Tülsünü sevmək - Əziz Nesindən yeni tərcümə
Yazici.az ədəbiyyat portalı ADPU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Bəhram Cəfəroğlunun tərcüməsində Əziz Nesinin "Tülsünü sevmək" adlı hekayəsini təqdim edir.
“Bir sürgünün xatirələri” əsərində “Düşünmək, sevmək, gülmək...Həyatda əsas bunlardır. Yerdə qalanlar hamısı boş şeylərdir” yazmış böyük türk yazıçısı, dramaturqu, şairi Əziz Nesin bütün yaradıcılığı boyu bu üç prinsipə sadiq qalaraq yazdığı romanlarında, hekayələrində, şeirlərində oxucularını həm düşündürdü, həm güldürdü, həm də onlara sevməyi öyrətdi.
Azərbaycanlı oxucuların əksəriyyəti Əziz Nesini satirik üslubda yazmış, yaşadığı cəmiyyətin problemlərini incə yumor hissi ilə işıqlandırmış nasir,dramaturq kimi tanıyır. Lakin Əziz Nesin həm də məhəbbət mövzusunda yazmış olduğu “Tut əlimdən Rovni” komediyasının, “Qol kralı Səid hop Səid”(Futbol kralı) romanının, “Dostum badam ağacı”, “Bağışla” kimi lirik şeirlərin və “Tülsünü sevmək” adlı hekayənin müəllifidir. Məhəbbət mövzusu onun yaradıcılığının ayrılmaz tərkib hissəsidir, desək, səhv etmərik.
Əziz Nesinin məhəbbət mövzusunda yazmış olduğu əsərlərində elə bir məhəbbətdən danışılır ki, bu məhəbbətin qarşılığı yoxdur. Bu məhəbbət həmişə cavabsızdır, qarşılıqsızdır, bəzən də təhqir edilib, alçaldılıb, lağa qoyulub, lakin hər zaman uca tutulub. Əziz Nesinin təsvir etdiyi məhəbbəti heç bir qüvvə satın ala bilməz, təhqir edilsə belə soyumaz, vaz keçilməz, unudulmaz, tərk edilməz.
Məhəbbət mövzusu onun həyatı ilə bağlıdır, bəlkə də, hələ gənclik illərindən başlamış aldanışlarının ifadəsidir. Onun bu mövzuda yazmış olduğu əsərləri ilə yaxından tanış olduqca insana elə gəlir ki, hadisələr avtobioqrafikdir, sevən də, sevilən də, aldadılan da elə yazıçının özüdür...
Sevimli V.D.
“Səni sevirəm, Tülsü” sözləri yazılmış teleqramımı alanda -bu nədir, Tülsü kimdir?- deyib çaşıb qalmısan.
Doğrusu, ağlı başında olan insan belə iş tutmaz. Ancaq teleqramı göndərərkən ağlımın başımda olduğunu deyə bilmərəm. O gün bir az yarıyuxulu kimi idim, istəmədən o teleqramı sənə göndərdim.
Yad bir insanı olduğum bu dünyanın sayılıb-seçilən bir şəhərində, bir həftədən bəri ilk dəfə o gecə təkbaşına yalqız qalmışdım. Yad bir şəhərdə insanın təkliyi daha da dözülməzdir. Yalqızlıqdan nəfəs aldığım hava sanki ağırlaşır və mən bu hava içərisində güclə nəfəs alırdım. Bu ruh düşkünlüyü içərisində fikrimi içki ilə dağıtmaqdan istəyimdən başqa bir istəyim yox idi. Qaldığım otelin ətrafındakı bahalı restoranlara, kazinolara getmək istəmədim. Çünki kübar insanlar, səliqəli masa örtükləri, kübar söhbətlərlə deyil, bürüşük insanlar, bürüşük masa örtükləri, bürüşük söhbətlər arasında sadəcə özümlə baş-başa qalmaq istəyirdim.
Yan küçəyə çıxdım, bir az sonra o böyük şəhərin içərisində itdim. Yad olduğum böyük şəhərlərdə özümü insan axınına buraxıb getməyi sevirəm. Necə olsa da bir taksiyə minib otelə dönə bilərəm.
Könlümcə olan içkili bir yer axtardım. Bəzisinin qapısından içəri girdim, bəzisinin isə dumanlı pəncərəsindən boylandım. Tək başına qala biləcəyim boş masası olan bir yer axtardım. Qarşıdakı yeməkxanada bir tək masası boş olan yer gördüm. Yəqin ki, gediş-gəliş yolu üstündə olduğu üçün boş qalmışdı. Xoşuma gəldi. İçəridəki uğultulu söhbətlərdən belə spirt qoxusu gəlirdi. Yad olduğumu üzümə çırpan heç bir şey yox idi. Burada üç qadın xidmət edirdi. Bunlardan əsmər olanı masama gəlib nə istədiyimi soruşdu. Qarşıq pendirli salat, bir də ağ şərab sifariş etdim. İstədiklərimi gətirən o əsmər qadın nəzakətlə kiçik bir şüşə güldanda tək bir qərənfil də gətirdi. Onun gətirdiyi o tək qərənfil bəzək üçün olan yekə qərənfillərdən deyildi, ətirli, kiçik qərənfillərdən idi. Qərənfilin bütün qoxusunu içimə çəkib bitirmək istər kimi qoxuladım. İçib yavaş-yavaş özümə gəlirdim. Üzüm qapıya tərəf idi. Qapının açılmağından xəbərim olmsa da, qapının ağzında duran o adamı görmüşdüm. Təxminən mən yaşda olardı. Gözləri ilə oturmağa boş yer axtarırdı. Mən gözünə sataşan kimi yanıma gəldi:
-Üzr istəyirəm, mən də burada otura bilərəmmi?
Könülsüz olsa da:
-Əlbəttə, buyurun,-dedim.
Təkliyimi heç kimlə bölüşmək istəməzdim, özü də beləsi ilə... Ürəyim sıxılmağa başladı.
Təşəkkür edib qarşımda əyləşdi.
O da mənim kimi əsmər qadından qarışıq pendirli salat və ağ şərab istədi. Mənim etdiyim kimi qərənfili dərin-dərin qoxuladıqdan sonra:
-Mən bu kiçik, ətirli qərənfilləri, o bəzək üçün olan yekə qərənfillərdən daha çox xoşlayıram. Onların özündən razı görkəmləri olsa da, ətirləri yoxdur. Di gəl ki bunlar özlərini öyməz, özlərindən razı halda qışıqrmazlar, sadəcə, yanıqlı-yanıqlı ətir saçırlar,-dedi. Sonra doldurduğu şərab badəsini qaldırıb:
-Şərəfə,-dedi. Badəmi onun badəsi ilə toqquşdurub mən də:
-Şərəfə, dedim.
Artıq danışmağa başladıq. Bu şəhərə gəlmə olduğunu, bir həftədən bəri burada olmasını söylədi.
-Mən də sənin kimiyəm,-dedim. Bu dəfə hörmət əlaməti olaraq söhbəti mən açıb ondan burada nə işlə məşğul olduğunu soruşdum.
-Tülsünü sevirəm,-dedi.
Deyəsən, sualımı səhv başa düşmüşdü.
-Nə iş gördüyünüzü soruşuram -deyə sualımı bir daha təkrar etdim.
-Mən də cavab verdim, mənim işim Tülsünü sevməkdir.
Çaş-baş qaldığımı gördükdə nə demək istədiyini açıqladı.
-Dünyada sevməkdən vacib iş varmı? Bu günə qədər ancaq Tülsünü sevdim. Ölənə qədər də ancaq onu sevəcəyəm.Ən böyük xoşbəxtlik insanın sevdiyi işi görməsidir. Di gəl ki, insanların çoxu, demək olar ki, hamısı sevmədiyi işi görür.
Nə iş gördüyünü soruşandan sonra, nə ilə dolandığını da öyrənmək istədim.
-İşini sevmək nə deməkdir?-deyə sual verib cavabını da özü verdi:
- Hər günün iyirmi dörd saatını, yuxunda belə sevdiyin şeyi düşünməkdir.
Şərabımız qurtarmışdı. Bir şüşə də gətirtdik. Bu yaşda adamın sevgilisi kim bilir necə biridir-deyə ürəyimdən keçirdim.
-Yaşınızı soruşa bilərəm
-Mənim yaşımda birisinin kimisə sevməyi, həyatda ən vacib işi sayması hamı kimi sizə də qəribə gəlir. Yetmiş yaşındayam.
-Deməli, yaşıdıq.
-Yəqin, Tülsünün də yaşıyla maraqlanırsız? Hər kəs maraqlanar, çünki yetmiş yaşında bir adamın sevgilisi...
-Doğurdan da, həyatınızı həsr etdiyiniz bu xoşbəxt qadın haqqında bilmək maraqlı olardı.
Badələrimizi yenə toqquşdurub şərəfə içdik.
-Tülsünü ilk dəfə görməyim gerçəklə xəyal arasında olan bir hadisədir. Çünki Tülsünü ilk dəfə atamın söhbətlərindən tanımışam. O zaman dörd-beş yaşlarında olardım. Axşamtərəfi idi, atamla bir dostunun dükanının qabağında oturmuşduq. Dükan yoxuşda yerləşən köhnə bir zirzəmidən ibarətdi. Qabağımızdan bir qız keçdi, ya da keçmişdi... Uzun saçlı, on dörd-on beş yaşlarında olan bir qız. Mən birdən “Bax bu qızla evlənəcəyəm!” dedim və ya demişəm. Atam sonralar bu hadisəni o qədər danışdı ki, onun danışıqlarından sonra o hadisə gözümdə həqiqətə çevrilməyə başladı və o qız əlçatmaz varlığa çevrildi. Atam deyə-deyə məni inandırdığı yaşamadığım hadisəni yaşamış kimi oldum. Bax, Tülsü o zaman gördüyüm qızdır.
-Elədirsə, indi səksəni aşmış olar.
-Niyə?
Siz dörd-beş yaşlarında olarkən o, on beş yaşındaydı da, ona görə.
-Tülsü yaşlanmır.
-Deməli, sonra gördünüz?
-Elə hey onu axtarır, onu gəzirdim. Mənim başqa iş üçün bu şəhərdə olduğumu fikirləşirsiniz? Dünyanın bilmədiyim bir yerində, bilmədiyim bir ünvanında yaşayan qadındır Tülsü. Onu tapacağıma inanıram. Ona görə də axtarıram. Buna görə bütün dünyanı dolaşıram.
-İlk dəfə gördüyünüz vaxtdan sonra onu heç görmədiniz?
-Gördüm. Mən o zaman otuz yaşındaydım. Yenə onu axtarmaq üçün böyük bir paytaxt şəhərində idim. Metro eskalatoru ilə aşağıya enirdim ki, birdən yanımdan yuxarıya qalxan eskalatorda Tülsünü gördüm. İyirmi yaşı ancaq olardı, şabalıdı saçlarını çox qısa kəsdirmişdi, yanımdan keçib getdi. Ürəyimdən Tülsü!-deyə onu çağırmaq keçdi, amma eskalator artıq enmişdi.
-Daha sonra görmədiniz?
-Bir dəfə də gördüm. Yenə bir şəhərdəydim, o zaman qırx yaşım olardı. Qatardan yenicə yerə enmişdim. Vağzal çox qələbəlik idi, qatara minənlər, qatardan düşənlər ora-bura qaçışırdılar. Bax bu qələbəlikdə biri ilə toqquşdum. Başımı qaldırıb gördüm ki, açıq sarışın saçlı, iri mavi gözlü iyirmi beş yaşı ancaq olan bir qızla-Tülsü ilə toqquşmuşam...Bir an bir-birimizə baxa-baxa qaldıq.Toqquşanda əlindən paketlər düşmüşdü. Çantamı yerə qoyub onun paketlərini yerdən qaldırıb özünə verdim, bağışla dedim. O da təşəkkür etdi. Yanındakı qoca kişi qoluna girib qatara mindirdi.
