Mircəfər Seyid - Zühur (Romandan parça)
Tanınmış yazıçı Mircəfər Seyid "Zühur" romanını yazmağa başlayıb. O, "Peyğəmbər" və "Kərbəla" romanlarının müəllifidir.
Yazıçı Ədəbiyyat Portalı romanı hissə-hissə oxucuların nəzərinə çatdıracaq.
– Dayan! Bu nə səsdir belə?
Gənc şahzadə xanım daş döşənmiş küçəni keçəndə yaxınlıqdan gələn azan səsi onu bir anlıq dayanmağa məcbur etdi. Onu müşayiət edən orta yaşlı, dolu bədənli xidmətçi qadın da məcbur olub ayaq saxladı.
– Bu nə səsdir? – gənc xanım ətrafa göz gəzdirib narahat baxışlarını xidmətçi qadının qırmızımtıl yorğun çöhrəsində saxladı. Gənc xanımın təkrarən sual verib ayaq saxlamağı xidmətçi qadını danışmağa məcbur etdi:
– Zindandakı müsəlmanların səsidir, – xidmətçi qadın bu sözləri deyib yoluna davam etmək istəsə də, gənc xanımın həyəcanla göz gəzdirib ətrafa boylanması onu dayandırdı.
– Onlar nə deyirlər, nə istəyirlər?
– Xanım, fikir verməyin. Bütün günü belədirlər. İbadət vaxtları çatan kimi içəridən bir nəfər başlayır belə qışqırmağa.
– Bu səs məni özümdən elədi...
– Gedək, xanım! Əgər narahat oldunuzsa, mühafizəçilərə deyim, gedib onların səsini kəssinlər, – deyə xidmətçi qadın astadan gənc şahzadə xanımın qoluna toxundu.
– Dayan, sən düşündüyün kimi deyil. Bu səs mənim qəlbimi titrətdi. Bütün vücudumu ilahi bir nur sardı. Kaş bu səsin sahibini, orda ibadətlə məşğul olanları görə biləydim! Mühafizəçilərə de, məni onların yanına aparsınlar.
Həyəcandan səsi titrəyən gənc şahzadə xanımın təkidlə dediyi bu sözlər bir anlığa xidmətçi qadını çaşdırdı. O, əvvəlcə bilmədi nə desin, sonra özünə gələrək nəvazişlə dilləndi:
– Sizin o iyrənc, üfunətli məkana getməyinizə ehtiyac yoxdur. Əgər istəsəniz, əlahəzrət krala deyərik, hamısını sizin hüzurunuza gətirər.
Gənc şahzadə xanım qəlbində bu fikrə etiraz etsə də, razılaşmağa məcbur oldu. Onların hər ikisi yaxınlıqdakı saraya tərəf asta addımlarla getməyə başladı.
– Onların dediyi sözün mənasını bilirsənmi?
– Tam yox, ümumi bilirəm ki, Allahın böyüklüyündən danışırlar. Bu həm də ibadətə çağırışdır. Bu səsi eşidən kimi bütün müsəlmanlar bir yerə cəm olur. Bir də ki, sənin o müsəlmanlara yazığın gəlməsin.
– Niyə ki?
– Çünki onlar xristian deyillər.
Şahzadə xanım təəccüblə:
– Bəs, siz demədiniz, onlar Allahın böyüklüyündən danışırlar?! Əgər onlar Allahın böyüklüyünü qəbul edirlərsə, niyə onlara yazığım gəlməməlidir?!
Xidmətçi qadın daxilən əsəbiləşsə də, bunu üzdə büruzə vermədi. Şahzadə xanımın xətrinə dəyməmək üçün yenə nəvazişlə dilləndi:
– Siz toya hazırlaşmalısınız, xanım! Əlahəzrət kralın tabeliyində olan bütün vilayətlər səbirsizliklə sizin toy gününüzü gözləyir. Dünyanın hər yerindən bu şənliyə axın-axın adamlar gələcək. Şahzadələr, cəngavərlər bu şənlikdə iştirak edəcəklər. Həmin vaxta sayılı günlər qalıb. Bütün Rum eli bu təntənəyə görə həyəcanlanır, siz isə...
Şahzadə xanım xidmətçi qadının ürəyindən keçənləri duyub hirsləndi:
– Sən gedə bilərsən! Bu gündən etibarən mən səni xidmətdən azad edirəm. Xahiş edirəm, çəkilin! Mənim hisslərimi başa düşməyən, onu qiymətləndirə bilməyən bir xidmətçi mənə lazım deyil.
– Bağışlayın, əfv edin məni, şahzadə xanım! Bir daha belə səhv etmərəm.
Xidmətçi qadın əyilib şahzadə xanımın qarşısında diz çökmək istədi.
Şahzadə xanım qarşısında alçalıb ucuzlaşan xidmətçi qadından üz çevirərək yoluna davam etdi. Hələ də əsəbləri gərili vəziyyətdə idi. Hələ də qəlbinə axan ilahi nur dalğası bütün vücudundakı zülmətin qaranlığını işıqlandırmaqdaydı. O, bir anlığa ayaq saxlayıb geriyə – zirzəmisi zindan olan binaya tərəf baxdı. Qəlbinə dolan ilahi nurun mənbəyini sanki indi tapdı. Özündən asılı olmayaraq binaya tərəf addımladı. O, artıq zirzəmidən axan nurun cazibəsindəydi. İstəsəydi də, geri qayıda bilməzdi. Xidmətçi qadın yolun ortasında çöküb-qalmışdı. Uzaqdan ağ-qara rəngli iri paltar yumağına oxşayırdı. Kənardan şahzadənin hər hərəkətinə göz qoyan mühafizəçilər əl-ayağa düşdülər. Əvvəl xidmətçi qadının yanına gedib nə baş verdiyini öyrəndilər, sonra şahzadə xanıma çatmaq üçün iti addımlarla ona tərəf getdilər.
– Şahzadə xanım, sizə ora getmək olmaz! – deyə rütbəcə o birilərindən böyük olan mühafizəçi şahzadə xanımla yanaşı addımlasa da, onun qarşısını kəsməyə cəsarət etmədi.
Bütün vücudunu nur bələmiş şahzadə xanım eşitdiyi səsin sehrinə düşüb irəliləyirdi.
Sıra ilə giriş qapısına düzülmüş mühafizəçilər şahzadə xanımı içəri buraxmamaq barədə artıq qəti qərara gəlmişdilər. Mühafizə rəisi irəli çıxıb həyəcandan tövşüyə-tövşüyə :
– Şahzadə xanım, dayanın! Biz sizi içəri buraxa bilmərik.
– Nə üçün? – deyə şahzadə xanım onunla az qala burun-buruna dayanmış ucaboy, qara saçlı, buğdayı sifətli mühafizə rəisini suala tutdu. Həyəcanlı baxışlarını unun qorxudan geniş açılmış zil qara, iri gözlərinə dikdi.
– Bura əlahəzrətin şəxsi həbsxanasıdır. Girişə icazəni yalnız əlahəzrət özü verə bilər. İçəri daxil olsanız, təsəvvür edin ki, bizim qətlimizə fərman hazırlamış olarsınız. Bu işdə əfv yoxdur. Bu, əlahəzrətin öz əmridir.
Şahzadə xanımın həyəcanı artıq ötüb-keçməkdəydi. Mühafizə rəisinin qorxudan doğan həyəcanı şahzadə xanımı fikrindən dönməyə məcbur etdi. Ancaq hiss etdi ki, gəldiyi qərardan dönsə də, o səsin sehrindən çıxmaq iqtidarında deyil. Ona görə də üzünü yenidən mühafizə rəisinə tutub astadan dilləndi:
– Bayaqkı səsi bir də eşitmək istəyirəm.
– Baş üstə! – deyə mühafizə rəisi itaətkarlığını bildirdi.
... Allahu Əkbər! Allahu Əkbər!...
İlahi nur seli yenidən şahzadə xanımın qəlbini coşdurub-daşdırdı. Ömrü boyu görmədiyi bir rahatlıq tapdı. Baxışlarını axıb gedən pənbə buludların arasından mavi səmaya zillədi. Ona elə gəldi ki, daim bu səsi beləcə dinləməyə hazırdır...
Şahzadə Nərgiz xanım saraya necə gəldi, otağına necə keçdi, özünü çarpayıya necə atdı, hiss etmədi. Xidmətçi qadınlar onu səsləyib oyatmağa cəsarət etməsələr də, əmrə müntəzir dayanıb gözləməyə başladılar.
***
Axşam namazından sonra küçələrdən əl-ayaq çəkilmiş, şəhər qəribə bir sükuta qərq olmuşdu. Bununla belə yenə uzaqdan-yaxından araba təkərlərinin, at nallarının səsi eşidilməkdəydi. Ağ rəngli alçaq-hündür binalar, məscid minarələri, çətirə bənzəyən hündür xurma ağacları gümüşü ay işığında şəhərə ecazkar bir görkəm verirdi. Samirə adlanan bu şəhər təxminən on il əvvəl xilafətin adi yaşayış məntəqələrindən biri olsa da, hərbi düşərgə kimi mühüm əhəmiyyətə malik idi. Xəlifə Mötəsimin xilafətin paytaxtını bütün dünyanın tanıdığı Bağdaddan bura köçürməsi yalnız özünümüdafiə məqsədi daşıyırdı. Üsyanların tez-tez baş verdiyi Bağdad mərkəz olmaqla bərabər həm də təhlükə mənbəyi idi. Abbasi xəlifələrinin zülmündən cana doymuş qüvvələr hər an sarayda hakimiyyət çevrilişi edə bilərdilər. Samirə isə xilafət ordusu tərəfindən ciddi mühafizə olunurdu. Xilafətin ən böyük hərbi düşərgəsi burada yerləşirdi. Şəhərdə yaşayanların əksəriyyəti hərbçi ailələri, ordu ilə bağlı adamlar idi.
