Məktəb illəri - Kamalə Abıyevanın şeiri

Sen 15, 2026 - 11:02
Sen 15, 2026 - 14:40
 0  22
Məktəb illəri -  Kamalə Abıyevanın şeiri

Sentyabrın 15-i Azərbaycanda yeni tədris ilinin başlandığı gündür.

Yazici.az ədəbiyyat portalı bu münasibətlə Kamalə Abıyevanın "Məktəb illəri" şeirini təqdim edir.

Geyimimiz, hüququmuz bir idi.
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuz da eyniydi.
Aman Allah, nə xoşbəxtdik biz onda.

Bir müəllim töhmətiydi dərdimiz.
Bir töhmətdən için-için yanırdıq.
Hələ onda bilmirdik ki, bunu biz
Bir gün necə həsrət ilə anarıq.

Bu dünyada eyni rəngdə bizimçün
təkcə yazı lövhəsiydi elə bil.
Al-əlvandı ötən günlər, saatlar,
yamyaşıldı ömrümüzə gələn il.

Yazılanı bir silgi ilə pоzmaq da,
Bizim üçün nə asandı, nə asan.
Xəbərsizdik ömrümüzə biz hələ,
Tale yazan pozulmayan yazıdan.

Hərdən dərsə gecikəndə bilməzdik,
gecikməyin əzabları necədir.
Hansı dərsi danışsaydıq o saat
bilərdik ki, qiymətimiz neçədir...

Bu dünyanın bütün varı, dövləti
bizim üçün bir çantaya sığırdı.
Eyni yolu qət etsək də hər səhər
bu yollardan sanki sevinc yağırdı.

Bir məktəbin binasıydı yuvamız,
Neçə evdən bir ünvana gəlirdik.
Bu binanı ən möhtəşəm, ən gözəl
saraylardan doğma, üstün bilirdik.

Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanırdıq.

Hələ onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox idi.
Qəm-qüssəmiz, kədərimiz bir damcı,
Hələ onda sevincimiz çox idi.

Məktəb illəri…
Ömrümün ən şirin, duyğulu, qayğısız günləri…
Hər anı bir ömrə bərabər, sehirli günləri,
Ən təmiz arzulu günləri.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 2
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 2
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru