Zakir Məmməd - 70: Bir gün qaranlıqlar çıxır işıqlara, işıqlara

Mar 29, 2026 - 21:14
Mar 29, 2026 - 21:44
 0  17
Zakir Məmməd - 70: Bir gün qaranlıqlar çıxır işıqlara, işıqlara

Yazıçı Ədəbiyyat Portalı ədəbiyyatşünas, şair Zakir Məmmədin 70 illik yubileyi münasibətilə şeirlərini təqdim edir.

***
Yuxarı bağda sənsən,
Gələrəm güllər dalınca.
Mən bir anasız uşağam,
Qaçaram ellər dalınca.

Sözmü düzmüsən yaxana?
Söz paylayırsan baxana.
İzn versəydin yaxına,
Düşməzdim çöllər dalınca.

Nə desən, baldı, - deyirlər,
Sənə halaldı, - deyirlər.
Sevgiyə: laldı, - deyirlər,
Düşmüşəm lallar dalınca.

***
Məndən hələ də gen gəzib
Əllərimdən tutan sevgim.
Uyub vaxtın dillərinə
Baxtını unudan sevgim.

Qalxar bir dağın başına.
Dönər o yerin qışına.
Könlümün isti aşına
Soyuq sular qatan sevgim.

Bu könlüm nələr etmədi...
Bu eşq dastanı bitmədi.
Yəqin, kamala yetmədi
Bu ağılsız nadan sevgim.

Yaş qalıb

Kitabın üz qabığında
Bir şəkil yeri boş qalıb.
Sənin yazdığın şeirin
Bir cümləsində iş qalıb.

Üstümüzdən keçdi qış da,
Çiynimizdən uçdu quş da.
Çürütdü dünyanı diş də,
Ağzımda hələ diş qalıb.

Mən nə qədər atıb-tutdum,
Buraya gəldim, unutdum.
Hər yeri silib qurutdum,
Bir gözdə yenə yaş qalıb.

***
Bu, Allahın qismətidir,
Yazılanlar ta yazılıb.
Sevənlərin ayağına
Həmişə xəta yazılıb.

Yaza nə var, qışa nə var!
Ya yel əsər, ya gilavar.
Ürəyimdə qabar-qabar
Bütün qan-qada yazılıb.

Bu dağda ki dağdı hələ.
Köhnə bağlar bağdı hələ.
Zakir Məmməd sağdı hələ –
Bir yerdə bu da yazılıb.


***
Ürəyindən keçənlərin
İçində ola bilsəydim!
Sən yüz ölçüb, bir biçəndə
Biçində ola bilsəydim.

Gözündə ucala bilsəm,
Mən bunu bacara bilsəm!
Dərsindən üç ala bilsəm...
Vecində ola bilsəydim.

Çox götür-qoy edəcəksən.
Axır, kama yetəcəksən;
Sən də köçüb gedəcəksən.
Köçündə ola bilsəydim!


***
Göyün sən baxan yerindən,
Bir ağ ulduzla qayıtdım.
Dünyayla duz-çörək kəsdim,
Əlimdə duzla qayıtdım.

Dön dağa, dağı qucaqla,
Ana torpağı qucaqla,
Könlünü buz kimi saxla,
O dağdan buzla qayıtdım.

Dünyada bərkidim, bişdim,
Yeddi qat quyuya düşdüm,
Bir gün ayağına düşdüm,
Yanına sözlə qayıtdım.

***
Qoy sənə tamaşa edim
Hündür yerdən düş aşağı.
Dünyayla sövdəmiz çoxdu,
Beş yuxarı, beş aşağı.

Yol qoy, çoxdu gedən-gələn,
Mən Kərəməm, bu eşq lələm.
O qədər ləngəm, tənbələm,
Göydən baxır eşq aşağı.

Sev məni, axı adamam,
Mən bir az ağır adamam.
Gəlmişəm, fağır adamam,
Dayanmışam başaşağı.

***
Məni hələ dindirməyin,
Ağlayım-qurtarım, sonra.
Başımdan aşan dərdləri
Aparıb qaytarım, sonra.

Toxunub asta, bərk simə
Kökləyim sazı kök simə.
Dərdimi sıxım köksümə,
Oxusun qoy tarım sonra.

Dillənsin yerimə simlər,
Üstümdə tir-tir əssinlər.
Dərdimi alıb getsinlər,
Mən yenə taparam sonra.


***
Tələsirəm, tələsirəm
Uzaqlara, uzaqlara.
Hələ sirrəm, hələ sirrəm
Dodaqlara, dodaqlara.

Sıxır məni bu ucalıq.
Fikirlərdə bu haçalıq.
Çəkir adamı qocalıq
Uşaqlara, uşaqlara.

Olsaq da könül dustağı,
Yuxarıdan Allah baxır.
Bir gün qaranlıqlar çıxır
İşıqlara, işıqlara.

***
Bu sevginin həsrət namlı
Qatarı indi gələcək.
Dünyadan çox gizlənmişik;
Radarı indi gələcək.

Yadlaşdıq hər yad baxışla.
Allah, sən də az bağışla!
Yenə yazımız bu qışla
Qurtarıb indi gələcək.

İsinməyib oda, közə
Könül verdik əhdə, sözə.
Haqq verib, haqq işimizə
Bu Tanrı indi gələcək.

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0