Körpənin intiharı - Müsabiqədə qalib olan hekayə

İyl 7, 2026 - 19:25
 0  4
Körpənin intiharı - Müsabiqədə qalib olan hekayə

Yazıçı Ədəbiyyat Portalı Sərvanə Dağtumasın “Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsinin qalibi olan "Körpənin intiharı" hekayəsini təqdim edir.

“Küncə atılmış

körpə bədəni

əllərini açıb göyə

“mən təsliməm, ana,

yetər bu işgəncə!”-

deyib yalvarır”.

(Emin Piri)

Dəhlizi üfunət bürümüşdü. Bu qoxu qana da bulaşmışdı. Elə bil ölüm beşiyində yırğalanan, həzin layla əvəzinə zarıltı səsi ilə yuxuya gedən körpənin qoxusunu xatırladırdı.

Yavaşca addımlamağa başladım. Atdığım hər addım titrək idi. Mənə elə gəlirdi ki, addımlarımın arxasında boğunuq bir nalənin tüstüsü göyə qalxıb.

Dəhlizdə irəlilədikcə qarşılaşdığım, hərəsi öz içində bir tabut daşıyan qadınlardan gələn inilti səsləri boyası qopmuş, solğun xəstəxana divarlarına dəyib qayıdırdı. Eşitdiyim hər ah-nalə səsi qulağımı batırırdı.

Bu səslər sanki onların məzarlığı xatırladan bətnlərindən gəlirdi. Bu səslər narahat ruhların səsləri idi, nalələri ərşi-fələyə qalxmışdı...

Qadınların baldırlarından aşağı axan qan ayaqqablarının içinə dolur, gördüyüm mənzərə mənə gölməçəni xatırladırdı. Baxdıqca ətim ürpəşir, ürəyim bulanırdı. Qəfil diksindim. Mən yanılmamışdım. Qan qoxusunun haradan gəldiyi məlum idi. Bəs üfunət?

Gözüm mənə lazım olan otağı gəzirdi. Birdən bir qapı aralandı, tibb bacısının yaşıl xalatı göründü. Yaxınlaşıb axtardığım otağın nömrəsini soruşdum. Tibb bacısının mənə işarə etdiyi 270 nömrəli otağa tərəf addımladım. Otağın nömrəsi qopub yerə düşmüşdü. Qapını döyüb qulpunu içəriyə tərəf dartdım..

Yenə də həmin qoxu. Qana bulaşmış üfunət. Hələ də burnuma gəlirdi. Açıq-çəhrayı rəngli divarların əhəngi yerə tökülmüşdü. Bura natəmiz görünmürdü. Bəs o qoxu nə idi belə? Burnumun ucunu göynədirdi. Deyəsən, o qoxu məndən gəlirdi. Ürəyim getdikcə daha çox bulanırdı. Bilirdim ki, gücənsəm də qusa bilməyəcəm..

Otağın görünüşü beynimdə min sual yaradırdı. Görəsən, bu otaq neçə göz yaşının, neçə inilti səsinin şahidi olub? İnsanların yaddaşı olduğu kimi məkanların da yaddaşı var. Məkanlarda da neçə xatirələr dəfn olunub. Bəlkə, bu qoxu meyit kimi çürüyən xatirələrin qoxusu idi? Otaq sussa da hər göz yaşı, hər ah-nalə səsi otağın divarlarına hopmuşdu. Otaq da artıq burda baş verənləri izləməkdən iyrənmişdi. Divarlar dəfn olunan ölü xatirələrdən, məzarsız, narahat ruhların fəryadından hörülmüşdü, hörüldükcə yorulmuşdu, yorulduqca tab gətirməyib qusmaq istəyirdi. Mənə elə gəlirdi ki, divarların da ürəyi bulanır, ancaq cəhd etsə də qusa bilməyəcəkdi. Mənim kimi...

