Gülnar Səmanın yeni monoqrafiyası çap olunub
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub.
Yazici.az xəbər verir ki, jurnalın 65 illik yubileyinə töhfə olan bu kitab Ədəbiyyat İnstitutu Elmi Şurasının 30 aprel 2026-ci il tarixli 3 saylı iclasının qərarı ilə nəşr edilib.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru, dosent Gülbəniz Babayeva, rəyçiləri filologiya elmləri doktorları, professorlar Vüqar Əhməd, Cahangir Məmmədli və baş mütəxəssis Ülkər Hüseynovadır.
Elmi, publisistik və bədii yaradıcılıqla məşğul olan Qasımlı Gülnar Vaqif qızının bu kitabı Giriş, iki fəsil, iki yarımfəsil, nəticə və ədəbiyyatdan ibarətdir. 156 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.
Monoqrafiyada Azərbaycan mətbuat tarixinin sanballı nəşrlərindən olan “Elm və həyat” jurnalının nəşr tarixinə ilk dəfə olaraq bütöv halda münasibət bildirilib. Orada çap olunan ədəbiyyatla bağlı müxtəlif janrlarda və mövzularda olan yazılar tədqiq olunub. 1961-ci ildən bu günə qədər nəşri davam edən jurnalın səhifələrində yer alan ədəbi mövzular çap olunma ardıcıllığına görə öyrənilib.
Nəşrin birinci bölümündə jurnalın sovet dövründə işıq üzü görən saylarında yer almış ədəbiyyat məsələlərinə münasibət bildirilib. İkinci bölümdə isə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra “Elm və həyat” jurnalında yer ayrılan ədəbi mövzular təhlil və təqdim olunub.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0