Talisman - Anar Şamilin hekayəsi
Yazıçı Ədəbiyyat Portalı Anar Şamilin "Talisman" hekayəsini təqdim edir.
Meşə payız fəslinə təslim olmuşdu. Torpağa düşən hər ayaq izi sanki yerin yaddaşında dərin bir yara açırdı. Gecədən yağan yağış səhərə yaxın dayanmışdı. Suda yoğrulan torpaq canavarın izinə düşən iki ovçunun yolunu daha da çətinləşdirirdi. Sürətli və səssiz idilər. Erkək canavar yuvasının qarşısında dayandı. Ətrafa göz gəzdirdikdən sonra yanına gələn balası ilə oynadı.
Ovçulardan biri pıçıldadı:
- Bu dəfə balasını da öldürək.
- Bizə böyük diş lazımdır.
- Bala onsuz sağ qalmayacaq.
- Orasını tanrı bilər.
- Tanrı sözü və Əhməd?.. Keçən dəfə gözü qarşısında anasını öldürdün. Bu arada dişi neynədin?
- Almadılar, erkək canavarın “köpək” dişini istəyirlər.
- Diş hardadır?
- Üzərinə arvadımın adının baş hərfini yazdırıb ona verdim. Ucu da qopmuşdu.
- Sənin kimi xəsisini görməmişəm. Bəhiyyə bacı bəyəndi?
- Nişan al. Az danış. Dəqiq atəş aç ki, anında ölsün, yoxsa diş işimizə yaramayacaq .
Televizorda canavarlardan bəhs edən animasiya filmini izləyən Eyla bir müddət sonra marağını itirdi. Atasının yeni aldığı balaca boya qablarını toplayaraq güzgüyə yaxınlaşdı. Rəngləri ətrafına düzərək diqqətlə əksinə baxdı. Barmağını aynaya toxundurdu. Aynanı deyil, özünü görüb təəccübləndi. Üzü sarı və solğun idi. Qırmızı rəngi yanağına çəkdi. Elə bu an qapının zəngi çalındı. Eyla gülümsəyərək dəhlizə doğru qaçdı. Anası dərhal mətbəxdən gəlib qapını açdı. Eyla nəfəsini güclə bərpa edərək Saranın qarşısında dayandı.
- Balaca şahzadəni bitirdim.
- Ooo əla, bəs dərslərin?
- Onları da etmişəm.
Eyla bir müddətdir ki, məktəbə getmirdi. Talassemiya xəstələri tez yorulur və halsızlaşdıqları üçün onların dərsləri evdə keçirilirdi. Sara ədəbiyyat müəllimi idi.
- Qırmızı yanaqlar sənə yaraşır.- Sara dedi.
- Elədi, amma bu rəngdən qorxuram.
Sara əli ilə Eylanın yanağındakı boyanı silməyə çalışdı. Qırmızı rəng yayıldıqca qan ləkəsi təəssüratı yaradırdı. Eyla güzgüyə çevrildi. Anası dərhal onun qarşısında dayandı. Vəfa Eylanın qan görəndə qıcolma keçirdiyini yaxşı bilirdi. Lakin barmağındakı yaranı unutmuşdu. Eyla həssas olduğu üçün yerə düşən qan damcısını hiss etdi.
Soğanı doğradıqca Vəfanın gözləri yaşarırdı. Amma kədər təkcə gözlərində deyildi, beynində özü ilə qarşı-qarşıya dayanıb söhbət ederkən belə pozitivə yüklənə bilmirdi.
- Nə sevgi ilə, nə də məcburiyyətdən qurduğum ailədə xoşbəxt ola bilmədim.
- Səbəbini bilirsən?
- Eyla
- Daha dəqiq, xəstəliyi. Bu səbəbdən ərin səni boşadı.
- Eldarla rastlaşmasaydım hər şey daha pis olardı.
- Amma onu sevmirsən.
- Eyla sevir.
- Eldarın arzusu Eylanın sağalmağını görməkdir.
- Bizim pulumuz yetməyəcək.
