Natiqin işığı hələ də gəlir... - Qələm dostlarının xatirələrindən fraqmentlər
27 APREL Azərbaycan bədii tərcümə sənətinin yaradıcılarından olan ustad tərcüməçi Natiq Səfərovun doğum günüdür. 70-ci illər parlaq ədəbi mühitinin yaranmasında və eləcə də bir çox istedadlı yazarların yetişməsində böyük əməyi olan unudulmaz söz adamı haqqında qələm dostlarının xatirələrindən fraqmentləri paylaşırıq.
Yaxın münasibətlərimiz “Yazıçı” nəşriyyatından başlayıb. O, tərcümə şöbəsində işə başladı, qısa müddətdə səmimi ünsiyyətimiz quruldu.
Milli düşüncənin, yeni yaradıcı nəslin formalaşmasında “Yazıçı” nəşriyyatının böyük əhəmiyyəti barədə dəfələrlə söhbət olub, yazılıb, lakin o mühiti yaradan insanlar yalnız aramızdan getdikləri an xatırlanır. Elə bir anlaşılmaz itmiş dəyərlər sisteminə düşmüşük ki, hamı çaşqınlıq içindədir.
...Natiq böyük bir ziyalı ailəsindən çıxmışdı. Atası Əli Səfərov ömrünün sonuna qədər müxtəlif yüksək vəzifələrdə çalışmış və heç zaman zəhmətdən-işdən qorxmamışdı. Dürüstlüyünə, təmizliyinə görə, indi də Naxçıvanda adla deyilir. Natiq tərcümədə, redaktədə, digər yaradıcı işlərdə nə qədər diqqətli, məsuliyyətli, özünə qarşı tələbkar idisə, insanlarla münasibətdə də bir o qədər nəcib və qayğıkeş idi.
Heç şübhəsiz ki, Natiqin bu keyfiyyəti böyük köklü nəslin nümayəndəsi olmağından qaynaqlanırdı. Zahirən nə qədər özünə qarşı biganə, geyiminə-geçiminə fikir verməyən idisə, dostlara münasibətdə o qədər səliqəli idi. Bu məsələlərdə onun öz dəyərlər sistemi var idi. Gündəlik qayğılar onu az düşündürürdü.
Natiq Azərbaycanda indi yeri görünən, daha doğrusu, yeri boş qalmış tərcüməçidir. Dünya ədəbiyyatını incəliklərinə qədər bilən, o böyük əsərləri-tərcümə deməyə dilim gəlmir – dilimizdə yazan ədəbiyyatçı, işıqlı bir insan idi. Son vaxtlar ədəbiyyatın vəziyyəti onu ciddi şəkildə narahat edirdi, cəmiyyətin belə bir anlaşılmaz dövrü onu da yandırdı. Bu yanğı, alov onun özünü yandırdı, amma Natiqin işığı hələ də gəlir
Sabir RÜSTƏMXANLI
(Dostum Natiq Səfərova)
Görən, səni kim ovudur,
Ay məni ovudan adam?
Özgə dərdi görən kimi
Dərdini unudan adam.
Xoş sözüylə, qılığıyla,
Balaca boy- buxunuyla,
Süfrəsinin var- yoxuyla
Yeri-göyü tutan adam.
Dünyada nə su, nə od var,
Dünyada nə dost, nə yad var,
Tanrıdan özgə bir ad var;
Adam,
Adam,
Adam,
Adam!...
Ramiz RÖVŞƏN
İndi hansı dünyanın harasındasan, Natiq? Keçib-getdiyin bu dünyadan heç olmasa, bircə an yadında qalıbmı? Yoxsa ən kiçik, hətta bir anlıq xatirə də ordakı dünya üçün yükdü?
Bunları düşünə-düşünə elə bil, Göy üzündə Tanrıya doğru yürüyən milyonlarla ayaq içində sənin ruhunun ayaqlarını görən, tanıyan kimi oluram. O ayaqlar qədər bu dünyada heç vaxt heç kəsin sevinmədiyini də duyuram.