Hamının Mütəvəkkil deyə çağırdığı Cəfər ibn Mötəsim yaxın dostları Buğa Kəbir və Abdullah ibn Xaqan və daha iki sərkərdə ilə gizli bir hücrədə söhbət edirdi. Vaxt az, deyiləsi sözlər isə çox idi. Xəlifə Vasiq qardaşı Mütəvəkkili kef məclisinə dəvət etmişdi. Bağdaddan gələn musiqiçilər, rəqqasələr bir azdan sarayda xəlifəni, əyanları əyləndirəcək, musiqi sədası bütün şəhəri bürüyəcəkdi.
Mütəvəkkil Xəlifə Vasiq xəbər tutmasın deyə bu görüşü gizli keçirirdi. Son vaxtlar qardaşı xəlifə Vasiqin onunla rəftarı Mütəvəkkilin səbrini daşdırırdı. Xəlifə olduğu üç il ərzində bir dəfə də olsun vəliəhd kimi onun adını çəkməmişdi. Hiss edirdi ki, sevimli qardaşı gələcəkdə xilafət kürsüsündə öz övladlarından birini görmək istəyir. Neçə dəfə xahiş etsə də, onu başqa vilayətlərin birinə vali də göndərməmişdi. Mütəvəkkilə elə gəlirdi ki, xəlifə ondan ehtiyatlandığından gözünün qarşısından kənara buraxmır. Qardaşının bu xofluluğu onu ciddi narahat edir, hər addımında ehtiyatlı olmağa məcbur olurdu. O hiss edirdi ki, xəlifə təkcə ona yox, heç kimə etibar etmir. Sarayda bütün ixtiyarı verib yəhudilərə və xristianlara. Şairləri başına yığıb bütün günü sarayda kef məclisi qurur. Həyatın mənasını yeyib-içməkdə, rəqqasələrin göbək rəqsinə baxmaqda, hərəmxanada arvadların sayını artırmaqda görür. Üzdə özünü dindar mömin kimi göstərir, arxada yüz oyundan çıxır. Bir azdan başlayacaq kef məclisini də Mütəvəkkil özü üçün bir tələ hesab edirdi. Ürəyinə dammışdı ki, bu məclisdə Vasiq son sözünü deyəcək. Saray həyatına bələd olan Mütəvəkkil yaxşı bilirdi ki, belə məclislərdə gizli, iyrənc niyyətlər də olur. Ən yaxşı halda həbs olunmağını arzulayırdı. Əlbəttə, qonaqlıqda zəhərlənməkdən, bir bəhanə ilə qətlə yetirilməkdən həbs olunmaq daha yaxşı idi.
– Çox fikir eləmə, ey ibn Mötəsim! Razılığını ver, elə indi hərəkətə keçib taxtdan salaq xəlifəni.
– Bu nə cəsarətdir?! – deyə Mütəvəkkil sərt nəzərlə Buğa Kəbiri süzdü.
Şərabın təsirindən başı dumanlanmış Buğa Mütəvəkkilin sözündən ayılan kimi oldu. Yaxın dostunun baxışlarındakı qəzəb qığılcımlarını görüb səhv etdiyini anladı. Sifətinə ciddi bir görkəm verərək çalmasını düzəldib, üst-başına əl gəzdirdi. Dili topuq çala-çala:
– Mən sizin yolunuzda başımdan da keçməyə hazıram.
Mütəvəkkilin yenə qəzəbli səsi eşidildi:
– Yox, başın bədəninə ağırlıq eləməsin! Sən hələ mənə lazım olacaqsan. Sadəcə danışığına fikir ver. Hələlik heç bir sui-qəsdə ehtiyac yoxdur. Allah hər şeyi görür və bilir. Ortada möhürlənmiş sənəd olmasa da, atamız Mötəsimin şifahi olaraq ikimizə etdiyi vəsiyyəti o da unutmayıb, mən də, – Mütəvəkkil sözünə ara verib şərabdan xumarlanmış gözlərini onlara dikən iki hərbçi dostuna da ötəri nəzər saldı. – Sizə də deyirəm, dilinizi dinc saxlayın. Mənə çox yaxınlaşmayın. Yoxsa sizi daha pis aqibət gözləyə bilər.
– Baş üstə, əlahəzrət, dediyiniz qanundur bizim üçün! İstəmərik ki, bizi də Afşinin taleyi kimi bir aqibət gözləsin. Allah düşməni Babəki məğlub edən bir sərkərdənin axırının necə olduğu yaxşı yadımızdadır.
Afşinin, Babəkin adını eşidən Mütəvəkkil sərt bir nəzərlə yenidən Buğanı süzüb əsəbi halda dilləndi:
– Sən atam Mötəsimin nə qədər ədalətli olduğunu çox yaxşı bilirsən. Özün o hadisələrin içində olmusan. Afşin Babəkdən də qorxulu düşmən idi. O mühakimə olunanda sən də dindirilmisən. Evinin axtarışında iştirak etmisən. Ləl- cəvahiratla bəzədilmiş atəşpərəstlərin kahin kitabını evində gizlətdiyini öz gözlərinlə görmüsən. Afşinin Babəklə müharibəni qəsdən yubatdığını, xilafətdən daha çox var-dövlət alıb Babəklə birləşməyə çalışdığını, islamı bir din kimi məhv eləmək istədiyini məgər bilmirsən? O, Babəkdən də artıq kafir idi. Babək açıq-aşkar islamın düşməni idi, Afşin isə gündüz Allaha ibadət edirdi, gecələr iblisə. Könlündən İrana, Azərbaycana sahib olmaq, yeni atəşpərəst dövləti yaratmaq keçirdi. Sən və sənin qoşunun olmasaydı, bəlkə də, Babəklə birləşib, bizanslılardan kömək alıb bütün müsəlmanları qılıncdan keçirəcəkdi. Bizim mübarizəmiz isə hakimiyyəti ələ alıb Allaha daha sədaqətlə xidmət etməkdən ibarətdir. Qardaşım Vasiq o taxta layiq deyil. Xristianlar və yəhudilər onun əli ilə müqəddəs dinimizi məhvə aparır.
Mütəvəkkil danışdıqca sərkərdələrin ümidsizliyə qapıldığını görüb əsəbini cilovlaya bilmədi:
– Qorxmayın! Siz xilafətin cəngavərlərisiniz. Mən sizə güvənib dünyaya sahib olmaq istəyirəm, siz nədən qorxursunuz?! Sadəcə xəlifənin əleyhinə bir kəlmə danışmağı belə sizə qadağan edirəm. Danışsanız, məni də güdaza verərsiniz.
Buğa Mütəvəkkilin bu sözündən ürəklənib cəsarətlə dilləndi:
– Biz əmr quluyuq, döyüşçüyük. İxtiyarımız sizin əlinizdədir. Nə desəniz, onu eləməyə hazırıq.
Mütəvəkkil amiranə bir səslə Buğanın sözünü kəsdi:
– Siz yalnız mənim işarəmi gözləyin. Mühafizə böyüklərinin hər birinin özünü də, evini də nəzarətdə saxlayın. Saraydakı yəhudi və xristian əyanları, xüsusilə maliyyə işinə baxanları gözdən uzaqda qoymayın. İbn Zəyyatın hər addımını izlətdirin. İnşallah, onun cəzasını özüm verəcəyəm. Başıma bir iş gəlsə, fikrinizdən dönməyin. Daha qətiyyətli olun. İstəkli qardaşım məni həbs etsə, yaxud öldürsə, sui-qəsd planını onda cızın.
Buğa təəccüblə Mütəvəkkilə baxdı. Sonra astadan, pıçıltılı bir səslə:
– Siz nə danışırsınız, əlahəzrət?
– Bəli, istəkli qardaşım məni ya öldürtdürəcək, ya da həbs etdirəcək, – Mütəvəkkil dərindən köks ötürüb sözünə davam etdi. – Bunu artıq yəqin etmişəm. Məni başqa bir vilayətə vali göndərmirsə, deməli, fikri mən deyəndir. Əbləh başa düşmür ki, başqa bir diyarda onun vuran əli ola bilərəm. Xilafət əleyhinə baş qaldıranların başını üzərəm. Taxt-tacını qoruyaram. Gəlirini birə on artıraram. Torpaqları genişləndirərəm. Bütün dünyanı diz çökdürərəm onun qarşısında.
– Əgər belədirsə, onda bizi niyə sakit dayanmağa məcbur edirsən? – deyə Buğa əsəbi halda dilləndi.
Mütəvəkkil kədərli, kövrək bir səslə:
– Hər addımım izlənilir. Bəlkə də, heç bu gecə evə sağ-salamat gedib çıxa bilmədim. İşdir ölsəm, yaxud həbs olunsam, çevrilişi ondan sonra hazırlayarsınız. Sağ qalsam, yaxud həbs olunmasam, nə etmək lazım olduğunu özüm deyəcəyəm. Vəssəlam!... Sübh namazına az qaldı. Libasınızı dəyişib dağılışın.
***
Mədinə. Bir vaxtlar Həzrət Məhəmmədə (s.ə.s) qucaq açan bu qədim şəhər indi də onun övladlarının sığınacaq yerinə çevrilmişdi. İmam Əliyyən-Nəqinin də həyatı Mədinə ilə bağlı idi. Atası İmam Məhəmməd Təqi Allahın rəhmətinə qovuşandan sonra o, bu şəhərdə məskunlaşmışdı. Uşaq vaxtından Əhli-beyt aşiqlərinin himayəsində yaşayan İmam Əliyyən-Nəqi yaşa dolduqca özünün Allah qarşısında hansı məqamda olduğunu dərk edir, ona olan tükənməz sevginin, hörmət və izzətin mənasını anlayırdı. Bu hörmət və izzətlə bərabər müdhiş bir qorxunun labüdlüyünü də Əhli-beyt aşiqləri ona başa salırdılar. Ona görə də hər addımda ehtiyatlı olmağa çalışırdı. Bilirdi ki, onu sevənlər nə qədər vəfalı, sədaqətlidirlərsə, bədxahları da bir o qədər qəddar və amansızdırlar.
Ümrə ziyarətinə gələnlərin verdiyi xəbər İmam Əliyyən-Nəqini bir qədər düşündürdü. Xəlifə Vasiqin doğma qardaşı Mütəvəkkili həbs etdirməsi bir neçə günün ərzində hər yerə yayılmışdı. İmam Vasiqdən o qədər də narazı deyildi. Atası Mötəsimə, babası Məmuna baxanda o daha insaflı idi. Məkkənin və Mədinənin abadlığına fikir verməsi onu sevindirirdi. Son vaxtlar ziyarətgahlardan, məscidlərin qarşısından dilənçilərin yığışdırılması, ehtiyacı olanların tələbatının qismən ödənilməsi, müharibələrin dayandırılması, elmə, təhsilə diqqətin artırılması imamın ürəyincə idi. Ancaq yenə açıq-aşkar hiss edirdi ki, özü və ailəsi, xüsusilə, oğlanları daim nəzarətdədir. O, bu vəziyyəti, hər addımlarının izlənilməsini adi hal kimi qəbul edirdi. Artıq dərk etmişdi ki, hakimiyyətdə olanlar nə qədər xeyirxah iş görsələr də, Əli övladlarına, Əhli-beytə münasibətlərini dəyişməyəcəklər. Maraqlı idi ki, hakimiyyət Əhli-beytə – İmam Əliyyən-Nəqiyə və ailəsinə təzyiqi artırdıqca sadə insanlar onları daha əziz tuturdular. Elə hakimiyyətdə olanları narahat edən də bu idi.
Axşam namazından sonra istirahət edən İmam Əliyyən-Nəqi bu gün ona çatdırılan xəbərin təsirindən hələ yaxa qurtarmamışdı. Bilirdi ki, iki qardaş arasında yaranan hakimiyyət davasının ağrısını sadə insanlar çəkəcək. İmam Mədinədə yaşasa da, Samirədə hakimiyyətdə olanların iç üzünə yaxşı bələd idi. Xəlifə Vasiqə nisbətən Mütəvəkkilin daha qəddar, qisasçı və əzazil olduğunu, hakimiyyəti ələ almaq üçün ən iyrənc vasitələrə belə əl atacağını duyurdu. Əslən türk olan ordu sərkərdələrinin də Mütəvəkkilin tərəfində olduğunu yaxşı bilirdi. İmam Əliyyən-Nəqi Peyğəmbər övladlarına qarşı kin bəsləyən Mütəvəkkilin şiələrə necə nifrət etdiyini də anlayırdı.
“Deməli, Vasiqin cəsarəti çatmadı Mütəvəkkili məhv eləməyə. Qorxdu. Ordu başçılarından ehtiyat elədi”, – deyə imam öz-özünə pıçıldadı.
Xidmətçinin qapıda görünməsi imamı fikirdən ayırdı.
– Ya Əbülhəsən! Yanınıza gəlmək istəyən var.
İmamın sual və maraq dolu baxışlarla ona baxması xidmətçini yenidən danışmağa vadar etdi:
– Həsən ibn Səiddir. Kufədən gəlib.
– Buyursun, buyursun, – deyə imam əlini döşəkçəyə söykəyib ayağa qalxdı. Yaxşı tanıdığı, atasının və babasının səhabələrindən olan Həsən ibn Səidi həyətdə qarşılamaq üçün qapıya yaxınlaşdı.
Qocalmasına baxmayaraq uca boyunu və şux qamətini qoruyan Həsən imamı evin giriş qapısında görəndə çevik bir hərəkətlə baş əyib onun ayaqlarından öpmək istədi. İmam qoca dostunun qollarından tutdu. Həsən imamın əlindən öpüb, sonra boynunu qucaqladı.
– Sizi gördüm, gözlərimə nur gəldi, ya Əbülhəsən! Bu qoca vaxtımda sizi ziyarət eləmək ruhumu təzələdi, ömrümə günlər calandı.
İmam da qoca dostunu görməkdən məmnun olduğunu bildirdi, nəzakətlə onu evə dəvət etdi.
Azca istirahətdən və şam yeməyindən sonra Həsən Mədinəyə gələrkən yolda Xəlifə Vasiqin qardaşı Mütəvəkkili həbs etdirdiyi xəbərini eşitdiyini imama çatdırdı.
– Bilirəm, xəbərim var. Öldürməyə cəsarəti çatmadı, həbs elətdirdi. Elə ən böyük səhvə də burda yol verdi. İndi gör özünü Mütəvəkkil adlandıran Əbu Cəfər onun başına nə oyun açacaq. Ordu sərkərdələrinin hamısı Mütəvəkkilin tərəfindədir. Elə onlar da Vasiqi taxtdan salıb yerinə Mütəvəkkili oturdacaqlar. Özü də lap yaxın vaxtlarda. Əsl qiyamət də onda başlayacaq. Vasiq pis adam deyil. Hamının yaxşı yaşamasını istəyir. Bütün xilafətdə dilənçiliyin kökünü kəsib. Məkkəni və Mədinəni abadlaşdırıb. Bədbəxtliyi ondadır ki, gününü eyş-işrətdə, kefdə, şeir məclislərində keçirir. Bir göbək rəqsinə xərclədiyi vəsaitlə bir vilayətin aclarını doyurmaq olar. Qəlbən biz Əli övladlarını istəməsə də, hələlik elə bir pisliyini də görmürük. Ancaq Mütəvəkkil əsl cəlladdır, əlinə fürsət keçsə, bizlərə çox zülmlər edəcək.
Şam işığında baxışlarını imamın nurlu çöhrəsindən ayırmayıb bütün varlığı ilə ona diqqət kəsilən Həsən qəlbindən keçənləri dilinə gətirdi:
– Yadıma babanız İmam Rza əleyhissalamla Xəlifə Məmunun əhvalatı düşdü. Məmun onu taxt-taca vəliəhd elan etdi. Öz böyük qızını babanıza, kiçik qızı Fəzli isə atanız İmam Məhəmməd Təqi əleyissalama verdi. Təntənəli toy mərasimi keçirtdi. Baş verə biləcək üsyandan qorxub hamını inandırmağa çalışdı ki, taxt-tacın gələcək varisi İmam Rza əleyhissalamdır. Hakimiyyətini qorumaq üçün öz qızlarını qurban verdi. Axırda da babanızı həlak etdi. Timsah kimi göz yaşları tökdü. İnadkarlıq göstərib babanızı Tusda Harun ər-Rəşidin qəbri yanında dəfn etdirdi. Kədərləndi, hər yanda matəm elan etdi. Ancaq hamı bildi ki, babanız Məmunun sifarişi ilə zəhərlənib. Xəlifə Mötəsim də qardaşı Məmunun yolunu tutdu. Qardaşı Məmunun qızı Fəzlin əli ilə atanızı öz evində zəhərlədi.
Öz qoca dostunu diqqətlə dinləyən imam bir anlığa atasının vəfat etdiyi günü xatırladı. O vaxt onun cəmi altı yaşı vardı. Bu acı xatirə hər dəfə onun yadına düşəndə sarsıntı keçirirdi. İndi də qoca dostunun həmin hadisədən danışması onu yenidən daxilən silkələdi. Buna görə də müsahibinin sözünü kəsib dedi:
– Bunların hamısını bilirəm. Bilirəm ki, üzdə bizimlə yaxın qohum kimi nəzakətlə davranıb arxada kölgəmizi qılınclayırlar.
Həsən kövrək bir səslə yenidən dilləndi:
– Canım sənə fəda olsun, ya imam! Ötüb-keçənləri yada salmaqda məqsədim odur ki, ayıq-sayıq olasınız. Bütün müsəlmanların ümid yeri sizsiniz. Vasiqin sizə qayğıkeşliklə yanaşmasına fikir verməyin. Onun qəlbində sizə qarşı kin-küdurət olduğuna zərrə qədər də şübhəniz olmasın.
– Bilirəm, ya Həsən ibn Səid! Əlacsızlıqdan zülmə dözməyim sənə təslimçilik kimi görünməsin. Sən de görüm, öz işlərin necədir? – deyə imam keçirdiyi daxili sarsıntını özündən kənar edib qayğılı baxışlarını müsahibinin üzünə dikdi.
– Başladığım işi qurtarmağa çalışıram. Əxlaq haqqında əsərimi bitirmək üzrəyəm.
– İslam əxlaqdan başlayır, – deyə imam aramla dilləndi. – Əxlaq isə özünə, valideynlərə, qonşulara və ətrafdakılara hörmətdən ibarətdir. Əxlaqlı adam özündə ədaləti də, təvazökarlığı da, xoş xasiyyəti də ehtiva edir. Peyğəmbərlərin zühuru da birbaşa əxlaqla bağlıdır. Cəmiyyətdə əxlaq düzəni pozulanda, haqsızlıq baş alıb-gedəndə Allah öz sözünü peyğəmbərlərin dili ilə insanlara çatdırır. Həzrət Musa da, Həzrət İsa da ədaləti bərpa etmək, haqsızlığı, əxlaqsızlığı aradan qaldırmaq üçün Allahın kəlamlarını insanlara söyləyirdilər. Ulu babam Həzrət Məhəmməd (s.ə.s) də insanlara Allahın son nəsihətlərini çatdırdı. Qurani-Kərim Allahın son sözləridir. Bundan sonra qiyamət sorğu-sualı gəlir. Qiyamətin gəlməsi labüddür. Vaxtını isə yalnız Allah bilir.
İmamın sözünə ara verdiyini görən Həsən üzr istəyib dedi:
– Çox düz buyurursunuz, ya imam! Elə mən də öz əsərimdə islam əxlaqının ehtiva etdiyi sahələrdən bəhs etmişəm. Babanız Rəsulullahın həyatı, davranışı və əxlaqı müsəlmanların ən böyük örnəyidir. Allah-Təala “Qələm” surəsinin dördüncü ayəsində öz peyğəmbərini vəsf edərək buyurur: “Doğrudan da, sən böyük bir əxlaq sahibisən”. Başqa bir ayədə isə belə deyir: “Ya rəsulum! Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər”.
İmam dostunun söhbətindən razı qalaraq ürəyindən keçənləri dilinə gətirdi:
– Ulu babam Əmirəlmöminin İmam Əli də Rəsulullah barədə belə buyurub: “O, hamıdan mehriban, bağışlayan, hövsələli, düzdanışan və əhdə vəfakar idi. Hamı ilə gözəl rəftar edər və xoş ünsiyyətdə olardı. Onu ilk dəfə görənlər vəcdə gələr, əxlaq və rəftarına heyran olardılar. Ünsiyyətdə olan şəxslər dərhal onu sevməyə başlayardılar. Ondan əvvəl və sonra onun kimi ikinci bir şəxs görmədim.”
Həsən kövrəldi. Gecənin bu çağında imamın qonağı olub, onun səsini eşidib söhbətini dinlədiyi üçün öz taleyindən razı idi. Elə bu razılıq hissi ilə də dedi:
– Ya imam, mən yaşı ötmüş bir qocayam. Bu gün varam, sabah yox. Ömrümün bu çağında sizin qonağınız olduğum üçün özümü dünyanın ən xoşbəxti sayıram. Ömrümü sizin babanıza və atanıza həsr edib onların hər kəlməsini qələmə almışam. Bu gün də sizinlə birlikdəyəm. Danışdığınız hər kəlməni qələmə alıb gələcək nəsillərə yadigar saxlayacağam.
İmam məmnunluqla Həsəni süzüb sözünə davam etdi:
– Sən gördüyün işin dəyəri də, savabı da ölçüyə gəlməz. Sənin kimi bir alim tərəfdarım olduğu üçün mən də çox məmnunam. Çox adam mənim tərəfdarım ola bilər. Elə bu gün tələbələrimdən əlavə on nəfəri qəbul edib dərdlərinə əlac etməyə çalışmışam. Alimin mənim tərəfimdə olması mənim üçün daha önəmlidir. İslamın mənsubları nə qədər çox olsa da, inkişaf üçün əsas yük alimlərin üzərinə düşür. İslam yalnız elm yolu ilə inkişaf edə bilər. Zor gücünə çox ölkələri işğal edib dinimizi yaymaq olar. Ancaq bunu bil ki, islamın qılıncla qəbul edilməsi gec-tez öz fəsadını verəcək.
Həsən ibn Səid:
– Kufədə Abbasilərin zülmünə daha dözə bilmirəm. Məqsədim Quma getməkdir. Ömrümün son günlərini orda keçirmək istəyirəm.
– Düz eləyirsən. Burda sənin kimi alimin qədrini bilmədilər, – imam təəssüflə dillənib bir qədər susdu. Nurlu çöhrəsinə sanki qara bulud çökdü. Bir anlığa yenə uşaqlıq dövrünə qayıtdı. Dumanlı şəkildə yadına düşən Bağdadı, orda atası ilə keçirdiyi günləri xatırladı. Atasının ölümündən sonra necə qayğı ilə əhatə olunduğunu xəyalına gətirdi. Onun yolunda əziyyət çəkən dostlarını gözü önündə canlandırdı. Elə indi qarşısında oturmuş qoca dostunun fədakarlığı barədə düşündü.
Həsən:
– Bu Abbasilər kimin qədrini bilirlər ki, məni də yaddan çıxarmasınlar?! Xoşlarına gəlməyəndə öz alimlərinə də min bir işgəncə verirlər. Mötəzililərin əleyhinə çıxan Əhməd ibn Hənbəlin əhvalatı indi də danışılır. O olmasaydı, bu mötəzililər müqəddəs Qurana əl uzadıb ayələri dəyişəcəkdilər. Elə indinin özündə də məqsədləri Qurani-Kərimin Allah kəlamı olmasını inkar etməkdir. Sübut etməyə çalışırlar ki, lazım gələrsə, şərait tələb edərsə, Qurani-Kərimin ayələrini dəyişmək olar. Hətta elə mürtədləri var ki, Quranı Allah kəlamından daha çox Zeyd ibn Sabitin rəhbərliyi ilə tərtib edilmiş kitab kimi qiymətləndirir. Əhməd ibn Hənbəlin axırına çıxandan sonra düşüblər Buxarinin və Müslimin üstünə. Biz şiələrlə də heç danışmaq belə istəmirlər. Deyirlər ki, guya biz müsəlman deyilik, qəbirlərə inananlarıq.
İmam Əliyyən-Nəqi Həsənin son sözlərindən diksinib yerində qurcalandı. Qoca dostunun söhbəti onu hədsiz narahat etdi. Ona görə də onun sözünü kəsməyə məcbur oldu:
– Onlar yaxşı bilirlər ki, biz kimik və hansı qəbirdə yatanlara hörmətlə yanaşırıq. Onlar hətta o qəbirlərdə yatanların Allah yanında hansı hörmətə layiq olduqlarını da bilirlər. Elə bildiklərinə görə də təşvişə düşüblər. Onların alimləri də bilir ki, zamanın sahibinin zühuru yaxınlaşır. Xilaskarın zühuru onlar üçün qiyamət əzabıdır. Ona görə də mötəzilə məzhəbini rəsmi məzhəb elan ediblər. Nəinki şiələri, əhli-sünnədən də kim onların dediyinə qarşı çıxırsa, ya başını kəsirlər, ya da atırlar zindanlara. Allah kəlamına qarşı çıxdıqlarına görə hamısı cəhənnəmlikdir. İnanmıram, məzhəbindən asılı olmayaraq hər hansı bir müsəlman bunların dediklərini ürəkdən qəbul edə.
Həsən gözlərini geniş açaraq imamın sözlərindən heyrətləndi və bu heyrətini gizlətməyərək astadan pıçıldadı:
– Canım sənə fəda olsun, ya imam! Doğrudanmı xilaskarımız Mehdi Sahibəzzamanın zühuru yaxınlaşır?
– Ya Həsən ibn Səid! Sən bizim Allah yanında məqamımızı yaxşı bilirsən. Bizim sözümüzdə də, əməlimizdə də yalan olmaz. Qeybdən xəbərləri peyğəmbərlər və biz peyğəmbər övladları insanlara çatdıra bilərik. Sonuncu imamın zühurunu nə sən görəcəksən, nə də mən. O xoşbəxt günün şahidi övladlarımız olacaq.
– Canım sənə fəda olsun, ya imam! Nə xoş müjdə! Allah-Təala bu sözləri eşitmək üçün məni Kufədən bura gətirdi, – deyə Həsən coşqunluqla dilləndi, sonra sözünə əlavə edərək, – heç ümidim yox idi sizi yenidən görməyimə. Qocalıb əldən düşdüyüm üçün yola çıxmağa da qorxurdum. Ancaq hansısa bir qüvvə mənə güc verib ayağa qaldırdı. İndi budur, sizin hüzurunuzdayam. Bu görüşü, istəyirdim, sabaha saxlayım. Onu da bacarmadım. İndi dərk etdim ki, bütün bunların hamısı mənim siz dediyiniz müjdəni eşitməyim üçünmüş. Daha rahat ölə bilərəm.
– Ölüm haqdır. Amma tələsmə, – imam astadan dillənib bir qədər duruxdu, sonra sözünə əlavə edərək, – hələ görüləsi işlərimiz çoxdur. Sən şiələrin Kufədə ən nüfuzlu nümayəndələrindən birisən. İndi isə de görüm, Kufədə vəziyyət necədir?