- Eyni sevgini sən də onunla bölüşsən...
Fikirlər anidən dayandı. “Qara süd” əsərini xatırladı. Daxilindəki səs qəhrəmanı tanınmış yazıçı etmişdi. Vəfa isə hörmət etdiyi ərinin yanında tanrının qisasını izləyirdi. Bu an digər otaqdan canavarın ulama səsi gəldi. Həyəcan ani hərəkətə səbəb olduğundan bıçaq barmağını kəsdi. Yaranı sarıyarkən Vəfa gecə gördüyü və unutmaq istədiyi yuxunu yenidən xatırladı. İlk dəfə həmin yuxunu Eylaya hamilə olduğu vaxtlarda görməyə başlamışdı. Qapının qəfil döyülməsi onu keçmişindən qopardı. Dərhal qapıya doğru qaçdı. Sara evə girən kimi Eylanın üzündə sevinc yarandı. Lakin Vəfanın barmağından düşən qan damcısı bu sevinci bir anın içində silib apardı. Vəfa baş verənləri görürdü, lakin baxışları istər-istəməz televizorda göstərilən səhnəyə yönəlmişdi: orada canavar körpəni ağzına alaraq yuvasına aparırdı.
Eldar evdən tələsik çıxmışdı. İşlədiyi tikinti şirkətində ustalar gələnədək kərpicləri mərtəbələrə daşımalı idi. Dayanacağa qədər piyada xeyli məsafə var idi.
- Əjdər əmi, necəsən? Bazar olsun.
- Sağol, bala. Sənin də işin avand olsun.
Balaca dükanın sahibi Əjdər Eldara həmişə həsədlə baxırdı, çünki Eldar heç vaxt üzünü bulandırmır və hər çətinliyi sakitliklə, dərs kimi qarşılayırdı. Bu gün isə qarşısında olan ən böyük dərs qızı Eyla idi. Vəfaya aşiq olanda onun keçmişi önəmli deyildi. Boşanmış qadın olması onu qorxutmamışdı. Vəfa ilə tanışlıqdan sonra onun övladı olduğunu öyrəndi və heç bir sual vermədən Eylanı öz balası kimi qəbul etdi. Aptekin yanından keçərkən Eyla üçün almalı olduğu dərmanları xatırladı. – “Ayın sonuna az qalıb, amma hər şey yaxşı olacaq, Allah pulunu yetirəcək.” Yolu keçərkən kənarda əyləşmiş dilənçiyə pul verdi.
- İşin avand olsun. Tanrı sənə övlad yetirsin. Qurdlar şəhərə enib.
Qadının son cümləsi Eldarı çaşdırdı. Əvvəllər onu bu yolda görməmişdi.
“Bu gün fərqli şeylər baş verəcək” - deyə düşündü. Üzünü çevirib gülümsədi. Eldar bilirdi ki, qadının dediyi ikinci dua qəbul edilməyəcək. Övlad sahibi ola bilməzdi, sağlamlığı imkan vermirdi. Bir addım sonra anidən ayağı ilişib yıxıldı. Üzü üstə su ilə dolu çalaya düşdü.- “Bu da siftə.” Ayağa qalxmağa çalışarkən gölməçədə qurd dişi keçirilmiş boyunbağı gördü. Sudakı əksinə baxdı. Suyun altından səs gəldi: “talismanını tapmısan. Sənə uğur gətirəcəyinə əminəm” Nahar üçün ayırdığı 10 AZN-ə lotereya aldı və uduzdu. Dayanacağa qaçaraq avtobusa mindi. Enərkən ayağı boşluğa düşdü. Yıxılmadı, lakin belindən ağrı tutdu. Addım atmaq istədi, bacarmadı. Bir müddət sonra yanından keçən insanlar təcili yardım çağırdılar. Müayinədən sonra tibb bacısı Eldara ağrıkəsici iynə vurdu.
- Mən işə getməliyəm – Eldar dedi.
- Nəticələriniz həkimdədir. Qəbulunda olmalısınız.
Eldar zəng edib işdən icazə aldı. Lakin maaşından tutulacaq məbləğ onu məyus edirdi. - “Bu da bir dərsdi, addım atarkən diqqətli ol.”
Otağa daxil oldu və gülümsəyərək həkimi salamladı .
- Nəticədən xəbərin yoxdur, deyəsən.
- Yəqin ki, yaxşı olar
- Əyləş, nəticə ürəkaçan deyil.
- Dərman yazarsınız ötüb keçər.
- Belində ciddi problem var. Tezliklə əməliyyat olunmalısan. Ona qədər ağır iş görmək olmaz.
- Həftənin beş günü şirkətdə fəhləyəm, 2 günü isə onun-bunun həyətində işləyirəm, dediklərinizə əməl edə bilmərəm.
- Əməl etməsən, ömürlük əlil qala bilərsən. Bu artıq həyat tərzindir.
Bu an Eldara zəng gəldi. Eldar həyəcanla otaqdan çıxdı.
Eyla çarpayıda uzanmışdı. Qıcolmadan sonra özünü bərpa etməyə çalışırdı. Vəfa isə yanında əyləşmişdi. Eldar yerdə oturaraq bu mənzərəni izləyir və həkimin dediklərini düşünürdü. Çevrilib divardakı güzgüyə baxdı. Üzündəki kədər ona yad gəldi. Gülümsəmək istədi, lakin alınmadı.
- Mən işdən çıxmışam - dedi.
Vəfa ona diqqətlə baxdı. Nəsə demək istədi, lakin Eldar davam etdi.
- Belimdə yırtıq var, təcili əməliyyat olunmalıyam.
- Mənim işləmədiyimi bilirsən.
- Ağırlıq qaldıra...
- Ayın sonu Eylanın dərmanları (Eylaya baxıb cümləni tamamlamadı) ...özün bilirsən axı.
Eyla sakitcə tavana baxırdı.
- Bu mövzunu sonra danışarıq - Eldar sərt şəkildə dedi.
Ertəsi gün yeni iş üçün müraciət etdiyi ilk yerdən “yox” cavabı aldı. Gülümsəyərək oranı tərk etdi. - “Hələki ağrı yoxdur və mən yeriyə bilirəm.” Telefonundakı növbəti ünvanı xəritədə qeyd etdi. Yol uzaq idi, amma piyada getməyi seçdi. Ümidini itirməmişdi. Məhəllədən keçərkən futbol oynayan uşaqları gördü. Dayanıb top qapıya girənə qədər oyuna baxdı. Uşaqlıq illərinə qayıdıb atasına dediyi sözləri xatırladı. - “Ata, mən məşhur futbolçu olacam.” Ardınca qulağında Eylanın sözləri səsləndi. - “Ata mən yazıçı olmaq istəyirəm.“ Eldarın boğazı düyünləndi. Sakitcə təkrarladı. -”Sən, qızım, əvvəlcə yaşamağı bacarmalısan.” Gözlərini sildi və yoluna davam etdi.
- Barat xanımla görüşmək istərdim.
- Nə ilə bağlı?
- İş üçün
- Gözləyin, xəbər edim.
Günortaya qədər baş çəkdiyi heç bir yerdən müsbət cavab ala bilməmişdi. Geri dönəcəklərinə ümid edərək yorğun halda evə qayıtdı.
Vəfa gülümsəyərək qapını açdı. Süfrəni hazırladı. Hər ikisi masa arxasında əyləşdilər.
Eyla yatırdı.
- Dünən kobud danışdım - Vəfa dedi. - Eyla narahat oldu, ardınca sənin sözlərin və mən özümü saxlaya bilmədim. Eylanın həyatı üçün belə qıcolmalar təhlükəlidir. Belin necədi?
- Hələ ki, ağrımır. Amma iş tapmaq deyəsən çətin olacaq.
- Tapılar. Gülümsə. Mən səni belə sevirəm.
Yalan danışdığına görə utanmadı, çünki Eldarın mənəvi dəstəyə ehtiyacı olduğunu anlayırdı.