Vaqif Bayatlı ODƏR
***
... Natiq çox həssas, çoxduyumlu, çoxbilmiş, çoxqatlı, çoxtutumlu nadir adamlardandı. Çox istedadlı insan olsa da, təkcə mütərcimliyilə boy göstərdi (bəlkə də hekayələri, romanları da var, nə bilmək olar).
Təəssüflər ki, belə bir hərtərəfli, zəngin adam ancaq mütərcim qüdrətini büruzə verməklə kifayətləndi. Halbuki, o, bənzərsiz duyumu, böyük ədəbi imkanları ilə məşhur romançı kimi də şöhrətlənə bilərdi.
Bundan ötrü onda bütün lazımi keyfiyyətlər vardı. O, nədənsə özünə qapılaraq qaldı, ciddi ədəbi imkanlardan yararlanmadı. Bu baxımdan da, Natiq dostu Vidadi Məmmədova necə də bənzəyir!
Natiq içində alışa-alışa hansı bir sirləsə get-gedə özünü yandırırdı... Günlərin birində gözlənilməz ölümü ilə bütün dostlarını yandırıb-yaxdı...
Ələkbər SALAHZADƏ
Bütün yazılarımı demək olar ki, onun baxışları və düşüncəli üzü qarşısında yazmışam... Onun duyumu, anlayışı, səviyyəsi həmişə məni izləyib...
İndi də o cür yazıram. O, yenə öz kəskin baxışlarıyla gözümün qarşısındadı. Özü yoxdu, baxışları yaşayır, yaşayacaq da. Kədər qarışıq düşüncəli üzü yuxarıdan aşağı həmişə bizi seyr eləyəcək. Saxta istiqanlılığa, saxta milliliyə, yalançı vətənpərvərliyə, əslində istedadsız adamların dahilik iddialarına, Azərbaycan türkü olaraq, Azərbaycanı və Azərbaycan xalqını tanımayanlara, onun dilində danışsa da, o dilin ancaq üst qatını anlayanlara istehza, tənə, peşmançılıq dolu baxışları dikilmiş qalacaq. Natiq Səfərov səviyyəsi ümumi mənada bizim ucalığımızdadır, bizim inkişaf edib, gəlişib, özümüzü anlamağımızdadır. Bu səviyyə, bu baxış həmişə bizim üzərimizdə olacaq, onu tanıdıq, tanımadıq, istədik, istəmədik.
Mövlud SÜLEYMANLI
..Acınacaqlısı budur ki, Natiq Səfərov, Şahmar Hüseynov, Elman Mustafalar, Əli Həsənlilər... ancaq mənim kimi səlahiyyətsiz, əlindən bir iş gəlməyən adamların yaddaşında qala bilər. Balaca vağzalların yoxsul, soyuq, kimsəsiz, darıxdırıcı salonuna bənzər yaddaşımda ayaqları kimi, addımları da balaca, əlləri, qolları, boyu balaca bir kişi darıxa-darıxa o yana, bu yana gəzişir. Bu dünyanın çörəyini hamıdan az yeyib, suyunu hamıdan az içən, havasını az udan, Çaplinə bənzər bap-balaca bir kişi. Əsən əlləri, titrəyən barmaqlarının arasında közərən siqaret külünün, odunun üst-başına tökülüb bulaşmasının, yaxud yandırmasının fərqinə varmayan bir kişi. Bəs, bu balaca kişinin ağlı nə boydadı, Tanrım! Ucsuz-bucaqsız bir dünyanın qaranlığından-gecəsindən özündən qat-qat böyük işığını dalısınca çəkib aparan bir işıldaquşdu Natiq mənim yoxsul yaddaşımda. Qarışqa təpərli, arı hünərli xeyirxah kişi. Sonralar “AZİYA”-nı doğma dilimizdə oxuyanların çoxlu bilmədi ki, bu kitabın orijinalı Bakıya gəlib çatacaq, satışı dərhal qadağan edildi, heç kimdən heç nə ummadan bu əsər, təmənnasız, dərhal tərcümə olunmağa başlandı və uzun illər Natiqin sandığında qaldı. Bilinməyəcək ki, bu kitabın orijinalının yazılmasına sərf olunan qədər, bəlkə ondan da artıq tərcüməsinə güc, enerji sərf olundu.
Azər ABDULLA
***
"Azərbaycan" jurnalında işlədiyim vaxtlar mənim üçün ən maraqlı və yaddaqalan illərdir. Az-çox bədii zövqümün, ədəbi düşüncəmin formalaşmasında jurnalda çalışan əməkdaşların və ora təşrif buyuran qələm sahiblərinin maraqlı söhbətlərinin əhəmiyyətini vaxt keçdikcə daha çox hiss edirəm. Belə insanlardan biri jurnalın tərcümə şöbəsinin müdiri, tanınmış tərcüməçi Natiq Səfərov idi. Bəli, söhbət ədəbiyyatdan, tərcümədən düşəndə Natiq müəllimin maraqlı fikirləri əksəriyyət tərəfindən qəbul olunurdu. Özü də boş danışıqlara, yersiz mübahisələrə vaxt sərf eləməzdi. Onun intellekti, bədii sözə olan münasibəti dövrünün güclü söz adamları ilə müqayisə olunurdu.
Natiq müəllim bəstə boyu, xırda gözləri ilə bu boyda dünyanı əməlli-başlı görürdü. Və bu zaman o çoxlarından uca görünürdü. Bu ucalığı, yaraşığı ona verən isə əlahiddə SÖZ idi. Dünyanı sözün işığından görmək çox maraqlıdır. Natiq müəllimə baxanda adama elə gəlirdi ki, yeməyib –içməyib elə quru sözlə də dolanmaq olar. Belə halda fələyin özü də istedadlı, zəhmətkeş Natiq müəllimin üzünə mərdi-mərdanə gülə bilirdi. Fələyin adamın üzünə gülməsi ilə qayıdıb onun üzünə ağ olması arasında isə elə də təəccüblü bir şey yoxdur.
Xaliq RƏHİMLİ
***
90-cı illərdə dünya ədəbiyyatının incilərinə əlimiz çatmırdı, internetsiz bir zamanda yaşayırdıq və o əsərlər yalnız başqa ölkələrdən gətirilə bilərdi ki, bu da əksər hallarda mümkünsüz idi. Mən xatırlayıram, həmin o 90-cı illərin ortalarında “Xəzər” dərgisində Folknerin iki hekayəsi dərc olunmuşdu. “Yanğın” və “Qırmızı yarpaqlar”. Folkner yaradıcılığı ilə ilk dəfə bu hekayələr vasitəsilə tanış olmuşam. Markesin "İsabel Makondada yağışa baxır", "Baltasarın həyatında unudulmaz gün", "Dünyanın ən gözəl ölüsü” hekayələrini də həmin jurnaldan Natiq Səfərovun bənzərsiz, mükəmməl tərcüməsində oxuyub sevmişəm. Bu günün özündə də mənim üçün Markesin ən gözəl hekayələri məhz bu üç şedevrdir.
Natiq Səfərov tərcümə sənətinin əsas prinsiplərini bilirdi, sözün məsuliyyətini dərk edirdi, tərcümə etdiyi mətni bütün hüceyrələrinə qədər hiss edirdi. Fenomenal şəxsiyyət idi. Bugünkü tərcüməçilər bolluğunda məhz Natiq Səfərov peşəkarlığına böyük ehtiyac var. Təbii ki, o, rus dilini mükəmməl səviyyədə bilirdi, amma bundan daha vacibi onun öz doğma dilimizə olan sonsuz sevgisi idi. Dilimizin məna çalarlarını, harmoniyasını canıyla, qanıyla hiss edirdi və bu sevgi onun tərcümələrində də aşkar şəkildə görünür.
