Çörək ardınca - Baxıtjan Kanapyanovun hekayəsi

Okt 14, 2026 - 21:09
 0  6
Çörək ardınca - Baxıtjan Kanapyanovun hekayəsi

Yazici.az ədəbiyyat portalının "Qazax ədəbiyyatı" rubrikasının bu həftəki qonağı

Baxıtjan Kanapyanovdur.

Baxıtjan Kanapyanov (Musaxanulı, 1951, 4 oktyabr) – nasir, şair, tərcüməçi, ssenariçi, kinorejissor

B.Kanapyanov Kokşetauda anadan olub, Qazaxıstan Politexnik İnstitutunu bitirib (1974), bir müddət elmi-istehsalat sahəsində çalışıb, 1975-ci ildən Ş.Aymanov adına “Qazaxfilm” kinostudiyasında redaktor kimi çalışıb, sonra Moskva Ali Ssenariçilər və Rejissorlar Kurslarını bitirib (1977), kino və ədəbi yaradıcılığı ilə yanaşı, “Jalın” jurnalında və QYİ-da (1984-1991) çalışıb. “Ədəbi Avrasiya” və “Ədəbi Almatı” almanaxlarının baş redaktoru, “İpək yolu” nəşriyyatının rəhbəridir.

B.Kanapyanov ötən əsrin 70-ci illərindən onlarla poetik toplu nəşr etdirib, qazax dilinin unudulması haqqında şeirinə görə bir müddət sistemin təqibinə məruz qalıb. O, həm də nəsr əsərləriylə diqqəti çəkib, ssenari müəllifi, rejissor kimi onlarla sənədli və bədii film yaradıb, eyni zamanda, qazax klassiklərinin əsərlərini ustalıqla rus dilinə çevirib. Poeziya və nəsr əsərləri dünyanın 20-dən artıq dilində işıq üzü görüb.

B.Kanapyanov Qazaxıstan Kitab Naşirləri və Ticarətçiləri Assosiasiyasının vitse-prezidenti, Qazaxıstan və Rusiya PEN-klublarının, Avropa Ədiblər Konqresi idarə heyətinin üzvüdür, bir sıra dövlət mükafatlarına, müstəqil “Tarlan” (2003) və Beynəlxalq “Alaş” (2004), Qazaxıstan Dövlət (2020) mükafatlarına, “Qazaxıstanın Əməkdar İncəsənət Xadimi” fəxri adına (2011) layiq görülüb.

ÇÖRƏK ARDINCA

(hekayə)

 

I

Oğlanı çörək almağa göndərdilər.

Adətən, ərzaq, o cümlədən, çörək dalınca böyük qardaşını, ya da bacısını göndərir, bununla da. Onun məktəbə getməzdən əvvəl ev tapşırıqlarından son asudə yayı olduğunu andırırdılar, çünki bu payız birinci sinfə getməliydi. “Hələ ev işlərində kömək eləməyə vaxtı olacaq”, - dayə başqa birinə süd və çörək almağı tapşıranda mehribancasına dillənir, səhər obaşdan yalnız özü dərk elədiyi niyyətlə geniş həyəti, dirriyi araşdırır, nəyisə qavramağa çalışırdı.

Qaranlıq sarayda kiçik nəfəslikdən içəri düşmüş Günəş şüasının məkanı görünən və görünməyən hissələrə ayırdığını, şəffaf topa şəkində torpaq döşəməyə düşdüyünü, o işığın içində saysız-hesabsız toz zərrəciklərinin çəkisiz halda üzdüklərini görürdü.

Xoruz hində toyuqları qoruya-qoruya girdə, durğun gözləriylə oğlanın hərəkətlərini izləyirdu. Qıpqırmızı pipiyi başından azca sallanmışdı, sarayın yarıqaranlıq səltənətində hər an pırpızlanmağa hazır idi.

Oğlan saraydan çıxıb o başında quyu olan dirriyə yönəldi, quyuya südlə dolu bidon sallayırdılar, buna görə də içindəki həmişə sərin, dadlı olurdu. Yenicə alınmış süd dolu bidonun ağzını tənziflə örtür, zəncirdən asılmış iri, geniş vedrənin içinə qoyurdular. Sonra içində bidon olan vedrəni ehtiyatla quyudakı suya buraxırdılar. Oğlan onu sallayıb-qaldırmağa kömək eləyir, dəstəyi fırladır, zəncirin qıraqlarında dəmir sağanaq olan tirə dolandığına tamaşa eləyirdi. O, quyunun qaranlıq bətninə diqqətlə baxanda, sərin quyu suyunun ayna kimi şumal səthini görəndə çox həyəcanlanır, ordan ona, oğlana oxşayan bir məxluq yuxarı baxır, qışqırtısına boğuq əks-sədayla cavab verirdi:

–А-а-а-а!

-Axır ki, səni tapdım! – Dayə oğlana yaxınlaşdı. – Həmişəki kimi, evdə heç kəs yoxdu, axşam yeməyinə bir tikə çörək qalmayıb. Al bu pulu, bir buxanka ağ, bir buxanka da qara çörək al. Uzaqlaşma, bir məhəllə o tərəfdəki dükana get.

Oğlan belə bir tapşırığa sevinib göy beş rublluğu, iri deşikli tor zənbili aldı, həyət qapısına doğru qaçdı.

-Qalığını almağı unutma, - dayə onun arxasınca qışqırdı.

-Yaxşı!

İri, taxta darvazanın yan qapısı cırıltıyla açılıb oğlanı küçəyə buraxdı.

 

II

Küçənin adı Bir May idi. Evlərin hamısı birmərtəbəliydi, qamış, küləş və taxtadan tikilmişdi, yalnız orda, küçənin o başında iki-üç mərtəbəli tikililər gözə dəyirdi; burda isə bütün evlərin həyəti vardı, həmin həyətlərdə qovaq və akasiya ağacları bitir, yarpaqlarıyla taxta örtüklü pəncərələri gizlədirdi. Hər bir evin pəncərə taxtası ayrı rəngdəydi. Bəziləri göy-ağ, bəziləri yaşıl rəngə boyanmış, bəzi evlərin pəncərə taxtaları isə rənglənməmişdi, elə boz idi.

Oğlan oxumağı az-çox bacarır, düzdü, oxuduqlarının mənasına vara bilmirdi. Otağından iti coğrafi xəritə asılmışdı, böyük qardaşı o xəritədə bu və ya digər ölkəni, eyni zamanda, adaları, dənizləri, çayları göstərir, adlarını da deyir, onu təkrarlamağa, sonra da göstərməyə məcbur eləyirdi. Oğlan həmin adları hərfbəhərf xəritədən kağıza köçürməyi öyrənmişdi.

Hərfbəhərf kağıza köçürdüyü həmin sözlərdən biri “Madaqaskar” idi. Birincisi, həmin adanı xəritədə tapmaq çətin deyildi, ikincisi də o sözdə düz on hərf olduğuna, oğlan hamısını kağıza köçürə bildiyinə görə, bacıları tərifləyəndə qürurla burnunu dik tuturdu.

İlk kəsişən küçə Roza Lüksemburqun adını daşıyırdı. Oğlan tində ayaq saxladı. Böyük qardaşının öyrətdiyi kimi, əvvəlcə sola baxdı, sonra küçənin ortasınacan gedib sağa baxdı, maşın, motosikl, araba olmadığını dəqiqləşdirəndən sonra o tərəfə keçdi. Sağ tərəfində iri taxta ev vardı. Orda lal-karlar cəmiyyəti yerləşirdi, axşamlar lal-karlar şəhərin hər tərəfindən bura yığışır, öz aralarında əl-qol, dodaq, üz-göz hərəkətləriylə danışırdılar. Bu evə həftədə iki dəfə kino gətirirdilər. Lal-karlar üçün nəzərdə tutulsa da səsli filmlər idi. Ətraf məhəllərdə özünəməxsus kino-teatr hesab edildiyinə görə, yaxın evlərdə yaşayanlar da filmlərə baxmağa gəlirdilər. Düzdü, salon dar idi, “Udarnik”, yaxud “Kosmos” kimi əsl kino-teatrdakılara oxşamır, çox adama yer çatışmırdı; oğlan özü kimi bu payız məktəbə gedəcək yaşıdlarıyla birgə taxta döşəmədə oturmalı olurdu.

O, dükana yaxınlaşıb pəncərəni döydü. Pəncərə açıldı, satıcı xala pul saya-saya soruşdu:

-Nə istəyirsən, ay oğlan?

-Bir buxanka ağ, bir buxanka da qara çörək ver, - oğlan boyu pəncərəyə çatsın deyə, ayaqlarının ucuna qalxıb dilləndi.

-Ancaq qara, dünəndən qalmış boyat çörək var, - satıcı xala dilləndi.

-Bəs neyləyim? – Oğlan çaşqın halda dedi. – Mənə həm ağ, həm də qara çörək almağı tapşırıblar.

-Bilmirəm, ay oğlan, bilmirəm, - satıcı xala onu başından elədi. - Tolstoy küçəsinə get. Ora təzə, aşam bişmiş çörək gətirməlidilər.

Pəncərə örtüldü. Oğlan neyləyəcəyini bilmədən ətrafa boylandı. Geri dönsəydi, axşam yeməyinə evdə çörək tapılmayacaqdı. Əlbəttə, Tolstoy küçəsinə getmək olar. İki məhəllə o tərəfdədi, amma dayə ancaq bu dükana getməyi tapşırmışdı.

Oğlan düşüncələr içində satıcı xalanın nişan verdiyi yerə yönəldiyini hiss eləmədi.

Maksim Qorki küçəsindən keçəndə əmmaməli mollanın məscidin göy rəngə boyanmış taxta minarəsinə qalxdığını gördü, az sonra lap yuxarıdakı meydançada ucadan avazla söylədiyi anlaşılmaz sözləri eşitdi. O, həm də hər iki əlini göyə qaldırır, sanki göyü, artıq uzaqlarda, İrtış çayının arxasında qüruba əyilən Günəşi salamlayırdı.

Məscid Dostoyevski və Bir May küçələrinin tinində yerləşirdi. Oğlan dəfələrlə bacıları, bir də qardaşıyla anasının işlədiyi məktəbə, həm də təkcə uşaq filminə baxmaq üçün yox, həm də seans başlayanadək dondurma yeməkdən ötrü “Udarnik” kino-teatrına getdiyinə görə, bu küçələrin adını bilirdi.

Valideynlərinin işlədikləri məktəb də elə çörək dükanına axşam bişirilmiş çörək gətirilməli olan Tolstoy küçəsində yerləşirdi

Oğlan məscidin yanından ötəndə kip örtülmüş qapıya nəzər saldı. O, adının bu küçəyə verildiyi Bir May bayramı zamanı həmişə evlərin taxta qapılarından qırmızı bayraqlar asıldığını xatırladı. Qardaşı məhz adına görə onların küçəsindən daha çox qırmızı bayraq dalğalandığını izah eləmişdi. Atası da bu yaz oğlanı ilk dəfə nümayişə aparmışdı.

Anası ona matros köynəyini geyindirmiş, qırmızı kağız gül vermişdi. Onlar bu məscidin yanından ötəndə bir neçə qocaya rast gəlmişdilər, atası ağsaqqalların hər biriylə ikiəlli görüşmüşdü. Onda məscidin qapısı üzərində də qırmızı bayraq dalğalanırdı.

Atası gülümsəyə-gülümsəyə məscidin baş mollasını çağırmalarını xahiş elədi. Ağ saqqallı, əynində əba, başında əmmamə olan, Qoca Xottabıça oxşayan arıq bir qoca çıxdı. Atası dalğalanan bayrağı göstərib nəsə izah eləməyə başladı. Qoca əllərini sinəsinə qoyub başıyla onun dediklərini təsdiqləyirdi. Oğlan atasıyla Bir May nümayişindən qayıdanda isə artıq məscidin qapısı üzərinə qırmızı bayraq gözə dəymirdi. Səbəbini soruşanda atası təbəssümlə cavab verdi:

-Belə lazımdı, oğlum...

Dostoyevski küçəsindən sonrakı Tolstoyun adını daşıyırdı. Ondan o tərəfdə bazar, sonra da cürbəcür attraksionları – karuselləri, yelləncəkləri, şərbət, dondurma və pirojna köşkləri - olan şəhər bağı yerləşirdi.

Tolstoy küçəsində, çörək dükanıyla üzbəüzdə bərbərxana yerləşirdi, ucqar çöl aulundan gəlmiş bığlı əmiləri onu həmin bərbərxanaya aparırdılar. Onlar oğlanı, əlbəttə, bazardan da keçirir, ticarət və uzun-uzadı qəlyanaltıxana cərgələrinin yanından ötür, amma kef içində gülə-gülə həmin bərbərxanaya girir, öz başlarını tər-təmiz qırxdırır, oğlanı da əllərindən bərk-bərk tutub kresloda əyləşdirirdilər, sərt simalı bərbər əl maşınkasıyla cod saçını qırxanda da qışqırıb ağlayırdı.

Düzdü, bu, cəmi bir dəfə baş vermişdi, amma olan hadisəni həmişəlik yadında saxlamış, dilə tutmalarına baxmayaraq, bir daha saçını vurdurmağa qoymamışdı. Dayəsi isə onu məktəbə getməzdən əvvəl saçını mütləq vurduracaqlarıyla hədələmişdi. Demişdi ki, hətta vurmayacaqlar, yəqin, tər-təmiz qırxacaqlar!

Amma hələ məktəb vaxtına çox qalırdı, oğlan da tor zənbili yelləyə-yelləyə çörək dükanına sarı getdi.

-Ay müəllim balası, min!

Oğlan geri baxdı.

Qonşuları Esentay arabada oturmuşdu, oğlanı qırmancın işarəsiylə çağırırdı. Atlar fınxırdılar, başlarını aşağı salıb dayandılar. Oğlan başının hərəkətilyə aonşu Esentaya salam verdi, gelə-gülə arabaya doğru qaçdı, arxa təkərdən yapışıb qalxdı, arabasının geri yanında əyləşdi.

Qonşu Esentay bir əlyilə cilovu dartıb digər əlindəki qırmancla atı vurdu:

-Çu!

Araba toz qaldıra-qaldıra bazara doru irəlilədi.

Esentayın taxta qıçı arabanın yan tərəfindən sallanmışdı. Oğlan ata-anasından və qonşularının söhbətlərindən Esentayın döyüşlərdə olduğunu, qıçını orda, müharibədə itirdiyini bilirdi. O, bu ətrafda atı-arabası olan yeganə adam idi, bazar günün axırında da həyətinə gah un, gah da kartof dolu kisələr gətirirdi.

Oğlan kefi kök halda tor zənbili yellədə-yellədə yanından ötüb-keçən evlərə baxır, araba təkərlərinin ahəngdar at addımlarına uyğun gələn cırıltısına qulaq asırdı.

-Hara gedirsən? – Qonşu Esentay papirosunu tüstülədə-tüstülədə başının işarəsiylə tor zənbili göstərib qazaxca soruşdu. – Çörək almağa?

Oğlan daş baş hərəkətiylə təsdiqlədi, səndəlinin birinin ayağından çıxdığını görüb arabanı saxlamağı xahiş elədi.

Qonşu Esentay atı saxladı, bığaltı gülümsünə-gülümsünə onun arabanın təkərindən yapışıb yerə atılmağa çalışdığına göz qoydu. Oğlan axır ki, istəyinə çatıb səndəlini geyindi.

-Sağ olun!

-Ə, qazaxca söylə, rəhmət de!

-Rəhmət, Esentay əmi! – Oğlan cəld dillənib əl elədi.

 

ІІІ

Hələ çörək gətirməmişdilər. Bir neçə nəfər dükanın qapısı ağzında dayanıb gözləyirdi.

Oğlan bir kişiylə söhbət eləyən yaşlı qadının arxasında növbə tutdu. Qadın başını tərpədib dilləndi:

-Axırıncı mənəm. Məndən sonra sənsən. Amma uzaqlaşma, arxanca növbə tutanı gözlə. – Təbəssümlə əlavə elədi. – Bapbalacasan, artıq evə kömək eləyirsən.

Oğlan dayənin tapşırığını xatırlayıb, gözlərini vitrindəki “Nan – çörək” sözlərinin hərflərinə dikib köks ötürdü, sanki tanış olmayan hərflər axtarırdı, amma hamısını tanıyırdı. Artıq böyük qardaşının dediklərindən bilirdi ki, tire sözün rus dilinə və əksinə tərcüməsini bildirir, deməli, “Nan” – qazaxca çörək deməkdi.