Sonuncu qarşılaşmağımızdan beş-altı il sonraydı, uzaq Asiya şəhərindəydim, onu avtobusda gördüm. Eyni avtobusda dörd dayanacaq bir yerdə getdik.
-Danışmadınız?-deyə soruşdum.
-Necə danışa bilərdim? Axı onun dilini bilmirdim. Bir dəfə də kiçik bir şimal ölkəsinin paytaxtında bir beynəlxalq toplantıda gördüm Tülsünü. Eyni masada çox qısa vaxt ərzində qarşı-qarşıya oturmuşduq, deyəsən, yanındakı zənci əri idi.
-Əri zənci idi?
-Hə, Tülsü də zənci idi, gözəl bir zənci.
-Yenə danışmadınız?
-Sizdə üç saylı bülletendən yenə varmı?-deyə məndən soruşdu. Artıq bülletenim yox idi, özümünkünü verdim. Təşəkkür etdi.
-İllər keçsə də, mən hələ də Tülsünü axtarıram.
-Amma onu tapdınız da.
-Tapmağıma tapıram, amma necə... bir anlıq. Bir şimşək parıltısı kimi görünür, birdən yanımda partlayır, bir də sönəndə görürəm, tapar-tapmaz yenə itirirəm. Qovuşmaq deyil bu...Ona qovuşmaq üçün yer kürrəsini neçə dəfə fırlandım...
Bir dəfə də Balkan ölkələrindən birinin paytaxtında gördüm Tülsünü. Heç otuz yaşı da olmazdı, mənsə altımışı keçmişdim. Tülsüü iki kişinin arasında sürahiyə söykənmiş, əlindəki yekə bakalda al-qırmızı içki vardı. O, ayaqüstə duran iki kişinin söhbətinə güldükcə əlindəki qırmızı içki çalxalanırdı. Saçları qızılı, gözləri qonur idi...
Beş il sonra heç gözləmədiyim bir yerdə...Həmişə ağlıma gəlməyən yerlərdə rastlaşıram Tülsüylə...
Bir dəfə bir banka getmişdim, bir də baxıb gördüm ki, məndən bir az aralıda bir bank işçisi ilə danışır. Gözləri yaşıl idi, saçlarını isə toplamışdı. O dəqiqə bankdan çıxdı, qapının ağzındakı maşına minib getdi...
Axırıncı dəfə keçən il gördüm, Aralıq dənizinin sahilindəki şəhərdəydim, şəhərin sahil otelində... Mən otağımın qarşısındakıbalkonun kölgəsində kitab oxuyurdum. Birdən lap yaxınlıqda -bağışlayın, saat neçədir? Sözünü eşidib başımı qaldırdım ki, qarşımda Tülsü dayanmışdı, yanında da gənc bir oğlan. Dənizdən təzə çıxmışdılar, üstündə su damlaları par-parıldayırdı... saatı söylədim, təşəkkür etdi, o an ürəyimin dayanacağını sandım... Getdilər, onu bir daha bu oteldə görmədim.
Şərabımız yenə qurtarmışdı.
-Bir şüşə də içəkmi?
-İçək,-dedi.
Əsmər qadın bir şüşə də şərab gətirdi.
-Tülsüyə aşiq olduğumu kimə söyləyirəmsə, məni lağa qoyur, Tülsü oradadır, Tülsü buradadır deyib məni ələ salaraq ora-bura göndərmək istəyir, məni axmaq yerinə qoyub gülürlər. Siz isə Tülsünü sevməyimi dinləyib məni lağa qoymayan ilk insansınız.
Onun bu halına acıyaraq;
-Tülsünü bu qədər sevməyinizin səbəbi nədir?-deyə soruşdum.
