Ürəyi bir kövrək budaq kimidi - Məmməd Tahirin şeirləri

İyn 15, 2026 - 20:46
İyn 15, 2026 - 20:50
 0  12
Ürəyi bir kövrək budaq kimidi - Məmməd Tahirin şeirləri

Yazıçı Ədəbiyyat Portalı Məmməd Tahirin şeirlərini təqdim edir.

SƏN GƏLƏN CIĞIRLAR

Payızda çiçəklər soldu, qurudu,
Ümidim əl boyda koldu, qurudu,
Göz yaşı gözümə doldu, qurudu,
Yazda suladığım yoldu, qurudu.
Sən gələn cığırlar çiçəkləmədi.

Göy tökdü üstümə yağışlarını,
Dağ çəkdi önümə yoxuşlarını,
Gün dikdi gözümə baxışlarını,
Yol sərdi çiçəkli naxışlarını,
Sən gələn cığırlar çiçəkləmədi.

Yüz il çözülməyən sirr çiçək açdı,
Daşına üz sürtdüm, pir çiçək açdı,
Yer oldu, göy oldu, bir, çiçək açdı,
Gözümün önündə yer çiçək açdı,
Sən gələn cığırlar çiçəkləmədi.

Yaz ötdü, yay ötdü, qış çiçəklədi,
Əlimdən su içdi, xış çiçəklədi,
Yamacda qu ötdü, qaş çiçəklədi,
Öldüm, məzarımda daş çiçəklədi,
Bu yer çiçəklədi, göy çiçəklədi,
Sən gələn cığırlar çiçəkləmədi.

MÜHARİBƏ

Üzür isti sularda
Gəmilər ağır-ağır.
Soyuq yağış yerinə
İsti mərmilər yağır.

Dildə kəlmə-şəhadət,
Hər kəs ölümə hazır.
Göydən üzülən əllər,
Yerdə  məzarlar qazır.

Bağçalar qan içində,
Məktəblər qan gölüdü.
Dünən diri gördüyün,
Bu gün təzə ölüdü.

Cin şüşədən çıxıbdı,
Həyat-ölüm dib-dibə.
Evləri, küçələri
Öldürür müharibə.

Mərmi alıb aparır,
Öldürür axşam-sabah.
Yeni doğan körpənin
Alnına yazı yazmaq
Fürsəti tapmır Allah.

Deyən, daha gərək yox,
Nə dərmana, təbibə.
Deyəsən, yer üzündə
Allahın kölgəsini
Öldürür müharibə.

QIRILAN ADAM

Qırılan adam,
Qopar həyatdan
Budağından qopan bir yarpaq kimi.
Düşər rüzgarın önünə,
Yerdə diyirlənər boş papaq kimi.
Yumaz gözyaşını ucalan damlar.
Oğurlar üzündən təbəssümünü
Könlündən sevinci çalan adamlar.
Qırılan adam,
Yanar ocaq üstə yağ yanan kimi,
Yaşar həyatını ağ yalan kimi.
Ürəyi bir kövrək budaq kimidi,
Əyərsən qırılar.
Qapısız bacasız otaq kimidi,
Sahibi, yiyəsi
Gündüz qarışqalar, gecə arılar.
Kim yolub göyərçin qanadlarını,
Dörd divar içunə alışsın deyə,
Yolub ki uzağa uçub getməsin.
Başı bu dünyaya qarışsın deyə.
Bir gün yaşamağın dadını bilsə,
Bağlı ayağını açıb getməsin.
Bir gün pöhrələyər solduğu yerdən.
Gözlər ki təptəzə lələk göyərsin
Fələyin lələyi yolduğu yerdən.
Ayağı qırılmış sərçə kimidi,
Ürəyi qan adam, qəlbi qan adam.
Sınmış qanadını kim sarıyacaq,
Qırılan adam?

BİZİM ARAMIZDA KÜLƏKLƏR ƏSİR

Qınama payızın yağışlarını.
Bizim aramızda əsən küləklər
Soyudur o isti baxışlarını.
Kirpiyin titrəyir yarpaq yerinə,
Yanağın səyriyir otlaq yerinə,
Əllərin üşüyür budaq yerinə.
Elə ki, buludu tutur göyləri,
Elə ki, yağışı yağır payızın.
Bizim aramızda küləklər əsir,
Başlayır günləri ağır payızın.
Qınama küçədən keçənləri də,
Qınama dünyadan köçənləri də.
Qınama dənizdə yelkənləri də.
Qoyma bir kimsəni günah yerinə
Bu da bu dünyanın işidir elə.
Bizim aramızda əsən küləklər
Bəlkə onlları da üşüdür elə.
Elə ki ağacda saralır yarpaq,
Dəyişir, dəyişir halı payızın.
Elə ki buludun gözləri dolur,
Tökülür dəymişi, kalı payızın.
Yerisəm yol tutur ayaqlarımdan,
Dayansam, ürəyim zamana əsir.
Görəsən, mən indi hayana gedim,
Durub hara getsəm soyuqlar əsir.
Bu payız,
Bu payız əhdimi kəsir.
Nə bilim, hələ ki,
Bizim aramızda küləklər əsir.

BU KÜÇƏ, BU ŞƏHƏR

Toxuyub yolları,  əyirib gəlir,
Yollar ayaq tutub yeriyib gəlir,
Gedirəm, arxamca yüyürüb gəlir
Bu payız, bu küçə, bir də bu şəhər.

Ağlama, inanmır göz yaşlarına,
Dən atmaz, su verməz, çöl quşlarına,
Yol olmaz bir yetim baxışlarına,
Bu payız, bu küçə, bir də bu şəhər.

Çiçəyə toxunan yeli söz eylər,
Gülün üzündəki şehi köz eylər,
Şeytana söz atar, cinə göz eylər
Bu payız, bu küçə, bir də bu şəhər.

Səni tanımaza, bilməzə sevməz,
Nə yeyər, nə içər, mey-məzə sevməz,
Məsələ inanmaz, bilməcə sevməz
Bu payız, bu küçə, bir də bi şəhər

Bəd xəbər gətirən, gələn çapardı,
Mərəkə eylədi, tufan qopardı,
Əlimdə nə vardı, alıb apardı
Bu payız, bu küçə, bir də bu şəhər.

SƏNDƏN UZAQLARDA

Səndən uzaqlarda xatırlamağa,
Nə ay var, nə gün var, nə də işıq var.
Nə güldə, çiçəkdə yar-yaraşıq var
Səndən uzaqlarda xatırlamağa.

Səndən uzaqlarda soyuq bir sükut,
Nə torpaq tərpənir,nə daş danışır.
Bir nazlı  göy üzü, işvəli bulud,
Astaca yeriyir, yavaş danışır.

Nə yarpaq həniri, nə titrəyən meh,
Nə də səhər üzü gül üzündə şeh.
Kimsəyə könlünün odunu vermir.
Öpürəm çiçəyin, gülün üzündən,
Görürəm heç sənin dadını vermir.

Bir dağ ətəyində, meşə içində,
Üç günlük  beş günlük müsafir olsan.
Sevgi ürəyində, ümid içində,
Yerlə dostluq etsən, göylə bir olsan,
Səndən uzaqlarda xatırlayaram,
Könlümü oxşayan bir şeir olsan.

Çiçəyin ətri var, gülün qoxusu,
Göyün göylüyü də xoşdu damağa.
Səndən uzaqlarda
Başqa bir dünya var xatırlamağa.

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0