Süzülür qəlbimə xatirələrin - Vaqif Aslanın şeirləri
Bu gün AYB-nin Şəki bölməsinin sədri, tanınmış şair-publisist, tərcüməçi, dramaturq Vaqif Aslanın doğum günüdür.
Yazıçı Ədəbiyyat Portalı bu münasibətlə şairi təbrik edir, şeirlərini oxuculara təqdim edir.
İSTƏK,.. İNAM!
Həyat istəyirəm bir az nəşəli,
Amma kədəri çox, sınaqları çox.
Qayğısız ömrü də ömür saymıram,
İstəmirəm, yox!
Sevgi istəyirəm, həsrətli sevgi,
Amma vüsalına bir ümid qala.
Sevgi olan yerdə inam, vəfa var...
Bir az da, bir az da qısqanclıq ola.
Əllər istəyirəm, pislikdən uzaq,
Fikir istəyirəm, ləkələnməmiş.
Sinə istəyirəm, dağ görməsin,dağ,
Gözlər istəyirəm kölgələnməmiş.
Gülzar istəyirəm,çiçəklərinə
Xəzan küləkləri dəyməmiş olsun.
İnsan istəyirəm, xəcalətindən
Başını heç yerdə əyməmiş olsun.
YARATMISAN
Şükür birliyinə, Yaradan Kişi!
Gecədən gündüzə yol yaratmısan.
Mizan tərəziylə görüb hər işi,
İşığı zülmətdən bol yaratmısan.
Hərədə bir ləqəb, hərədə bir ad...
Onunçün bu qədər gözəldir həyat.
Məsləhət bəlmisən qartala qanad,
Ceyrançün süzməyə çöl yaratmısan.
Dağları, daşları xəlq eyləmisən,
Alçaqdan ucaya fərq eyləmisən.
Dərin dəryaları qərq eyləmisən,
Bir kiçik damladan göl yaratmısan.
Bilmirəm nədəndir yazdığın yazı,
Hələ ki, heç kimi salmayıb razı.
Varlı gileylidir, kasıb narazı,
Hərədə bir cürə dil yaratmısan.
Nər-nər nərildəyir şirlər qəfəsdə,
Çaqqallar, tülkülər ayrı həvəsdə.
Yazıq bənövşənin .başının üstə
İlahi, nə deyib kol yaratmısan?
Kim ki, mənəm deyib azdı yolunu,
Gözləri görmədi sağı, solunu.
Deyirəm, nə yaxşı, Cumayoğlunu
Haqqa, ədalətə qul yaratmısan.
19 mart 1991
İLK BAHAR
Nə vaxtsa dünyaya gəlib ilk bahar,
Dünya sevincindən aşıb-daşıbdır.
Torpaqdan ilk dəfə göyərib otlar,
Yarpaqlar ilk dəfə pıçıldaşıbdır.
Sonra insan gəlib dünyaya min- min,
Vurulub: – bu dünya gözəldir – deyə
Sonra bir ürəyə kin düşüb ilkin ,
O kin qılınc olub bu gözəlliyə.
İnsan övladına layla deyən dil
Dönüb ağı deyib, o bahar, o il.
O gündən analar qalıbdır sızlar,
Bacılar ömür edib qulağı səsdə.
Yollara boylanan nişanlı qızlar
Dönüb bənövşəyə, bitib yol üstə.
Oxlanan bir igid qəlbidi lalə,
O vaxtdan göyərir, o vaxtdan hələ.
Elə o zamandan axır nahaqq qan,
Qürbətə sürülür el gözəlləri.
Ata ocağına qızlar o vaxtdan
Dönüb qaranquşa qayıdır geri.
Hələ də beləcə dönür fəsillər,
Leysan əvəzinə bəzən yağır qan.
Yaman uzaqlaşıb bizim nəsillər
Dünyanın bakirə ilk baharından.
Nə vaxtsa dünyada ilk bahar olub,
Bu dünya nə qədər bəxtiyar olub.
6 iyun 1978
KÖNLÜMÜ
Nə sözüm kar edir, nə gücüm çatır,
Ovuda bilmirəm dolan könlümü.
Onda qəmlər yatır, nisgillər yatır,
Yoxdur sevindirən, alan könlümü.
Nə qanır-qandırır, nə düşür başa,
Mənnən cəng eləyir, çıxır savaşa.
Bilmirəm öldürüm, ya çırpım daşa,
Başımın bəlası olan könlümü.
Nə gözəl niyyəti, arzusu vardı,
Əsdi qara yellər, aldı,apardı.
O mənimki idi, məndən qopardı,
Bir ruhsuz elədi talan könlümü.
Yoxdur vəfasızdan hay, Cumayoğlu,
Eyləmə özünü zay, Cumayoğlu.
Açma hər yetənə, ay Cumayoğlu,
Məni bu dərdlərə salan könlümü.
26 fevral 1975
SEVDALI QIZ
Söyləsənə gül üzdəki qəm nədir,
Niyə gülmək çətin gəlir sənə, qız?
Bilməyincə gözündəki nəm nədir,
Göyüm-göyüm göynəyəcək sinə, qız.
Elə baxma, yanıqlıyam, yanaram,
Elə gülmə, gülüşündən sınaram
Susub durma, sükutundan donaram,
Qıyarsanmı bir cavana, denə, qız?
Zirvədə çən, sevən başda dən olar,
Sevən ürək qəlbi olar, gen olar,
Dərdin, qəmin dərd-qəmimə tən olar,
Dərdin alım, de dərdini mənə, qız.
Mən kövrəyəm, sənin qəlbin həzindi,
Yana-yana dərd ovudaq biz indi.
Sevda yolu hər bir yoldan uzundu,
Şair könlüm dilə gəldi yenə, qız.
12 yanvar 1977
YOLÇU
O batan Günəşin şüalarıtək,
Süzülür qəlbimə xatirələrin.
Ehmalca saçıma toxunur külək,
Elə bilirəm ki, əlindir sənin.
Hər yerdə belədir, gün batanda, bax,
Üfüqün gözünə qanlar sağılır.
Göylərin Günəşi batsa da, ancaq
Qəlbimdə başqa bir Günəş doğulur.
Çöksə də yollara daha qaranlıq,
Gedirəm qəlbimin işığıyla mən.
Yenə ayrılığa qaldı yamanlıq,
Bilmədi, sən mənim ürəyimdəsən.
O batan Günəşin şüalarıtək
Süzülür qəlbimə xatirələrin.
Ehmalca saçıma toxunur külək,
Elə bilirəm ki, əlindir sənin.
MƏN TƏNHA,.. SƏN TƏNHA
Sən, ey tənha çinar,ey qəmli çinar!
Gəl, salma yadıma ötən günləri.
Sənin ilk eşqimə şahidliyin var,
Qəlbimdə yerin var o gündən bəri.
Gəlirmi yadına ilk görüşümüz?
Soruşma nə oldu o sevdiyin qız?
Deyəsən,bu dəfə tufan bərk gəlib,
Görürəm qırılan budaqlarından.
İndi görüşünə durub tək gəlib,
Bu yolu cüt gedib,cüt gələn oğlan.
Külək yarpağını aparan kimi,
Aparıb gediblər məhəbbətimi.
Taleyin kürlüyü, yandırır məni,
Gör nə cür görüşdü nəzərlərimiz?!
Çoxdan gizli-gizli gəzirdim səni,
Mən tənha,.. sən tənha,gəl dərdləşək biz.
5 dekabr 1969
Tural Adışirinin təqdimatında..
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0