Yer əcəmi, insan qərib, söz qərib - Etimad Başkeçidin şeirləri

Mar 25, 2026 - 17:05
Mar 25, 2026 - 17:13
 0  19
Yer əcəmi, insan qərib, söz qərib - Etimad Başkeçidin şeirləri

Yazıçı Ədəbiyyat Portalı  Etimad Başkeçidin şeirlərini təqdim edir.

* * *

öz yanından ürkən dosta söyləyin,

elə getsin, geri daha dönməsin,

düyün düşsün hədyan deyən dilləri,

la ilahə illəllaha dönməsin.

mən demirəm qalsın yavan, yalınçaq,

ilan yürsün, balası da dalınca,

tərəfimdən deyin ta mən ölüncə,

peşimana verməm baha, dönməsin.

Başkeçid der, ələlbaşdı qol, sinə,

dəccal minər ulağını tərsinə,

axır-əvvəl dönər, əlbət, yol sinə,

ha bulansın, imana ha dönməsin. 

 

 

* * *

içim bir sovrulmuş xırman, bilirəm,

sitəm eləyirsən – dərman bilirəm.

nə gördüm, nə çəkdim-bir mən bilirəm,

tək bir mən bilirəm, bir Allah bilir.

o nəydi, yeridi, yendi taxtını,

ağı de, asılan, qına baxtını,

yüz fal aç, yüz kərə sına baxtını,

tək bir mən bilirəm, bir Allah bilir.

yollara tikilmiş gözlər yatammaz,

həddini bulsa da, yerini almaz,

mənim yaralarım nədən qapanmaz –

tək bir mən bilirəm, bir Allah bilir.

 

***

çağıra-çağıra ya mövla, mövla,

düşərsən dərbədər madar, ağlarsan.

Allahın üstünə tökülən yerdə

hər dərdin duzundan dadar, ağlarsan.

demə ki, qüdrətdən sığallı zatam,

dövran sürənindir, belə babatam,

ol mələkzadadır, sən bəni-adəm,

hər ağlar gözlüdən betər ağlarsan.

Başkeçidim düşməz düşmən dilindən,

öksüz bəzirganım olmuş elindən,

şeytanın felindən, haqqın belindən,

əlinin içindən gələr ağlarsan.

 

 

***

bu, cənnətdə candan bezmək kimidir,

hər şey öz həddinə doyar, tökülər,

qarşı yatan qara dağın binası

axşam-axşam quzulayar, tökülər.

uğraşınca qılınc qalxan üstünə,

ömür adlı möhlət başa varınca,

qara ilan yuvasına dolunca,

şahin-şonqar izi bular, tökülər.

dəlmədeşik,

paramparça,

çilməçilik, 

ötələrdən varaqlanan gündəlik,

illər ili yürdük, könül bəslədik,

gör nə təhər çatdar, sınar, tökülər.

 

***

necə ki, insan ətiylə qidalanır ümidlər,

gorükməz od misalı can evində.

necə ki, birər səni tərk etdilər

adsız bir köşədə,

meyxana dibində.

necə ki, ayağı çidarlı atın

astarında özğə bir at cıdırır.

necə ki, tamu tarlasıdır həyatın-

hər nə əksən təkrar zəqqum bitirir.

elə də yazdıqların, pozduqların.

bir ümid,

bir dost kimi, 

qardaş kimi,

astar üzündəki sən, tamu tarlası təkin,

yazıb pozduqların, pozub yazdıqların.

necə ki, çarmıxa çəkdilər İsanı

sırtına yükləndiyi xaçın üstə,

bir-bir hamını hesaba çəkəcəklər

yazdıqlarının, pozduqlarının üstə.

necə ki, insan ətiylə qidalanır ümidlər,

görükməz od misalı can evində,

necə ki, birər səni tərk etdilər

adsız bir köşədə,

meyxana dibində…

 ***

bir ömür yetərmola,

yahu kim söylər ona,

ələyi ələnmişdən bizim ulusa kimi,

yolların yedəyində pələsəng olmuş hərif,

xam atın quyruğuna bağlanmış tərsa kimi.

Allah saxlamaz olsa, ha de Allah saxlasın,

vecsiz qara gününə bir damcı «ah» saxlasın,

zalım min bir tədbirnən sağ, sol, cinah saxlasın,

Musa ilan gəzdirir əlində əsa kimi.

dedik deməmiş olaq,

bizləri eşidən kim,

yeddi yolun ayrıcı baxtına ilişən kim,

rəng alıb rəng verən kim, 

haldan hala düşən kim

yasdan düyünə kimi, düyündən yasa kimi.

