Bəxtiyar Vahabzadə: Bayraq - "Əlyazma" rubrikası..
Yazıçı Ədəbiyyat Portalı Tural Adışirinin təqdimatında "Əlyazma" rubrikasında Xalq şairi Bəxtiyar Vahabzadənin "Bayraq" şeirini təqdim edir.
Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası – bayraq.
Zəfərdən doğulmuş, Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq - öz yurduma öz hakimliyim.
Bayraq - Azadlığım, bayraq kimliyim.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başıma tac olan hilal.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0