Eldara yaxınlaşıb qollarını onun boynuna doladı. Yanağından sonra boynundan öpdü. Bu an boyunbağı diqqətini çəkdi.
- Nə vaxt almısan?
Eldar sevincək halda boyunbağını çıxardıb Vəfaya göstərdi.
- Qurd dişidi. Ucu qırılıb.
Vəfa donub qaldı. Unutmağa çalışdığı keçmişi qarşısında dayanmışdı: ərə gedərkən anasının ona verdiyi boyunbağı, hər gün gördüyü yuxu, qadın falçının ona dediyi sözlər – “övladını canavardan qoru.” Əli əsə-əsə boyunbağını götürdü. Üzərində tapmaq istəmədiyi izi axtarırdı. Vəfa əsəbi halda səsləndi.
- Lənətə gəlmiş “B” hərfi. Haradan almısan bunu?
- Yoldan tapdım.
Vəfanın səsi sərtləşdi.
- Hər yoldan tapdığını evə niyə gətirirsən?!.
- Uğurlu olacağına inanıram.
- Olmayacaq! “B” hərfi mənim anamın adının baş hərfidir. Atamın verdiyi hədiyyəni ailə quranda anam mənə bağışladı.
- Sənə verilən hədiyyələri küçəyə atırsan?
- Hər gün yuxuda övladımın canavar tərəfindən parçalandığını görürdüm, sonra onun
Talassemiya xəstəsi olduğunu öyrəndim və sonda ərim məni boşadı. Ardınca təsadüfən rast gəldiyim qaraçı qadının sözləri məni boyunbağını zibil qabına atmağa sövq etdi. Yuxular kəsildi, sənə rast gəldim, hətta Eylanın sağalacağına ümidim yarandı. Amma dünən yuxunu təkrar gördüm.
Bu an Eylanın yatdığı otaqdan səs gəldi. Yatağı tərlə islanmışdı, nəfəsi qəribə səslə kəsilib-açılır, əlləri isə titrəyirdi. Ürək döyüntüsünün səsi aydın şəkildə eşidilirdi. Bu mənzərəni görən Vəfa qışqırmaq istədi, lakin səsi boğazında düyünləndi. Yalnız pıçıltı ilə:
- Eyla… qızım...
Eldar təcili yardım çağırdı.
Həkimlər onu xilas etməyə çalışırdılar. Son anları yaşadığını anlayan Eyla diqqətlə valideynlərinə baxdı.Gözlərində təşəkkür və təəssüf vardı. Vəfa köməksiz halda qızını izləyirdi. Eldar ağlamaq istəyən ruhunu göz qapağından buraxmamağa çalışırdı. Eyla son dəfə dərin nəfəs aldı. Artıq hərəkətsiz və ruhsuz bir bədən idi. Barmaqları bərk şəkildə anasının əlini sıxmışdı. Eldar donub qalmışdı. Qarşısındakı mənzərənin dərs yox, cəza olduğunu anlayır, sadəcə boyunbağını günahlandırmağı qəbul etmirdi. Tanrıdan istəmədən etdiyi bütün günahların bağışlanmasını və Eylanın geri dönməsini arzulayırdı. Bu an Talisman anidən əlindən yerə düşdü. Qurd dişi yumşaq döşəməyə dəyməsinə rəğmən parçalandı. Qarışıqlıqda Eldarın telefonuna gələn zəng heç kimin diqqətini çəkmədi.
Halsız və qocalmış canavar, gecə, qəbiristanlığın küncündəki qəbirə doğru yavaş-yavaş yaxınlaşırdı. Çatdıqda, qəbir daşını diqqətlə süzdü. Başını Aya doğru qaldırıb ulamağa başladı. Bir müddət sonra Abbasov Əhməd Məmməd oğlu yazılan qəbrin üzərində uzanaraq gözlərini yumdu. Bədənini tərk edən ruhunu səsləndiyi aya təhvil verdi.
Sizin reaksiyanız nədir?
Bəyən
6
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0