Şeir ruhun səsidi - Fariz Süleymanoğlunun şeirləri
Fariz Süleymanoğlu - AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktorudur.
Yazici.az ədəbiyyat portalı Fariz Süleymanoğlunun şeirlərini təqdim edir.
GÖRSƏNİR
Bu çayda nə qədər dayazlar ki, var,
Sular bulananda dərin görsənir!
Yüz xeyrin dəyənə bir “şərin” olar,
Nankora birinci “şərin” görsənir!
İnsan var “can” deyib başa dolanar,
Dərindən tanısan ürək bulanar.
Limonu görəndə ağız sulanar,
Buzun şəkli belə, sərin görsənir!
Bu həyat kiminə ani bir nəfəs,
Kimi cənnət sanır, kimisi qəfəs,
Ey lovğa, hər gözdə tük axtaran kəs,
Aləmə gözdəki “tirin” görsənir!
Papağı qarşına alıb deyəsən,
Keçmişi yadına salıb deyəsən,
Ey nankor, üz suyun qalıb deyəsən?
Üzündə xəcalət tərin görsənir!
Fələyin oynuna hey gülürəm mən,
Kədəri dağ üçün çən bilirəm mən.
İçindəki xıltı mən bilirəm, mən!
Olsun ki, çoxuna “zərin” görsənir!
Anlamaq, aramaq, soruşmaq günah,
Yalan, xurafatla vuruşmaq günah,
Allahın “işinə qarışmaq” günah,
Saxta ibadətlər şirin görsənir!
Kaş qoca qəlbinin odu qaçmaya,
Zehni zəifləyib, “yadı” qaçmaya,
İnsanın ağzının dadı qaçmaya,
Gözünə bal belə irin görsənir!
Dost hər vaxt sənlədir iraq da olsan,
Səninlə üşüyər sazaqda olsan,
Farizdən nə qədər uzaq da olsan,
Köhnə dost, hər zaman yerin görsənir!
ÇƏKİLİB
Şeir ruhun səsidi,
Duyuğusu, nəfəsidi.
Bir ürək pərdəsidi
Bizim tara çəkilib.
Arif olan gözündən,
Aqil olan sözündən,
Aşiq eşqi üzündən
Ahü-zara çəkilib.
Hikmət gülün iyləmiş,
Dövrə üsyan eyləmiş,
Nə qədər haqq söyləmiş
Dahi dara çəkilib...?!
El palaza bürünür,
Pullu dahi görünür,
Arxasızlar sürünür,
Gör kim hara çəkilib?!
Bu gecə ay paradı,
Nəsə.., qanım qaradı.
Qərib, bu ərş haradı?
Yuxum ora çəkilib.
ZAMAN İTKİSİ
Kim duyur, tükənmiş qələm nə çəkir?
Onu puç eyləyib haman itkisi.
Küləyə qarğıyan o şəm nə çəkir?
Ox bilir, necədir kaman itkisi.
Üzünü göz yaşı axır yandırır!
Nəvəsi üzünə baxır, yandırır!
O Şəhid atasın yaxır-yandırır
Öncədən qəlbinə daman itkisi!
Vətən, haqq yolunda candan keçənin,
Şəhidlik badəsin erkən içənin,
Bizə candan yanan, vaxtsız köçənin
Yaman ağır olur, yaman itkisi!
Düşünən məzhəbi, dini sorğular,
Fələləyi, mələyi, cini sorğular,
Anlamaq istəyər yəni, sorğular,
Cahil bunu sanar “iman itkisi”.
Tovlayıb sürünü “şən” yaxalamış,
Canavarla çoban tən yaxalamış,
İşə pərdə çəkib çən yaxalamış,
İtiklər adlandı: “Duman itkisi”.
Xain ləzzət alar çox olsa qəmin,
Pis keçsə əhvalın, qərq olsa gəmin.
Deməz saman kimin, samanlıq kimin,
Məqsəd ziyan vurmaq, “saman” itkisi.
Həyatı sevərsən, o, vurar səni,
Atəşi yandırar, qovurar səni,
Amansız dalğalar sovurar səni,
Olsa yön itkisi, liman itkisi.