* * *

Qəflə-qatırına hay vuruldumu,

nə davran, nə dalan, nə cinas eylə,

bir şəhər verilsin sultan könlünə,

endir Allahından, iltimas eylə. 

Bu Haqqın divanı, bu da tufanı,

hul gedir gələnlər dəli-tərsinə,

yalvarıb Allahdan aldığım canı,

verdim bu çöllüyün haramisinə,

Ağlaya-ağlaya öldü Tamaşa,

oxşadım, kiritdim, olmadı, lələ,

Gözəgörünməzin özündən haşa

hansı gül açdı da solmadı, lələ...

* * *

Bu hər üzü bəlli dünyada,

dünyada, dün...

usandım açıq qapılara təpilməkdən.

nə gördün,

hey, qara öfkə mənə ulaşan?

Gedib də geriyə dönməyəcəyim günün

sağlığına içmək istəyirəm bu axşam.

Gəl, sevdiciyim dost,

bəs hal bu, qəziyyə bu,

qeyb olmuş birdən-birə,

heç olmamış kimi,

ikram qəbilindən endirilmiş o xüsus.

Buyur, oysa, bu mən, bu yeyib-içəcəklər,

könül süfrəsi deyil əlbət, deyil əfsus,

...Bu qara-qışa qənim tumurcuq alayı,

ağacın dalları səpmiş üzdən dolayı.

Tumurcuq kimisən sən də,

hələlik tən içrə tənsən.

don vurmasa,

ya sərçələr dimdikləməsə,

xəyallar necə şəkillənir, görəcəksən...

* * *

İllərin ardında öldürdüm səni,

bu gün torpaqlara gömürəm, qağam.

bu qəhbə dünyanın çıxacağında

üryan olduğunu görürəm, qağam.

İllərin ardında, hərəmə doğru,

beşiyin yürüyür ölümə doğru,

sən yalan oldun ha, bu dünya doğru,

demirdin hər şeyi bilirəm, qağam?

Ömür yağmalanır, can talan olur,

bu dərd nə çəkilir, nə bir yan olur,

can candan olunca haqq əyan olur,                      

mən də bu fitvaya gedirəm, qağam.

Mirsədi Mirlərə

Hər şey öz çevrəsində fağır,

göy qübbəsi,

yer üzü,

can mücrüsü,

it əl-ayağı yemiş kimi rüzgar,

çevrələrə hökm və fərman daşıyır.

Hər şey öz çevrəsində qısır,

ölüm hər şeyi birləşdirir, budur -

payız budaqdan üzülən yarpaq kimi,

insan da öz kölgəsinə qovuşur.

Hər kəs öz çevrəsində qoçaq,

hər şey öz çevrəsində fağır,

göz yaşlarıyla maddiləşir yalnızlıq,

hər şey öz çevrəsinə qısılır.

Haçan ki, yer göylə birləşəcək,

min səbəb olacaq bir ucuz ölümə,

tox toxundan öləcək,

ac acından,

İt yalnız itin günündə öləcək.

İndi də axar su misalı əcəmi,

bir qədər nəşəli,

havalı bir az,

yürürkən əl havası,

ay qarası,

kor atın belində, baxta şah Abbas.

Hənüz başdadır tarix, yenə başda:

Allahın ən fağır bəndəsi - su,

Səni çovdarlıqda qoruyan

tək nəsnə:

Günəşin qiyamı,

            səcdəsi,

                        rukusu.

bəlli, dünəndən möhürlüdür indi,

dünyanın dəngəsi çoxdan pozulub.

çoxdan olmuşlar hələ olacaqlar,

onunçün yuxular tərsinə yozulur.

Yer əcəmi,

insan qərib,

söz qərib,

bəlli, bilinməyən bir yer burası.

İnsandan, sözdən, ibadətdən ötəri

kainat bir nöqtəyə hörüklənib.

Oysa, nəymiş bu bihudə çabalar,

kor baxtın izinə düşməkdən yana,

darnan gorun arası, əlamanda,

yüz cür sifət cəmləşmiş bir insanda -

Kimisiz-kimsənəsiz, yetim və öksüz,

zalım, qaniçən, yolkəsən və xırsız,

yaltaq, yaramaz, laqeyd və abırsız,

suru yeriyən, suru düşmüş, yolsuz...

Qərəz ki, çör-çöpə, çır-çırpıya yüklü,

elə bir ucdan daşlanır bir-bir...

bulanıq suya suyulmaq nə deməksə,

insandan baş açmaq da o deməkdi.

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0