Bir baxışla ürəyimi odla, keç - Əli Nəcəfxanlının şeirləri
Yazıçı Ədəbiyyat Portalı Əməkdar jurnalist, şair Əli Nəcəfxanlının şeirlərini təqdim edir.
ƏŞİ
Dünya adam aldadandı,
Verdiyi vədləri dandı.
Qalanım bir quru candı,
Onu da çürüdür, əşi.
Şirin-şirin bəhs eyləyir,
Adamı sərməst eyləyir.
Lap qaranəfəs eyləyir,
Hədərə yürüdür, əşi.
Nə sifətlər varmış bunda -
Görünür əlli min donda?!
Göylərə qaldırır, sonda
Torpaqda sürüdür, əşi.
Zəri çox, zinəti çoxdu,
Versə də, minnəti çoxdu.
Taleyi, qisməti, baxtı
Qəfildən kürüdür, əşi.
Tələ qurub tovlayır da,
Yavaş-yavaş qovlayır da,
Əzəl-axır ovlayır da -
Qansızın biridir, əşi.
AYRILIĞI KİM SALDISA...
Könlündən asılsın kilid,
Ağzında pas tutsun dili.
Neçə geridönməz ili
İtirdik onun üzündən.
Ağadımı, nökərdimi,
Əlbirdimi, tək əldimi?
Dərd-qəm yesin şəkər kimi,
Zəhər yağsın üz-gözündən.
Yeri olsun səhra, qumluq,
Su tapmasın bir udumluq.
Yaxsın isti, kəssin soyuq,
Dözümdən düşsün, dözümdən.
Yadırğasın solu-sağı,
Bir də görsün solur bağı.
Qismətinə desin ağı,
Kəkələsin hər sözündə.
Qədər ona qarşı gəlsin,
Ayaqlara başı gəlsin.
Ağlamaqdan xoşu gəlsin,
Zəhləsi getsin özündən.
***
Dedim getməz, dönər geri,
Nə döndü, nə baxdı mənə.
Elə zülüm, zillət görüb,
Nə eləsə, haqdı mənə.
Yalan oldu ilahi əhd,
Yaman oldu bu axirət.
Ona bağlı hər xatirə
Bir zəhərli oxdu mənə.
Qəlbi para-para olub,
Getməyi tək çara olub...
Allah qanı qara olub
Yazanda bu baxtı mənə.
Keç
Unamazdım bir gün məni atarsan,
Beçə bala zəhər-zəqqum qatarsan...
Göz yaşımın dalğasında batarsan,
Kirpiklərim körpün olsun - adla, keç.
Yoxluğunda itirdim var-yoxumu,
Qırıq telli könül tarım oxumur.
Soyuqluğun dondurubdu ruhumu,
Bir baxışla ürəyimi odla, keç.
Əzbər billəm sən verdiyin dərsləri,
Sinirmərəm tövürləri, tərzləri,
Küçənizə gözətçidi gözlərim,
Qana düşmək istəyirsən, yadla keç.
Qayıt
"Qayıt, sahmana sal bu kainatı..."
Əli Kərim
Sənin yoxluğunla doludu şəhər,
Dönmüşəm bir eşqin qəm heykəlinə.
Sirrimiz sirr idi dünənə qədər,
İndi hamı bilir sənin dəlinəm.
Atəşdə donanam, şaxtada yanan,
O küçə-bu küçə gəzirəm sənsiz.
Bir Allah bəndəsi varmı dərd qanan?-
Sailəm, yetiməm, yesirəm sənsiz.
Doğmalar içində qəribəm, yadam,
Bu boyda şəhərdə həyanım yoxdu.
Dünyası viranə, yurdu bərbadam,
Ta bunun o yanı-bu yanı yoxdu.
Qoşa izlərimiz qalmayıb deyə,
Tanış yollarda da azıram indi.
Evimin içində qəm yeyə-yeyə
Qürbət nəğmələri yazıram indi.
Zildəmi oxuyum, pəsdənmi deyim?
Buludlar bu dərdi ağlayaydı kaş!
Vitrinlər, aynalar gözünü döyür -
Bir-iki əksini saxlayaydı kaş!..
Üzümə yad baxır dalanlar, tinlər,
Bu duman aradan çətin çəkilə.
Yoxluğa xəbərsiz səyahətinlə
Evimi yıxmısan, evi tikilən.
Altı-alt, üstü-üst qoyub getmisən,
Qayıt, öz taxtına, tacına qayıt!
Bəlkə də sən məndən doyub getmisən,
Mən sənin əbədi acınam, qayıt!
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0