Oğlanın arxasınca cavan bir qadın növbə tutdu, oğlan ona kişiylə söhbət eləyən qadından sonra olduğunu söylədi. Elə bu məqamda da kiminsə diqqətli nəzərlərini öz üzərində hiss elədi. Oğlan boylanıb bayaqdan bəri gözlərinin üstünə endirdiyi şlyapasının altından təbəssümlə ona baxan  atasını gördü.

Oğlan atasının yanına qaçdı, qıçlarını qucaqlayıb bura nəyə görə gəldiyini tələm-tələsik söyləməyə başladı.

Atasının əlində bükülü vardı, hələ də gülümsəyə-gülümsəyə oğlanın bitib-tükənməyən sözlərini yarımçıq qoydu:

-Səni öyrətdiyim kimi, əvvəlcə evdən çıxmağından başla.

-Hə, əvvəlcə evdən çıxdım. Yox, əvvəlcə dayə dedi ki, dükandan bir buxanka ağ, bir buxanka da qara çörək alım, ancaq bundan sonra evdən çıxdım.

-Bəs, sonra?

-Sonra isə... Dükanda çörək yox idi, e-e, yox, ancaq qara, həm də boyat, dünənki çörək vardı. Satıcı xala da dedi ki, bu dükana axşam bişirilən çörək gətirəcəklər. Ona görə də gözləyirəm.

Ata öcəşkən nəzərlə oğlunu süzdü, səndəllərini corabsız geyindiyini, üstəlik, köhnəldiyini, əynindəki çit köynəyin də təzə olmadığını sezdi. Yenə gülümsünüb oğlunun cod saçlarını qarışdırdı, dilləndi:

-Mənimlə gedərsən?

-Bəs, çörək? Axı hələ çörək gəturməyiblər.

-Qayıdanda alarıq.

Atası yaşlı qadına nəsə dedi, onlar boşalan bazardan keçib şəhər bağına sarı getdilər.

Bağda qələbəlik idi. Səsgücləndiricidən musiqi eşidilirdi, sonra bir səs hamını israrla yay teatrında keçirilən görüşə dəvət elədi.

Ata oğlanın əlindən ütüb adamların arasından keçə-keçə bağın o başına getdi.

Oğlan ətrafa baxıb karusellərin, yelləncəklərin işləmədiyini sezdi, hamı xiyabanla yay kino-teatrında keçiriləcək görüşə tələsirdi.

Ata birinci cərgədə oturdu, oğlanı da yanında əyləşdirdi. Bir çoxları onunla salamlaşır, nəsə danışır, sonra alqışlayırdılar. Hamı oturacaqlar şaqqıldada-şaqqıldada ayağa qalxdı, yaşıl kostyum geyinmiş bir kişi səhnəyə çıxanacan əl çaldı. Kişi gülümsünüb şlyapasını yanındakılardan birinə verdi. O da atasının şlyapası kimi yüngül, amma açıq rəngliydi.

Camaat yerini tutdu, yer tapa bilməyənlərsə kənarlarda və keçidlərdə dayandılar. Kişi nə barədəsə uzun-uzadı, həvəslə danışmağa başladı.

Oğlan əvvəlcə dinləmir, camaatla birgə əl çalırdı, sonra atasının qolundakı saata baxıb qurcalanmağa başladı, çörəyin satılıb qurtaracağından, onlara çatmayacağından narahat oldu.

Atası dinləyə-dinləyə tələsik izah elədi ki, o kişi çox məşhur yazıçıdı, onunla görüş adama böyük sevinc gətirir.

Oğlan köks ötürüb səbirsizliklə görüşün başa çatmasını gözləməyə başladı.

Adamlar bitib-tükənməyən suallarına yazıçı həvəslə maraqlı cavablar verir, hamı rəğbətlə əl çalır, onu buraxmaq istəmirdi.

Görüşdən sonra bağdakı adamlar yazıçıya kitab verir, o da ad-soyadlarını soruşub imzalayırdı.

Atası da bükülünü açdı, oğlan onun çıxardığı kitabın üstündə “Abay” sözünü oxudu. O, oğlanın əlindən yapışıb yazıçıya yaxınlaşdı.

Oğlan yazıçının atasına verdiyi sualların mənasına varmadan hər ikisinin pencəyindəki düymələri saymağa başladı. Düymələrin sayı eyni – yaxasında iki iri, qollarında üç kiçik – idi.

-Səndən söz soruşurlar, fikrin hardadı? – Ata onu astaca ona toxundu.

-Dükanda çörək qurtaracaq, - oğlan ciddi görkəmlə dilləndi, onun bu sözləri atasını da, yazıçını da güldürdü.

Yazıçı oğlanın isti iyun Günəşindən yanmış qulağının dibini sığallayıb imzaladığı kitabı verdi.

Oğlan kitabı tor zənbilə qoydu, atasını bağın çıxışına darta-darta tələsdirdi.

Bir May və Tolstoy küçələrinin tinində atasından gözləməyi xahiş eləyib çörək dükanına qaçdı, az sonra əlində biri ağ, digəri qara iki təzə çörək buxankası tutmuş halda vəcd içində geri qayıtdı.

Oğlanın səbirlə apardığı tor zənbildə biri ağ, digəri qara iki buxanka çörək hələ mətbəə qoxusu getməmiş, təzə çörəyin ətirli iyini üstələyən kitab vardı. Bir qolu yorulanda zənbili o biri əlinə ötürür, atasının sol tərəfindən sağ tərəfinə keçir, onun qüvvətli əlindən tutub addımlayırdı, atası da şlyapasının günlüyü altından təbəssümlə onu süzür, arabir sual verirdi:

-Ağır deyil?

-Yox.

-Bəlkə, kömək eləyim?

-Yox, lazım deyil, özüm apararam.

Sonra hələ də unudulmaz görüşün təsiri altında olan ata öz düşüncələrinə dalırdı.

Dayə evlərinin darvazası ağzında dayanmışdı, əllərini gözlərinə günlük eləyib uzaqlara baxırdı.

-Nədi, Yevdokiya Mixaylovna, oğlumla məni gözləyirsiniz? – Ata soruşdu. – Bax, biz çörək, bir də kitabla gəlmişik.

-Dükana da getmişdim. Satıcı qadın dedi, ailə başçımızı görüb, Tolstoy küçəsindəki dükana göndərib. Hamı evdədi, o isə gəlib çıxmaq bilmir, - dayə oğlanı öpüb arxayınlaşdı.

Qızmar iyun Günəşinin qıpqırmızı kürəsi İrtış çayının arxasına enir, əbədi suları qürub rənginə boyayırdı. Oğlangilin evində artıq bütün ailə - ata-ana, bacı-qardaş, dayə - yığışmışdı.

Evdə təzə, ətirli, ağ və qara çörək də, yazıçının imzaladığı kitab da vardı, ata kitabı artıq anaya rəvan, ahəngdar səslə oxuyur, ən maraqlı məqamları xüsusi ahənglə qeyd eləyirdi. Həm də oğlanı çarpayısının üzərindən asılmış xəritə ölkələri, dənizləri, okeanlarıyla birgə gözləyirdi.

Oğlan yenə tələsə-tələsə bu gün başına gəlmiş hadisələri doğmalarına danışırdı. Ata yenə gülümsəyə-gülümsəyə oğlanın sözünü kəsdi:

-Mən səni necə öyrətmişəm? Əvvəlcə evdən çıxdın.

-Hə, ata, əvvəlcə evdən çıxdım...

 

***

İllər, onillər ötdü. Oğlan şair, yazıçı, naşir oldu. Oğlanın müxtəlif ölkələrdə, ayrı-ayrı dillərdə xeyli kitabı nəşr olundu. Özü bir çox, hətta uzaq uşaqlıq çağlarının xəritəsində belə görmədiyi ölkələr gəzdi.

O, görüşünə atasının apardığı dahi qazax yazıçısının seçilmiş əsərlərinin mətbəədən gətirilmiş növbəti cildini əlinə götürəndə həmişə təzə mətbəə rəngi arxasından uzaq, unudulmaz uşaqlıq illərinin dipdiri, ətirli çörək qoxusunu duyur.

2009

Tərcümə: Nəriman Əbdülrəhmanlı

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru