Kərkük və ya çiçəklər kimi rəngli xəyallar
Lütviyyə Əsgərzadə
Filologiya elmləri doktoru
Şəmsəddin Kuzəçi... kərküklü tədqiqatçı, pedaqoq, jurnalist, şair və yazıçı, Kərkük qəzetinin baş redaktoru, Türk dünyası Akademiyasının "fəxri professoru" (2022), AMEA-nın Ədəbiyyat İnstitutunun “Fəxri doktoru”, ictimai xadim. Məqsədim Şəmsəddin Kuzəçinin “Kərkükün günəşi” kitabı haqqında düşüncələrimi bəyan etmək olsa da, fikir məni bir az uzaqlara, Türk dünyası ilə bağlılığı, zəngin mədəniyyəti ilə seçilən İraq türkmənlərinin mərkəzi olan “bir bütövün parçasına” Kərkükə həsrət olduğumuz yaxın keçmişə aparır.
Vaxtı ilə Rəsul Rza "Aşıq Yanıqlının bayatıları" kitabında yazırdı: “Bağdaddan karvan gəlir, /Dərdli, pərişan gəlir./Kimlər qurban kəsilib/Sularım al-qan gəlir?” Bu misralarda o zaman bizə “uzaq olan yaxın ellərin”, yaralı Kərkükün, yalnız Kərkükün deyil, Ərbil, Mosul, Tələfərin, bütövlükdə türkmənlərin fəryadı, göz yaşı, çəkdikləri zülmlər hopmuşdu.
Kərkükün problemləri tam həll olunmasa da, artıq yollar qısalıb, “bütövün parçaları” bir araya gəlir. Xoşbəxtik ki, artıq türkmən qardaş və bacılarımızla elmi və ədəbi əlaqələr qurulub. Dəvət aldığımız elmi simpozyumlarda bir-birimizlə görüşüb söhbət edir, fikir bölüşürük. Şərqdən, Şərqin bitməyən problemlərindən, daha çox Kərkükdən danışırıq. Bu gün Kərkük deyincə, yadıma dostlarım, Bağdad universitetinin dosenti Nadia Jassen, folklorşünas alim Nejdet Yaşar Bayatlı, Türk dünyasında tanınan elm adamı və sevilən şairi, “Kardeşlik” ocağın fəxri prezidenti professor Məhmət Ömər Kazancı, müasir Türkman ədəbiyyatının nümayəndələrindən Əbdüllətif Bəndəroğlu, Cəlil Qazançıoğlu, Husam Həsrət, Əsəd Ərbil, Faruk Faiq Köprülü, Əli Çolaqoğlu, şairə Ayhan Həcəroğlu, AMEA-nın Ədəbiyyat İnstitutunun “Fəxri doktoru”, şair, alim, ictimai xadim Şəmsəddin Kuzəçi gəlir.
Şəmsəddin Kuzəçi ilə ilk dəfə Bakıda AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında keçirilən İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında tanış oldum, ayaqüstü söhbət etdik, şəkil çəkdirdik. İkinci dəfə onunla AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri doktoru seçiləndə (2025) oldu. Taleyini, yaşadıqlarını öz dilindən duydum. Akademik isa Həbibbəylinin, professor Q.Paşayevin Şəmsəddin Kuzəçi haqqında söylədikləri, bir insanın məfkurəsi yolunda, vətəninin azadlığı uğrunda çəkdikləri və etdikləri məndə böyük təəssürat yaratdı. Üçüncü görüşümüz isə bu il, yenə Ədəbiyyat institutunda oldu. Şəmsəddin Kuzəçi yeni çıxmış kitabını avtoqrafla mənə verdi.
Böyük bir kitabxanam olsa da, kitabxanamdakı avtoqraflı kitablar mənim üçün xüsusi bir əhəmiyyət kəsb edir. Kuzəçinin “Kərkükün günəşi”(Bakı, Vektor, 2025) kitabı kimi.
Deyirlər ki hər şair öz taleyini yazır. Bu fikir, şairlərin öz duyğularını, ruhunu və yaşadığı ağrı-acıları şeirə köçürməsi, ədəbiyyatda geniş yayılıb. Çox zaman belə olur, şairlər öz mənəvi dünyalarını, həyatlarını, sevgi nağıllarını yazaraq, öz talelərini əks etdirir, ictimai vəziyyətlərini ifadə edərək, özlərini oxucuya təqdim edirlər. Həqiqi şairlər isə öz mənəvi dünyası ilə yanaşı, həyatın ağır yükünü, vətənin dərdlərini, vətənin taleyini şeirlərində inikas etdirirlər. Belə də olmalıdır, çünki “yaradıcılıq təkcə öz taleyini yazacaq qədər bəsit deyil!”
Şəmsəddin Kuzəçinin şeirlərində şairin öz mənəvi dünyası ilə yanaşı, həyatın ağır yükü, vətənin – Kərkükün dərdləri, dünəni, bu günü inikas edir. Bəzən poeziya
həyatın özündən də həyatidir. Poeziya həyatın şairlər tərəfindən zövq və istəklərinə görə sözlə çəkilmiş şəklidir. Kiminə görə, həyat sevgidir, kiminə görə gözəllikdir. Kiminə görə ağrıdır, iztirabdır. Kiminə görə, oyundur. Nəğmədir... Yoldur...Arzudur...Çağrışdır... Kiminə görə, mübarizədir, savaşdır. Bütövlükdə həyat bir hekayədir və hər kəsin bir hekayəsi var. Şəmsəddin Kuzəçi üçün həyat mübarizədir, hekayəsi isə Kərkükdür.
Onun üçün hər şey vətəndir – Kərkükdür, hər misrasında Kərkükün yaşadığı dərdlər var, nisgil, zülüm var. Yalnız şairin deyil, bütövlükdə türkmanların yaşadığı acılar, üzüntülər, işgəncələr, “ozanların səsi”, “yetimliyin qoxusu”, “dağların acısı” var. Bütün bunlar, “Kərkükün qalası”, “şəhidlərin səsi” “illər boyu acılar, üzüntülər, işgəncələr çəkmiş, zindanlar görmüş” Mehmet İzzət Xəttata həsr etdiyi “Bir şairin arxasından” adlı şeirinə naxışlanıb:
Gedərkən özü ilə götürdükləri var:
Gedərkən
on ovuc “Günəş qanı” apardın ətəyində.
Yetimliyin qoxusu yayıldı çiçəyində.
Dağların acısını, Kərkükün qalasını,
qulağında ozanların, şəhidlərin səsini... (“Bir şairin arxasından”).
Onun “bir şairin arxasından” düşündükləri ürəkləri sızladır. “İllər boyu acılar, üzüntülər, işgəncələr çəkmiş, zindanlar görmüş”, “həsrətlə gül əkmiş” “ürəyini qəm boğmuş” Mehmet İzzət Xəttata bu acıları yalnız ölüm unutdurur. Yalnız bu dünyadan gedərkən, təqvimin yarpaqları gül suyuna boyanır.
Gedərkən,
təqvimin yarpaqları gül suyuna boyandı.
bu bağdan köç edənin
qəlbi xoşbəxtlik doğar.
Həsrətlə gül əkənin
(gedərkən)
ürəyini qəm boğar (“Bir şairin arxasından”).
Şairin bizim el dediyi baş qaldıranın asıldığı türkmən elləridir, şair Rüstəm Behrudinin təbirincə desək: “taleyi sirr olan” Kərkükdür, Mosuldur, Telafərdir.
Bizim eldə,
hər acıya dözmək gərəkdir.
Əlacını düşünmədən
ağrılara dözmək gərəkdir...
Dözməyənsə,
darağacını
düşünməlidir.
Bizim eldə, bizim eldə...
Bu ellərdə baş qaldıranın sonu edamdır. Ya susub hər şeyə dözməli, “öz içində ağlayıb”, “köz kimi yanmalısan”, ya da dar ağacına salam verməlisən.
“Desəm öldürərlər, deməsəm ölləm” misali... İnsanın iki od arasında qalması... Həqiqəti deməyin təhlükəli, susmağın isə vicdanı və ya insanı məhv etdiyi qorxunc dilemma qarşısında qalmasından əzablı nə ola bilər.
Ş.Kuzəçi susmamış, fikirlərini yazdığı şeirlərə, xoyratlara səpələmiş, bəzən gizli, bəzən açıq mesajlar vermiş, milli kimliyini bəyan etmiş, dili uğrunda mübarizə aparmışdır:
Kərküküm, mərd Kərküküm,
Milləti sərt Kərküküm,
İçinə yadlar girib,
Çəkirik dərd, Kərküküm.
Kərküklüyəm, siz bilin,
Kəsərəm düşmən dilin,
Neft töküb yandırsalar,
Tərk etməm türkmən dilin.
Susmağı bacarmayan vətənpərvər Şəmsəddin Kuzəçi danışmağın cəzasını çəkmişdi. Toyda oxuduğu bu şeirə İraq rejimi tərəfindən görə həbs olunmuş (1993), şeirləri siyası məzmun daşıdığına görə 3 ay nəzarətdə qalmışdır. Rejimi ən çox narahat edən şairin bu misraları olmuşdu:
Qul qaçdı, qazı qaldı,
Yazılmış yazı qaldı,
Əl qaldırın Allaha,
Zalımın azı qaldı.
Gözləri, əlləri bağlanaraq sorğuya çəkilən şairə səs lentindən oxuduğu şeirləri dinlədilib, tərcümə etməyi, şeirlərin izahı istənilib. Şeirlərinin Səddam idarəçiliyinə qarşı olduğu bəyan edilib. Şeirlərində həqiqəti ifadə edən Ş.Kuzəçi həqiqəti dilə gətirməyin də bədəlini də ödəyib, susmağın yaşatdığı əzabın da... Çünki bəzən susmaq, danışmaqdan da çox əzab verir insana. İnsanı daxilən məhv edir. Şairin aşağıdakı şeirində qorxu və vicdan arasında boğulan insanın durumu ən dəqiq şəkildə olunur:
Ağlaram öz içimdə,
Yanaram, köz içimdə,
İstəmirəm danışım,
Qoy qalsın söz içimdə.
Millətin yaşadığı coğrafiyanın adı vətən olsa da, bir millət üçün vətən, sadəcə üzərində yaşadığı yer deyildir. Əsrlər boyu milli və dini düşüncəmizdə vətən müqəddəs sayılıb, uğrunda qanlar tökülüb, “Vətəni sevmək imandan sayılıb”. Kültürümüzdə vətən, namus, şərəf, heysiyyət və azadlığımızın adıdır. Vətən doğulduğumuz, üzərində böyüdüyümüz torpaqdır. Vətən, torpaq haqqında duyğularını bayatılara pıçıldayan şair üzün də “Vətəni sevmək imandandır”.
Səhərdir, ulduz çoxdur,
Sözümüz yada oxdur.
Kim ki yurdunu sevməz,
Cənnətdə yeri yoxdur.
Və bu vətən böyük bir coğrafi ərazini Türk dünyasını əhatə edir. Şairin “Mən Kərkükəm, Çanaqqala!” səslənişi çox təsirlidir. Şeirdə Osmanlının I Dünya müharibəsindəki məğlubiyyətindən sonrakı yaşananlar, zaman-zaman başına gələn bəlalar, “neftinin başına açdığı bəlalar” inikas edir:
Mən Kərkükəm, Çanaqqala!
Zorla məni
anamdan qopardılar;
Yardan uzaqlara apardılar.
Zaman-zaman
qırıq könlümü alardılar.
Mən Kərkükəm, Çanaqqala!
Dimdik ayaqdayam, yaşayıram hələ...
Mən Kərkükəm, Çanaqqala!
Bayrağımı Atam əlylə çəkmiş.
Kıbrısın türk bayrağıtək
Birinə ağ, birinə göy mavisi
rənglərini vermiş...
Birinə “Bala vətən”,
Birinə “Ata Vətən” demiş.
Mən Kərkükəm, Çanaqqala!
Neftim başıma bəla!...
Ancaq başına bəlalar gəlsə də, Kərkük dimdik ayaqdadır. Lozan sülh müqaviləsi ilə taleyi həll olan (“yazıyı qara yazan Lozan”), “Bir qırıq budağa sığınşa” da dili, mədəniyyəti, musiqisi, şeiri, bayatısıyla ayaqdadır, vardır, var olacaqdır:
Mən Kərkükəm, Çanaqqala!
Oğuzlardan gəlmişəm.
Kürəyimə
mədəniyyət xəzinəmi almışam.
Bu günə qədər
dilimlə, şeirimlə, musiqimlə,
bayatımla ayaqda qalmışam...
Mən Kərkükəm, Çanaqqala!
Sığınmışam bir qırıq budağa!...
Nə qədər ki, Kərkük üçün ölənlər var, vətən sevgisini ruhunda yaşadanlar var, Kərkük də var! Şair yalnız Kərkükün və kərküklülərin faciələrini deyil, Kərkük deyə-deyə ölənləri də unutmur. Türkmən şairi Sami Yusif Tütünçünün xatirəsinə şeir yazır. Şeirdə telefon zəngi ilə Sami Yusif Tütünçünün ölüm xəbərini alan şairin duyğuları, ağrıları, acıları, ayrılıqları əks olunur:
Arxanca şeirlər oxundu, ağılar söyləndi.
Kərkük yetim, türkmənlər dayısız qaldı.
Kərkükün sevgisini bizə nə gözəl anlatmışdın.
Kababçı da onu dilə gətirdi:
“Qışda gecə sevilir,
Şeir heca sevilir.
Sən öyrətdin bizlərə,
Kərkük necə sevilir” (Yarım qalan şeir).
Sami Yusif Tütünçünün ölümü ilə “Kərkük yetim, türkmənlər dayısız” qalıb. Hər Kərkük sevdalısı bir Kərkükdür. Şair onun üçün “Kərkükçün darıxdığı qədər darıxır:
Sənin üçün darıxdığımı bilirsən,,
mənə sarılıb gülürsən...
Kərkükçün darıxdığım qədər
səninçün darıxmışam.
Gözlərin, Gürgürbaba kimi
işidir məni...
Şəmsəddin Kuzəçi üçün Kərkük sevginin, həsrətin ölçüsüdür. Sevdiyini Kərkükü sevdyi qədər sevir. Darıxdığı üçün “Kərkük üçün darıxdığı qədər” darıxır. Şairin qürbətdəki dostuna “qayıt” səslənişi ürəkləri parçalayır: “Bir bax!/Qan damlayan/Kərkükün tablosuna./Şəhidlərin rəsminə!...” Bu səsləniş özünə dönməyə səslənişdir: “Bir də bax!/Şeirlərimizin gözəlliyinə, /bayatılarımızın gözəlliyinə/ səni həsrətlə gözləyən/nəğmələrə, türkülərə,/Ramazan gecələrinə./ Qayıt,/Korya, Musallaya./Qayıt, qayıt...”
Şairin dostuna, bütövlükdə Kərkükdən uzaqda Kərkük üçün ağlayanlara, “Qayıt, dostum, qayıt!/Qayıt yurduna”, - deyə səslənişi çox təsirli və diqqətçəkicidir.
Qayıt, dostum, qayıt!
Qayıt yurduna...
Bax Xurma hanına,
Qarılar bazarına.
İmam Əhmədə (Xəttatın türbəsinin olduğu məzarlıq)
bayatıyla bəzənən
Xəttatın məzarına (Kərkükün milli şairi İmam Xəttat).
Vay, xəttatım, vay!
Nələr çəkirsən, nələr?
Bilirəm, ağlayırsan gecələr... (Kərkükdən səsləniş)
Şairın qayıtmasını istədiyi dostuna bu məkanları sadalaması təsadüfi deyil. Bu məkanalrın hər birində türkmənlərin xatirəsi əbədiləşib, tarixi, Kərkükü sevənlər və uğruna ölənlər yatıb. İmam Əhməd Xəttatın türbəsinin olduğu məzarlıq, İmam Xəttat isə Kərkükün milli şairidir. Kuzəçinin “qayıt” səslənişi pərən-pərən olub, qurbət ellərə dağılmış türkmənlərədir. Bir olmaq, birlik olmaq, “əl-ələ, kürək-kürəyə” vermək zamanıdır. Gələcəyimizin qarantı olan uşaqlarımıza azadlıq yollarını açmaq və tapmaq üçün “Biz-bizə, kürək-kürəyə,/iç-içə, əl-ələ/verməliyik. Uşaqlarımıza azadlıq yollarını tapmalıyıq”. “Kərkük qalasız, Türkmən hoyratsız,/Quşlar yuvasız/olarmı, dostum?
Şəmsəddin Kuzəçi yorulmadan, inadla parçalanmış türkmənlər yurdlarına qayıtmağa, bir olmağa çağırır: “Qayıt artıq!” Bu çağırışda həm gedənlərin bir gün dönəcəyinə, həm də “fələyin çərxinin bir gün dönəcəyinə” inam var:
Əlbəttə, bir gün yox olacaq.
“Bir gün dönər,
Bir gecə bir gün dönər,
tələsmə, nazlı könül,
gedən quş bir gün dönər.
Çarxı dönsə fələyin, bir gün də bir gün dönər”.
Qayıt, dostum, qayıt!
Qayıt yurduna! (Kərkükdən səsləniş).
Meksikalı şair, tərcüməçi, diplomat, siyasi publisist Oktavia Pasa görə, “Poeziya –ruhun qurtuluşudur, gücdür, fərqli bir dünyadır. Şəmsəddin Kuzəçi üçün poeziya mübarizədir, duruşdur. Onun ruhu, canı isə Kərkükdır.
Bülbülə yazığım gəlir.
Qəfəsdə olur...
Balığa yazığım gəlir.
Dənizsiz ölür...
Yalnız
Günəşi sevirəm:
Günəşi sevən
nə qəfəsdə,
nə dənizdə
yaşaya bilir... (Günəş sevgisi).
Şair yalnız günəşi sevir. Günəşi sevənsə, nə qəfəsdə, nə dənizdə yaşaya bilir. Onun dərdi də, dərmanı da, sevdiyi günəşi də Kərkükdür. Kərkük Şəmsəddin Kuzəçinin ruhudur, kimliyinin təqdimidir.
Azadlıqdır amacım,
Millət böyük inancım,
Vətənimdir baş tacım,
Kərküklüyəm, Türkmanam!
Türkoğlu türk əslim mənim,
Oğuz boyu nəslim mənim,
Şan-şöhrətli ismim mənim,
Mən Kərküklü bir Türkmanam,
Türkə yan baxana düşmənəm (“Mən Kərküklü bir Türkmanam”).
Şəmsəddin Kuzəçinin diqqətimi çəkən şeirlərindən biri də “Pıçıltı” şeiridir. Şeirə verilən ad məzmunundan xəbər verir. İnsan nədən hayqırmaq yerinə, pıçıldayar? Adətən başqalarının eşitməməsi, sirr verməməsi və ya sakitliyi qorumaq üçün pıçıldayar. Bəzən də ürəklər dərddən parçalanınca, “aha dözməyincə”,/”daha dözməyincə” pıçıldayar. Şair də düşüncələrini pıçıldayır misralarına:
Ürəklər aha dözmür,
Ürəklər daha dözmür...
Bu dərdli halda
sevmək, sevilmək
çox baha...
İçlər qapqara,
Çıxılmaz bir mağara. Bütün bunların içərisində yalnız Kərküklü “xəyallar çiçəklər kimi rənglidir”. Biz də yazımızı “Çiçəklər kimi rəngli xəyalları”n bir gün həqiqət olması arzusu ilə biririr, şair Şəmsəddin Kuzəçiyə uğurlar arzulayırıq!
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0