Küləklə yolladım xəyallarımı - Olesya Dmitriyevanın şeirləri

May 27, 2026 - 21:03
May 27, 2026 - 21:03
 0  19
Küləklə yolladım xəyallarımı - Olesya Dmitriyevanın şeirləri

Yazıçı Ədəbiyyat Portalı Nurafizin tərcüməsində Olesya Dmitriyevanın (Buryatiya MR) şeirlərini təqdim edir.

***

Qara uçurumdan bir işıq çaxır...
Ürəyi göz yaşı tikantək sancır...
Sakit iniltiylə sınır xəyallar,
Yayın soyuğundan  ruhumuz qançır...

Ömrün külü ilə kölgələr çəkib,
Bomboz tozu ilə səmaya uçur...         
Sübhün işığında qeyb olan dahi,
Çoxyönlü səhnədə adi qığılcım...

Efir dalğasında ömür cizgisi
Yenə toz qatına bürünər artıq...
Yaşadıq?... Biz qonaq kimi yaşadıq...
Yalnız dairədə var idik... vardıq...

               

***

Dindimi qəlbində buz xışıltısı
Nə vaxt ki, hisslərin qəlpələnəndə?
Gecələr yuxusuz qalıb yaşadın,
Nə vaxt ki, yol boyu qorxu dinəndə...

Necə isidirmiş soyuq, bildinmi?
Biganə qalmağın soyuqdu qışdan.
Baxışın... köməkdi çarəsizliyə,
Yer üstə günahtək... ilk doğuluşdan.

İnandın inancın cınqırına da?
Yalnız onun ilə nəfəs alanda...
Əllərin ovcunda... işıq görürsən...
Nə vaxt güvənclərin şərtsiz olanda...

Gedirsən... sus, barı tövbə eləmə,
Amma ki, bir daha qayıtma səsə...
Allah dərgahında səni diləyib,
Qapının ağzında boğulan kəsə...

                

***

Gəzib masaların arsı boyu,
Öpür tərəddüdlə boynumdan külək.
Dinir pıçıltılar... "Sən nə qəribəsən" ,
"Mən donub qalmıışam yanında daştək".

"O”nun iradəsi altında olur,
Göylərə tabedir hər şeylər, de ki...
Mən də bilirəm ki, həmişə olmur...
Bir dəfə bizim də başımız çəkib...

Amma, min xəyaldan daha yaxınsan...
Mən səni görürəm əks görüm-donda.
Boynuma vurulan sıx qandallardan
Yanıb dirilirəm yenə də sonda.

                           

***

Mənə bax, mənim mələyim,
Əllərini mənə uzat...
Can gətirdim od içində,
Tənimdəki izlər çat-çat.

Qan üyüdür yaralarım,
Qanda qamçı əzabı çox.
Necə qanad tapsın mələk,
Yaşamaqdan başqa yol yox...

Kilsə üstdə qarğa küyü...
Gözləməsin, olmaz dən də...
Səssiz anım... Qanadları
Qamçılandı mələyin də...

Qurtuluş var olan yerdə,
Qorxutmaz məchul getməyə.
Mənə iki qanad bəsdir
Xilasçün dua etməyə...

                  

***

Unutma bayırda qalan sevinci,
Xoşbəxtlik, yaxşılıq gətir sən ərklə.
Həyatda yol açma qayğıya, hər gün
Həyatın sehrini sev sən ürəklə.

Acı və yapışqan tənəzzül anı
İşıq şüasını görmək özəldi.
Yaxşılıq hüdudsuz bulud arası
Bütün bəxşişlərdən daha gözəldi.

İstərsə tənəzzül, yüksəliş vaxtı,
Ömrü atəş ilə, hisslə daşımaq,
Göylərin hökmüylə istər-istəməz,
Həyatın mənası budur,-yaşamaq.

              

***

Bu qədər uzağıq... belə yaxınkən,
Bizim aramızda fərqli məsafə,
Əllə toxunarıq xoşbəxtliyə biz...
Yenə də qırılar bağlar hər dəfə...      
   
Susarsan, daha çox incitməməkçün...
Darıxıb salarsan yada, bilirəm...
Şübhələr zamanı nüfuz eləyib,
"Mənimdi” sözündən mən dirilirəm...

Yuxuda sonacan tutub əlindən...
Qıymadım ələnə gözlərindən yaş...
Sübh çağı duayla qaşdım ürəyin
Dalınca... Ürəyim yaralı bir quş...

Yüzlərlə reallıq pillələrini
İcad eləyiblər... necə qalmayım?
Tale qədəhini çaş-baş salmadan,
Səninlə içim... və sərxoş olmayım...

                 

***

Sən mənim Əbədi Mavi Göyümsən,
Ona dayaq ol ki, o, qalmasın mat.
Harda olur olsun, gündüz ya gecə...
Ömür qədəhinə dəqiqələr qat.

Sən onu qoru ki, imkanı olsun,
Evə qələbəylə qayıtmağına.
Mən ki ağlamıram, amma həyat zor...
Mən ki, ağlamıram, inam var ona.

Onun yanındayam hər addımbaşı,
Onunla mən nəfəs alıram hər an.
Həyat bizim üçün ali mükafat,
Bizə qələbədir çətin davadan.

  

                   

***

Sevgi rekviemim... var get, azadsan...
Mən də gedəcəyəm... buraxıb sən get...
Uçrum gəzintisi ürəyi sıxır,
Bax, necə deyirlər, gedirsənsə - get...

Yağış da, duman da, külək də, qar da...
Bizimlə... bizsiz də, onlar olacaq...
Qaçmaq... yenə qaçmaq... bağlı dövrədə,
Acıdan qaçmaq da əbəsdi ancaq...

Küləklə yolladım xəyallarımı,-
İnsan puçluğunun dardır qəfəsi...
Anti-qəhrəmanam, uçqunlar altdan
Qalxan kövrək, güclü igidəm əsil...

                    

***

Sadəcə qadınsan, sən bunu düşün...
Yoxdu dəyişiklik planlarımda...
Tanrı vəsiyyəti deyilsən mənə,
Başqası əbədi qalar yanımda...

Sonra da görünər əbədiyyəttək
Ürək yaraları, qəlb ağrıları,
Bir də uçurumlar və sonsuzluqlar...
Hər şey mənasızdı, qışqırma barı...

Bütün qaranlıqlar sönər işıqla,
Xaraba yerində qala divarı.
Görmək istəyirdin məni Xatiko,
Ruhuna əsirdi könlümün varı...

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0