Həsrət bizi yanar qoydu oduna - Mahir N.Qarayevin şeirləri

İyl 17, 2026 - 10:55
 0  26
Həsrət bizi yanar qoydu oduna - Mahir N.Qarayevin şeirləri

 Bu gün şair, tərcüməçi Mahir N.Qarayevin doğum günüdür.

Yazıçı Ədəbiyyat Portalı bu münasibətlə onun şeirlərini təqdim edir.

 

Qürbət ağısı

 

Nəğmə dedik son baharın adına,

Göy üzünün durnaları apardı.

Həsrət bizi yanar qoydu oduna,

Gəzən olsa, külümüzü taparmı?!

 

Ana Vətən -

Göyçəklərin göyçəyi!

Qərib yurda ürəyimiz qızammaz.

Yad ellərin yüz ölümü, əcəli

Yad torpaqda qəbrimizi qazammaz...

 

Qoxuladıq bu düzləri yurd deyə,

Qurd fələkdi - quzu-quzu otardı.

Bir qəribin gözlərini örtməyə

Yüz yad elin torpaqları çatarmı?!

 

Ana Vətən -

Gerçəklərin gerçəyi!

Ümid dolu xatirələr usanmaz;

Ağardımı anamızın birçəyi?!

Yuxusunu qarışdırar, yozammaz...

 

Nəğmə dedik, dan yerinə üz tutub,

Yad ellərin yad günəşi yubandı;

Dağlarını duman tutub, sis tutub,

Dənizləri - dəniz boyda qubarmı?!

 

Ana Vətən -

Bir ömürlük ruzumuz!

Şəkərimiz, çörəyimiz, duzumuz;

Bu qismət ki haqdan gələn yazımız -

Ölüm belə alnımızdan pozammaz!

 

Ayrılıq

Yenə nə ağrısı dərya kədərin?
ürək didim-didim, dil ocaq-ocaq;
Azacıq düşünsəm,xatirələrin
həsrətdən gözləri buludlanacaq.

...O zaman dünyanı atıb bir yana
gör bizim könlümüz hara düşərdi!
Qarışıb Müşfiqin misralarına
payız gecələri həzinləşərdi.

Sonra da ayrılıq...
sonra izlərin
özgə cığırları isindirməsi;
Qəmli günlərimi xoşbəxt həsrətin
yetim körpə kimi gəzindirməsi.

Sonra yaddaşımın uzaqlığında
ilk eşqin qaralan tənha koması;
Kədərli günlərin yalqızlığında
könlümün inləyən Xirosiması...

 

Payız

 

Payızda öləcəm mən – leysan yağışlar altda.
Leysan yağışlar altda basdıracaqlar məni.
Payızda öləcəm mən – göz açdığım o kənddə.
Dil açdığım o kənddə susduracaqlar məni.

 

Çəkiləcəm su kimi bircə qarış torpağa,
Dikələcək başdaşım düz başımın tuşundan.
Xəbərim olmayacaq o doğma kəndin daha
Yerdə hürən itindən, göydə uçan quşundan.

 

Nə yaxşı, nə pisindən; nə qara, nə ağından –
Xəbərim olmayacaq dünyanın heç nəyindən;
O yağışın sübhəcən aramsız yağmağından,
O yağışın sübh çağı qəfildən kəsməyindən...

 

Vəssalam.
Kar olub da daha heç nə eşitməm.
Kor olub da heç nəyi görməm daha.
Vəssalam.

Vəssalam.
Lal olub da mən daha kəlmə kəsməm.
Susdum, İlahi, susdum.
Əbsəm, əbsəm.
Vəssalam.

 

 

Son nöqtə

 

Hər şey hədərmiş...

Bu gün də, bu həftə də,

bu şeirin sonluğuna

bir azdan qoyacağım nöqtə də.

 

Bu siqarın tüstüsü,

bu qapının cəftəsi,

bu divarın güzgüsü, bu çiçəyin ətri də;

 

o çərtdiyin qələmin,

o yırtdığın dəftərin

əyri-üyrü cizgisi, qara-qura xətti də -

 

hər şey, hər şey hədərmiş...

 

Ən qısa şeir də,

ən uzun nəsr də,

ən yorucu şəhər də,

ən üzücü fəsil də bitərmiş.

 

Yetərmiş,

gec-tez sona yetərmiş

min birinci gecə də,

min ikinci küçə də;

 

yorulduğun o döngə,

burulduğun bu tin də,

oturduğun o kətil, yatdığın bu mitil də...

 

Heç bir fərqi yoxmuş

gecin, ya tezin;

Heç bir sirri yoxmuş

gedər-gəlməzin -

 

gedənlər

bir daha gəlməzmiş demə,

gələnlər gedərmişg

hər şey hədərmiş.

 

Sevgi dedikləri

bir qara həvəsmiş, bir qara qanmış;

Ömür dedikləri

bir quru nəfəsmiş, bir quru canmış...

O da buracanmış,

bura qədərmiş...

hər şey hədərmiş.

 

İtərmiş

hər şeyin mənası,

Kədərmiş

əvvəli, sonrası.

 

Günü günə calasan da

gün çatmayan ötən günlər;

əl çatmayan,

ün yetməyən

bütün aylar, bütün illər

unudulub gedərmişg

hər şey hədərmiş.

 

Hər şey alın yazısı,

hər şey qədərmiş -

 

keçdiyin yol

seçdiyin yol deyilmiş;

seçdiyin yol

keçdiyindən betərmiş...

 

P.S.

Hədər olmayan

yalnız bircə sözdü, bircə sətirdi -

o da nə yazılmış, oxunmuş nə də;

 

Qalan hər şey hədərdi -

son nöqtənin önündəki bu misra,

bu misranın sonundakı nöqtə də...

 

Tural Adışirinin təqdimatında..

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru