Ürək dərdi birdi, dil dərdi mindi - Avdı Qoşqarın şeirləri

May 2, 2026 - 18:39
May 2, 2026 - 18:40
 0  12
Ürək dərdi birdi, dil dərdi mindi - Avdı Qoşqarın şeirləri

Yazıçı Ədəbiyyat Portalı Əməkdar jurnalist, şair Avdı Qoşqarın şeirlərini təqdim edir.

MƏNİ BAĞIŞLAYIN

Təmiz duyğularım, təmiz hisslərim,
Məni bağışlayın,
Sizi bu dünyaya dəyişməliyəm.
Büllur istəklərim, ağ diləklərim,
Ömrümə, günümə dağ diləklərim!
Məni bağışlayın,-
Sizi bu dünyada itirməliyəm.
Sizi mən
Hər an aldadılan, müştəri kimi
Dünya bazarına ötürməliyəm.
Gedin bələd olun bu dünyaya siz!
Gedin bələd olun günə, aya siz,
Etibarsız çıxan köhnə dost deyə
Sonradan siz məni qınayarsınız.
Sonradan siz məni anlayarsınız...

...Vicdan satacaqlar onu bir qəpik,
Ürək satacaqlar qızıl donunda,
Sizsə uduzmayın, aldadılmayın
Həyat oyununda, köz oyununda
Siz Allah, gözləyin ürəyinizi,
Bir az da ehtiyat qorunuz olsun,
Diqqətdən kənarda sonulananda
Divarınız olsun, gorunuz olsun...
Təmiz duyğularım, təmiz hisslərim,
Sizi bu  dünyada itirməliyəm-
Sonra körpəsini boğan ana tək
Dəli ürəyimdə, bəbəklərimdə
Şehli bənövşələr bitirməliyəm,
Sizi bu dünyada itirməliyəm.

Təsəlli deyilsiz səpəm səbrimə-
Dincələ bir hovur damarımda qan.
Halı da deyilsiz hələ dünyadan ,-
Səpələr ümidtək sizi qəbrimə...

...Günəş-ittihamçı, yer-ittihamçı,
Fələyin əlində bəxt adlı qamçı,
Dözürəm ürəyə süzülür damcı,
Sözüm dəymədüşər, misram qiyamçı,
Ürəyim sancır-
Başınıza dönüm!...
Qoyun bir yaşayım o qıza kimi,
Qoyun bir yaşayım bu yaza kimi.
           
YOL DƏRDİ

Daşı qaldırmağa qolda tutar yox,
Daş dərdi birdisə, qol dərdi mindi.
Bu havalı başnan, bu bitməz yolu
Get dərdi birdirsə, yol dərdi mindi.

Qəfildən özümü udacaq kölgəm,
Ya ot göyərəcək, ya qamış bəlkə...
Tövşüyür mindiyim bu ömür ürgə,
At dərdi birdisə, nal dərdi mindi.

Gözümü aldadan bu varlıq imiş,
Bu sonsuz genişlik nə darlıq imiş,
Sən demə axırı uyarlıq imiş,
Öl dərdi birdisə, qal dərdi mindi.

Mənə havalar çal, havası yanlış,
Mənə yuva göstər, yuvası tanış,
Dolu budamamış, yel tapdamamış
Dolu dərdi birdi, yel dərdi mindi.

Baxırsan adamı, torpağı pilə...
...Anadan əmdiyim gözümdən gələr,
Gəldim ürəklərin əlindən dilə-
Ürək dərdi birdi, dil dərdi mindi.
 
TORPAĞIN ÜZÜ SOYUQDU

Torpağın üzü soyuqdu, qadınım
Üşüdür bütün sevgiləri...
əvvəl sazaqdan keçirir canını
sonra ruhunu keyidir -
olursan soyuq adam.

Soyuya-soyuya qalırsan torpağın üstündə
Soyuq-soyuq havalarla bir yerdə...
Soyuq-soyuq yuvalarla bir yerdə
Soyuq-salxaq adamlarla bir yerdə
Nə dinləməyə gapı yox,
Nə baxmağa ər üzü.
Döyüb açmalı qapı yox
Söyüb getməli yer üzü.

Yer üzü, torpaq üstü
İnsana açıq məzardı.
bir az bazara bənzəyir,
Bilmirəm necə bazardı.
Sevin qulağı sakitsən,
Burda qan su yerindədir,
insanların istədiyi
nəsnələr çox dərindədir.

Hələ də baş tapammıram
Bu haylı-küylü gedişdən.
Bu müəmma olan sirdən,
Adətə dönən vərdişdən.

Torpağın üzü soyuqdu, qadınım,
Ömrü boyu soyuğa vərdişkaram.
Elə xanəxarabam o daş ki, başımı tanıdı
Harda olsam-məni tapar.

Böylədi torpaq, xatınım,
Üstü soyuq, altı oddu.
Özünü istiyə verdin,
Məni soyuqlara atdın.

DƏRD BİLMƏMƏK...

Dərd bilməmək-naşılığın ən pisidir,
Ən hündür səs-əzilənin haqq səsidir.
Ən çətini-insanın son nəfəsidir -
Ən asan şey nədi -
Onu biləmmədim.

Ən çətin yol-Savalandan Əyriqara,
Yol uzanır, - qırıq-qırıq, para-para.
Yolçusu yox, boz yolların günü qara,
İtən izlə-yolu tutub gələmmədim.

Deyəmmədim-bir söz vardı,
Dilim göynər,
Ən ağırı-obam göynər, elim göynər,
Şahə qalxan ayım göynər, ilim göynər,
Mənə baxıb ölüm göynər-öləmmədim.

BİR TİKƏ ÇÖRƏYƏ ÜRƏK SATIRAM

Bir tikə çörəyə ürək satıram,
Ürək ovuduram köz alovunda.
Yığışıb üstümə qayğılar gəlir-
Duyğular alışır söz alovunda...

Ev-eşik qayğısı, yurd-yuva dərdi,
Bir də ki, çörəksiz qalmaq qorxusu.
Bir də ömrümüzə meydan oxuyan-
Ömür-gün qorxusu, sevgi qoxusu...

Bir də ayağımı qandallayan söz,
Ac qurdtək içimi gəmirən qürur,
Bir də boğazımda ilişən tikə...
Uşaq sözmü yesin çörək yerinə,
Daş qəbri nə qədər döyər tufan,qar!
Niyə əzablara düçar olmalı?!-
Fikir dəyişməzlər, sözü ucalar?!

...Min ildi qılınclar qından sıyrılı,
Min ildi günahsız söz qanı axır.
Saray daşlarına çırpılan misra-
Sınıb gözləməkdən saraldı axı...

Bu söz cəlladları nə istəyirlər?!
Kəndir keçiriblər sözün boynuna
Min ildi dartırlar belədən-belə,
Nə üzlə üz tutum çökən qüruba?!

Necə sinə gərim tufana, selə?
Ya rəbbim, bu təzad nəyinə gərək?!
Ya çiçəyi qoru, ya bəslə şəri.
Ya topla,tüfənglə dağıt varlığı-
Ya da...
Qələm körpüsündən keçir bəşəri...
Başına uçurma yetim damını,
Yesir ürəklərdə gül açsın həyat!
Barı heç olmasa söz adamını,-
Mədəsiz, şəhvətsiz, qorxusuz yarat!

BAŞ-DAŞ

Nə qədər daş yağar bir başa, Allah,
Bir baş qoltuqaltı görər nə qədər?
Nə qədər daş yağar fələkdən, Allah,
Nə qədər daş yağar, dolu nə qədər!

Duyan baş ayırar dolunu daşdan,
Duyar havasını hər gələn qışın.
Yağır daş yağışı, yağır obaşdan,
Başını altına tutub "yağışın".

Sinə dərdlə dolu, gözləri yaşla,
Başı qarışıbdı suya, çörəyə.
Öyrəşib müsəlman bu daşlı başla
Bu daş yağışına -"oxqay"-deməyə...

Çaxır, göy üzündə ildırım çaxır,
Qara buludların layları dərin.
Böyümüş göz ilə göylərə baxır,
"Ağzı açılıbdır" yenə göylərin!

İNSAN NECƏ SINIR...

İnsan necə sınır,-
Məndən soruşun,
Necə sınıb düşür,-
Qürürü bir-bir.
Yaxşı ki, gəzəri tabutlar çoxdur-
Bu boyda cəsədi tutmazdı qəbir.

Göydən inamsızlıq toxumu yağır,
Ölü ruhlar kimi,-
Qışqırır gecə.
Üstünə kölgətək-
Yalanlar gəlir-
İlan sürüsünə-
Dözəsən necə?!

"Balam"söyləyəsən torpağa, göyə,
Səndən aşağılar-tüstünə gülə...
Ortada olasan-
Heç kim görməyə,
"Qılınclı-qalxanlı" üstünə gələ,
İnsan necə sınır-məndən soruşun!

"Doğmalar"içində-baxışı qanlı,
Nə millət anlaya,
Nə də öz Balan.
Damcı ol, - buxarlan, göylərə çəkil,
Ya da ki, beləcə baxıb havalan...
İnsan necə sınır-
Məndən soruşun!

...Boş süfrə, soyuq ev, yaslı baxışlar-
Külək də həvəslə sovurur qarı.
Gəl indi salam ver-ürəklə daşa?!
Gəl indi dik saxla ölü vüqarı...

Ha qaldır-düzəlmir boyun,qamətin,
Baxıb acı-acı - sadəcə, qımış...
Sınmayan sığışmır-bu boz həyata,
Kim desə sınmadım-o, zatən sınmış...

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0