– Kufəni Abbasilər elə günə salıblar ki, heç kim səsini çıxarda bilmir. Hamı gözləyir ki, hardasa kimlərsə Abbasilərin əleyhinə üsyan qaldırsın, qoşulsunlar onlara. Ümidimiz yalnız sizədir, ya imam! Dua et, işlərimiz sahmana düşsün. Dua et, qurtulaq Abbasilərin zülmündən. Bunlar Əməviləri yıxıb onlardan betər oldular. Əməvilər düşmənçiliklərini aşkarda bildirirdilər, bunlar isə hiylə ilə, məkrlə görürlər işlərini.
İmam yenə bir qədər fikrə getdi. Xəyalında Əməvilərin peyğəmbər övladlarına etdiyi zülmləri canlandırdı.
Həsən imamın sözünə ara verdiyini görüb yenidən dilləndi:
– Bizə bir yol göstər, ya imam! Bir kəlmə sözün kifayətdir ki, bütün şiələr ayağa qalxsın.
İmam ürəyiyanıqlı qoca dostunu mülayim bir nəzərlə süzüb təsiredici bir səslə dedi:
– Ya Həsən ibn Səid! Mən indiyə kimi beş xəlifə görmüşəm. Vasiq altıncıdır. Sən məndən də çox onların adamları ilə təmasda olmusan. Hamısının da hakimiyyətə gələn kimi birinci işi biz Əhli-beyt imamlarını nəzarətdə saxlamaq olub. Bizi zərərsizləşdirməyə bəhanə axtarırlar. Ona görə də məcbur olub mübarizəmi ulu babam İmam Zeynəlabidin kimi ibadət və dualarımla aparıram. Bir də tələbələrimə elm öyrədirəm. Oğlum və canişinim Həsən isə hələ çox gəncdir. Onun xidmətindən gələcəkdə istifadə edərsiniz. Əgər sabah Mədinədə car çəkib, adamları başıma yığıb Abbasilərin üstünə qaldırsam, bir gün də məni rahat buraxmazlar. Mən sözümü yalnız sənin kimi ən etibarlı dostlara deyə bilərəm. Ruhdan düşməyin! Niyyətinizdə yanılmayın! Abbasilərin feilinə uymayın! Bir də ki, heç bizim müdaxiləmizə ehtiyac olmayacaq. Özləri bir-birlərinə qənim kəsiləcək. İnanmıram ki, Mütəvəkkil zindanda sakit dayana. Ordunun zabitləri onu azad edib xilafət kürsüsünə oturdacaq. O vaxta kimi hər kəs öz işi ilə məşğul olsun! Etiraza, qarşıdurmaya, üsyana hələlik ehtiyac yoxdur. Kufəlilər ayağa qalxsa, şəhər yenə qan içində boğulacaq.
Gecədən xeyli keçməsinə baxmayaraq kiçik bir otaqda iki dost – İmam Əliyyən-Nəqi və Həsən ibn Səid söhbətlərini davam etdirirdilər. Həsən ibn Səid bu sonuncu görüşün qurtarmasını arzulamasa da, vaxt öz işini görürdü. Bir azdan sübh azanı müqəddəs Mədinə şəhərinin əhalisini namaza çağıracaqdı.
***
Xəlifə Vasiqin ölümündən sonra ordu zabitlərinin köməyi ilə çevriliş edib hakimiyyəti ələ alan Mütəvəkkil qardaşının tərəfdarlarını edam etdirdikdən sonra xilafət taxtında rahat oturmuşdu. Gözlədiyinin əksinə olaraq nə üsyançıların mərkəzi olan Bağdadda, nə şiələrin müqəddəs şəhəri hesab edilən Kufədə, nə qiyamçı Əməvilərin sığındığı yerlərdə, nə müxtəlif məzhəblərin aranı qarışdırdığı Suriyada, nə də müqəddəs Məkkə və Mədinədə bu çevrilişə qarşı çıxan olmamışdı. Uzaq İran vilayətlərindən, həmişə ehtiyatlandığı Misirdən də gələn xəbərlər xoşməramlı idi. Bütün vilayət başçıları öz məktublarında Mütəvəkkili təbrik edir, onun xəlifəliyini islam aləmi üçün Allahın lütfü hesab edirdilər.
Geniş qəbul salonuna toplaşmış yüksək rütbəli saray əyanları, din xadimləri Xəlifə Mütəvəkkilin gəlişini gözləyirdilər. Son bir neçə ildə bu salonda bütün xilafəti silkələyən, müsəlmanların yaddaşına həkk olunan, təzkirəçilər tərəfindən tarixi hadisə kimi qeyd olunan iki mühüm hadisə baş vermişdi. Birincisi xilafəti az qala süquta uğradan Babək Xürrəminin əllərinin və ayaqlarının kəsilməsi, ikincisi isə onu məğlub etmiş Afşin Heydər ibn Kavusun mühakimə edilməsi idi. Xəlifə Vasiqin dövründə isə bu salonda adətən musiqi və şeir məclisləri keçirilir, ziyafətlər təşkil olunurdu. Bu gün isə burda keçmiş baş vəzir Məhəmməd ibn Əbdülməlik mühakimə olunacaqdı. Sıra ilə ayaq üstə dayanmış əyanlar bir-birləri ilə danışmağa belə cəsarət etmirdilər. Bir neçə ay əvvəl hamının baş əyib ehtiram etdiyi baş vəzir Məhəmməd ibn Əbdülməlikin bu gün burda mühakimə olunmasını hamı hədsiz maraq və həyəcanla gözləyirdi.
Xəlifə Mütəvəkkilin salona daxil olması əyanların həyəcanını daha da artırdı. Onlar baş əyib təzim etdikdən sonra xəlifənin əl işarəsi ilə öz yerlərini tutub yenə sakitcə dayandılar.
– Gətirin bura o məlunu!
Xəlifənin bu sözündən sonra narahat olan hərbi geyimli, iri cüssəli zabitlər çaşqın halda bir-birləri ilə baxışdılar. Sonra hər ikisi qorxaq addımlarla yeni baş vəzir Fəth ibn Xaqana yaxınlaşıb astadan onun qulağına nə isə pıçıldadılar.
Xəlifənin onlara tərəf baxması baş vəziri dilə gətirdi:
– Qibleyi-aləm, dediyiniz şəxs sizin hüzurunuza gəlmək iqtidarında deyil.
– Nə üçün? Neyləmisiniz ona?
Baş vəzir də, hərbçilər də, əyanlar da başlarını aşağı salıb susdular.
Xəlifə narahat halda baş vəzirə baxdı. Sonra əsəbi bir tonda:
– Sağdır, yoxsa öldürmüsünüz? – deyə soruşdu.
Baş vəzir təqsirkar adamlar kimi qorxaq, ürkək bir təzdə cavab verdi:
– Bir az döyüb-incidiblər. Görkəmi iyrənc və qorxunc olduğuna görə sizin əhvalınızı pozmaq istəmədik.
– Səhv eləmisiniz! – deyə xəlifə əsəbiləşdi, sonra sözünə əlavə edərək, – onu mən özüm, bax, bu əllərimlə döymək istəyirdim! Beş il mənimlə düşmənçilik etdi. Hər addımımı izlədi. Yalandan üstümə şər atıb məni qardaşımla düşmən elədi.
Yenə baş vəzir günahkar adamlar kimi başını aşağı salıb susdu. Əyanlar da, hərbçilər də, din xadimləri də sakitcə dayandılar. Xəlifə yaranmış sükutu özü pozdu:
– Yaxşı, eybi yox, bir murdar itdən ötrü əhvalımızı pozmayaq. Məhəmməd ibn Əbdülməlik əz-Zəyyat elə döyülüb ölməyə layiqdir. Gözləyin sağalsın, bir də döyün, bir də sağaldın, bir də döyün! – xəlifə bu sözləri deyib ucadan güldü, sonra yenidən üzünü baş vəzirə tutdu, – onun üçün ən yaxşı cəza elə budur. Dar ağacı, edam yüngül cəzadır: bir dəfə ölürsən, qurtarır-gedir. Döyülə-döyülə ölmək isə əsl dəhşətdir. Bu cəzanı o öz əməli ilə qazanıb.
Xəlifə bir anlığa nə isə fikirləşib tərəddüdlə dilləndi:
– Yox, daha onu döyməyin! Sağalan kimi burda özüm mühakimə edəcəyəm. Axı mən and içmişdim ki, onu öz əllərimlə öldürəcəyəm.
Baş vəzir nəvazişkar bir dillə:
– Düz buyurursunuz, qibleyi-aləm! Hökm sizindir! Məhəmməd ibn Əbdülməlikin günahları böyükdür.
– O, Rum padşahı Feofilin casusudur. Afşin kimi onun da məqsədi bütün müsəlmanları məhv eləmək idi. Xilafət sarayını döndərmişdi xristianların toplantı yerinə. Bütün ixtiyarı vermişdi onlara. Adını da qoymuşdu ki, guya bizə elm öyrədirlər. O alimlərin hamısını Xərəzminin bir tükünə də dəyişmərəm, – adi sözünü də əsəbi halda deyən xəlifə yenə əsəbini cilovlaya bilmirdi. – Mən xristianların əleyhinə deyiləm. Mən bizə qənim kəsilmiş Feofilin düşməniyəm. Ona görə də bu gündən göstəriş verirəm ki, saraydakı xristanların fəaliyyəti tam araşdırılsın. Şübhəli adamların hamısı saraydan uzaqlaşdırılsın. Ümumiyyətlə, Xəlifə Ömər ibn Xəttabın vaxtında olduğu kimi, bizim paltarlardan yox, özlərinə məxsus geyimlər geyinsinlər ki, hər bir müsəlman qarşısındakının xristian, yaxud yəhudi olduğunu ayırd edə bilsin. Din xadimlərimiz nə deyir bu işə? – deyə kinayəli nəzərlə baş qazını süzdü.