Bəlkə də, bir daha bura gəlməyəcəm, o sərt qoxunu bir daha burnumda hiss etməyəcəm. Bəlkə də, bu qətliam masasına sonuncu dəfə uzanacam. Gözlərim tavana zillənəcək, zamanımın sürətlə gəlib keçməsini arzulayacam. Bəlkə də, xəstəxananın yorğun, solğun divarlarına söykənib inildəyərək atdığım son addımlarım olacaq. Son dəfə..Sənin heç vaxt kiçik addımlarını görə bilməsəm də, öz addımlarımı ikrahla izləyəcəm. Bilmirəm, bəlkə, bədənim ağrımayacaq? Ağrılarım, acılarım donacaq. Ya da qışqıracam, ancaq səs məndən gəlməyəcək. Mənim də bətnim dəhlizdə addımladıqca qarşılaşdığım, hərəsi öz içində bir tabut daşıyan qadınların məzarlığı xatırladan bətnləri kimi inildəyib nalə çəkəcək...Bilirəm. Mənim də bətnim mənimlə hesablaşmaq istəyəcək, üsyankar suallarını güllə yağışı kimi üstümə yağdıracaq, “niyə?” deyəcək. Niyə? Bəlkə də, qatil yalnız bətnimdəkini deyil, ruhumdakını da doğrayacaq, parça-parça edəcək. Əlləri ruhumun dərinliklərinə kimi uzanacaq, bətnimdəki körpə ilə birlikdə ruhumdakı körpəni də məhv edəcək...

Növbədə idim. Yaman tələsirdim. Vaxt deyərdin, dayanmışdı. Könlümdən keçdi ki, ilk və son dəfə onunla görüşüm, hesablaşım, dərdləşim, lazımdırsa, halallaşım...İlk dəfə..İlk dəfə?! Elə dedim, həəə?!

Görəsən, səninlə nə vaxtsa söhbətim olub?

- .....

Deyirlər, belə bir şey mümkündür. Nəbilim, bəlkə də, mümkündür.

- .....

Həə, xatırladım, arabir sənə sual verirdim, sən də incə əllərin, balaca ayaqlarınla cavab verirdin. Yəqin danışmaq buna deyirlər.

- .....

Artıq bunun nə önəmi var ki. Hər halda bu vaxta qədər məndən sevgi, mərhəmət görmədin, bundan sonramı görəcəkdin?

- .....

Mən səninlə heç vaxt üzləşmək istəmədim, səni qəbullana bilmədim. Sən bətnimin qapısını döyüb səsini eşitdirmək istədikcə qulaqlarımı bərk-bərk tutdum..

- .....

Sən, bətnimin bir neçə aylıq qonağı, bilmirdin. Bilmirdin ki, mən səni çox istəyirəm. Qoxun indidən burnumun ucundadır. Amma ki...Qoxun..Qoxun necə ola bilər burnumun ucunda?! Olmaya, sən mənim içimdə yox, mən sənin içindəyəm. Həəə?

- .....

Bu dözülməz işgəncənin tez bitməsi üçün neçənci dəqiqəmdir ki, gözləyirəm. Elə bil ruhum zəncirlənib, hüceyrələrim ağrıyır. Düşündüm ki, bu lənətə gəlmiş yükdən-səndən xilas olmasam, həyatımın sonuna kimi əl-qolumu bağlayacaq, gündüzlər kölgə kimi təqib edəcək, gecələr yuxusuz qoyub zəli kimi boğazıma yapışacaqsan.

- ......

Bayaqdan susmusan. Niyə? Bəlkə, nəfəsin dayanıb? Əgər elədirsə, mənə bir işarə ver.

- .....

Bu yükdən – səndən xilas olmaq istəyərkən, bir tərəfdən də vicdanım mənə yük olacaq. Yüklə yaşamaq, deyəsən, alnıma yazılıb.

- .....

Nədir? Məndən küsmüsən? Heç hənirtin gəlmir, nəsə səssiz qalmısan. Cavabların tükənib, yoxsa sualların? Bəlkə də, sualların. Bəlkə də, bətnimdə atdığın hər təpiyin özü elə bir sual idi..Yəqin artıq sən də hiss edirsən ki, son günlərindir. Taleyinlə barışmısan, eləmi?

- .....

Həə, qatil artıq hazırlaşır, birazdan “təmizləmə” işlərinə başlayacaq, bıçağı ilə ruhunu deşik-deşik edəcək, qayçısı ilə Morta kimi taleyinin ipini kəsəcək...Görəsən, ilk hansı orqanından başlayacaq?

- .....

Varlığın cismimdən çox ruhumu incidir, sanki qarnım yox, ruhum sancılanır. Kaş ki sən bətnimdən çıxana qədər ağlım da başımdan çıxaydı. Həəə, beləcə artıq günah yazılmazdı mənə. Di gəl ki lənətə gələsi ağlım da başımdan çıxmır. Bətnim qəfəsə bənzəyir, daşıdığım yük – sən isə öz qəfəsində bülbül kimi qan qusmağa hazırsan.

- .....

Eşitmişdim ki, yükdən qurtulmağın asan yolu elə yük qaldırmaqdır. Hə, onu da sınadım. Sən isə təslim olmaq istəmədin. Zəli kimi yapışıb qalmısan bətnimə, qopub düşmək də bilmirsən.

- .....

Yüklü olduğumu biləndə özümü toxumları cücərməyə başlamış torpaq kimi hiss elədim. Bir anlıq donub qaldım.

- .....

Görəsən, qatil yükdən – səndən necə xilas edəcək məni? Bəlkə də, tozsoranın soyuq qulağıyla səni bir anlıq sovurub bətnimdən təmizləyəcək, çəkib aparacaq. Ya da bıçaqla səni hissələrə ayıracaq, salamat tikən də qalmayacaq. Onda sən çevrilib olacaqsan qan parçası. Qaranlığa qərq olmuş steril qabda balıq kimi çabalaya-çabalaya canını tapşıran tibbi tullantı. Qalıqlarını da yandıracaqlar ki, izin qalmasın. Onda da çevrilib olacaqsan kül parçası. Heç məzarın da olmayacaq. Üçün, yeddin, qırxın da verilməyəcək. Duasız, kəfənsiz, ehsansız, adsız bu həyatdan köçüb gedəcəksən. Dünyaya gələ bilməyəcəyinə görə doğum şəhadətnamən də olmayacaq. Bir halda ki belədir, yəqin ki, sənə ölüm şəhadətnaməsi də verməyəcəklər. Bir sözlə, sənədsiz köçüb gedəcəksən bu dünyadan. Yaddaşlarda heç bir xatirən yaşamayacaq.

- .....

İnanırsan, yadıma düşdü ki, yaşasan, doğum günün mənim doğum günümlə eyni günə təsadüf edəcəkdi...Amma mən o günü təkbaşına qeyd edəcəm. Bəlkə də, heç həmin gün qeyd etməyəcəm. İldə bir dəfə də olsa, doğulmamış körpəmin yasını saxlamayım?! Mənim doğum günüm təqvimdən asılı qalmış rəqəmlərdən ibarət deyil ki. Mən nə vaxt xoşbəxt olsam, o gün də doğum günümü qeyd edərəm. Nə vaxt istəsəm, tortumu da kəsərəm, şamımı da üfləyərəm. (ad günüün müübaarəək...1, 2, 3..üfffff)

- İçəri keçin, yerli keyitmə tətbiq olunacaq.

Hiss edirdim ki, bədənim əsir. Qorxurdum. Çox qorxurdum. Tez canımı qurtarmaq istəyirdim. Daha taqətim qalmamışdı, yerlə göyün arasında ilişib qalmışdım. Otaqdan hələ də üfunət və qan qoxusu gəlirdi. Ruhum bədənimdə saatın kəfkiri kimi ora-bura vurnuxur, tıqqıltısı qulağımı deşirdi. Eşidirsən? Bətnimdə özünə məskən salan, zəli kimi yapışıb qalan yükdən – səndən qurtulmaq üçün hələ babat pul da alacaqlar məndən. Yaşatmaq üçün də pul alırlar, öldürmək üçün də. Düz demirəm?

- .......

Heyif ki səni son dəfə öpüb qucaqlaya, sənə son dəfə toxuna bilməyəcəm. Sən layla səsi ilə heç vaxt yuxuya getməyəcək, oxşama səsi ilə heç vaxt əzizlənməyəcəksən. İlk addımlarını həvəslə izləyən, ilk gülüşlərini sevinclə eşidən olmayacaq. Doğum günlərini heç vaxt qeyd etməyəcəksən.

- .......

Yalnız bətnimin deyil, yaddaşımın, ruhumun divarlarından qopub düşməyin diləyi ilə. Sağol...

Tavanın sarımtıl rəngə çalan işıqlarına baxdıqca gözlərim qaralmağa başladı. Göz qapaqlarım dizlərim kimi titrəyir, kipriklərim islanırdı. Dodaqlarımı sıxdıqca qanın dadını hiss edirdim. Ruhum xəyalımla gerçəyimin arasında dolaşırdı. Pəncərədən otağa düşən açıq-qırmızı rəngli işıq getdikcə azalır, yerini solğun, bozumtul işıq şüaları əvəz edirdi. Hava getdikcə soyuyurdu. Hava soyuduqca otaq da soyuyurdu. Otaq soyuduqca mən də üşüyürdüm. Qəhər məni boğurdu. Onunla bütün əlaqəm kəsiləcəkdi. Təkcə bətnimdən deyil, ürəyimdən də çıxardıb atacaqdılar. Son bağlar da qopacaqdı. Özümü gah cənnətdən qaçmış Lilit, gah da cənnətdən qovulmuş Həvva kimi hiss edirdim. Cismim yüngülləşdikcə ruhum ağırlaşırdı. Elə bil şeytana atılan daşlar zərbə ilə hər dəfə mənə dəyirdi. Şeytanın yerinə mən daşlanırdım. İsanın yerinə mənim bədənim çarmıxa çəkilir, Yəhyanın yerinə mənim başım kəsilirdi.

