsi də hamı kimi atamı da sarsıtmışdı.

Əliağa Kürçaylının dəfni üçün Fəxri xiyabanda yer ayrılsa da,əfsanəyə dönmüş qızının atasının yanında dəfn olunmasını məsləhət bilmirlər.Ata ilə qızını başqa qəbristanlıqda,doğmalarının əhatəsində dəfn edirlər.

Əliağa Kürçaylı ilə qızının faciəli ölümünə nə qədər şeirlər yazılıb.Atam sonralar hər dəfə Əliağa Kürçaylını xatırlayanda kövrək səsi ilə Nəbi Xəzrinin bu gördüyünü deyərdi:

          Bu nədir? Saralıb-soldu şəfəqlər.

          Dünyaya göz yumdu ata da,qız da.

          Bu nədir? Ülkərsiz qaldı üfüqlər,

          Qaldı Kürçaylısız,Kür çayımız da.

Həmin kədərli günlərdə Rəsul Rza da bu münasibətlə bir şeir yazmışdı.Həmin şeirdən bir misra hər zaman yaddaşımdadır.Rəsul Rza Əliağa Kürçaylıya xitabən: "Sən ki,kişi oğlu kişi idin" - yazır.. Rəsul Rza düz yazırdı.Əliağa Kürçaylı kişi oğlu kişi idi.Və indi həyatda olmayan dostlarının yaddaşlarında da,həmin dostlar dünyalarını dəyişənə qədər,kişi oğlu kişi kimi qaldı.Mən də onu hər zaman Rəsul Rzanın yazdığı kimi xatırlayıram.

Mən bu yazını qısa yazmaq istəyirdim.Amma xatirələr çəzələndi.Söz-sözü,cümlə cümləni gətirdi.

Atamla Əliağa Kürçaylının dostluğunu yadıma saldıqda sövq- təbii olaraq öz uşaqlığımı da xatırlayıram...Yay səhəridir.Sarmaşıq kimi bir-birinə sarılmış qızılgüllü həyətimizdə hamımız, ailəlikcə iri dördkünc stolun ətrafında əyləşmişik.Ömrümüzün ən xöşbəxt,ən qayğısız günləridir.Bu vaxt qapımızda firuzeyi rəngli bir "QAZ 21" VOLQA maşını dayanır.Və maşından Əliağa Kürçaylı düşür.Üzündə yenə də həmişəki doğma təbəssüm.

Məşhur fransız yazıçısı Fransua Moriakın sox sevdiyim bir sözü var.Moriak özünün Nobel nitqində "Uşaqlıq itirilmiş cənnətdir" deyib.Mən keçmiş günləri yada saldıqda bu qənaətə gəlirəm ki,əslində ömrümüzün çox geridə qalmış günləri bizim itirilmiş cənnətimizdir.

Və biz hamımız itirdiyimiz həmin cənnətin xiffətini çəkirik.

Şəkil 1. Əliağa Kürçaylı və atam.

Şəkil 2. Bu şəkil 1963- cü ildə evimizdə çəkilib:

Ön sırada: Qılman Musayev (Qılman İlkin), Süleyman Rüstəm, rus şairi Qarold Registan.

İkinci sırada. Soldan sağa: Salyanlı Qəzənfər Hümbətov, tərcüməçi Vladimir Qafarov, Əliağa Kürçaylı,bibim oğlu Zakir, Salyanlı Nadir Əhmədov və Atam.

Süleyman Rüstəmin qucağındakı uşaq mənəm.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0