Varağı örtün üstümə - Fikrət Sadıqın şeirləri
Yazıçı Ədəbiyyat Portalı Fikrət Sadıqın şeirlərini təqdim edir.
***
Sənin Ana dilin dövlət dilidir,
Sən Ana dilini aləmə bildir.
Yoxsa özgə dildə lövhələr asmaq,
Sənə görə hələ günah deyildir...
Kim icad elədi bu yaltaq dəbi?
Bu ikiüzlülüyün nədir mətləbi?!
Özün yaz, özün də oxuya bilmə,
Təki razı qalsın beş-üç əcnəbi.
Dünyanı gəz, axtar, gör yad elində,
Bir yazı varmola sənin dilində?
Sən sözdə azadsan, işdə mütisən,
Kiməsə tabesən hər əməlində.
***
Bir yerdə soruşdum gəlib keçəndən,
Tanıyan olmadı kitabxananı.
Çörək hayındadı cümlə el-vətən
Kitab oxumağa indi vaxt hanı?
Lap şair şairin, alim alimin,
Kitabını açmır, dəyişib zaman.
Ən yaxın dostlar da biri-birini,
Ya qəsdən oxumur, ya paxıllıqdan.
Ara qarışıbdı, məzhəb itibdi,
Qardaşın qardaşa yanmayır canı,
Sənə nə düşüb ki, bu basabasda,
Düşüb axtarırsan kitabxananı.
Bu günlər heç kəsi bəyənmir heç kəs,
Hamı özəl olub, güdür özünü.
İndi mərifət bir qəpiyə dəyməz,
Kitab, kitabxana dedi sözünü.
İndi oyun gedir, sərvət oyunu,
Hər tində bank çıxır qarşına sənin.
Bir də kitabxana gəzib soruşma,
Yoxsa, söz qəhətdi başına sənin.
***
Öz hüsnü var yaxın yerdə ayrı olmağın,
Ətəkləri bənövşəli kiçik bir dağın.
Quzeyində mən olaram, güneyində sən,
Buna hicran deyirsən?!
Bir günəşin zərrələri isidir bizi,
Bir küləyin buz nəfəsi üşüdür bizi.
Bir buluddan iki damcı yağış yağırsa,
Biri sizin, biri bizim bağçaya düşür.
Sizin cığır gördüyüm o köhnə cığırsa,
Orda ayaq izlərimiz hər gün görüşür.
Buna hicran deyirsən?!
Birdir qürub çağımız da, səhərimiz də,
Bir ulduzun altındadır evlərimiz də.
Bir arzumuz iki qəlbdə yuva salıbdır,
Bircə sizdən bizim evə
köçmək qalıbdır.
Buna hicran deyirsən?!
Qismət
Hər kəsin qisməti gələndə bölünür.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
Kim nə miqdar olsa əzəldən bilinir
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
Çox olan çox yedi, az olan az yedi.
Çox olan gizlədi, az olan gözlədi.
Göydən də bir mələk bunları izlədi.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
Naşükür doymadı, artmağa cəhd etdi.
Durdu, zor işlətdi, zor əydi düz xətti.
Tanrıya ağ oldu, aləmi titrətdi.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
***
Döyüşdə ölmədim deyəm,
Bayrağı örtün üstümə.
Üstündə son misram donmuş,
Varağı örtün üstümə.
Dön bax illərə, aylara,
Nəyim varsa para-para.
Qara günüm çoxdu, qara,
Torpağı örtün üstümə.
Ümidim yaralı bir quş,
Qolum-qanadım qırılmış.
Üşüyürəm, xəzəl olmuş,
Yarpağı örtün üstümə.
Göylər niyə zalım olsun,
Tale mənə zamin olsun.
Bir dərə məzarım olsun
Bir dağı örtün üstümə.
***
Sel deyir: – Gəlin gedək!
Torpaq dinmir.
Daş düşünür,
Çiçək başını bulayır.
Duman deyir: – Gəlin gedək!
Dərə dinmir.
Dağ düşünür,
Çəmən başını bulayır.
Tufan deyir: – Gəlin gedək!
Meşə dinmir.
Ağac düşünür,
Budaq başını bulayır.
Hicran deyir: – Gəlin gedək!
Ürək dinmir.
İnsan düşünür,
Məhəbbət başını bulayır.
Belə dünyanı neynirəm
Hər yerdə yol kəsir yolu,
Belə dünyanı neynirəm.
Yolu yolkəsənlə dolu,
Belə dünyanı neynirəm.
Adamları ikiüzlü,
Dili teyxa haça sözlü.
Üstü açıq, altı gizli,
Belə dünyanı neynirəm.
Otları var acı, şirin,
Məskənidir, xeyrin, şərin.
Adlatmasıdır bəşərin,
Belə dünyanı neynirəm.
Yolçu yolda – necə olar,
Günü – gündüz, gecə olar.
Yol qurtarar, o heç olar,
Belə dünyanı neynirəm.
Səfası çox, vəfası yox!
Cəfası çox, səfası yox!
Qadağa çox, rəvası yox!
Belə dünyanı neynirəm.
Haqdır, demir düz deyənə
İşıq vermir gözləyənə
Şərikdir şər söz deyənə,
Belə dünyanı neynirəm.
Bu gəraylı – yeddibənddi!
Birər dərddi hər bir bəndi.
Bu – açılmaz qıfılbəndi,
Belə dünyanı neynirəm!
Bilmədim axı
Günü – gecə-gündüz, ili – ehtiyac,
Ömür imiş, demə, bilmədim, axı.
İnsan dedikləri yanmış bir ağac,
Kömür imiş demə, bilmədim, axı.
Bu şıltaq həyatda – biz ağır kitab,
Sual çox, amma yox suala cavab.
Bu qədər əzaba kim gətirər tab,
Dəmir imiş demə, bilmədim, axı.
Dünya özü boyda qapalı qəfəs,
Əsir-yesir olur qəfəsdə hər kəs.
Yerdə, suda, göydə bunca güclü səs –
Səmir imiş demə, bilmədim, axı.
Bu nə müsibətdi, varmı bir bilən,
Ya müqəvva imiş yaşayıb – ölən.
Yaşamaq özü də səmadan gələn,
Əmr imiş demə, bilmədim, axı.
Tövbə qapısı
Dünyada, təki bir fərd
tövbə edən tapılsın.
Göyə baxsın, açıqdır
göyün tövbə qapısı.
Bu məbəd gecə-gündüz
heç vaxt qapanmır əsla.
Tövbə edən, yaxın gəl,
Səni gözləyir Allah.
Əyri – düz
Əyriynən düz, ekiz qardaş
Çaşdırıbdı bizi əyri.
Düz adama daş atır daş,
Bəyənməyir düzü əyri.
Uşaq yaşından həmişə,
Seyrə çıxmaq istəmişəm.
Mən belə yer görməmişəm,
Dağı hamar, düzü əyri.
Görməyən də məni danlar,
Hardan gəlib bu adamlar.
Ağaclarda bu xislət var.
Bəzi şümal, bəzi əyri.
Əyridən alıb savadı.
Dincəlməyə yox saatı.
Düz oturub yalan satır,
Sandalı düz, mizi əyri.
Ha vuruşur, ha əlləşir,
Hər gün bir nəhs işə düşür.
Od tutur, yanır, alışır,
Ocağı – gur, közü – əyri.
Düzü görəndə kor olur,
Nə utanır, nə yorulur.
İstəsə düppədüz durur,
Yerişi düz, izi əyri.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0