Çox vaxt intihar etmiş adamın dırnaqlarının izi kəndirdə qalır, çünki son anda fikrini dəyişir. Anna Karenina kimi. Etiraf etməliyəm ki, o an fikrimi dəyişib qətliam masasından qalxmaq, qana bulaşmış üfünətli otağı tərk etmək, sürətli addımlarla qaçmaq mənim də..Həə, mənim də ağlımdan keçdi. Amma..Artıq gec idi. Dırnaqlarımın izi kəndirdə qalmışdı..

Təmizlənən qan parçalarıdır, orqanlardır. Bəs izlər? Əl izləri, ayaq izləri..O artıq orda özünə müvəqqəti yuva qurmuşdu. Onun yuvasını "dağıdacaqdılar". O ağlasa, onun göz yaşlarını kim siləcək? Hardan axıb süzələcək? Gülsə, təbəssümü hardan seziləcək? Qığıldasa, səsi hardan gələcək? Cənnət anaların ayaqları altındadırsa, mənim ayağımın altında nə olacaq? Mən nə ilə göyə qalxacam, ay Allah? Mən..Mən körpə tabutu ilə göyə qalxacam. Bilirsən? Mən analıq hisslərimi, vicdanımı abort etməyə gəlmişdim...

- Yaxşı ki vaxtında gəldiniz, yoxsa sepsisdən ölə bilərdiniz.

Həkimin səsi məni düşüncələrimdən ayırdı. Nə baş verdiyini qavraya bilmədim.

- Uşaq inkişafdan geri qalıb.

Otaq buz kimi soyuq idi. Çöldə bərk şimşək çaxır, güclü külək əsirdi. Yağan yağış həyəti qamçılayır, şiddəti getdikcə artırdı. Yağışın səsi ah-nalə səslərinə bənzəyir, elə bil doğulmadan ölən körpəmin yasını saxlayırdı. Çox üşüyürdüm. Bir anlıq mənə elə gəldi ki, şimşək bətnimdə çaxır, külək bətnimdə əsir, yağış bətnimə yağırdı. Gözlərimdən axan göz yaşları yanaqlarımdan çox ürəyimin başından süzülürdü. Eşitdiklərimə inana bilmirdim. Donub qalmışdım. Anesteziya qarnım kimi şüurumu da keyitmişdi. Necə yəni? O, məndən qabağa düşmüşdü? O, məndən zirək tərpənmişdi? Yox, o inkişafdan geri qalmamışdı, öldürüləcəyini hiss edərək, ölümünü özü seçmişdi. Mənə əzab vermədən..Mənə qıymadan..Məni günaha batırmadan..Ruhunu, bədənini bıçağa, qayçıya batırmadan, əzabları hiss etmədən..Parça-parça olmadan, tikələrə ayrılmadan..Əzabsız, zülmsüz getdi, balam..Adsız, məzarsız, kəfənsiz getdi, balam..Duasız, ehsansız, sənədsiz getdi körpəm...Körpəm, bətnimin qonağı məndən cəsarətli çıxdı..

Körpəm intihar etmişdi..Dırnaqlarının izi də bətnimdə qalmışdı..Əl izləri, ayaq izləri..Özünü elə bətnimdən asmışdı..Körpəm..Axirətimi xilas etmişdi..

Dəhlizdə irəlilədikcə qarşılaşdığım, hərəsi öz içində bir tabut daşıyan qadınlardan gələn inilti səsləri boyası qopmuş, solğun xəstəxana divarlarına dəyib qayıdırdı. Eşitdiyim hər ah-nalə səsi qulağımı batırırdı. Bu səslər sanki onların məzarlığı xatırladan bətnlərindən gəlirdi...Bu səslər narahat ruhların səsləri idi, nalələri ərşi-fələyə qalxmışdı. Bu səslərin içindən mənim də səsimi eşitmək çətin deyildi..O qoxu abortun qoxusu idi...(Kulis.az)

28.06.2024

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0