Torpaq - Vətən: Zakir Məmməd yazır..
Torpaq – Vətən
(Sitatlar Səməd Qaraçöpdəndir)
Bütün canlıların, insanın həyatında torpağın varlığı əsas şərtdir. Onun şüurdakı anlamı hər şeydən öncə bir ölçü, nizam ifadə edir və bu ölçü, nizam torpağın dəyəri və dəyərsizliyi ilə müəyyən oluna bilər. Torpaq nə vaxt dəyərli, nə vaxt dəyərsiz olur?
“Onda həm çörək idi, həm də mahnıydı torpaq”. Bax tarixin bir dövründə torpaq dəyər qazanır.
Tarixin bir dövründə torpaq əzəli mahiyyətini itirir:
“Hələ yox idi onda torpağa daş atanlar”
İndiyə kimi torpağa “hər cür ad” qoyulubdur. Müdrik qələm adamları bu cür nəsnələrin tərifini yaxşı bilirlər. Tarixin ən yaddaqalan adları torpağa aid edilibdir. Torpaq deyilən bu bir kəlmə sözün bətnindən çoxlu yeni adlar, anlayışlar törəyibdir ki, bunun biri “vətən” adlanır. Şairlər həmişə içəri qatlara, dərin mətləblərə baş vurduqlarına görə Səməd Qaraçöp bir məqamda doğma torpağı “vətənin qıraqda qalan yeri” kimi mətnə daxil edir.
“Tarixin yel döyən yerisən, vətən,
Tarixin sel döyən yerisən orda.
Vətənin qıraqda qalan yerisən,
Vətənin daş dəyən yerisən orda”.
Bu vətən deyilən söz geniş mənalar ifadə edir. Ölkə ərazisinin rəsmi sərhədlərindən kənarda qədim tarixi torpaqlarımızın taleyi müqtədir sənət adamlarını hər zaman düşündürübdür. Həmvətənlərinin özgə bir diyarda yaşamağı insanda kədər doğurmaya bilməz. “Dili bir, qanı bir qardaş”ların cəmləşdiyi tarixi yerlər vətəndir. Səməd bəyin bu şeirini oxuyanda da, ilk kitabının adında əksini tapan söz kimi də (“Vətənin qıraqda qalan yerləri” şairin kitabının adıdır) vətənin qıraqda qalan yeri həm də ölkənin vətəndaşı ola bilir. Məsələn, bu zamanda Səməd Qaraçöp kimi qələm adamlarını (“Mənim şeirlərim düşmən qazanır”), müxalif düşüncəli insanları, gün-güzəranı ağır keçənləri vətənin qıraqda qalan yeri saymamaq mümkün deyil.
Sözün çoxmənalılıq xüsusiyyəti olmasa, ürək sıxıntı çəkər. “Vətən”, bəlkə də, ən çox məzmun bildirən sözdür. Elə olur ki, söz xoş ovqatı ifadə edir, elə olur ki, üzgün. Müstəqim mənada vətən sadəcə bir “yaylaq havasıdır”. Sözün informatik məzmununa görə Azərbaycan torpağı – havası yaylaq havası kimi saf olan bir ərazidir. Ancaq elə olur ki, “vətən” ağrı-acı bildirən söz kimi ürək göynədir. “Bu yerin qızılı yaylağa çıxıb”. Söhbət “qara qızıl”dan gedir. Təəssüf ki, eyhamsız, kinayəsiz əşyalara ad vermək tamam-dürüst mümkün deyil.
“Ürəyim dünyanın neft çıxan yeri,
Axı şeir neftə yaman oxşayır:
Çıxdığı torpağı yandırır şeir,
Gedir yad ocağı yandırır şeir
Şeir ki Füzuli yaylağı imiş,
Yaylaq havasının xeyri var cana!
... Eh, şeir bu neftə yaman oxşayır,
Yaman oxşayıram Azərbaycana”
Azərbaycana oxşamaq müşkülümüz çiynimizdə dağ kimi qalmaqdadır.
Torpaq dərinlikləri sözün dərin qatları kimidir, heç okean suları ilə də müqayisə edilə bilməz. “Mən yerin altında Arazam, Kürəm”.
Yaxud
“Mən gözə görünməz yeraltı çayam
tutmuşam dünyanın dərin qatını”
Torpaq bircə insan ağlının fəzilətləri ilə tutuşdurula bilər. Torpağa üz çevirmək var, “gündə bu torpaqla öpüşüb babam”; bir də torpaqdan üz çevirmək, “köçüb tay-tuşlarım yanımdan gedir”.