-Səbəbi çoxdur. Hər dəfə onu axtarıb tapa bilmədikcə, tapdığım zamanda qovuşa bilmədikcə, Tülsüyə vurğunluğum, sevgim bir az da artır. Bu elə bir sevgidir ki, getdikcə artıb çoxalaraq məni yandırır, içim kök-köz olur, onunla qovuşa bilmədikcə, yanıb kül olacağıma, ölüb gedəcəyimə əminəm. Tülsü elə yaxşı, elə yaxşıdır ki...
-Niyə yaxşıdır?
-Ona görə ki, o özlərini Tülsü sanaraq birlikdə olduğum qadınlar kimi mənimlə dalaşmırdı, dalaşmaq üçün bəhanələr gətirmirdi, o birilər kimi üz verdikcə astar da istəmirdi. Səni sevirəm deyib nə məni, nə də özünü aldadırdı, heç vaxt ikiüzlülük etmədi. Heç bir gizli işi olmadı, çünki bütün bunların ola bilməsi üçün birlikdə keçirdiyimiz vaxtımız da olmadı. Tülsü mənim üçün həmişə bir saniyəlik, bir anlıq yaşam olaraq qalır. Onunla bir şimşək parıltısı qədər yaşaya bilirəm. Buna görə də onu sevirəm və həmişə də sevəcəyəm. Tülsünü sevməkdən başqa bir işim yoxdur, olmayacaq da...
-Bağışlayın, bəs özünüzü nə ilə dolandırırsınız? Bir gəlir yeriniz varmı?
-Heç bir şeyim yoxdur
-Elə isə necə yaşayırsınız?
-Tülsünü düşünməyimə, sevməyimə, axtarmağıma bir saniyə belə mane olmayan işlər işlər görərək yaşayıram. Tülsünü sevməyim vacibdir, amma bu bəs etmir, Tülsünü sevdiyimi bütün dünyaya da car çəkməliyəm. Hər kəs bilməlidir ki, mən Tülsünü sevirəm. Bunu hər kəsə bildirməzsəm, həyatımın, yaşamağımın mənası olmaz. Hər bir insan özünə görə bu dünyada niyə var olduğunu başqalarına bildirməlidir. Yoxsa, mənası olmayan bu həyat bir heçdir.
Müsahibin danışığını tam anlaya bilməmişdim, ona görə də soruşdum:
-Necə yəni?
-Bir insanın yaşadığını sadəcə özünün bilməsi azdır. İnsan tək başına deyil axı...Bir insanın var olduğunu, yaşadığını başqa insanların da bilməsi vacibdir və bunu nə qədər çox insana bildirsə, o insan o qədər də xoşbəxtdir. Hər kəsin var olma səbəbi fərqlidir. Mənim də yaşamağımın, varlığımın, həm özüm, həm də başqaları tərəfindən dərk olunmamın səbəbi Tülsünü sevməyimdir. Mən bu dünyada Tülsünü sevməklə və sonu sevdiyimi hər kəsə bildirməklə var ola, yaşaya bilərəm.
-Bunu necə edirsiziniz?
-Hər kəsə bildirərək. Necə etdiyimi sizə deyim. İndi siz bilirsiniz ki, mən Tülsünü sevirəm, buna görə də mən artıq sizin üçün varam, mənim yaşamaqda olduğumu bilirsiniz. Bunu hər kəsə bildirməyə çalışıram. Əvvəllər dağlara, boş çöllərə, meşələrə gedib var qüvvəmlə qışqıraraq -Tülsü, səni sevirəm!- deyir, səsimin yanğısını dinləyirdim. Həmişə eyni cür qışqırmaq gözəl olmadığı üçün gah sözlərin yerini dəyişərək, gah səsimi qalınlaşdıraraq, gah da incəldərək qışıqırırdım.
O, meşədə, çöldə qışqırdığı kimi, amma o biri masalardakıların duya bilməyəcəyi alçaq bir səslə qışqırdı:
Tülsü, səni sevirəm!
Səni sevirəm, Tülsü!