Zalıma əl çalan əllərə heyif,
O, nadanlar üzən güllərə heyif,
Nankora sərf olan illərə heyif...
Zaman itkisiymiş, zaman itkisi!
OLMADI
Sufilər mey gözlədi,
Üfürdü ney, gözlədi,
Məzlumlar hey gözlədi,
Kimsə nazil olmadı.
İblisə can deyənlər,
Haqqa böhtan deyənlər,
Pula vicdan deyənlər,
Heç də rəzil olmadı.
Süzərək gilə-gilə,
Alışmışıq nisgilə.
Ümid etdik bu ilə,
Bu da “düz il” olmadı.
Sevgiyə bələdilər,
Dualar ələdilər,
Ha yüz il dilədilər,
Ömür yüz il olmadı.
İncitdi, dosta susduq,
Səhv dedi “usta”, susduq,
Zülmə iclasda susduq,
Susmaq qızıl olmadı.
GƏLƏN
Dağ başında ocaq olar,
Xəbər salar küldən gələn.
El-obaya çıraq olar,
Bel də bükər beldən gələn.
Analar qara bağladı,
Ağılar ürək dağladı.
Neçə Şəhidə ağladı
Sədərəyim Mildən gələn!
İnsan dərddən fağırlaşır,
Göz kor, qulaq sağırlaşır.
Gün-güzəran ağırlaşır,
Niyə ilbəildən gələn?!
Söz düzülər sətir olar,
Buğda çörək, fətir olar.
Gah məst edən ətir olar,
Gah şirin bal – güldən gələn.
Qulaq asma hər deyənə,
Qiybət edən, şər deyənə.
Ar eyləmə verdiyinə,
Əgər buysa əldən gələn.
Hər ürəyin təbi olmaz,
Hər xəstənin həbi olmaz.
Hər sandıqda nəbi olmaz,
Musa kimi – Nildən gələn.
İncidib dodaq büzdürər,
Can olar, candan bezdirər,
Haqq deyib dəri üzdürər,
Adicə söz – dildən gələn!
QƏDƏR
Ulular “oxu” deyib,
Beşikdən gora qədər.
Bu ömrə “yuxu” deyib,
Zülmətdən nura qədər.
Həm qədim, həm təzədi,
Sirr dolu möcüzədi,
Həyat mübarizədi,
Vuruş axıra qədər.
İbadətin, a dərviş,
Ya göstəriş, ya vərdiş.
Bu tamaşa, bu gərdiş
Sürəcək sura qədər.
Riyakar bil, görünür,
Hüzurda şil görünür,
Zəifə fil görünür,
Güclüyə birə qədər.
Atsan, aşığı düşməz,
Versə, qaşığı “düşməz”,
Zərrə işığı düşməz
Dibinə çıra qədər.
Hikmətləri süzərik,
Sözdən məna düzərik,
Dözümlüyük, dözərik,
Amma, bir yerə qədər.
Turan – Ülkümüz adı!
Turan – Ulu davadı!
Turan – “Qızıl alma”dı,
Türkə qəbirə qədər!
UTANSIN
Niyə utansın ki, divanə olan?
Onu məcnun edən mələk utansın!
Başına dolanıb nəğmələr qoşan
Bülbül yox, o lovğa çiçək utansın!
Yaş ötüb, titrəyən əli qınama,
Dərdlərdən bükülmüş beli qınama.
Gəl, eşqdə gözləri, dili qınama,
Onları bağlayan ürək utansın!
Puç olan zamana, dəmə qarğıma,
Sənsənsə səbəbkar, qəmə qarğıma,
Özünü əridən şəmə qarğıma,
O şəmi söndürən "külək" utansın!
Özünü hamıdan "dahi" bilənlər,
Üzdə "hala yanan", dalda gülənlər,
Dar gündə itən o "öndəgələnlər",
Aynaya baxanda gərək utansın!
O körpə ceyranı didən şir deyil,
Məzlumlar axışan ocaq, pir deyil,
O tətiyi çəkən snayper deyil,
Bu çərxi döndürən fələk utansın!
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0