Torpaqdan üz çevirmək insanın təbiətinə ziddir. İnsan xislətində torpağa üz çevirmək var. “Köçüb bu torpağa qarışıb babam”, yaxud “Babam bu torpağa qarışıb, Allah, / babamın torpağı məni buraxmır”. Səbəb bu. Ağac, ot kimi adam da torpaq qatından boy atıb şaxələnir.
Ana torpaq
Torpağa əlavə edilən epitetlərdən ən müqəyyəd olanı “ana” kəlməsidir. “Torpaq, anam sənsən daha”. İnsan oğlunun torpaqla təması onun dünyaya gəldiyi gündən başlayır. Nəhəng Atlantın qolundakı qüvvətin sirri torpağın sirridir. Sözümüzün əvvəlində yer üzünün ölçü-nizamının torpağın “xüsusiyyətləri” ilə bağlı olduğunu yazmışıq. Torpağın bir halı qəbirdir. Yer qəbir halında daha da böyüyür, adama doğmalaşır, çünki:
“Qarışdın düzənliknən,
Qovuşdun dağlıqnan,
Nə göyçək qəbrin var, a ana,
Qəbrin də sağlıqnan!”
Doğma insanların uyuduğu torpağın tayı-bərabəri yoxdur. Qəbir boyda bir parça yerin genişliyini, yerləri, göyləri əhatə etdiyini şair olanlardan başqa bilən yoxdur:
“Bir torpaq sükutun var,
Bir dünya səbrin var,
Qəbrin də sağlıqnan, a ana,
Nə göyçək qəbrin var!
Yerin də sağlıqnan, a ana,
Yurdun da sağlıqnan, a ana!
Yaraşır bu qara torpağa
Üzün bu ağlıqnan, a ana!
Yaraşır çiçəklərin,
Yaraşır ulduzların,
Bu göysən, yersən daha!
Torpaq səbrini versin,
Torpaqca varsan daha!”
Burada kiçik bir haşiyə yerinə düşər. Cingiltili samitlərin üstünlük təşkil etdiyi bu şeirdə həzin bir melodiya var. Müəllif “ay ana” müraciətindən imtina edir. Danışıq nitqində iki “a” saiti arasına samit səsin əlavə edilməsi qanun sayılsa da, sənətkarlıq tələblərinə görə şair anaya “a ana” deyərək xitab edir. Hər halda torpaqla bərabər (torpaq boyda) sükutun pozulmasına yol vermək düzgün deyil. Sanki bircə həmin “y” səsi “damdan” torpaq tökülməsinə, yerin-göyün uçub dağılmasına səbəb ola bilər.
Halallıq duyğuları ilə torpağa bağlanmasa, insan xoşbəxt ola bilməz. Əkib-becərəndə də, düşmən fitnəsindən, tənəsindən onu qorumaq lazım gəlirkən də, ən doğma və yad adamları torpağa tapşıranda da insan övladı öz kamillik zirvəsində qərar tuta bilir.
“Torpaq, inandığım sənsən,
Anamı sənə tapşırdım, torpaq!”
Yaxud:
“Anam mənə tapşırdı səni,
Anamı sənə tapşırdım, torpaq!” və
Adam nəyisə kiməsə tapşırır.
tapşırıq
Məsələn, söz tapşırır, mal-mülk tapşırır, adam tapşırır... Bir də adamı torpağa tapşırmaq var. Fəqət böyük tapşırıqlar da var. “Mənə ağır bir iş tapşırıb Allah”.
Torpaqdan yaranıb, torpağa qarışmalıdı insan. Allahın tapşırığı belədir.
“Bir iş tapşırıb ki – uzun, yorucu:
Çürüyüb torpağa qarışmalıyam”.
Ölüm haqdır. İnsan əbədi deyil. Ancaq söz həmişə yaşayır. Sözə ölüm yoxdu.
“Mən qələmnən gecə-gündüz dağ çapıram,
Qələmimdən min illərin səsi gəlir;
Min il sonra deyəcəklər bu dünyada:
Səməd ölüb, qələminin səsi gəlir”.
Təsəlli yerini burada axtarmaq lazımdır. Bir var, çürüyüb gedir adam və ondan bir nişanə qalmır. Bir də var, çürüyüb min illərlə yaşayır adam. Bunun yolu çürüyüb torpaq olmaqdır. “Necə çürüyüm ki, itib-getməyim, / Necə çürüyüm ki, torpaq olum mən?!”
Çürüyüb, sonda torpaq olanlar tarixdə qalır. Bu, Allah tapşırığındakı çürüməyin nəticəsidir. “Yanmışam, döyülmüşəm, / ac qalmışam, çılpaq qalmışam... / Bilirsənmi, tarixdə necə qalmışam, oğul, / bir su bir torpaq qalmışam”.
Bu, insanın ən böyük qələbəsidir.
Zakir Məmməd
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
1
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0