– Hökm sizindir, qibleyi-aləm! – deyə xəlifənin nəzərindən yayınmağa çalışan baş qazı astadan dilləndi.
Xəlifə kinayəli baxışlarla baş qazını süzüb, elə kinayəli tərzdə də dilləndi:
– Əlbəttə, hökm mənimdir! Cəsarətin çatarmı mənim hökmümü dəyişməyə?!
Qəfil sərt sualdan özünü itirən baş qazı bilmədi nə desin. Qeyri-ixtiyari: “Qibleyi-aləm!” – deyib duruxdu.
Xəlifə əsəblərini cilovlaya bilmədi:
– Mənim hökmümü dəyişə bilmədiyin bir halda, Allahın hökmünü hansı cəsarətlə dəyişməyə çalışırsan?! Kim sənə və sənin tərəfdarlarına icazə verib ki, Allah kəlamı olan Qurani-Kərimin ayələrini dəyişmək niyyətinə düşürsən?! Qorxmursunuz Allahdan?!
– Qibleyi-aləm! Mən sizin babanızın, atanızın, qardaşınızın qoyduğu qayda ilə hərəkət edirəm. Mötəzilə xilafətin rəsmi dini məzhəbidir.
– Babamı, atamı, qardaşımı elə sənin kimilər yoldan çıxarıb. Onları inandırmağa çalışıbsınız ki, yeni şəraitə uyğun olaraq Qurani-Kərimin ayələrini dəyişmək olar.
– Qibleyi-aləm!...
– Qulaq as, sözümü kəsmə! – xəlifənin ağzından daş kimi çıxan sözlər baş qazı ilə bərabər əyanlara da dəydi. Onlar yeni bir fırtınanın astanasında olduqlarını sanki indi dərk etdilər. – Sözümü tək sənə yox, bütün əyanlara deyirəm: bu gündən təkcə sarayda yox, bütün xilafətdə mötəzilə məzhəbini qadağan edirəm. Sən isə baş qazılıqdan çıxarılırsan. Sənə hörmətim dar ağacından asmamağımdır. Get başının çarəsini qıl. Bir daha gözüm səni görməsin! Sizin məzhəbi qəbul etmədiyinə görə zindana salınmış bütün dustaqları azad edirəm. Bu gündən sarayın rəsmi məzhəbi əhli-sünnətdir. Bizim yolumuz Allahın və Rəsulunun, dörd Raşidi xəlifəsinin yoludur. Şiəliyə isə bir məzhəb kimi toxunmuram. Onlar öz yolları ilə gedə bilərlər. Şiə imamları mənim qohumlarımdır. Hamımız Haşim övladlarıyıq, bir nəsildənik. Əməvilərlə mübarizəmizi birlikdə aparmışıq. İmam Cəfəri-Sadiq olmasaydı, Xorasan türkləri ayağa qalxıb əməviləri devirərək Kufəyə qədər gəlib-çıxmazdı. Bəli, xəlifəlik onun haqqı idi. Abbasi hərəkatının rəhbərləri ona hakimiyyəti təklif də etdilər. Ancaq o: “İndi mənim dövrüm deyil”, – deyib xəlifəlikdən öz xoşu ilə imtina etdi. Babam Məmun İmam Rzanı vəliəhd seçdi. Şiə imamlarına diqqət bizim borcumuzdur, – xəlifə bu sözləri deyib üzünü baş vəzirə tutdu:
– İndi şiələrin imamı kimdir?
Baş vəzir qəfil verilmiş bu sualdan çaşsa da, tez özünü ələ aldı. Xəlifənin bu siyasi gedişini tez anlayıb hazırcavablıqla dilləndi:
– İmam Rzanın nəvəsi, İmam Məhəmməd Təqinin oğlu İmam Əliyyən-Nəqi.
– İndi o harda yaşayır? – xəlifə heç nədən xəbəri olmayan sadəlövh bir adam kimi yenidən baş vəziri suala tutdu.
– Mədinədə yaşayır, qibleyi-aləm!
– Niyə Samirədə yox, Mədinədə?
Baş vəzir susdu. Xəlifə öz sualına özü də cavab verdi:
– O cür nüfuzlu insan – mənim qohumum Mədinədə yox, paytaxtda, mənimlə eyni şəhərdə yaşamalıdır. Elə sabah bu məsələni həll elə. Mədinə valisinə məktub göndər, imamı Samirəyə köçürtsün. Ev və təqaüd məsələsini özün yoluna qoy.
Baş vəzir “baş üstə” deyib yenidən əmrə müntəzir dayandı. Bununla da xəlifə sarayının qəbul salonunda təşkil olunmuş böyük toplantı başa çatdı. Hamı getsə də, baş vəzir xəlifənin əl işarəsi ilə ayaq saxladı. İki köhnə dost, hər toplantıdan əvvəl və axırda olduğu kimi, bu dəfə də görülən işləri, verilən hökm və tapşırıqları birlikdə müzakirə etməli dilər.
– İmam Əliyyən-Nəqini Samirəyə köçürtmək barədə heç bir söhbətimiz olmamışdı axı. Nədən belə etdiniz? Təzəcə sakitləşmiş şiələr narazı qalmazlar ki?
Xəlifə:
– Bir az əvvəl Mədinə valisindən aldığım məktubu oxusaydın, sən də mənim kimi qərar qəbul edərdin.
– Nə olub ki? – deyə baş vəzir qorxmuş adamlar kimi dilləndi.
Xəlifə əsəbi halda sözünə davam etdi:
– İmamın evi olub ziyarətgah! Ümrə ziyarətinə gedənlərin hamısı onun evinə baş çəkməmiş ziyarətlərini tamamlamırlar. Bir kəlmə sözü ilə bütün müsəlmanlar ayağa qalxa bilərlər. Gah həkimlik edib xəstələrə şəfa verir, gah da müsəlmanlara təlim keçib bizim əleyhimizə danışır. O, burda gözümün qabağında olsa, ziyarətçiləri də azalar, biz də bilərik ki, şiələrin rəhbəri bizim əlimizin altındadır. Təqaüd verib oturdarıq bir evdə. Qoy özü üçün nə qədər ibadət edir-etsin, Quran oxuyur-oxusun.
Xəlifənin bu sözündən sonra ortalığa cansıxıcı bir sükut çökdü. Baş vəzir cavab verməyə tələsmədi. Tədbirli baş vəzir öz həyatı, ailəsi, uşaqları naminə xəlifəni müəyyən bəd əməllərdən çəkindirməyə çalışırdı. Şiələrin içində böyüdüyündən onların imam yolunda gözlərini qırpmadan ölümə gedəcəklərini yaxşı bilirdi. Ümumiyyətlə, xilafət daxilində hər hansı bir iğtişaşın baş verməsinin əleyhinə idi. Çaxnaşmalar zamanı o, daha gərgin olur, gəlirindən, xeyrindən qalır, az yatır, çox işləyir. Bütün bunlara görə də xəlifəni fikrindən döndərmək üçün yollar axtarırdı. Ancaq onun sözünün qabağında deməyə söz tapmırdı.
– Nə bərk fikrə fetdin, Fəth? Yoxsa sən də Əli xanədanının tərəfindəsən, mənim xəbərim yoxmuş? Bəlkə, sən də namazı gündə üç dəfə qılırsan, azanda, iqamədə “Əliyyən vəliyyullah!” deyirsən?
Xəlifənin kinayəli sözləri baş vəzirə zəhərli ox kimi dəydi. Diksindi. Özünü ələ alıb qamətini düzəltdi. Dili topuq çala-çala etirazını bildirdi:
– Xeyr, qibleyi-aləm, şiə olmamışam, ancaq...
– Ancaq nə? – xəlifə taxtdan qalxıb əsəbi halda ona yaxınlaşdı.
– Qibleyi-aləm, bayaq toplantıda imam haqqında, babaları barədə çox gözəl danışdınız. Sizin dedikləriniz günü sabahdan bütün böyük şəhərlərdə danışılacaq. Əhli-beyt imamlarına lütf göstərməyiniz hakimiyyətdən narazı şiələri sizə tərəf yönəldəcək. Mənim yadımdadır, sizdən əvvəl də o, bir neçə dəfə sürgün olunub. Ancaq atanız da, qardaşınız da baş verə biləcək iğtişaşlardan ehtiyatlanıb onu yenidən Mədinəyə qaytarıblar. Sizin onu bura gətirməyinizlə heç nədən başımıza iş açarıq. İmamın camaat arasında çox böyük nüfuzu var. Bir kəlmə sözü ilə bir şəhər ayağa qalxa bilər. Mən istərdim ki, ona ənam göndərəsiniz, qayğısına qalasınız. Belə hərəkət sizin nüfuzunuzu artırar. Eşitdiyimə görə çox kasıb yaşayırlar, hətta əyinlərinə geyinməyə təzə paltar da tapmırlar. Ailəsindəki qadınlar ip əyirib satmaqla çörək pulu qazanırlar. Ona yardım etsək, sıravi adamlar da bizə hörmətlə yanaşarlar, daha qorxularından hökumət adamı görəndə əsməzlər.