Kənan HACI
***
…Süni əklillər, soyuq küləklər, vahiməli uğultular dünyasında öz ürkək, körpə canını qoymağa yer tapmayan Natiqin, heç bir qanununu anlamadığı, qorxub iyrəndiyi bu yad axının ardınca getməyib, bu bulanıq məqsədli, işıqsız, nəhayətsiz prosesə qarışmamağı üçün bircə yolu qalırdı: ayaq saxlayıb geriyə-tənhalığa, səssizliyə üz qoymaq, dəyişkən əhvallı, sürüşkən, dar girəcəkli, adamayovuşmaz Ədəbiyyatda sığınacaq almaq...
Yaxşı ki, Natiq bu sığınacağı lap cavan yaşlarından qazandı. Dünyanın maddilik faciəsi müvəqqəti də olsa, əritmək sehrinə qadir olan Böyük Ədəbiyyat Natiqi hələ 70-ci illərdə öz şəffaf sərhədlərindən içəri buraxdı, doğma qəbul etdi...
Meyvə yeyəndə, qıdığı tutan, çox danışanda, ürəyi bulanan bu çılpaq sinirli, həssas adamı ədəbi mühitdə tanımayan, zəngin, iti ağlının, dəqiq bədii duyumunun, yüksək bədii zövqünün qiymətini bilməyən, istedadını təsdiq eləməyən peşəkar ədəbiyyatçı çətin tapılar. Natiq Səfərovun ədəbiyyata gəlişi, uzun illər bədii tərcümə sənətinə qazanc mənbəyi, ədəbiyyatın ikinci növü kimi yanaşan mütərcimlər ordusunun sıralarını əsaslı surətdə seyrəltdi, dünyanın bir çox yazıçıları Azərbaycan oxucusu ilə, bütün tərcümə qanunlarından kənarda, öz ana dilində danışdı.
Afaq MƏSUD
O, həqiqətən də, dilimizin tərcümə gülüstanında bitən nadir çiçəklərdən idi. Bəlkə də, tək çiçək yox, oxşarı olmayan çiçəklər dəməti! Hər halda, zənnimcə, o, hər yerdə, hər işdə birincilərdən idi, öz balaca boyu ilə, söz qırğınında, daim öndə, hamıdan uca görsənirdi...
Hamı öz ağrılı-yaradıcı taleyi ilə göyün altında, yerin üstündə doğulur və ölür. Natiq isə ay öldü ha! (“Dünya varsa, dostlar varsa, ölüm qənimi araq varsa, ölmək nədi, aya? Get, o yana, mən də mənəm, dana”. – Bizim Gəncəbasar ləhcəsinə sataşardı – dedikləri onun öz dilindən eşitdiyimdir). Oturub-durduğu dost-tanışları, könül-sirdaşları, “bağrıbadaşları” (öz sözüdür), iş yoldaşları onun dediklərini, atmaca-zarafatlarını, insan-həyat-ölüm haqqında son dərəcə qeyri-adi, bəzəməsiz-bənzərsiz fikirlərini toplayıb çap etdirmək qeyrətinə dolsaydı, (əlbəttə, bugünki imkan daxilində!) heç şübhəsiz ki, oxucularımız İNSAN ÖMÜRLÜYÜ haqqında bir neçə cildlik fəlsəfi kitab qazanmış olardı...
Səyavuş SƏRXANLI
***
Təpədən dırnağacan ziyalı idi, ədəbiyyatçı idi Natiq Səfərov. Təsadüfi deyildi ki, ilk Azərbaycan müəllimlərindən olmuş babası Məmmədqulu bəyin adı Əziz Şərifin kitablarına düşmüşdü...
Məsul vəzifələrdə çalışmış Atası Əli Səfərov, qardaşları Əsgər, Abbas, Sabir Səfərovlar haqqında hərəsi neçə hekayə, neçə povest, neçə roman mövzusu olası maraqlı xatirələr danışardı...
Yalvarardım ki, yaz şifahi danışdıqlarını. Yazsan, şirinliyinlə, şöhrətinlə təriflədiyin Əkrəm Əylisini daldan-dala qoyarsan...
