Getmisən, dönmüşəm sənin külünə - Səfər Rzasoylunun şeirləri

İyl 26, 2026 - 22:36
 0  19
Getmisən, dönmüşəm sənin külünə - Səfər Rzasoylunun şeirləri

Yazıçı Ədəbiyyat Portalı Səfər Rzasoylunun şeirlərini təqdim edir.

SƏNSİZLİK

getmisən, dönmüşəm sənin külünə...

yoxsan, qəribədir, vaxt dayanmayıb…

sənin ölümüntək dünyada heç nə

məni o dünyaya inandırmayıb.

sən axı ölmüsən, yadımdan çıxır…

necə çağırsam da, dönməzsən daha.

bütün gedənlərtək sən də vəfasız –

o dünya varmı, de?

dinməzsən daha.

qapını döyərsən, bir kimsə açmaz.

axı barmaqların səs eləməyir.

ən doğma adamı çağırsan, baxmaz –

səsin çağırmağa bəs eləməyir…

bəlkə, yarı yoldan qaçıb gəlmisən…

bəlkə, axtarırsan yenə özünü.

sən axı ölmüsən, yadından çıxır

bir də kim qaytarar sənə özünü…

kim bilir, bəlkə də, ölən Sən ilə

dirilən o Sənin arasındasan.

çatıb o dünyaya diriləcəksən –

hələ ki bu yolun yarısındasan.

sənsizlik... yaşamaq tənbəllik imiş,

ruhun tənbəlliyi bu can içində.

sənsizlik – yaralı bir quş diliymiş –

kiriməz... inləyər bu can içində.

...bir canım min tikə, min para olub,

bu əlim-ayağım, dilim-dodağım

hərəsi bir cürə ölümlə ölüb –

bir adam da duymur, bir kimsə görmür.

mənim ölümümə axı nə olub? –

məscid üz çevirir, kilsə götürmür.

getmisən, dönmüşəm sənin külünə…

yoxsan, qəribədir, vaxt dayanmayıb.

sənin ölümüntək dünyada heç nə

məni o dünyaya inandırmayıb.

PAYIZ… SƏN… PAYIZ…

Ağaclar yandırır yarpaqlarını –

Baharın vəfasız məktublarıtək.

Çinarlar oxunmur –

varaqlarını

İtirmiş min ilin kitablarıtək…

Əsir, o şəhərdən küləklər əsir…

Payızlar üstünə dağılır saçın,

Küləklər içindən sən çağırırsan.

Mən hansı ağacın yanına qaçım,

Hər ağac altında sən ağlayırsan…

Əsir o şəhərdən küləklər əsir….

Yağışı, yarpağı, buludlarıyla,

Öz ögey, öz doğma adamlarıyla.

Tanrım, bəlkə, onun addımlarıyla

Əsir, o şəhərdən Küçələr əsir,

Pəncərəm gözümə inanmasa da…

Bəlkə də, bu külək Səs yağışıdı,

Geyinir bu şəhər Səs yağışında.

Geyinir əyninə

O uzaq şəhərin küçələrini,

Tini, döngəsini, gecələrini,

Evi, pəncərəsi, işıqlarını,

Küləyi, buludu, yağışlarını –

Sənin şəhərinə dönür bu şəhər,

Əsir, o şəhərdən Gecələr əsir…

Əsir bu şəhərə durna səsləri,

Tökülən yarpağı öz teli bilir.

Ağaclar utanır çılpaqlığından –

Düşən axşamları təsəlli bilir…

Əsir o şəhərdən küçələr, məni

Bəlkə, Tanrıdan çox sən saxlayırsan.

Mən hansı ağacın yanına qaçım?

Hər ağac altında sən ağlayırsan...

Əsir, o şəhərdən küçələr əsir…

Əsir, o şəhərdən gecələr əsir…

Əsir, o şəhərdən Kölgələr əsir…

YAĞIŞ, SƏN... YAĞIŞ

Yağışsa hey yağır, yağır doymadan,

Çırpır dörd bir yana səs əllərini.

Üfüqdən, qürubdan, torpaqdan, otdan

Silir Tanrının da əl izlərini.

Yerləri, göyləri alıb əlinə,

Haçana, haraya yağır bu yağış?

Azıb zamanını, bu gün yerinə

Dünənə – geriyə yağır bu yağış.

...Bu yağış altında nəfəs dərmədən

Qaçmaq istəyirəm ta, son sirrəcən.

Bu yağış içində islanıram mən

Birinci – sonuncu xatirəyəcən.

Geriyə, geriyə yağır bu yağış;

Bütün görüşləri, ayrılıqları,

Bütün küfrləri, bütün dinləri,

Bütün xanımların sirr baxışını,

Yerişi, gülüşü, yalvarışını

Silir, unutdurur, pozur bu yağış.

Bir sənə, bir sənə yaxın düşəmmir,

Tək sənə, tək sənə toxuna bilmir.

Sənin barmaqların, sənin əllərin

Tək sənin tellərin qupquru qalır.

Tək sənin tellərin qalır qupquru –

Qurutmaq istəyir əsib yolumu.

Bu dünya qarşımda tərs kimi durub,

Sən keçən tərəfə kəsib yolumu.

Yağışsa hey yağır, yağır doymadan,

Hürküdür dünyanın dənizlərini.

Üfüqdən, qürubdan, torpaqdan, otdan

Silir Tanrının da əl izlərini.

DUA         

Bəzən iç-içədi şühbəylə inam...

Bəlkə də Həvvanı sevmişdi Adəm?

Eşqinə cənnəti eyləyib qurban-

Almanı Həvvaya dərmişdi Adəm.

O günah sevgisi dönüb daş sözə

Atılıb .., qüvvəsi hansı əlindi.

Adəmin bir anlıq günahı bizə

Gənnət ümudunu verir min ildi.

Dünyadır-gündüzü, gecəsi belə

Bir də bu varağı kim çevirəsi.

Adəmdir, Həvvadır, şeytandır elə,

Günah üçbucağı- günah çevrəsi!

Elə o üçbucaq çevrə boyunca ,

Yer özü fırlanır min ah içində.

Hamı günahını üstündən atır,

Onunçün bu dünya günah içində!

...özüm də bir quşam, bəs necə uçum?—

Günahım qoymayır qanadım çıxa!!!

Arzu xətalarım,

Yanlışım, suçum

Boğar, tövbə-tövbə ruhumu sıxar...

Yer də çiliklənər billur kürə tək:

Gedər bu dünyanın Əli, Vəlisi.

Bəlkə göz yaşı da gözə gecikər

Gedər ağıllısı, gedər dəlisi...

Kimsəsiz zamanlar içində, Tanrım,

İnsan duasına, yalvarışına,

Sevgi, qorxusuna tamarzı qalsan!

Təzədən bir “Həyat” nağılı yazsan,—

Yenidən yaratsan torpağı, göyü,

Gecəni, gündüzü, ulduzu, ayı

çiçəyi, çəməni

Tanrım, Adəmi—

Yarı adam eylə, yarı quş eylə.

Bir “Həyat” nağılı yazsan yenidən

Təzədən yaratsan, suyu, havanı.

İlahi, Adəmin Sən lələyindən,

Adəm qanadından yarat HƏVVANI...

BAŞDAŞINDAKI ŞƏKLİN ADI: YOXLUQ

(Əziz dostum Əhməd Oğuzun unudulmaz xatirəsinə)

I

Baxırsan…

gülsən də, nisgilin dərin

Baxışın dünyadan üzün çevirib.

İsa nəfəsidir şəkildə sirrin –

şəklin ölümünə dirilik verib.

Mən ağac yanına, adam yanına

indi Yoxluğunla birgə gedirəm.

Kim var ki, kimsəsiz küçədi dünya,

daha Yoxluğunla dostluq edirəm.

Yağış altında da, toyda, yasda da,

sənin yoxluğuna yer tapıram mən.

Hələ çox körpədir, Yoxluğun, onu

yanımda anatək aparıram mən…

Bura Ay yeridir, Günəş yeridir,

Kiməm ki? Qonağam, yoxam bir azdan.

Nə yağış, nə külək, nə bir hənirti…

Yoxluğundu keçən ta aramızdan.

…Başım əsim-əsim səslərlə dolu,

Yoxsa damarımdan küləklər axır?!

Min ilin ən gözəl rəsmidir Şəklin –

sirrindən Bu dünya, O dünya baxır!!

II

Ah-ah səni səsləyirəm,

Başıma küllər tökmüsən.

Tüstü-tüstü duam yetməz –

Göyün qapısın tikmisən.

Getməyin varı yox edir,

Durub-durub nə ölmüsən?!

İpək-ipək günlərimi

Şüşə-şüşə sən bölmüsən.

Gecəm tabut, günüm kəfən –

Gedib mənə nə almısan?!

Bu dünyanı ac qurd kimi

niyə arxamca salmısan?!

III

Ağaclar bayquş yarpaqlayır,

matəm küləyini oxuyur

yarpaq-yarpaq qarğalar…

Soyunsam bədənimi əynimdən,

ah, görən, çəkilərmi ağrılar?

Bura ümidsiz limanmış, Əhməd,

nahaqdan, nahaqdan bir yarı səs,

bir yarı pıçıltı gözləyirəm

O dünyadan…

Kimsə od vurub Zamana –

qaçır tövşüyə-tövşüyə,

təntiyə-təntiyə,

son mənzilə çatmış tabut kimi

az qala Zaman dayana.

Ayrılıq allahsız dinmiş, din…

Ayaq saxlayın –

kimsə şəklini (bəlkə şəklimizi?) çəksin

O dünyadan mənimlə

çiyin-çiyinə, kürək-kürəyə dayanmış

ƏHMƏDİN!!!

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0