***
Azərbaycan, Gürcüstan və Ermənistan hakimi Məhəmməd ibn Xalidin məktublarında vilayət başçılarının narazılıqlarından, əhalinin vergilərdən imtina etməsindən, yeni üsyanların baş verə biləcəyindən bəhs edilir, Beyləqan və Gürcüstan hakimlərinin xilafətdən ayrılmaq istədikləri vurğulanırdı. Xəlifə Mütəvəkkil bütün bunların səbəbini Rum imperatoru Feofildə görürdü. Bilirdi ki, böyük düşmən Feofil onunla açıq-aşkar müharibəyə girişməsə də, casusları vasitəsilə ucqarlarda vilayət başçıları ilə gizli danışıqlar aparır, onları ərəblərin əleyhinə qaldırmağa çalışırdı. Ona görə də böyük toplantıdan sonra sərkərdə Buğa Kəbiri ayrılıqda qəbul etməyi qərara aldı. Son hadisələrdə ona yaxından kömək etmiş bu qocaman döyüşçünü yenidən Azərbaycana göndərməyi qərara almışdı. Hiss edirdi ki, bir vaxt Babəkin hakimiyyəti altında olan ərazilərdə yalnız Buğa kimi təcrübəli sərkərdə qayda-qanun yarada bilər. Çünki Buğa Azərbaycanın da, Gürcüstanın da, Ermənistanın da hər qarışına bələd idi. Babəklə döyüşdə məğlub olsa da, sonradan Afşinin ordusuna kömək edərək böyük qələbədə az xidmət göstərməmişdi. Afşinin ifşa olunmasında da böyük əməyi olmuşdu. İndi o, xəlifənin etibar etdiyi bir neçə şəxsdən biri idi. Ona görə də Məhəmməd ibn Xalidin səlahiyyətini əlindən alıb Buğa Kəbirə verməyi qət etmişdi. Məhəmməd atası Xalid kimi yerli vilayət başçılarına həmişə güzəştli mövqeyi ilə fərqlənirdi. Yerli əhalinin islam qaydalarına necə əməl etməyi onu qətiyyən maraqlandırmırdı. Onu yalnız yığılan verginin miqdarı düşündürürdü. Özü yaxşı bilirdi ki, yerli əhali islam dinini ərəb qılıncının qorxusundan qəbul edib, xristian albanlar torpaqlarına sahib çıxmış ərəblərə əlacsızlıqdan tabe olurlar.
Xəlifə Mütəvəkkilin hakimiyyəti ələ aldığı bir il ərzində keçirdiyi bu toplantı mötəzilə məzhəbinin qadağan olunması və sünni məzhəbinin rəsmi saray məzhəbi elan olunması ilə bağlı olduğu üçün hər yerdə böyük rəğbətlə qarşılanıb hakimiyyətdən narazı müsəlmanların ürəyincə oldu. Uzaq Qafqaz dağlarının ətəklərində, Azərbaycanda, Həmədanda, Xorasanda süni sakitlik hökm sürməkdə idi. Babəkin məğlubiyyətindən sonra Bizansa qaçmış on dörd min xürrəminin Rum əsgərlərinin paltarını geyinərək xilafət torpaqlarına basqınlarının da qarşısı alınmışdı. Atası Mötəsimin xürrəmilərlə müharibə zamanı yaratdığı yüksək səviyyəli poçt xidməti daha da təkmilləşərək öz yüksək səviyyəsinə çatmışdı. Xilafət mərkəzinə məktub gətirən çaparlar ən yaxşı atlarla təmin olunmuşdu. Bir-birinə olduqca yaxın təşkil edilmiş qarovulxanalar, gözətçi məntəqələri çaparların hərəkətini nəzarətdə saxlayır, onların təhlükəsizliyini təmin edirdilər. İndi xəlifə cəmi bir neçə günün ərzində xilafətin ən uzaq nöqtəsində belə baş verən hadisələr barədə aldığı məktublar vasitəsilə xəbər tutur, təcili tədbir görürdü. Son günlər Azərbaycandan aldığı axırıncı məktublar onu narahat etməyə başlamışdı.
Azərbaycan hakimi Məhəmməd ibn Xalidin xilafətdən ayrılıb müstəqillik iddiasına düşən Gürcüstan hakimi İshaq ibn İsmayıla məğlub olub Bərdəyə çəkilməsi xəlifəni bərk narahat edirdi. Ona görə də sərkərdə Buğa Kəbiri çağırtdırdı. Təcrübəli və yaşlı sərkərdə ilə bu məsələni birdəfəlik həll etməyi qərara aldı.
– Qibleyi aləm, sərkərdə Buğa Kəbir hüzurunuza gəlmək istəyir.
Xidmətçinin dediyi bu sözlərə xəlifə əl işarəsi ilə razılığını bildirdi.
– Mənim qoca dostum yorulmayıb ki?
Saç-saqqalının ağarmasına baxmayaraq gümrah və sağlam görünən Buğa xəlifənin atmacasından xoşhal gülümsədi, elə gülümsəyərək də cavab verdi:
– Son nəfəsimə kimi sizə xidmət göstərməyə hazıram!
Xəlifə Buğaya ötəri nəzər salıb onun dayandığı yerə baxdı. Gülümsədi. Sonra ciddi bir halda sorışdu:
– Bilirsənmi ayağını qoyduğun yer haradır?
Buğa çaşqın halda mərmər döşəməyə, sonra ətrafına baxdı. Xəlifənin eyhamını anlamayıb narahat oldu. Qeyri-ixtiyari dili topuq çala-çala dilləndi:
– Qibleyi aləm, siz o qədər mükəmməl, elmli, bəlağətli bir dildə danışırsınız ki, mənim kimi aciz bir bəndə, sizin yolunuzda başından keçməyə hazır olan bir əsgər onu dərk etmək iqtidarında deyil.
– Yaxşı bax ayağının altına, Buğa! Bax və yadına sal, gör sən dayandığın yerdə hansı hadisə baş verib? – xəlifə əsəbi halda sözünü deyib iti nəzərlərini Buğanın üzərində saxladı. Özünü itirən Buğa öz əli ilə taxtda oturtduğu gənc dostunun onu nə üçün belə sıxma-boğmaya saldığını dərk edə bilmirdi. Bəlkə də, sarayda, elə bu qəbul salonunda baş verən hadisələri yadına salsaydı, xəlifənin sualına cavab tapardı. Ancaq o, daha çox harda səhv etdiyi barədə düşünür, kimin onun üçün tələ qurduğunu yadına salmağa çalışırdı. Qəfildən gözləri önündə Babəkin siması canlandı. Babək edam edilmişdi. O, həmin hadisəni bir daha xatırlayıb dayandığı yerə baxdı. Qorxmuş halda yana çəkildi.
– Deyəsən yadına düşdü, xatırladın, eləmi?
– Bəli, qibleyi-aləm, bura Babəkin qanının töküldüyü yerdir. Ancaq mən elə səhv etmərəm ki, Babək kimi əl-ayağım kəsilə, yaxud Afşin kimi lüt soyundurulam.
– Özünə gəl, Buğa! Yaxşı bilirsən ki, səhv etsən də, səni cəzalandırmaram. Sadəcə, dayandığın yerə görə Babəki xatırladım, – deyə xəlifə Buğanın qəlbində baş qaldırmış şübhələrə son qoydu, sonra sözünə əlavə etdi, – Babəkin siması heç vaxt yadımdan çıxmaz.
Buğa:
– Olduqca müdhiş mənzərə idi.
Hissə qapılan xəlifə kövrək bir səslə sözünə əlavə etdi:
– Yadındadır, onda mən yeniyetmə bir gənc idim, atamın yanında dayanmışdım? – deyə hissə qapılan xəlifə Buğaya əyləşməyə icazə verib mehribanlıqla sözə başladı:
– Babəkin edamı yaddaşıma elə həkk olunub ki, heç vaxt yadımdan çıxmaz. Özün gördün o vaxt Babəkin əzəmətini: əlini-ayağını kəsdilər, səsini çıxarmadı, yalnız öz cəlladı Nudnuda kinayəli nəzərlə baxmaqla kifayətləndi.
Özünə gəlmiş Buğa yenidən xəlifənin sözünü təsdiqlədi:
– Düz buyurursunuz, qibleyi-aləm! O hadisə məni də dəhşətə gətirdi.
– Amma heç Nudnudun vecinə də deyildi. Adi qaydada öz işini gördü. Nə əli əsdi, nə siması dəyişdi. O, şərəfsiz Babəkin əmri ilə yüzlərlə müsəlmanın boynunu vurmuşdu. Ona görə də atam Mötəsim Babəki öz cəlladı vasitəsilə cəzalandırdı.
Buğa şahidi olduğu bir hadisəni də xəlifənin yadına saldı:
– Qibleyi-aləm, mənim rəhbərliyimlə Babəkin qardaşı Abdullah da başqa yerdə həmin üsulla cəzalandırıldı. Son anda bir tuluq çaxır istədi. Gətizdirdim. İçib qurtardıqdan sonra Nudnuda özü işarə etdi ki, başla. O da əl-ayağı kəsilsə də, Babək kimi səsini çıxarmadı.
