Örpəyin çiynində yuxuma gəldin - Əsəd Təhləlinin şeirləri
Yazıçı Ədəbiyyat Portalı tanınmış şair, alim Əsəd Təhləlinin 65 illik yubileyi münasibətilə şeirlərini təqdim edir.
SƏNƏ SU SONASI, YA MƏLƏK DEYİM
A adı dilimin qəndinə dönən,
Sənə su sonası, ya mələk deyim?!
Bizi tapışdıran böyük qüvvəyə
De, Allah söyləyim, ya fələk deyim?!
Bacarsan bu dərdi sap tək gəl əyir,
Məni bir ağrılı eşqə bələyir.
Hicran sıxan kimi yağış ələyir,
Gözlərimə bulud, ya ələk deyim?!
Ürəyim sayağı əsən sevgiyə,
Yolumun ağzını kəsən sevgiyə,
Zərif, incə, gözəl - süsən sevgiyə
Bilmirəm gilas, ya çiyələk deyim?!
NƏ ZAMAN ƏLİNƏ DƏYMƏYİR ƏLİM
Sən mənim yanımda olanda, könül
Nəğmə bulağına dönür, biləsən...
Elə ki, bir azca ayrı düşürük,
Bu dünya gözümdə sönür, biləsən...
Ömrü çiçəkləmir yığvalı kəmin,
Kirpiyin dadmasın dadından nəmin.
İzini görəndə çöhrəndə qəmin,
Bu dünya gözümdə sönür, biləsən...
Ha yana yön salım, ha yandan gəlim,
Demə, yenə nədən danışır "dəlim".
Nə zaman əlinə dəyməyir əlim,
Bu dünya gözümdə sönür, biləsən...
VERDİ YAMAN YERDƏ "GÜDAZA" MƏNİ
Dedim, dodağındı qaymağım, balım,
Dedim, tənhalıqda dəyişir halım.
Yenə göyərçinim, dili davalım
Verdi yaman yerdə "güdaza" məni!
Düşdüm dəfələrlə yağışa, selə,
Gərdim hey sinəmi küləyə-yelə.
Hər gün yana-yana dinirəm elə,
Çalır, döndəribdi bir saza məni!
Baxdım gah yuxarı, eh, gah da yerə,
Könül olmazmı ki, sevinc də görə?!
Dərdi verib, nola, dərman da verə,
Qoya çıxam qışdan, o, yaza məni!
SƏNİ ÜRƏYİMDƏN NECƏ ATIM MƏN
Ta göy də danışdı, ta yer də dindi,
Günsüz gün keçirmək yaman çətindi.
Elə üşüdür ki, həsrətin indi,
İsti ocağına necə çatım mən?!
Sözündə bütövəm, eşqində haxam,
Açıldı hicranın yelinə yaxam.
Xəyalın qoymayır bir çimir qaxam,
Gözündə duz yükü necə yatım mən?!
Əsəd Təhləlinin canda canısan,
Dünya ha dağılmaz vaxtlı tanısan...
Bu titrək ürəyin qızıl qanısan,
Səni ürəyimdən necə atım mən?!
YUXUMA GƏLDİN
Gözlərim bir azca yumulan kimi,
Örpəyin çiynində yuxuma gəldin!
Əlimi uzatdım, əlimdən tutub,
Deyinə-deyinə yaxına gəldin!
Söylədin: - Dur, yatma, dur, yazı qalıb,
Sözlərin çəkməyə çox nazı qalıb...
Dedim ki: - Məndə xoş avazı qalıb
Eşqinin, sən bura haxına gəldin!
Həsrətin Əsədə gör necə uyub,
Canımı ağrılar-acılar yuyub.
Bəlkə də bu viran halımı duyub,
Könlümün ahına-axına gəldin?!
ƏLİ ÜRƏK ÜSTƏ QOYDUM, TA DAHA
Könlümdə sağ-səlləm bir yer qalmadı,
Yad-yaxın sözüylə oydum, ta daha!
Əlimi göylərə açardım hər vaxt,
Əli ürək üstə qoydum, ta daha!
De, varmı azmıyan, yolları çənsə?
Cavanı dərd əyib, saçları dənsə.
Şairin dərisi soyular, mənsə,
Mənsə öz içimi soydum, ta daha!
Kimisə üşüdür belə yandığım,
Kimisə yandırır səni andığım.
Göyərçin dediyim, mələk sandığım,
Doydum çox şeylərdən, doydum, ta daha!
QƏBAHƏTMİ, QADAĞAMI, BİLMİRƏM
Daha getdi şimşək kimi çaxmağım,
Eşqli canı yandırmağım-yaxmağım.
Göydən enmiş göyərçinə baxmağım
Qəbahətmi, qadağamı, bilmirəm?!
Eh, düz-dünya çoxumuza olub dar,
Dərdi-qəmi gözdən qanan harda var?!
Duman gəlib, çən yeriyib, yağıb qar
O dağamı, bu dağamı, bilmirəm?!
Olmamışdı yoldan belə əyliyən,
Gah gecəyə, gah gündüzə teyliyən.
Göz görəsi əsir-yesir eyliyən
Gözəl xanmı, ya ağamı, bilmirəm?!
DƏRDİNİ NƏ YUDU BİLƏSƏN GƏRƏK
Çiçək var payız yox, qışda da solmaz,
Könül sızlamasa buludla dolmaz.
Hər bulaq başında dayanmaq olmaz,
İçdiyin nə sudu biləsən gərək!
Bax, budu həyatın, bu, fəlsəfəsi,
Tez seçər göz üzü rənglənən kəsi.
Həmişə nəğmə döy quşların səsi,
Oxuyan nə qudu biləsən gərək!
Çox vaxt eşq ağrısı duyulmadı ki,
Qatılaşan qəmlər suyulmadı ki,
Candan elə-belə yuyulmadı ki,
Dərdini nə yudu biləsən gərək!
AĞZIMDA DİLİMƏ DÖNMÜSƏN MƏNİM
Neynəyim, hər çiçək açmır yazımda,
Var hanı? Göz çoxdu vardan, azımda.
Sinəmə dırmaşan bu dərd sazımda
Bəmimə, zilimə dönmüsən mənim!
Demə ki, bilmirəm daha həddimi,
Və yaxud, aşıram yenə səddimi.
Əysən də yay kimi mənim qəddimi,
Ayıma, ilimə dönmüsən mənim!
Körpü var, üstündən heç keçmərəm ha,
Su görrəm, yansam da, yox, içmərəm ha.
Ta sənsiz tam duyub, dad seçmərəm ha,
Ağzımda dilimə dönmüsən mənim!
QOYMUŞAM GÖZÜMÜ YOLLARINDA MƏN
Su olub, hər səmtə axa bilmərəm,
Boyumdan yuxarı çıxa bilmərəm,
Heç yerə, heç yana baxa bilmərəm,
Qoymuşam gözümü yollarında mən!
Adam var, bəladı başa ayağı,
Təpə yox, dağ olar dağın dayağı.
Gedib, qürbət eldə itən sayağı
İtirdim özümü yollarında mən!
Əsəd demir səndən doyar, bezərəm,
Könlümü döndərib neyə, gəzərəm.
Hicran ağrısına çətin dözərəm,
Əritdim dözümü yollarında mən!
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0