Flossenbürg - İlkin İmamovun hekayəsi

İyl 31, 2026 - 12:29
İyl 31, 2026 - 12:37
 0  40
Flossenbürg - İlkin İmamovun hekayəsi

                      Yazıçı Ədəbiyyat Portalı İlkin İmamovun "Flossenbürg" hekayəsini təqdim edir.

      Lukas Hofman, həmişəki kimi, səhər yerindən qalxmağı ilə qapıdan tələm-tələsik çıxmağı bir oldu. Çünki kitabxanada onu qucaq açıb gözləyən elmi işi var idi. Onun evi Berlin şəhərinin arxa küçələrindən birində yerləşirdi. Son bir ayda Lukas demək olar ki, həyatdan təmiz təcrid olmuş halda yaşayırdı. Həyatı sadəcə evindən üç dayanacaq uzaqlıqda yerləşən böyük kitabxanada cərəyan edirdi. O, evinin qapısını bağladıqdan sonra ara küçələr ilə kitabxananın qarşısında özünü tapdı. Bina köhnə olsa da, ətraf ərazilərdə ən yaxşı kitabxanalar siyahısında yer alırdı. Lukas böyük, həmçinin ağır qapını toxunaraq açıb içəri daxil oldu. Nəzarətçi xanım Lukas Hofmanı görüb ayağa qalxdı.

-          Salam, xoş gördük. Bu gün necəsiniz?

 Lukasın fikri gündəlik planlarına o qədər qarışmışdı ki, qarşısındakı xanımın ona səsləndiyini belə sonradan hiss etdi. Nəzakət əlaməti olaraq sadəcə başını irəli-geri hərəkət etdirməklə kifayətləndi. Qırmızı xalı sərilmiş, iri pilləkənlərlə ikinci mərtəbəyə qalxaraq öz dəyirmi masasında əyləşdi. Qarşısında olan kağız külliyyatını bir tərəfə itələdi. Çünki bu gün elmi işi təqdim edib çatdırmalı idi. Fikrini toplayıb ayağa qalxaraq rəflərə yaxınlaşdı.Bugünkü elmi işinə aid məqalələr axtararkən rəfin ən arxa sırasında kağız topası gözünə dəydi. İşi çox olsa da, kağızlar diqqətini çəkdi. Səbəb isə kağızların çox qədimdən qalması təəssüratını bağışlaması idi. İstəməyərək əl atıb həmin kağızları götürdü. Kağızlar əzik-üzük olsa da, Lukas onlarla birlikdə masaya tərəf qayıtdı. Kağızların hər biri sanki başqa birinin təkrarı kimi görünürdü. Onları sadəcə hər kağızın yuxarı hissəsində yazılan tarixlər fərqləndirirdi. Lukas bütün kağızları qaydaya saldıqdan sonra ilk səhifəni oxumaq qərarına gəldi.

 

13 oktyabr 1941-ci il, Flossenbürg.

   Həyatımdan küləyi hiss etmədiyim, günəşin istisinin saçlarımda bərq vurduğunu görmədiyim bir gün daha keçdi...

Günlər günləri, saatlar saatı əvəz edən dünyanın hərəkət etdiyini görməmək necə də qəribədir... Bəzən insanlar özlərini niyə bu həyata gəldikləri üçün, pis vəziyyətdə yaşadıqları üçün günahkar bilirlər. Bəlkə də həmin insanların ən böyük xoşbəxtliyi həyatı sonuna kimi öz gözləri ilə görüb hiss etməkləridir.”

     Məktubun ilk səhifəsi elə bu yerdə yekunlaşdı. Lukas ilk oxuduğu səhifədən heç nə anlaya bilmədi. Ancaq ilk sözlər onu öz sehrinə almışdı. Lukas özü bunu hiss etməsə də, içində olan maraq daha çox artmağa başladı. Digər vərəqin əziklərini düzəldib oxumağa başladı.

“ 18 oktyabr 1941-ci il, Flossenbürg.

   Bəzən yadıma kəndimizdə olan ev düşür. O günlər üçün necə də darıxıram... Kaş bir də həmin evi, divarda olan qara, böyük saatın əqrəblərinin hərəkətini görə bilsəm. Bəlkə də həyatımın ən böyük sevinci o an olardı. İndi görməyim mümkün olmasa da, kəndimizdəki evin görünüşü hələ də xatirəmdədir. Həyətimiz uzun və yaşıllıq bir görkəmə sahib idi, sonunda birmərtəbəli balaca evimiz yerləşirdi. Həyətin başından evə kimi anamın əkdiyi güllər o qədər də gözəl görünüşü olmayan evə xüsusi fərqlilik qatırdı. Güllərin ətrafı boyunca atam taxta sütunlardan hündür olmayan dirəklər vurmuşdu. O sütunları mənim qırmızı rəngə boyadığım da yadımdadır. Evimizin qapısı söyüd ağacından idi. Qapını açdıqdan sonra üzbəüz divarda böyük, qara saat asılmışdı. Yadımdan çıxmaz, mən həmişə o saata baxıb həyətə oynamağa gedərdim. Onu da unutmamışam ki, anam hər zaman deyərdi: “Bir saatdan sonra qayıdıb evdə olursan. Uzağa da getmə.” Anamın sözlərinə görə heç vaxt o saatı sevmirdim. Hətta bir dəfə saatı sındırmaq da istəmişəm. Təbii ki, bu ancaq uşaq düşüncəsi ilə atılmış bir addım idi. Kim deyə bilərdi ki, illər keçəcək və mən həmin saatı öz gözlərimlə görmək üçün darıxacam...”

   Lukas ikinci səhifədən sonra əzik kağızlarda belə sözlərin yazılacağını ağlına belə gətirmirdi. Ona elə gəlirdi ki, yazılmış sözləri sanki hansısa bir yazıçı qələmə alıb. Kağızlar Lukası tamamilə ağuşuna almışdı. O, üçüncü səhifəni əlinə götürərək oxudu.

20 oktyabr 1941-ci il, Flossenbürg.

   Günəş də bu gün qəribədir. Mən bunu görə bilmirəm, amma hiss edirəm. Hiss etmək çox fərqli bir duyğudur. Görmək isə tamam başqa bir hissdir. Həmişə deyirlər ki, görmə məhdudiyyət olan insanların hiss etmə qabiliyyəti güclü olur... Bu doğru imiş... Hiss etmək ilə görmək arasında çox incə bir xətt keçir. Əslində mənim bu dediklərimi həyatın istənilən sahəsinə aid edə bilərəm. Xüsusilə də sevgiyə... Sevgili olan cütlüklərin həmişə bir-birini necə hiss etmələrinə fikir versəniz dediyim sözü anlaya bilərsiniz. Bəzən bir-birinin gözlərinə baxmaqları belə onlar arasında olan bağlılığı sonuna kimi hiss etməklərinə səbəb olur. Mən artıq o duyğudan da məhrum biriyəm. Səbəbini əvvəlki kağızlarda qeyd etmişəm. Hə, harda qalmışdıq? Günəşdən danışırdım. Dediyim kimi, günəşi görmək, şüalarının düşdüyü yeri seyr etmək görə bilməyən insanlar üçün bədbəxtlik, görə bilənlər üçün isə böyük bir xoşbəxtlikdir. Məni ən yaxşı zülmətə məhkum olunmuş insanlar anlayar. Yadımdan çıxmayan digər bir hadisə isə məktəbdə yaşadığım qəribə, amma saf, təmiz duyğularım idi. Bizim sinif on oğlan və səkkiz qızdan ibarət idi. Qızların içində seçilən biri var idi. Bəlkə həmin o qızı mən digərlərindən fərqləndirmək istəyirdim... Səbəbi? Bilmirəm... Bəlkə də, bilirəm ancaq... Nə isə.... Həmişə həmin qəhvəyi gözlü, yanaqlarında qəmzəsi, sol yanağında xalı olan, sarı saçları çiynindən tökülən qız danışanda mənim üçün sanki həyat dayanırdı. O ayağa qalxdıqda çox vaxt geyindiyi yaşıl məktəbli forması gözəlliyinə xüsusi gözəllik qatırdı. Bizim sinfin pəncərələri günçıxan tərəfə baxdığı üçün günəşin işığı şüşələrdən içəri süzülürdü. Bu, heç vaxt yanılmazdı, xüsusilə də yaz və yay fəsillərində. Günəş sinif otağını həmişə isti saxlayardı. Kim deyə bilərdi ki, bəlkə də sinfin isti olması günəşə görə yox, qəhvəyi gözlü birinə görə idi...”

   Lukas Hofmanın oxuduqları onda dodaqaltı gülüşə səbəb oldu. Bir çox insanın keçdiyi məktəb sevgisinin ən incə duyğularla çatdırılması isə tamam başqa bir mövzu idi. Hətta kağızda oxuduqları özünün məktəbini və sinif otağını yadına saldı. Bu hadisə Lukası lap uşaqlığına apardı. Lakin o, səbirsizliklə növbəti kağızları oxumaq istəyirdi. Yalnız onu maraqlandıran bir sual var idi. Niyə məhz hər səhifənin əvvəlində Flossenbürg yazılıb? Başqa heç nə... Lukas masanın üstündə qalan son səhifəni də əlinə götürdü.

22 oktyabr 1941-ci il, Flossenbürg.

    Bu məktublar həyatımdan qalan yeganə varlığımdır. Bəlkə də mən bu səhifələri yazanda siz, səhifələri oxuyanda isə mən olmayacağam.

Bu hissəyə kimi qələmə aldıqlarım həyatımda iz buraxmış xatirlər və mənə görə düzgün hesab etdiyim fikirlərim idi. Ancaq indi gələcəkdən gözləntilərimi qeyd etmək istəyirəm. Əgər bir gün necə qocalmağı arzu edirsiniz sualı verilsə, mən bir an belə düşünmədən cavab verərəm:

-         İkimərtəbəli, sadə dənizkənarı bir evdə qocalmaq həyatda ən böyük arzumdur. Həmin evin günçıxana baxana pəncərəsindən dəniz ləpələrini seyr etmək istəyərəm. Öz acı qəhvəmin dadına çıxararaq kitab oxumaq, pəncərənin şüşəsini azca aşağı salıb küləyin gətirdiyi dəniz qoxusunu içimə çəkmək həyatımın xoşbəxtliyi olar...

Gələcəklə bağlı son arzum və istəyim budur. Təbii ki, bir gün o gələcək gələrsə...”

 Sadə arzular qarşısında diz çökən Lukas məktubun sonunda yazılan sözlərlə bütün hadisələri əvvəldən səhv anladığını bir cümlə ilə dərk etdi.

Məktubun sonunda isə bu sözlər yazılmışdı:

 

                                “Flossenbürg –  Almaniya həbs düşərgəsi”   

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 7
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0