Xəlifə əlini-əlinə vurub təəssüflə sözünə davam etdi:
– Babək kimi bir sərkərdəm olsaydı, Bizans imperatorunu diz çökdürərdim. Təkgöz, şeytansifət, pozğun bir türk qızından Babək və Abdullah kimi oğullar! Adamın inanmağı gəlmir.
Buğanın yerində qurcalanmağı xəlifənin nəzərindən yayınmadı. Ona görə də sözünə əlavə etdi:
– Əlbəttə, türk qızı sənin kimi imanlı, igid sərkərdə doğub. Babam Harun ər-Rəşidin anası da türk qızı olub. Söhbət onda deyil.
Atam Mötəsim mənim gözümün qabağında əfv fərmanını imzaladı. Bağışladı onu. Ancaq Afşin işi necə qurdusa, Babəkin bu fərmandan xəbəri olmadı. Hələ də Afşinin hərəkətlərindən baş açmıram. Həm Babəklə sövdələşib müharibəni uzatdı, həm də xəlifə ilə bərabər Babəkə xəyanət etdi.
Buğa:
– Afşin böyük sərkərdə idi. Misirdə bizanslılar üzərində qazandığı qələbə bütün islam dünyasında onu şöhrətləndirdi. Sadəcə niyyəti çirkin idi. Könlündən Babəklə birləşib xilafətdə hakimiyyəti ələ almaq keçirdi.
Xəlifə bir daha təəssüflənib əsas məqsədinin üstünə gəldi:
– Səni çağırmaqda məqsədim başqadır. Yubanmadan səfər hazırlığı gör. Heç harda ləngimədən birbaşa Bərdəyə get. Azərbaycan hakimi Məhəmməd ibn Xalidin bütün səlahiyyətini ləğv edib hakimiyyəti öz əlinə al.
Tez əsəbiləşib coşduğundan təfərrüata varmayıb əsas məqsədini açıqlayan xəlifəyə “baş üstə” deməkdən başqa söz tapmayan Buğa yenidən onu dinlədi.
Xəlifə sözünə davam etdi:
– Xəyanət xəyanət ardınca gəlir. Biz Gürcüstanı yunanların zülmündən qoruyuruq, o isə vergidən boyun qaçırıb müstəqil knyazlıq olmaq istəyir. Hamısı İmperator Feofilin əməlləridir. Böyük müharibəyə başlamaqdan yayınıb gürcüləri, albanları, xəzərləri üstümüzə qaldırıb bizi zəiflətməyə çalışır. Babəki də qızışdıran o idi. Dostumuz Səhl ibn Sumbat olmasaydı, Babək yunanlarla birləşib üstümüzə başqa istiqamətdən hücum edəcəkdi. Vergilərdən boyun qaçırıb müstəqillik iddiasına düşən Gürcüstan valisi İshaq ibn İsmayılı cəzalandırmaq istəyən Azərbaycan hakimi Məhəmməd ibn Xalid qoşun yığıb onun üzərinə hücum çəkib, bütün Gürcüstanı nəzarətə götürsə də, həlledici döyüşdə məğlub olaraq Bərdəyə çəkilib.
– Səhl ibn Sumbatdan niyə kömək istəməyib, qibleyi-aləm?
– Səhl ibn Sumbat mənim razılığımla özünü Ermənistan şahı elan edib. Onun hələ ki gücü erməniləri sakitləşdirməyə çatır. Əslən alban olduğundan hələ də ermənilər ondan narazıdırlar. Ərəb qılıncının qorxusudur onları sakitləşdirən. Bir də ki, ermənilərin bir mənfəəti olmasa, o işə qol qoymazlar. Onların həyatda bir arzusu var: özlərinin uydurduqları və nə vaxtsa mövcud olmuş krallıqlarını bərpa etmək. Bütün mübarizələrinin hədəfində yunanları məhv etmək dayanır.
Buğa təəccüb və heyrətlə ürəyindən keçəni dilinə gətirdi:
– Yunanlar niyə, qibleyi-aləm?
Xəlifə Buğaya ötəri nəzər salıb onun sualına elə həmin an cavab verdi:
– Çünki ermənilərin uydurma krallığını guya yunanlar məhv edib. Bunu mənə saraydakı xristian alimləri deyib. Onlar da and içib əhd bağlayıblar ki, Yunanıstanı məhv etsinlər. Qəribə millətdir: neçə yüz il üstündən keçsə də, kin və qəzəbləri soyumayıb. Hələ də xəyal edirlər ki, Yunanıstanı dağıdacaqlar. Əvvəl sasanilərlə, sonra da bizimlə dostluqları elə buna görədir. İslam dini yaranana kimi farslara xidmət edirdilər. Onların bütün silah-sursatlarını – mancanaqlarını, qılınc və nizələrini, qalxanlarını ermənilər hazırlayırdılar. Farsların Bizansı dağıtması üçün bütün vasitələrdən istifadə edirdilər. Farsların Bizansdakı casusları da ermənilər idi.
Buğa gülümsəyərək xəlifənin sözünə əlavə etdi:
– Elə erməni adını da onlara farslar veriblər. Əslində erməni yox, əhriməni deyiblər, yəni şər qüvvə. Millətlərinin doğru adı haydır.
Xəlifə Buğanın bu məlumatından xoşhal olub sözünə davam etdi:
– Doğrudan da, şər qüvvədirlər. Casusluğu, satqınlığı, xəyanəti, namərdliyi çox ustalıqla bacarırlar. Çalışıram, farslar kimi mən də onların bu xüsusiyyətindən öz xeyrimizə istifadə edim. Feofilin xəbəri yoxdur ki, mənim erməni casuslarım Bizansın mərkəzində onun hər addımını izləyirlər. Bütün bunlara görə də ermənilərlə işin olmasın. Böyük düşməni məğlub etmək üçün bizə necə lazımdır kömək edəcəklər. Orda hakimiyyəti ələ aldıqdan sonra Ermənistana toxunma. Onlardan başqa kim sənə müqavimət göstərsə, məhv elə.
– İnanma onların dostluqlarına, qibleyi-aləm! Bizans hökmdarı bizdən güclü olsa, ermənilər bizi onlara satacaqlar.
– Narahat olma, mən heç vaxt ehtiyatı əldən vermərəm, – xəlifə qoca sərkərdənin sözünü kəsdi .– İndi onların bir məqsədi var: bizimlə dostluqlarından da bəhrələnmək. Fikirlərindən xilafət üçün anası erməni olan bir vəliəhd yetişdirmək keçir. Bu vəliəhdin vasitəsilə, istəyirlər ki, bir ovuc erməni Konstantinopolda oturub bütün dünyaya ağalıq eləsin. Bir erməni qızının vasitəsilə bu boyda xilafətə sahib çıxmaq istəyirlər. Ürəklərindən keçir ki, bütün hərəmxana erməni qızları ilə dolsun. Açığını deyim ki, bu eybecər, deyingən erməni qızlarından iyrənirəm. Göz yaşları ovuclarındadır. Əl vurmamış ağlayıb “Hayastan” deyirlər. Ancaq yaşıl gözlü, ağbəniz yunan qızları daha gözəl, daha cazibədar və siyasətdən uzaqdırlar. Hər il Dərbənd hökmdarının bac-xəracdan əlavə göndərdiyi qırx nəfər ağbəniz, qara saçlı, qara gözlü, uzun kirpikli qızlar daha gözəldir. Böyük oğlum Müntəsiri vəliəhd elan etsəm də, fikrimi dəyişib yunan qızından olan oğlum Mötəzzi vəliəhd edəcəyəm. Bilirəm ki, bu, çoxlarının, eləcə də farsların və ermənilərin xoşuna gəlməyəcək. Ancaq bu barədə fikrim qətidir.
Buğa xəlifənin səmimi sözlərini axıra kimi dinləyib, sonra gənc xəlifəyə məsləhət verdi:
– Qibleyi-aləm, ermənilərə çox bel bağlamayın. Onların haqqında mən də azdan-çoxdan bilirəm. Babəklə döyüşən zaman dərindən tanıdım onları. Onların fikrinə görə, Adəm peyğəmbər də erməni imiş. Deyirlər ki, bütün millətlər ermənilərdən törəyib. Onların beyni xəstədir. Bir ovuc ordan-burdan yığılma millət olmalarına baxmayaraq dünyaya ağalıq eləmək keçir könüllərindən. Bütün tarix boyu hansı tərəf güclüdürsə, o tərəfə yıxılıblar. Saxtakarlıq, satqınlıq, şər, böhtan onların xislətindədir. Onları farslardan yaxşı tanıyan yoxdur. Həmişə Bizansa qarşı əllərində bir alət kimi istifadə ediblər, amma yaxına buraxmayıblar.
Xəlifə söhbətinə yekun vurmaq məqsədilə əvvəlki tapşırıqlarını yenidən Buğanın nəzərinə çatdırdı:
– Sən səfər hazırlığına başla. Azərbaycandan əsgər toplamaq üçün kifayət qədər vəsait verəcəyəm. Beyləqanlılar da Azərbaycan hakimindən narazıdırlar. Son məktublarda yazılanlara görə, Arran knyazları ilə birləşib qiyam qaldırmaq istəyirlər. Qiyamçılara rəhm eləmə. Bizim tərəfimizdə olanlara xüsusi imtiyazlar ver.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0