Yazmırdı Natiq Səfərov. Çünki əsl nəsr əsərinin nə olduğunu, necə olacağını hamıdan yaxşı duyurdu, bilirdi. Həmvətənlərinin zövqünü, ədəbiyyat, mədəniyyət, əxlaq barəsindəki antikvar təsəvvürlərini qırmağı, dağıtmağı məninə, insafına sığışdırmırdı...
Azərbaycan ədəbiyyatında ən çox sevdiyi yazıçı Cəlil Məmmədquluzadəydi. Çoxlarının yanında danışırdı dahi Molla Nəsrəddinin, həmçinin, digər yerli və xarici yazıçıların əsərləri haqqındakı orijinal təhlillərini, hərəsi doktorluq nüvəsi olası mülahizələrini... Mikronca qısqanmadan danışırdı. Onlar da utanmaz-utanmaz Natiqdən aldıqları məlumatları ala-yarımçıq məqalələrə, dissertasiyalara çevirərdilər. Rəsmi ədəbi məclislərdə, tele-radio verlişlərində özlərini ağıllı göstərib şellənərdilər...
Eldar QUTLU
***
Bütün gecə oturub yazardı. Nəinki bundan gileylənər, əksinə böyük zövq alardı. Tərcümə edəndə çay içər və siqaret çəkərdi. Çayı çox vaxt özü süzərdi. Çünki bu vaxt həm bir neçə dəqiqəlik işdən ayrılıb dincəlir, həm də yazdıqları haqqında düşünmək üçün vaxt qazanırdı. Bədii tərcüməylə bağlı böyük arzuları vardı. “Karamazov qardaşlarını” dilimizə çevirmək istəyirdi. Təəssüf ki, bunun üçün imkan və şərait yox idi. Bəzən məşhur deyimi təkrarlayırdı: “Eləyirəm tərcümə, xırda-xuruş xərcimə”. “Xırda-xuruş tərcümələr” deyəndə kimlərəsə yazdığı kitabları və dissertasiyaları nəzərdə tuturdu.
Müsahibələrinin birində “İndi nə işlə məşğul olursuz?” sualına həmişəki incə yumoruyla İlya İlf və Yevgeni Petrovun “On iki stul” əsərindən sitat gətirmişdi: “Deyir, o, bütün dünya elmlərinə yiyələndikdən sonra süpürgəçi işləyirdi”.
Hər dəfə evə gələndə mənə nə isə alıb gətirərdi. Pirojna, konfet, hətta artıq gənc qız olmama baxmayaraq, oyuncaq. Bilirdim ki, o, bizə görə yaşayır. Hər şey mənasını itirəndə onu həyatda tutan yeganə varlıq biz idik.
Günel NATİQ
***
Natiq Səfərov ədəbi camiəmizdə intellektual və gözəl bir yaradıcı kimi anılan, var olan bir şəxsiyyətdir. Baxmayaraq ki, cavan nəsil onu bir qədər az tanıya bilər. Amma altmışıncılar bu gözəl insanı və tərcüməçinin nə iş gördüyünü məncə bilməmiş deyil. Təkcə çox elmi, çox çətin bir dildə yazılan “AZ YA” əsərini misal göstərim və onu da əlavə edim ki, Türkiyədə bir çox mağazada Natiq Səfərovun bu nadir tərcümə kitabının satışını görəndə nə qədər sevindim və heyrətləndim. Azərbaycan kitabı deyilən bir şeyin olmadığı o boyda ölkədə məhz Alsarayda və başqa mağazalarda Natiqin o tərcümə əsərinin satışını görəndə mənə bir çox şey tam aydın oldu: Natiq Səfərov bu dünyaya elə-belə gəlməyib. Yox, çox illər keçəcək, bəlkə də lap çox illər keçəcək və bizim hər birimiz unudulacayıq və inanın ki, bu çox təbii bir şeydir, amma Natiq Səfərov heç zaman unudulmayacaq. Yox, unudulmayacaq. Çünki onun “AZ YA” tərcümə əsəri TƏRCÜMƏ TARİXİMİZDƏ hadisədir və bu hadisənin dəyəri hələ çox illər sonra da bilinəcək.
Tofiq ABDİN
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0