Tülsü, sevirəm səni!
Sevirəm, Tülsü, səni!
Səni, Tülsü, sevirəm!
Səsimi bütün dünyaya çatdıraraq Tülsünü sevdiyimi hər kəsin öyrənməsini, hər kəs biləndən sonra da yaşadığımı, var olduğumu da hamının bilməsini istəyirəm. Bunu üçün də yollarda, limanlarda, qələbəlikdə mahnı kimi oxumağa başladım, Tülsü, səni sevirəm!
-Səsiniz gözəldir?
-Xeyr, olduqca pisdir. Qulağım da yaxşı eşitmir.
-Bəs sizin?
-Mənim də elədir.
-Qulağım yaxşı eşitmədiyi, səsimin də çirkin olduğu üçün hər dəfə oxumağım da ayrı səsdə, ayrı tərzdə olur. Beləcə, dünyanı dolaşıram. Getdiyim hər yerin poçtundan -Səni sevirəm, Tülsü,-deyə Tülsüyə teleqram vururam. Puluma görə, bir gündə beş-altı teleqram vurduğum da olub.
-Yəqin, Tülsünün ünvanını bilirsiniz.
-Xeyr, haradan bilə bilərəm? Ağlıma gələn bir ünvan yazıb göndərirəm.
-O ünvan tapılmadıqda həmin teleqram da geri, üstünüzə qayıdır?
-Yəqin ki, amma mənə deyil, çünki mənim ünvanım da uydurmadır. Çox qaldığım şəhərlərin poçtlarında işçilər məni tanıyıb ələ saldıqları üçün teleqramı fərqli poçtlardan göndərirəm. Ələ salsınlar da əsas odur ki, mənim Tülsünü sevməyimi bilsinlər. Tülsünü sevdiyim nə qədər çox bilinərsə, mən də o qədər varam.
Ətrafımızdakı insanlar artıq bizə tərəf boylanmağa başlamışdılar. Biz gecə yarısından xeyli keçmiş qalxdıq. Səndələyə-səndələyə gedirdik, ancaq nə danışdığımızı bilməyəcək, danışılanları da anlamayacaq qədər də sərxoş deyildikş
-Dörd gündür ki, günortadan sonra bir-iki saat Mədəniyyət evinin qarşısına gedirəm, səhər siz də ora gəlin.
-Orada nə edirsiniz?
-Orada səsim batana qədər- Tülsü, səni sevirəm!-deyə qışıqırıram. Bayaq nə işlə məşğul olduğumu soruşmuşdunuz, bax bu da mənim işim. O gün sonuncu qəpik-quruşumla Tülsüyə teleqram vurmudum, bir qəpik də pulum qalmamışdı. Əllərimi cibimə salıb o yan bu yana gəzirdim, birdən ağlıma gəldi ki, Mədəniyyət evinin qabağına gedim. Elə də etdim. Mədəniyyət evinin qarşısına gəldim. Bilmirəm, bəlkə də görmüsünüz, çox əyləncəli yerdir. Orada hər kəs öz hünərini göstərir; kimisi it oynadıb iki-üç köpəklə ağıla gəlməyən oyunlar çıxarır, kimisi də tək başına üç-dörd alətdə ifa edib konsert verir. Biri çalıb o biri mahnı oxuyanlara da rast gələ bilərsiniz.
Bəzisi arzu edənlərin elə oradaca karikaturasını çəkir, bir az kənarda bir qızla bir oğlan pantomim oynayırlar. Şüşə parçalarının üzərində uzanıb qarnınınüstünə beş-altı adam çıxaran da var, rəngli təbaşirlərlə yerdə rəsm çəkənlər də. Beş meymunu ilə oyunlar çıxaranlar, daha nələr, nələr, kimlər var orada. Ordakıların başına xeyli adam toplaşıb onları seyr edirlər. Ən yaxşı oyun göstərənin, çalıb-oxuyanın və başqa oyunçuların qarşısında qoyulmuş qutulara xırda pullar atırlar. Ora çox gözəl yerdir, ən çox da mənim üçün gözəldir. Çünki burada Tülsünü sevdiyimi elan edə bilirəm. Mən də başqaları kimi özümə bir yer seçib, özü də hündür bir yer seçib başladım hayqırmağa... Tülsünü necə və nə qədər çox sevdiyimi hayqıraraq hər kəsə anlatmağa çalışırdım. Heç inanmazdım ki, mənim də başıma bu qədər adam toplaşar. Başıma toplaşan insanların kimisi məni lağa qoyur, kimisi qışqırır, kimisi də sakitcə dinləyirdi. Onu sevdiyimi yorulana qədər qışqırıb hər kəsə bildirməyə çalışdım. Sonra susdum. Qarşıma pul atmağa başladılar. Atılan pullar o qədər çox idi ki... El o gün pulları alıb poçta getdim. Getdim ki, Tülsüyə teleqram vurum. O gündən sonra hər gün axşamtərəfi o meydana gedirəm. İstəyirsiniz, səhər siz də gəlin.
Təkcə taksiyə birlikdə minməyimiz, sürücüyə otelin adını söyləməyim yadımdadır. Sən demə, əməlli-başlı sərxoş olmuşam. Ertəsi gün səhər çox gec oyandığım üçün dünənki gecəni yuxu kimi xatırlayırdım. O gün günortadan sonra Mədəniyyət evinin qarşısına getdim. Doğurdan da, dünənki müsahibimin dediyi kimi çox əyləncəli bir yer idi. Ağzında od yandıran, ilan oynadan, böyük qəfəs içərisindəki göyərçinlərinə havada mayallaq aşdıran, beş dəqiqəyə portret çəkən, bir sözlə burada hər cür əyləncəli işlə məşğul olan adama rast gəlmək olardı. Adamların arasında xeyli dolaşıb onu tapdım. Meydanın hündür bir yerində -Sevirəm səni, Tülsü!-deyə hayqırtısını eşitməsəydim onu tapmaq asan olmayacaqdı. Ətrafına xeyli adam toplaşmışdı.
Məni görə biləcəyinə inanmırdım. Çünki mən yanına gələndə gözlərini yumub hayqırmaqda idi. Buna ancaq hayqırmaq deyilə bilər. Səsi doğurdan da çirkin idi, amma bu səsdə ağrı, acı, kədər aydın duyulurdu sanki o hayqırmır, inildəyirdi. Ətrafında qadınlar, kişilər, yaşlılar, gənclər-hər cür insan vardı. Kimisi diktafon gətitib səsini yazır, kimisi də ələ salıb ona daş atırdı, amma dinləyənlər daş atanlardan, lağa qoyanlardan çox idi. Mən də yanımda diktafon gətirib hayqırışlarını lentə yazmadığım üçün yanıb-tökülürdüm. Ancaq səhər mütləq diktafon gətirəcəyəm. Bir neçə nəfər onun hayqırtısını kağıza yazırdı. Onları görüb mən də yazmağa başladım. Az çox yaza bildiyim bunlardır: “Heyy, artıq bilin, duyun və öyrənin ki, mən Tülsünü sevirəm, bunu eşitməyən, duymayan, bir nəfər də qalmasın. Uşaqlar belə eşitsin, öyrənsin, bilsin Tülsünü sevdiyimi. Bir-birini sevən gənclərin damarlarında qaynayan qanları belə duysun Tülsünü sevdiyimi.
Sevənlərin ilk dəfə bir-birinə toxunan barmaqları duysun, ilk dəfə öpüşən dodaqları duysun, həsrət acısı çəkənlər duysun, tarix və zaman, bütün dünya duyub öyrənsin ki, mən Tülsünü sevirəm!” Onun hayqırtısında sevən ürəyin can acısı vardı. Yüz min il bizdən əvvəl yaşamış, yüz min il də bizdən sonra yaşayacaq insanın duyduğu can acısından, həsrətdən belə də hayqırtı olmalı idi.Oradakı insanların çoxu onun dilini bilmir, amma yenə də diqqətlə onu dinləyirdi. Onların belə maraqla dinlədikləri adi hayqırtı deyildi, bu hayqırtıda həsrət, nakam məhəbbətin hicran acısı və heç kimə, heç nəyə dəyişilməyən sevgi notları vardı. Arada qulaq deşən, arada ürək dağlayan bir səs idi bu səs. O, bəzən gülərək, bəzən də ağlamaqdan batmış boğuq bir səslə, o boğuq səsi də çıxmayanda pıçıldayaraq, pışıldaya bilmədikdə dodaqlarını tərpədərək hər kəsə “Tülsü, səni sevirəm!” söyləyirdi. Bu qədər insanın bu iniltili hayqırışa nə üçün belə maraq göstərdiyini düşündüm. Bəlkə, qadın, kişi, gənc, yaşlı olmasından asılı olmayaraq buradakı insanların hər biri “Tülsü, səni sevirəm!” deyə hayqırmaq istəmiş, bunu etməkdə çətinlik çəkmiş, buna görə də bu adamın yanına gəlib özlərini onun yerində təsəvvür edirlər? Bəlkə də, bu adam ağlayaraq inildəyərək, bağıraraq hamımızın yerinə Tülsünü sevdiyini elan edirdi. Kimin ürəyində öz Tülsüsü yoxdur ki?
Yıxılıb qaldı. Qarşısına pullar tökülməyə başladı. O, bir qədər eləcə qaldı. Onun etdiklərinin sadəcə bir oyun olduğunu düşündüm. Görəsən, o da bu meydandakı oyunbazlar kimi oyun oynayırdımı? Bir az keçəndən sonra qalxdı. Məni gördü, salamlaşdıq. Yerdən pulları götürdü.
-Haydı, gedək poçta, Tülsüyə teleqram vurmağa.
Ondan bir az əvvəl göstərdiklərini yenidən təkrar edə biləyini soruşdum:
-Hər gün eyni sözləri söyləyirsinizmi?
-Xeyr,mən oyunçu deyiləm, həyat dəyişir, səs və söz də zamana görə dəyişir.
Bir poçta girdik. Yaşına uyuşmayan cəldliklə pilləkənləri qalxdı. Böyük bir salonda teleqramını yazmaq üçün boş masa axtardıq.
O teleqramı yazanda mən də onun yanında durmuşdum. Teleqrama “Səni sevirəm, Tülsü!” sözlərini yazdı. Bizdən bir qədər kənarda bir poçt işçisinin digərinə onu göstərib lağ etdiyi də gözümdən yayınmadı. Deməli, onu burada da tanıyırdılar, amma teleqramı da geri qaytarmadılar. Poçtdan çıxdıq.
-İndi şəhərin başqa poçtlarından da Tülsüyə teleqram vurub bu şəhərdən ayrılacağam.
-Hara gedəcəksiniz?
-Bilmirəm, Tülsünü tapa biləcəyimi düşündüyüm hər yerə gedə bilərəm.
Əl tutub ayrıldıq. Özümdən ixtiyarsız arxasınca baxmağa başladım. Bir az getdikdən sonra arxasınca baxdığımı hiss edirmiş kimi o da dönüb mənə baxdı. Əl etdi, mən də əl etdim.
Sonra o poçta girdim, bir teleqram kağızı alıb “Səni sevirəm, Tülsü!”-deyə yazdım. Kimə göndərə bilərdim bu teleqramı?
Sevgili, V.D. birdən ağlıma sən gəldin, sənin ünvanını yazdım və teleqramı poçt işçisinə verdim.
“Səni sevirəm, Tülsü!”
Deyəsən, teleqramdan bir şey anlamamışdılar, kim bilir, bəlkə də, çaşıb qalmışdılar.
Bayramoğlu 19 iyun 1984-cü il.
Türkcədən çevirəni: Bəhram Cəfəroğlu
ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi
Filologiya üzrə fəlsəfə doktoru
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0